Uşaqlara ad və soyad seçərkən nələri bilmək
lazımdır?
Ekspertlər bu məsələdə
valideynləri
məsuliyyətli olmağa çağırır
Azərbaycanda yeni doğulmuş uşağa ad və soyad seçimi həmişə müzakirə mövzusu olub. Qeyd edək ki, bəzən valideynlər yeni doğulmuş övladlarına öz soyadlarını deyil, uşağın ata, baba adını soyad kimi vermək istəyirlər. Lakin valideynlərin bu sahədəki qanunlardan xəbərsizliyi səbəbindən müəyyən problemlərlə üzləşməli olurlar.
Bəs görəsən, uşağa ad və soyad qoyulması Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Valideynlərin istədikləri soyadı uşaqlarına seçmək hüququ varmı?
Məsələyə
münasibət açıqlayan Bakı Hüquq
Mərkəzi (BHM) hüquq şirkətinin
əməkdaşı, vəkil Dünyamin
Novruzov bildirib ki, uşağın soyad
daşımaq hüququ Ailə Məcəlləsində
təsbit edilib. Ailə Məcəlləsinin
tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna
malikdir: “Ailə qanunvericiliyində qeyd olunur ki,
uşağın soyadı, bir qayda olaraq valideynlərin
soyadı ilə müəyyən edilir.
Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin
razılığı ilə atanın və ya
ananın soyadı verilir. Məsələn,
“Məmmədov” və “Hüseynov”, onda valideynlər qarşılıqlı
razılığa gələrək uşağın
soyadını ya “Məmmədov”, ya da “Hüseynov”
qoya bilərlər”.
Hüquq məsləhətçisi deyib ki, valideynlər
arasında uşağın ad və
soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir
ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli
icra hakimiyyətlərinin qəyyumluq və
himayə orqanları) tərəfindən həll olunur. Onun sözlərinə
görə, Ailə Məcəlləsində uşağa
ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin
12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Adın, ata
adının və soyadın verilməsi və dəyişdirilməsi
Qaydaları»nda da öz
əksini tapıb.
Qanunvericilikdə uşağa
fərqli
soyadın verilməsi nəzərdə tutulmayıb
Dünyamin Novruzov bildirib ki, uşağa
valideynlərin soyadından fərqli soyadın verilməsi,
habelə ata adına uyğun
soyadın verilməsi Ailə Məcəlləsində və
adıçəkilən qaydalarda nəzərdə
tutulmayıb: “Başqa sözlə,
qüvvədə olan qanunvericilik
uşağa valideynin
və ya valideynlərdən birinin soyadına uyğun
soyadın verilməsinin mümkünlüyünü
nəzərdə tutur”.
Hüquqşünas soyad sonluğuna
dəyişiklik edilməsi ilə bağlı məsələyə
də aydınlıq gətirərək qeyd
edib ki, bu məsələ Milli Məclisin
2 fevral 1993-cü il
tarixdə qəbul etdiyi “Azərbaycan
Respublikası vətəndaşlarının
soyadlarının dövlət dilinə uyğunlaşdırılması
haqqında” qərarına, eləcə də Nazirlər Kabinetinin yuxarıda adıçəkilən
12 may 2011-ci il tarixli qərarına uyğun
olaraq həyata keçirilir:
«Milli Məclisin 2 fevral 1993-cü il tarixli qərarına görə, Azərbaycan
Respublikası vətəndaşları mövcud
soyadının kökünə -lı, -li,
-lu, -lü, -zadə,
-oğlu, -qızı soyad
sonluğu artırmaqla və ya heç bir
sonluq artırmadan (məsələn, Ağayev soyadında "yev"
sonluğu atılır Ağa olur, Əliyev
soyadında "yev" sonluğu
atılır və Əli soyadı qalır) soyad
seçə bilərlər. Nazirlər Kabinetinin yuxarıda adıçəkilən
12 may 2011-ci il tarixli qərarına görə Azərbaycan
Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə
əsasən onun mövcud
soyadının sonluğuna dəyişiklik
edilir. 18 yaşına çatmayanların
soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin
və digər qanuni nümayəndələrinin
(övladlığa götürənlərin, qəyyumun və
ya himayəçinin) ərizəsi əsasında
həyata keçirilir. Hər iki valideynin
soyadının sonluğu dəyişdirildikdə,
18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir.
10 yaşına çatmış uşağın
soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir».
