Nizami rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər
Heç kimə sirr deyil ki, bu gün paytaxt
Bakıda və onun rayonlarında abadlıq-quruculuq işləri
geniş vüsət alıb. Son
illər paytaxtın ən çox abadlaşan və simasını dəyişən
rayonlarından bir də Nizami
rayonudur. Qeyd edək ki,
1980-ci ilin
dekabrında yaradılan rayon bu gün ölkənin və
paytaxtın həyatında mühüm rol oynayır. Belə ki,
hazırda Nizami rayonunda
fəaliyyət göstərən müəssisələr
ölkə iqtisadiyyatında və dövlət büdcəsində
əhəmiyyətli çəkiyə malikdir.
Ənənələrə sadiq qalan rayon
Vurğulamaq yerinə düşər ki, yarandığı andan
sənaye rayonu statusunu
daşıyan Nizami rayonu
bu gün də ənənəsinə
sadiq qalmaqdadır. Belə ki, 2013-cü ilin ötən
dövründə rayon ərazisində fəaliyyət
göstərən müəssisələr tərəfindən
308,2 milyon manat dəyərində
məhsul istehsal edilib
və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq
dövrünə nisbətən 5,8 faiz çoxdur. İstehsal olunan
məhsulun 35,7 faizi özəl sektorun payına düşür.
Ölkəmizin ən iri sənaye müəssisələrindən
sayılan Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunun istehsalı olan müxtəlif neft məhsullarına,
“NJT-2000” firmasının istehsal etdiyi plastik məmulatlara,
“Kaspi Yıldız” MMC-nin
buraxdığı yanğınsöndürmə
avadanlığına istər daxili, istərsə
də xarici bazarda tələbat
getdikcə artır. Bundan əlavə, “Bakı Yağ Qida Sənaye”, “Zəhmət Ruzi”,
“Bakı-Şərab 1”, “Evropean Tobacco Baku” açıq səhmdar
cəmiyyətləri, “Ulduz” fabriki və “Veysəloğlu Yaylıcı Qardaşlar” MMC ölkəmizdə ərzaq bolluğunun təminatında yaxından iştirak etməklə yanaşı, xarici bazara da
məhsul göndərirlər.
Qeyd edək ki, Nizami rayonunda müxtəlif
sənaye müəssisələrinin uğurla
fəaliyyət göstərməsi rayonu investisiya baxımından cəlbedici edən əsas
faktorlardan biri
sayılır. Məsələn, bunu rayon iqtisadiyyatına qoyulan
sərmayələrin həcmi də təsdiq edir.
Hesablamalara görə, son 5 ildə Nizami rayon iqtisadiyyatına
723,4 milyon manatlıq investisiya
qoyulub ki, bunların
hamısı istehsal təyinatlıdır.
Əsas kapitala yönəldilmiş investisiyaların
134,8 milyon manatı və ya
95 faizi dövlət, 7,1 milyon
manatı və ya 5 faizi
qeyri-dövlət müəssisələrinə aiddir. Hesabat dövrü ərzində istifadə edilmiş investisiyaların 91,5 milyon
manatı və ya 64,5 faizi
tikinti quraşdırma işlərinə
sərf edilib. Bu rəqəm
keçən ilin müvafiq
dövrünə nisbətən 46,2 çoxdur.
Rayonda çoxlu sayda istehsal müəssisələrinin
fəaliyyət göstərməsi həm də məşğulluq
probleminin həllinə xidmət edir. Təkcə bu
ilin 9 ayında rayonda
1450 yeni iş yeri açılıb ki, onlardan 274-ü yeni istifadəyə
verilən, 71-i mövcud müəssisə
və təşkilatlara, 1105-i isə fiziki
şəxslərə aiddir. Ümumilikdə,
2003-cü ildən oktyabrın 1-dək 22914 yeni
iş yeri
açılıb ki, bunlardan
22817-si daimidir. Yeni
açılmış iş yerlərinin
əksəriyyəti isə özəl sektorun
payına düşür.
Bundan başqa, bu ilin doqquz
ayında Nizami rayonunda
daxili imkanlar
hesabına 389,4 milyon manatlıq podrat işləri yerinə yetirilib
ki, bu da
ötən ilin müvafiq
dövrünə nisbətən 51,1 faiz çoxdur.
