Miqrantların Günü
Azərbaycanda
miqrantların hüquqlarının qorunması
üçün
milli qanunvericilik təkmilləşdirilib
18
dekabr – Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Bu barədə
qərar 2000-ci il dekabrın 14-də BMT-nin Baş
Assambleyası tərəfindən qəbul olunub. Qeyd edək
ki, 1990-cı il dekabrın 18-də BMT Baş Assambleyasında
bütün miqrant işçilərin və onların ailə
üzvlərinin hüquqlarının müdafiəsi üzrə
Beynəlxalq Konvensiya qəbul edilib. BMT-yə üzv dövlətlər,
hökumətlərarası və qeyri-hökumət
qurumları Beynəlxalq Miqrant Gününü qeyd etməyə
və bu gündə miqrantların hüquq və
azadlıqlarının müdafiəsi ilə bağlı
geniş tədbirlər keçirməyə dəvət
olunurlar.
2006-cı il dekabrın 14-15-də baş tutan
BMT Baş Assambleyasının Beynəlxalq Miqrasiya və
İnkişaf üzrə Yüksək səviyyəli Dialoquna
132 üzv dövlət qatılıb. İlk olaraq,
iştirakçılar beynəlxalq miqrasiyanın böyüyən
fenomen olduğunu və hüquqlar çərçivəsində
onun ölkələr arasındakı əməkdaşlığa
müsbət təsir göstərə biləcəyini
vurğulayıblar.
Dialoq iştirakçıları qeyd ediblər
ki, beynəlxalq miqrasiyadan faydalanmağın yeganə yolu
fundamental hüquq və azadlıqlara hörmət etməkdən
keçir.Əlavə olaraq, iştirakçı ölkələr
lokal, regional və qlobal səviyyədə beynəlxalq
miqrasiya prosesində yarana biləcək fəsadlarla mübarizə
aparmaq və bu istiqamətdə əməkdaşlıq etməyin
vacibliyini diqqətdə saxlayıblar.
2004-cü ildə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Siyasəti
Konsepsiyası qəbul edilib. Bu konsepsiyada hökumət
qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi
sahəsində duran məqsədlər müəyyən
edilib. Dövlət Miqrasiya Siyasəti Konsepsiyasından irəli
gələn məsələlərin həyata keçirilməsi
üçün 2006-cı il iyulun 25-də Prezident İlham
Əliyevin Sərəncamı ilə “Azərbaycan
Respublikasının 2006-2008-ci illər üçün
Dövlət Miqrasiya Proqramı” təsdiq edilib.
Proqramın əsas məqsədi miqrasiya sahəsində
dövlət siyasətinin həyata keçirilməsi,
miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi,
miqrasiya proseslərinin tənzimlənməsi və
proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin
beynəlxalq normalara və müasir dövrün tələblərinə
uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin
effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat
bankının, müasir avtomatlaşdırılmış nəzarət
sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın
qarşısının alınması, miqrantlarla bağlı
sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.
Miqrasiya sahəsində dövlət siyasətini,
miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə
prezidentin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və
Əsasnaməsi təsdiq edilib.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə
miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması
və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində
vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində
beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi, əcnəbi və vətəndaşlığı
olmayan şəxslərə müvəqqəti və daimi
yaşamaq üçün icazənin verilməsi və digər
məsələlər daxildir. Eyni zamanda, bu qurum ölkədə
olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və
təftiş işləri apararaq onların ölkə ərazisindən
çıxarılması işinə də ciddi nəzarət
edir. Bütün bunaları həyata keçirmək
üçün Dövlət Miqrasiya Xidməti Daxili
İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri
və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət
göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir.
Bəs, görəsən, Azərbaycanda
miqrantların hüquqları necə qorunur? Ümumiyyətlə,
Azərbaycana daha çox hansı ölkələrdən
miqrant axını var?
Tanınmış
hüquqşünas Azər Quliyev məsələni “Həftə
içi”nə şərh edərkən bildirib
ki, bu il
qüvvəyə minmiş yeni Miqrasiya Məcəlləsinə
görə, ilk dəfə olaraq əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin miqrasiya
uçotu ilə bağlı normalar müəyyən
olunub. Onun sözlərinə
görə, bu qanunverici
sənəddə miqrasiya uçotunun
məqsədləri, aparılma qaydası və əsasları
öz əksini tapıb. Belə ki, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisindən tranzit
keçidi qaydaları təkmilləşdirilib:
“Onların qeydiyyat proseduru
sadələşdirilərək, vahid miqrasiya məlumat sistemi
vasitəsilə olduğu yer
üzrə qeydiyyata alınması
qaydası müəyyən edilib. Məcəllədə
vizaların, habelə Azərbaycan Respublikasının ərazisində
olma və ya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı nəzərdə
tutulub”.