Adın dəyişdirilməsi o halda mümkündür ki…
Məsələyə
münasibət açıqlayan hüquqşünas
Namizəd Səfərov isə adların dəyişdirilməsinə
aydınlıq gətirərək deyib ki, bu proses
Nazirlər Kabineti tərəfindən təsdiq
olunmuş “Azərbaycan vətəndaşlarının
soyadlarının, adlarının və ata
adlarının dəyişdirilməsi vəsatətləri haqqında”
əsasnamə ilə tənzimlənir. Orada nəzərdə tutulub ki, adın dəyişdirilməsinə
yalnız üzrlü hallar
olduqda yol verilir. Üzrlü hallar dedikdə isə adın pis
səslənməsi, çətin tələffüz
olunması, milliyyətə uyğun gəlməməsi,
pis məna verməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, Ailə Məcəlləsinə
görə isə 18 yaşına çatmamış şəxsin
adının dəyişdirilməsi yalnız o
halda mümkündür
ki, buna icra hakimiyyətlərin tərkibindəki qəyyumluq
orqanları validyenlərin birgə xahişi
əsasında icazə versin. 10
yaşına çatmış uşağın adı dəyişdirilərkən
onun özünün
razılığı da tələb olunur. Vətəndaşların özləri öz adlarını 18 yaşına çatandan sonra dəyişə
bilərlər. Bunun üçün
vətəndaşlar ilk növbədə
ərizə ilə yaşadıqları yerlərin Vətəndaşlıq
Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı
(VVADQ) orqanlarına müraciət etməlidirlər. Həmin ərizəyə vətəndaşın
şəxsiyyətini təsdiq edən sənəd, əsaslı
tərcümeyi-hal, doğum haqqında
şəhadətnamə, nikahdadırsa, nikah
haqqında şəhadətnamə, övladları varsa, onların doğum
haqqında şəhadətnamələri, işləyirsə,
iş yerindən arayış,
yaşadığı yerdən arayış, iki
fotoşəkil də əlavə edilməlidir. Bu sənədlər VVADQ tərəfindən müvafiq rayonun polis şöbəsinə göndərilir. Polis idarəsində həmin şəxs barəsində
hər hansı təqsirləndirici materialın
olub-olmaması yoxlanılır. Sonra sənədlər
VVADQ şöbəsinə qaytarılır. Bunun
ardınca VVADQ öz rəyini tərtib edir və baxılması üçün
Ədliyyə Nazirliyinin Qeydiyyat
və Notariat Baş
İdarəsinə göndərir. Bu instansiyada da məsələ
araşdırılır. Qanunauyğundursa,
təsdiq edilir, qanunauyğun
deyilsə, imtina olunur.
Adlarını dəyişmiş vətəndaşa bununla bağlı şəhadətnamə verilir.
Ad uşağın xarakterinə təsir göstərir
Mövzu ilə bağlı fikirlərini
bölüşən psixoloq Narınc
Rüstəmova isə bildirib ki, ümumiyyətlə, sonradan
peşman olmamaq üçün uşağa
ad və soyad seçərkən
düzgün seçim
etmək lazımdır. Onun fikrincə, ad seçərkən onun
mənasına diqqət yetirmək, həmin adın nə demək
olduğunu mütləq
araşdırıb tapmaq lazımdır: “Uşağa verilən ad onun xarakterinə, şəxsi inkişafına
təsir edir. Buna
görə də bəzi hallarda ailədən
tamamilə fərqli xarakterdə uşaq
çıxır. Məsələn, uşağa
nənəsinin, babasının yaxud da ailəyə əziz olan,
rəhmətə getmiş adamın
adı qoyulur. Belə adlar qoyularkən valideynlər uşağa
həmin adamın davamçısı kimi
münasibət göstərməməlidir. Çünki
bu, uşağa psixoloji təsir edir və
o, sanki vaxtından tez böyüyür, yaxud da əksinə olaraq ərköyünləşir və çox kaprizli olur”.
İnsanlardakı psixoloji problemlərin mənbəyinin
uşaqlıqla bağlı olduğunu deyən
psixoloq vurğulayıb ki,
uşağa hansı adın verilməyindən
asılı olmayaraq ona
bu adı düzgün
təqdim etmək lazımdır: “Uşağa
köhnə ad da vermək
olar, onun nənə-babasının
da adını vermək olar,
önəmli olan həmin adı uşağa necə təqdim etməkdir. Valideyn çalışmalıdır ki, uşağa öz adını sevdirsin.
Ona görə də uşağı
müəyyən yaşdan sonra əzizləmələrlə
çağırmaq olmaz. Çünki
bu halda uşaqda kompleks yaranır
və o fikirləşir ki,
anam mənim adımı sevmir.
Mənim adım pisdi, əgər adım
belə olmasaydı anam məni belə
çağırmazdı. Bir məsələni
də qeyd edim ki, ad seçərkən ən
vacib məqamlardan biri
uşağa verilən adın mənasıdır.
Valideynlər bəzi hallarda ad seçərkən buna
diqqət etməsə də, uşaq yaşa dolduqca öz adı ilə maraqlanacaq
və onun nə məna verdiyini
bilmək istəyəcək”.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2013.- 29 dekabr.- S.6.