«Çoxları bizi ciddi, sərt xarakterli təsəvvür edir» 

 

Bu gün telekanallarda ən çox simalarını gördüklərimiz, barələrində fikir yürütdüyümüz insanlar təbii ki, xəbər aparıcılarıdır – xüsusilə də qadınlar… Azərbaycanın xəbər aparıcıları arasında o, özünün xüsusi imici və gözəlliyi ilə seçilir. hafta.az-ın budəfəki qonağı Gülnar Muxtar qızıdır:

 

- Gülnar səni televiziyanın Sindi Kroufurdu adlandırırlar...

- Məni daha kimə oxşatmırlar ki... Hətta bu yaxınlarda xarici jurnalların birindən oxşarım tapılıb. İş yoldaşım onu görəndə məni zənn edib. Səni xarici jurnalda gördüm deyirdi. Və dərhal şəklini çəkib mənim üçün gətirmişdi. Bu kimi hallar çox olur. Amma xoşdu, nəticədə hamısı gözəl xanımlardı. Kim istəməz ki, elə gözəl xanımlara oxşamasın.

- Əvvəlcə səni tanıyaq...

- Muxtarova Gülnar Muxtar qızı 1986-cı il 21 oktyabrda Bakı şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra arzuladığım jurnalistika ixtisası üzrə təhsil almışam. Məktəbdə və universitetdə demək olar ki, bütün tədbirlərin aparıcısı olmuşam və bu istedadım məni “Azad Azərbaycan” televiziyasına gətirib. Universitetin 2-ci kursundan burda təcrübə keçib, 2006-cı ildə “Azad Azərbaycan” teleradio və yayım şirkətinin Xəbərlər Departamentində aparıcı vəzifəsinə təyin olmuşam. Elə həmin müddətdən radio və televiziyada xəbər aparıcısı kimi fəaliyyət göstərirəm. 2010-cu ildə dolğun informasiyanın operativ yayımına görə “Qızıl Buta” mükafatı ilə təltif olunmuşam.

- Gülnar, ən bəyəndiyin xəbər aparıcıları kimlərdir?

- Hər bir aparıcının özünəməxsusluğu var. Kiminin gözəl nitq qabiliyyəti, kiminin dünyagörüşü, kiminin xarici gözəlliyi, kiminin də daxili. Daha sonra efir aparmaq, xəbər çatdırmaq bacarığı, bax bunlar da çox önəmlidir. Bütün bu keyfiyyətləri özündə cəmləşdirən hər bir aparıcı mənim sevimlimdi.

- Gözəl nitq mədəniyyətinlə seçilirsən. Yəqin ki, bu məsələdə həmkarlarına qarşı da tələbkarsan...

- Səhv etmək ayıb deyil, elədiyin səhvi düzəltməmək, yenidən onu təkrarlamaq ayıbdı. 8 ildir televiziyadayam, amma bu gündə nələrisə öyrənirəm. Hər zaman deyirəm mənim də səhvlərim olur, lakin o səhvlərimi mütləq aradan qaldırıram. Öz üzərimdə işləyirəm. Xəbər aparıcısı olmaq, xəbər çatdırmaq asan iş deyil. Əgər mən bu işin öhdəsindən gəlməsəydim inanın ki, bu gün televiziyada olmazdım. Çünki mən ilk öncə özümə qarşı tələbkaram. Bilmədiklərimi öyrənirəm, bildiklərimi öyrədirəm.

- Efir qarderobunla, həyatda üstünlük verdiyin geyimlər çoxmu fərqlənir?

- Əlbəttə ki, fərqlənir. Xəbər efiri ciddiliyi sevir. Gündəlik həyatda isə klassik üslubda geyinmək o qədər də rahat deyil. Əslində klassik üslubu çox sevirəm. Amma hər yerə geyiniləsi geyim olmadığı üçün az istifadə edirəm. Təbii ki, elə yerlər var, orda klassik üslub tələb olunur. O zaman istifadə edirəm. Amma belə rahat geyimlərə daha çox üstünlük verirəm.

- Efir geyimlərinə kim nəzarət edir?

- Özüm nəzarət edirəm. Əslində bu işlə maraqlanan stilistimiz var. Amma mən narahat adamam. Səhər geyinəcəyim geyimi bu gündən müəyyənləşdirirəm. Çünki geyimin narahat olması da aparıcıya təsir edir. Bu kimi hallarla rastlaşmamaq üçün efir qrimindən tutmuş geyimlərimə kimi hamısına özüm nəzarət edirəm.

- Gülnar Muxtarqızının gözəllik sirləri varmı? Məsələn, saçların ekranda görünər-görünməz diqqəti cəlb edir. İstifadə etdiyin özəl qulluq vasitələri varmı?

