Qələbəyə
iddialıyam
“İlin
paltarı-2013” müsabiqəsinə çox az bir vaxt
qalıb. Gərgin işlərin davam etdiyi bir vaxtda
yarışmanın ən iddialı modelyerlərindən biri,
“İlin paltarı-2012” müsabiqəsinin qalibi Ləman Məhəmmədzadə
müsahibimizdir…
- Ləman, artıq “İlin
paltarı-2013” müsabiqəsinə çox az bir vaxt
qalıb. Sən də bu il müsabiqəyə qatılan
modelyerlər sırasındasan...
- Bəli,
artıq müsabiqəyə çox az qalıb. Həyəcan
daha da artır. Keçən il olduğu kimi, bu il də
müsabiqənin iştirakçılarındanam.
- Hazırlıq işləri
nə yerdədir?
-
Artıq neçə aydır ki, müsabiqəyə
hazırlaşıram. Ötən illərdə olduğu kimi,
bu il də müsabiqəyə 3 paltarla qatılıram. Hər
bir paltara olduqca böyük önəm vermişəm, hər
xırda detala qədər düşünmüşəm.
Artıq paltarlarım demək olar ki, hazırdır. Nəticə
mənim üçün də çox maraqlıdır. Amma
qələbəyə iddialıyam.
- Həyəcan var?
- Mən
düşünürəm ki, hər bir modelyer neçə dəfə
müsabiqədə iştirak etməsindən asılı
olmayaraq, hər dəfə həyəcan keçirir. Belə
olmasa, qələbənin sevincini də dada bilməzsən.
- Rəqiblərin kimlərdir?
- Rəqiblərim
öz işinin fanatı olan modelyerlərdir. Elə rəqiblərim
güclü olduğu üçün yarışmağa da həvəs
olur.
- Ötən il olduqca fərqli geyim
təqdim etdin… Bu il tamaşaçıları nə gözləyir?
- Bu il
tamaşaçıları bir çox şey baxımından
təəccübləndirəcəyəm. Azərbaycanda bu
günə qədər heç bir modelyerin etmədiyi bir
iş göstərəcəyəm. İnanıram ki, hamı
bəyənəcək.
- Sən ötən il keçirilən
“İlin paltarı-2012” müsabiqəsinin qalibisən... Necə
oldu bu il də müsabiqəyə qatıldın?
- Uzun
müddət idi ki, ilin paltarı müsabiqəsini izləyirdim.
2012-ci ilə müsabiqəyə modelyerlərin ərizə qəbulu
başlayan kimi dərhal müraciət etdim.
-
Modelyerlər arasında rəqabət var idi?
- Ancaq sağlam rəqabət…
- Ötən
ilin qalibiyyətini təkrarlayacağına inam var?
- Hər zaman hər əminlikdə bir tərəddüd,
hər tərəddüddə bir əminlik var əslində…
- Ötən
ilin qələbəsi sənə nə qazandırdı?
- Ötən ilin qalibiyyəti mənə
çox şey qazandırdı. Modelyer kimi daha
da inkişaf etdim. Bu sahədə olan bir
çox yeni simaları tanıdım. Azərbaycan
Moda Assosiasiyasının fəaliyyəti mənə həmişə
çox maraqlı gəlirdi. Müsabiqədən sonra o
fəaliyyətlə yaxından tanış
oldum, hətta bir parçası oldum bu assosiasiyanın desəm
daha doğru olar.
- Ləman
xanım, Azərbaycanda gənc modelyerlər nə kimi problemlərlə
üzləşirlər?
- Bu suala subyektiv cavab vermək istəyirəm.
Düşünürəm ki, Azərbaycanda hələ
də modelyer sənəti ilə dərziliyi və həmçinin
stilistliyi qarışdırırlar. Bu
modelyerlərin üzləşdiyi ən böyük problemdir.
Həmçinin modelyerlərə olan
inamsızlığı bizləri çox məyus edir.
- Azərbaycanda
fabriklərin olmaması, yerli parçaların istehsal edilməməsi
də yəqin ki, problemlər yaradır sizə?
- Təbii ki, çox istərdik ki, yerli
parçalardan, Azərbaycanda istehsal olunan parçalardan
istifadə edək. Artıq parça
üçün ərəb ölkələrinə və ya xaricə
üz tutmayaq.
Çünki sonuncu kolleksiyamdakı geyimlərin
parçaları üçün mən Ərəb Əmirliklərinə
səfər etməli oldum. Təbii ki, modelyer daim axtarışda
olmalıdır. Ancaq ölkəmizin
parça istehsalında inkişaf etdiyini görmək
bütün modelyerlərin arzusudur. Çox
istərdik ki, Şəkidəki İpək fabriki öz fəaliyyətini
genişləndirsin və biz yerli parçalarımızla
öz bacarığımızı göstərə bilək.
- Moda
Assosiasiyasının prezidenti Zamir Hüseynov müsahibələrindən
birində demişdi ki, bizdə modelyerlər pul udanda da xaricdə
oxumağa deyil, ev, maşın almağa xərcləyirlər...
- Zamir bəylə təəssüf ki, mən
də razıyam. Bir çox modelyerlər təcrübə
qazanmaq əvəzinə müvəqqəti olacaq
mükafatları üstün tuturlar. Halbuki
o zaman təcrübəyə ayıracaqları kapital müvəqqəti
mükafatları daimiyə çevirə bilərdi. Ancaq mən əminliklə söyləyə bilərəm
ki, mən xarici ölkələrdə keçiriləcək
təcrübə proqramını hər hansısa avtomobil və
evdən üstün tuturam.
- Builki
paltarından danışaq... Necə bir paltar
olacaq? İp ucu verə bilərsən bizə?
- Bu il paltarları hazırlayarkən
moda mərkəzi olan Fransa məni xüsusi təsir altına
aldı. Yaratdığım obrazlar Fransız
qadını obrazlarıdır. Təbii
ki, Fransa dedikdə ağıla ilk gələn
şlyapalardır. Hazırladığım
geyimləri şlyapalarla tamamlamışam. Şlyapalarda istifadə olunan aksessuarlar
üçün isə dəvəquşu fabrikinə və
zooparka getməli olmuşam. Əminliklə
deyə bilərəm ki, bu hazırlıq mərhələsini
heç bir zaman unutmaram.
- Azərbaycan
modelyerlərindən kimi peşəkar adlandırmaq olar? Kimi qəbul edirsən modelyer kimi?
- Hal-hazırda Azərbaycanda modelyerlərin
sayı çoxalıb. Bu həm
sevindirici haldır ki, bu sahəyə maraq artıb, həm də
bir o qədər də xoş olmayan haldır. Çünki qeyri-peşəkarların da sayı
artıb. Ancaq mən peşəkar modelyer
kimi Gülnarə Xəlilovanın adını qeyd etmək
istərdim. Hər zaman maraqlı işləri
ilə diqqəti üzərinə cəlb edə bilib. Milli geyimlərimizdən ibarət
kolleksiyalarını lap bəyənirəm. Düşünürəm ki, Azərbaycanda sırf
milli geyimlər üzrə peşəkar modelyer Gülnarə
Xəlilovadır.
- Builki
qalibiyyətdən nə gözləyirsən?
- Əgər bir daha qalibiyyət nəsib
olsa, təbii ki, çox şey gözləyirəm.
Amma hələlik bu istəyim sirr olaraq qalsa daha yaxşı
olar…
Sevinc Məmmədli
Həftə
içi.- 2013.- 9 iyul.- S.8.