Türkiyədə azərbaycanlı

rəssamların rəsm sərgisi keçirilib 

 

Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankarada Rəsm və Heykəl Muzeyində "Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamların 3-cü Rəsm Sərgisini" həyata keçirib.

Hafta.az-ın məlumatına görə, 10 gün nümayiş etdiriləcək sərginin açılış tədbirində Türkiyə Böyük Millət Məclisinin sabiq Spikeri İsmət Sezqin, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda tanınmış mədəniyyət və elm xadimi, millət vəkilləri, ictimaiyyət və diaspor nümayəndələrimizlə yanaşı, çox sayda KİV təmsilçiləri də iştirak etmişlər.

Tədbirin açılış nitqini həyata keçirən Səfir Faiq Bağırov, düyada yaşayan bütün azərbaycanlıların həmrəylik düşüncəsinin milli idrakımıza həkk olunmasında Ümummilli Liderimizin öncü rolundan, Azərbaycançılıq məfkurəsinin formalaşmasında Ulu Öndərimizin dərin milli idealogiyasından, Azərbaycan və Türkiyə kimi iki qardaş dövlətin xalqlarının dünyada bənzərsiz yaxınlığından və bu kimi tədbirlərin keçirilməsinin yüksək mədəni səviyyəmizin geniş kütlələrə duyurulmasındakı əhəmiyyətindən geniş şəkildə bəhs etmişdir.

Ardından tədbirlə bağlı ürək sözlərini deməsi üçün söz Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Kamal Fahir Gençə verilmişdir.

Tədbir iştirakçıları üçün furşet təşkil olunmuş, rəssamlarımızla xatirə fotoları çəkdirilmişdir.

Qeyd etmək istərdik ki, sözügedən sərgidə, Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmail Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov, Məhəmməd Yüzbaşıyev, Məhər Bayramov, Məhəmməd Şirzad, Məzahir Ərtuğ Avşar, Məhəmməd Əliyev, Nazim Məmməd, Pərvanə Əlizadə, Rafiq Əziz, Rahim Məhmədov, Rəsul Rzayev, Sabir Mehdiyev, Sadiq Babayev, Səid Rüstəm, Sənan Eynullayev, Sərhad Rzayev, Şahin Məmmədov, Tariyel Əlizadə, Teymur Ağalıoğlu, Teymur Rzayev, Ümbülbanu Həmidova, Vahid Novruzov, Vahid Talıb, Yaşar Zeynalov, Yusif Əlizadə və Ziyad Sultanov kimi rəssamlarımızın əsərləri sərgidə nümayiş etdiriləcəkdir.

 

Həftə içi.- 2013.- 29 dekabr.- S.8.