Azərbaycanda qeydiyyatda olan
miqrantların yaşama və iş icazələrinin verilməsi sahəsində
də müsbət yeniliklər var. Məsələn, əgər əvvəlki
qanunvericiliyə əsasən müvəqqəti yaşamaq üçün
icazənin, o cümlədən əmək
fəaliyyəti ilə məşğul olmaq
üçün fərdi icazənin
müddəti dörd dəfədən
artıq uzadıla bilməzdisə, yeni
qanunvericiliklə bu məhdudiyyət
aradan qaldırılıb. Belə ki, ölkə ərazisində müvəqqəti
yaşamaq üçün
icazənin 1 ilədək müddətə, Azərbaycan
Respublikasının iqtisadiyyatına azı 500 000 manat investisiya qoyan şəxslər üçün
isə 3 ilədək müddətə verilməsi nəzərdə
tutulub. Eyni zamanda, sənəddə 1 il
müddətinə verilən icazələrin növbəti dəfə
2 ilədək müddətə uzadılması öz əksini tapıb.
Kimlər miqrant hesab olunurlar?
Kimlərin miqrant hesab olunduğuna
gəlincə, hüquqşünas deyib ki, uzun
müddət yad ölkədə yaşayan insan miqrant hesab olunur.
Azər Quliyevin sözlərinə görə,
bəzən mövsümi qazanc
dalınca, məsələn, kənd təsərrüfatı
məhsulu yığmaq üçün
xaricə gedən şəxsləri də miqrant
adlandırırlar. Amma turistlər, zəvvarlar,
müalicə olunmaq üçün
xaricə gedənlər və xaricdə ezamiyyətdə olanlar miqrant hesab olunmurlar. Bundan başqa, hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən
edir: “Müəyyən olunmuş
qaydalara riayət etməyən şəxslər
qanunsuz miqrantlar hesab olunurlar. Məsələn, qanuni sənədləri
olmadan ölkəyə daxil
olan və ölkədə gizli qalan şəxs,
ölkəyə saxta sənədlərlə
daxil olan şəxs, qanuni sənədlərlə ölkəyə
daxil olan, lakin ölkədə icazə verilən
müddətdən artıq qalan və yaxud digər hər hansı bir
şəkildə daxil olmaq
və bu ölkədə olmaq
qaydalarını pozan və burada qanuni əsası olmadan qalan şəxs qanunsuz miqrant
sayılır».
Azərbaycana daha çox miqrant axını Gürcüstandandır
Mövzu ilə bağlı fikirlərini
bölüşən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri
Əlövsət Əliyev isə deyib ki, son vaxtlar
Azərbaycana daha çox
miqrant qonşu Gürcüstandan gəlir. Onun
sözlərinə görə, orta Asiya respublikalarından, Rusiya
Federasiyasından gələnlər də çoxdur.
Keçmiş sovet
respublikalarından sonrakı yerləri isə Türkiyə və
Böyük Britaniya vətəndaşları
tutur: “Onlar əmək
fəaliyyəti ilə məşğul olmağa
gəlirlər. İran, Əfqanıstan, Pakistandan alver məqsədilə
gələnlər miqrantlar arasında çoxluq təşkil edir.
Bəzi hallarda Kamerun,
Flippin kimi ölkələrdən
də miqrantların gəlişi müşahidə olunur. Bunlar hamısı
ölkəyə qanuni əsaslarla daxil olsalar da,
sonradan əksəriyyəti qanunsuz yaşamağa üstünlük verirlər. Məsələn,
bizim hesablamalarımıza görə, təkcə
ötən il ərzində Filippindən
Azərbaycana 900-dən çox qadın gəlib.
Onlardan, təxminən, 10 faizə qədəri
müvafiq dövlət orqanlarında qeydiyyata düşüb, yaxud ölkəni vaxtında tərk edib. Qalan hamısı Azərbaycan
ərazisində qanunsuz yaşamaqda
davam edir”.
Ekspert Azərbaycanın tədricən immiqrasiya ölkəsinə çevrilməkdə
olduğunu bildirərək söyləyib
ki, ölkəmiz, hətta inkişaf
etmiş Avropa dövlətləri
ilə müqayisədə daha sərt miqrasiya siyasəti aparılır. Amma Əlövsət Əliyevin fikrincə, bu, hələ son deyil. O mənada ki,
Dövlət Miqrasiya Xidməti bir qayda olaraq
icazələrin verilməsindən imtina edir. Bundan sonra
isə əcnəbilər Azərbaycanda qanunsuz
yaşamaqda davam edir.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2013.-
18 dekabr.- S.6.