Səfir olmağı arzulayan xəbər aparıcısı

 

Azərbaycanın ən çox sevilən xəbər aparıcılarındandır. İmzasının özəlliyi, xanım kimi fərqliliyi ilə bir araya gəldikdə qarşınızda maraqlı və təkrarsız bir tele-sima dayanır. Efir öncəsi sevdiyiniz xəbər aparıcısını müsahib etdik. Günay Yelmarqızı Hafta.az-ın suallarına cavab verir.

 

- Səhər yuxudan qalxmaq üçün “nədən istəyirəm» yazmışdın ən son statuslarından birində... Günay Yelmarqızı üçün bu nədən, səbəb nə olmalıdır ki, o xoşbəxt ola bilsin?

- Səhər yuxudan qalxmaq üçün ən böyük «nədən»im yeni bir günə başlamaqdır. Həyat hər gün yenidən başlayır. Və yaşadığımız bir gün, bir ömrə bərabərdir. Gün ərzində sevinə, ağlaya, çətinliklə üzləşə, hansısa çətinliyi dəf edə, uğur qazana, uğursuzluqla qarşılaşa, aşiq ola, xəyal qırıqlığına uğraya, xəstələnə və ya şəfa tapa bilərik. Yəni başladığımız gün sürpriz və müəmmalarla doludur. Onu necə başa vuracağımızı, həmin günün həyatımızda başlanğıc və ya son olacağını isə heç kim bilmir. Mən gətirdiyi bütün xoş və xoş olmayan sürprizlərə rəğmən həyatı və yaşamağı sevirəm. O ki qaldı məni xoşbəxt edə biləcək nədənlərə, ən xırda nüanslar, detallar belə buna yetər. Mənim xoşbəxt olmaq üçün elə də böyük nədənlərə ehtiyacım yoxdur. Düşünürəm ki, xoşbəxtlik nə var-dövlət, nə yüksək mövqe və nüfuzla bağlı deyil. Xoşbəxtlik insanın daxili və ruhi vəziyyətilə bağlıdır. Daxilən və ruhən səni narahat edən nəsə yoxdursa, rahatsansa demək xoşbəxtsən. Əks halda heç nə və heç bir qüvvə səni xoşbəxt edə bilməz.

- Günay, sosial şəbəkələrdə statusların daha çox sənin həyatını deyil, düşüncə və arzularını əks etdirir... Gününün neçə saatını sosial şəbəkələrdə keçirirsən?

- Əvvəla onu deyim ki, paylaşdığım statusların şəxsi həyatımla heç bir əlaqəsi yoxdur. Adətən oxuduğum ən gözəl şeyləri, mütaliə etdiyim əsərlərdən ən bəyəndiyim statları və s. paylaşmağa çalışıram. Bir az romantik, sentimental və normadan çox həssas bir insan olduğum üçün daha çox lirik, bəzən kədərli notlara söykənən statuslarım olur. Amma istisnalar da olur təbii. Yüksək əhval-ruhiyyəli, yumoristik və s. Hərdən hansısa məsələ ilə bağlı vətəndaş mövqeyimi də bildirirəm. Amma sosial şəbəkələr mənim üçün dostlarla, maraqlı və dünyagörüşlü insanlarla ünsiyyət və insanlara yalnız pozitiv ötürəcək nələrisə paylaşmaq üçün bir virtual məkandır. Burada çox vaxt keçirdiyimi deyə bilmərəm. Daha çox axşamlar, işdən sonra oluram. Sadəcə, telefonun internetə qoşulmaq imkanının avantajından istifadə edərək, gün ərzində baş verənlərdən xəbər tuta bilirəm. Amma virtual aləmlə yaşamağın əleyhinəyəm. Düzdür, burada dostlarımızdan operativ şəkildə xəbər tuturuq, ünsiyyət qururuq. Amma eyni zamanda da özümüz də hiss etmədən bir-birimizdən uzaqlaşırıq. Bütün münasibətlər virtual müstəviyə keçir. Bu isə yaxşı deyil. Çünki heç bir vasitə canlı ünsiyyəti əvəz edə bilməz.

- Günay, günün qalan hissəsi necə keçir?

- Günümün əsas hissəsi işdə keçir. Yerdə qalan vaxtımı idmana, dostlarla görüşə, mütaliəyə həsr etməyə çalışıram.

- Televiziyada işlərin necə gedir?