Nizami rayonunda infrastruktur layihələrinin icrası da ilbəil sürətlənməkdədir. Elə rayonda yol-nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü,
yolötürücü və tunellərin,
yeraltı və yerüstü piyada keçidlərinin inşası,
tıxacların aradan
qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi,
magistral küçə və prospektlərin
əsaslı şəkildə yenidən qurulması
görülən işlərin miqyası barədə
aydın təsəvvür yaradır.
Son illər müxtəlif dövlət
proqramları çərçivəsində
abadlıq-quruculuq işlərinin və infrastruktur
layihələrin uğurla
reallaşdırılması rayona tamamilə
başqa bir görkəm
verib. Belə ki, Heydər Əliyev və Ziya
Bünyadov prospektlərinin kəsişməsindəki
müxtəlif səviyyəli yol
qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti
ilə Naxçıvani küçəsinin kəsişməsindəki
yeraltı piyada keçidləri, Nəqliyyatın
İntellektual İdarəetmə Mərkəzi,
Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra
istifadəyə verilmiş “Koroğlu” stansiyasının
yaxınlığındakı park və
digər istirahət mərkəzləri rayonun
ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla
yanaşı, sakinlərin rahatlığının təminatı
baxımından da mühüm
əhəmiyyət kəsb edir.
Gənc nəslin inkişafına diqqət artırılır
Hazırda rayon rəhbərliyi tərəfindən gənc
nəslin inkişafı məsələsi də xüsusi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki,
2012-2013-cü tədris ilində Nizami rayonunun orta ümumtəhsil
məktəblərini bitirərək ali məktəblərə
sənəd vermiş 1606 abituriyentdən
961 nəfər tələbə adını qazanıb.
Abituriyentlərin 76-sı xarici ölkələrin
ali məktəblərinə qəbul olunub. Rayon üzrə 98 məzun
600-dən yuxarı bal toplayıb ki, onların da 33 nəfəri
650 baldan yüksək nəticə
göstərib. Rayon üzrə
“Qızıl” medala layiq
görülən 14 nəfərin hamısı tələbə
adını qazanıb. Ali məktəblərə
qəbul sarıdan 145, 129 saylı məktəblər, 62
saylı məktəb-lisey öndədir.
Yeri gəlmişkən vurğulayaq ki, Nizami rayonunda
22 orta ümumtəhsil məktəbi, «Zəngi»
liseyi, kimya-biologiya təmayüllü
respublika liseyi, «Dədə
Qorqud» özəl türk
liseyi, uşaq-gənclər və texniki yaradıcılıq mərkəzləri,
20 uşaq bağçası, 1 uşaq evi, kar uşaqlar üçün 2 respublika internat-məktəbi və s. fəaliyyət göstərir.
Bundan başqa, Nizami rayonunda Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə Çobanzadə küçəsi, 2405-ci məhəllədə
valideyn himayəsindən məhrum olan və uşaq evlərində
böyüyən gənclər üçün
də yaşayış binası inşa olunub. Binada 34 birotaqlı,
32 ikiotaqlı və 2 üçotaqlı mənzil olduğu, mənzillərin məişət
avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri
ilə, soyuducu, qaz
sobası, paltaryuyan maşınla təchiz
edilib. Hazırda rayon ərazisində
AFFA tərəfindən tutumu 20 000 nəfərlik
stadion inşa olunur. Bundan əlavə, Nizami rayonunda 5 stadion, 8 idman-sağlamlıq kompleksi
əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına
xidmət edir.
Müraciətlərə operativ cavab verilir
Nizami Rayon İcra
Hakimiyyətində vətəndaşların qəbulu da mütəmadi diqqət mərkəzində
saxlanılan məsələlərdəndir. Belə
ki, icra hakimiyyətinin
yerləşdiyi binanın foyesində İcra
Hakimiyyəti başçısının, onun
müavinlərinin və şöbə müdirlərinin qəbul
günləri qrafikini əks etdirən
lövhə asılıb, bu barədə
məlumatlar və əlaqə telefonları saytda
yerləşdirilib. Rayon İcra Hakimiyyətində vətəndaşların
qəbulu isə ilin əvvəllərindən
təsdiq olunmuş cədvələ uyğun aparılır. Bundan
əlavə, şöbə müdirləri operativ
həll olunmalı məsələlərlə əlaqədar
vətəndaşları gün ərzində
qəbul edirlər. Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin,
tələb və təkliflərinin öyrənilməsi məqsədilə
ayda iki dəfədən
az olmayaraq yerlərdə
Rayon İcra Hakimiyyəti
başçısının sakinlərlə səyyar
görüşləri keçirilir.
