Budapeştdə Qara Qarayevin yubileyi qeyd edilib

 

 Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə zəmanəmizin böyük bəstəkarı, müasir Azərbaycan musiqi məktəbinin yaradıcılarından biri Qara Qarayevin anadan olmasının 95 illiyi Budapeştdə qeyd olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki "Duna Palota" sarayında "Dunay" simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət "Memory" adlı konsert proqramı təşkil edilib.

Konsertin əvvəlində çıxış edən macar musiqişünas Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onu zamanı qabaqlayan simfonik musiqinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən bəhs edib.

Macar dirijor Andraş Deakın rəhbərliyi altında "Dunay" simfonik orkestri bəstəkarın "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar ifa edib. İki hissədən ibarət konsertdə həmçinin macar bəstəkar İştvan Boqaşın və dahi alman bəstəkar Lüdviq Van Bethovenin əsərləri səsləndirilib.

Böyük uğurla keçən konsertdə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak ediblər.

 

Həftə içi.- 2013.- 19 dekabr.- S.8.