- Yaxşı gedir şükürlər olsun.

- Xəbər səni yormayıb ki?

- Xeyr. Bir şikayətim yoxdur. Çünki işimi sevirəm.

- Bir çox xəbər aparıcıları artıq başqa ampulada sınayır özünü, xəbəri şouya dəyişdilər... Səni necə, həmişə xəbər aparıcısı kimi görəcəyik, yoxsa?..

- Mən xəbər adamıyam və işim xarakterimə tam uyğundur. İşim sırf xəbərləri aparmaqla kifayətlənmir. Hərdən analitik proqramları, xüsusi buraxılışları da aparıram, yeri gələndə hansısa bayram tədbirlərini də. Və təkcə aparıcılıq etmirəm, onların ssenarilərini də yazıram. İşimdən çox məmnunam. Amma şou mənlik deyil.

- Ümumiyyətlə, necə oldu ki, xəbər aparıcısı oldun?

- Xəbər aparıcısı olmaq mənim uşaqlıq arzumdur. Öz arzumun arxasınca gəldim, qarşıma məqsəd qoydum və buna nail oldum.

- Özünü xəbər aparıcısından başqa hansı peşə sahibi kimi görürsən?

- Jurnalistika mənim birinci ixtisasımdır. İkinci ixtisasım da var. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil almışam. Yəni həm də alitəhsilli diplomatam. Gələcəkdə səfir olmağı arzulayıram.

- Günay, gün ərzində ən çox nə haqqında düşünürsən?

- O… Düşüncələrimdə nələr var, nələr. Bir deyil, iki deyil.

- Hansı suala cavab axtarırsan?

- Son günlər daha çox nə zaman sualına.

- Sənin üçün dəb nədir? “Şopoqoliksən”?

- Mənə görə dəb nə yaraşırsa, odur. Alış-verişi sevirəm, ancaq “şopoqolik” olduğumu deyə bilmərəm.

- Özəl gözəllik sirlərin varmı?

- Xeyr. Elə bir özəl sirrim yoxdur. Gözəl görsənmək üçün gecə-gündüz özümə vaxt ayırmıram da düzü.

- Mətbəxdə baş çıxara bilirsən, yoxsa? Ən yaxşı bişirdiyin hansı yeməklərdir?

- Mətbəxdən baş çıxara bilərəm, əgər vaxt tapıb ora girə bilsəm. Xüsusilə yaxşı bişirdiyimi iddia edəcəyim bir yemək yoxdur. Amma insafən əlimin duzu var. Nə bişirsəm dadlı alınır deyilənə görə.

- Günay, mütaliəyə zamanın qalırmı? Ən sevdiyin əsər hansıdır? Ən son kimin əsərini oxumusan?

- Mütaliəni çox sevirəm. Mütləq hər gün oxuyuram. Hətta çox bəyəndiyim bir kitabı bir günə oxuyub bitirə bilərəm. Bəyəndiyim əsərlər var. Ən son oxuduqlarımdan Elif Şəfəqin “Eşq”, Xalid Hüseynin “Çərpələng Uçuran”, Orxan Pamukun “Məsumiyyət muzeyi” əsərlərini çox sevdim. Hazırda Xalid Hüseynin “Min Möhtəşəm günəş” romanını oxuyuram. Bu da çox gözəl əsərdir.

- Musiqiyə böyük önəm verirsən bildiyim qədəri…

- Musiqini çox sevirəm. Bütün janrlarda gözəl musiqi nümunələrini dinləyirəm.

- Günay, həyatında sevgi varmı?

- Həyatımda sevgi yoxdur.

- Ailə həyatı quracağın insan necə olmalıdır?

- Düzü, xüsusi bir standartım yoxdur. Məni tamamlayacaq biri olsun yetər. Arxamda, önümdə yox, yanımda gedəcək, mənimlə eyni istiqamətə baxacaq ruhumun adamı.

- Xəyallarının ən əlvan tablosunda nə çəkmisən?

- Səmimi deyirəm, xeyli müddətdir bütün arzularımdan və xəyallarımdan vaz keçmişəm. Hazırda xəyalını qurduğum, arzu etdiyim nəsə yoxdur. Yalnızca bir istəyim var. Bunu Allah bilir və ümid edirəm ki, mənə kömək olacaq.

 

Sevinc Məmmədli

 

Həftə içi.- 2013.- 9 iyul.- S.8.