Qeyd edək ki,
2013-cü ilin 9 ayı ərzində 19 belə
səyyar görüş keçirilib
və sakinlər tərəfindən 92 müraciət edilib. Bununla yanaşı,
153 vətəndaş Rayon İcra
Hakimiyyətinin başçısı tərəfindən aparatda qəbul edilib.
Qeyd edək ki, rayon rəhbərliyi vətəndaşların
müraciətlərinə operativ cavab verməklə yanaşı, rayon ərazisində yaşayan
ahılları və kimsəsizləri də unutmur.
Bu baxımdan «Neftçilər» metro stansiyası yaxınlığında yerləşən
«xeyir-şər evi» deyilən məkan
ahıl insanların ümid yeridir. Belə ki, Nizami rayonu ərazisində
olan yaşlılar şənbə, bazar günləri istisna olmaqla, təxminən, 3 ildir
ki, həftəiçi hər gün isti yeməklə təmin
olunur. Hətta «xeyir-şər evi»nə gələ
bilməyən yaşlıların və kimsəsizlərin
yeməkləri mənzillərinə qədər
çatdırılır.
Həllini gözləyən məsələlər
Qeyd edək ki, rayon ərazisində davamlı olaraq
abadlıq və quruculuq işlərinin həyata
keçirilməsinə baxmayaraq, həllini
gözləyən məsələlər də var. Məsələn, 2013-cü
ildə qarşıya qoyulmuş
tapşırıqların icrası istiqamətində rayon üzrə Şərifli, E.Süleymanov
və Rüstəmov küçələrinin kəsişməsində
tunel yolun tikintisi, 8-ci km
yarımstansiyasından 7 saylı paylayıcı qurğuyadək
2 dövrəli hava xəttinin kabelləşdirilməsi,
məhəllələrin
abadlaşdırılması işlərinin
yekunlaşdırılması, bütün
çoxmərtəbəli yaşayış binalarında
aşağı paylama kommunikasiya
xətlərinin (su, kanalizasiya
və istilik) dəyişdirilməsi, istismar müddəti başa
çatmış sərnişin liftlərinin yenisi
ilə əvəz olunması, Babək prospektində
yeraltı keçidlərin tikintisinin başa çatdırılması, Heydər
bağı park-bulvarın Cəmşid Naxçıvanski
küçəsindəki hissəsinin əsaslı şəkildə
yenidən qurulması həllini gözləyən məsələlər
sırasındadır.
Bundan başqa, perspektiv
planlara rayondakı məcburi
köçkünlərin mənzillə təmin olunaraq köçürülməsi,
onların məskunlaşdığı bağçaların
təmir olunması, əlavə korpusların tikilməsi də
daxildir. 2014-16-cı illərdə rayonda səhiyyə müəssisələrinin,
1 ¹-li Uşaq Xəstəxanasının
III yoluxucu xəstəliklər korpusu, Azərsutikinti
xəstəxanası, 4 ¹-li Vərəm
Əleyhinə Dispanser və s. yenidən qurulması daxildir.
Texniki Kollec, Qida Sənayesi Kollecin əsaslı təmiri və yenidənqurulması,
50 sinif otaqlı əlavə tədris korpusunun tikilməsi, bir
sıra mədəniyyət obyektlərinin, rabitə
şöbələrinin əsaslı təmiri, təhsil müəssisələrinin
inşası və yenidən qurulması, qaz,
su və kanalizasiya xətlərinin
çəkilişi, köhnə xətlərin
dəyişdirilməsi, yol təsərrüfatının
yenilənməsi, bəzi ünvanlarda istilik sisteminin təkmilləşdirilməsi
üçün yeni
qazanxanaların tikilməsi, 29 hündürmərtəbəli
yaşayış binasında istismar
müddəti başa çatmış
134 ədəd liftin yenisi
ilə əvəz olunması, Çobanzadə küçəsi 2399-cu məhəllədə əlil
və şəhid ailələri üçün
96 mənzilli yaşayış binasının tikintisi,
29 hündürmərtəbəli yaşayış
binasında 134 ədəd liftin yenisi ilə əvəz edilməsi və s. də yaxın iki ilin planları sırasındadır.
Sevinc Osmanova
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Həftə
içi.- 2013.- 18 dekabr.- S.7.