- Xüsusi gözəllik sirlərim yoxdu. Düşünürəm ki, insanın daxili aləmi gözəl olmalıdır. Əgər daxilin gözəldirsə, mütləq o sənin üzünə yansıyacaq. Və müxtəlif süni vasitələrdən istifadə edib üzünə gözəllik gətirməyə də ehtiyac qalmayacaq. O ki qaldı saçlarıma bunun üçün də özəl nələrdənsə istifadə etmirəm. Sadəcə, saç şampunlarımı tez-tez dəyişirəm. Fendən az istifadə etməyə çalışıram.

- Gülnar, efirdə başına gələn maraqlı və gülməli hadisələrdən danışaq.

- Əslində efirdə maraqlı, gülməli hadisələrlə tez-tez rastlaşırıq. Bir dəfə canlı efirdi, mən də kadr oxuyuram. Bu anda operatorumuz studiyada digər tərəfə keçmək istəyir və birdən ayağı kabellərə ilişir. İnanın çox pis vəziyyətdə sözün əsl mənasında yerə yapışdı. Hamı gülür. Bu hadisə düz mənim gözümün önündə baş verir. Ən dəhşətlisi isə səs gəlməsin deyə operator yerdən durmur. İndi siz onun üz mimikalarını və studiyada hamının güldüyünü təsəvvür edin. Mən isə gülməməyə məhkumam. Düzdü, efirdən sonra həm əsəbiləşmişdim, həm də doyunca gülmüşdüm.

- İndiyə qədər səsləndirdiyin xəbərlərdən hansı səni güldürüb və ya kövrəldib?

- Ölümlə bağlı bütün xəbərlərə üzülürəm. Bura əsgər ölümü, yol qəzaları, uşaq ölümləri və digərləri daxildi. Gülməli məqamlar da olur. Ən son rastlaşdığım gülməli məqamı danışım. Ümumiyyətlə, layt xəbərlər olanda manitora baxmamağa çalışıram. Çünki görüntü məni güldürə bilər. Bir neçə ay əvvəl Moskvada xəstəxanalardan birində xəstənin qaçması barədə xəbər yayıldı. Belə ki , xəstə artıq sağaldığını düşünür və qaçmağa qərar verir. Mən də bu xəbəri çatdırıram. Birdən gözüm monitora sataşır. Təsəvvür edin xəstə xəstəxana geyimində magistral yolda müxtəlif əl-qol hərəkətləri edə-edə maşınların arasından qaçır, bir neçə həkim isə onu tutmağa çalışır. Sanki komediya filminə baxırdım.

- Xəbər aparıcısı olmaq həyatını çətinləşdirib, yoxsa bir üstünlük, rahatlıq gətirib?

- Xeyr, həyatımı çətinləşdirməyib. Amma rahatlaşdırmayıb da. Xəbər aparıcısı olmaq böyük məsuliyyətdir. Eyni zamanda, zövqlü işdir. Hər zaman deyirəm, nə yaxşı ki, xəbər aparıcısı olmuşam. Çoxları tərəfindən tanınan və sevilən birisi olmaq, insanı sadəcə sevindirə bilər.

- Qadın olaraq qadınlara qarşı zorakılıq faktlarından xəbər verən olayları işıqlandırmaq çətin olmur ki? Ümumiyyətlə, nə düşünürsən cəmiyyətdə qadınlara qarşı artan bu zorakılıq faktları barədə?

- Təbii ki, çox çətin olur. Üzülürəm, əsəbiləşirəm, qınayıram. Xüsusən də xanımları qınayıram. Təəssüf ki, statistika qadınlara qarşı zorakılığın hər il artdığını göstərir. Nəzərə alsaq ki, 21-ci əsrdə yaşayırıq. Bu gün ötən illərə nisbətən xanımlarımızın çoxu savadlı, alitəhsillidir. Lakin bu gün hələ də hüquqlarını bilməyən xanımlarımız var. Düşünürəm ki, bir xanım zorakılığa məruz qalmamaq üçün ilk öncə hüquqlarını bilməli, özünü müdafiə etməyi bacarmalı, güclü olmalıdır.

- Xəbər spikeri olmaq gənc xanım üçün hansı sədlər çəkir?

- Buna sədd deməzdim, sadəcə, cəmiyyət içində davranışlarına fikir verməlisən. Yaşından, cinsiyyətindən asılı olmayaraq, xəbər aparıcısı insanların gözündə elə xəbər aparıcısıdır. Çoxları bizi ciddi, sərt xarakterli təsəvvür edir. Amma əslində hər bir xəbər aparıcısının daxilində uşaqlıq, xarakterində isə mülayimlik var.

- Boş vaxtlarında nə edirsən?

- Film izləməyi çox sevirəm. Yorulmadan gün ərzində bir neçə filmə baxa bilərəm. Eləcə də rəfiqələrimlə görüşürəm.

- Mütaliəyə vaxt qalır? Sonuncu dəfə nə vaxt və hansı əsəri oxumusan?

- Kemplinin çox gözəl sözü var “Mən rahatlığı hər yerdə axtardım, lakin onu bir yerdə - küncdə kitab oxumaqla tapdım”. Düşünürəm ki, mütaliə üçün vaxt anlayışı yoxdur. Hal- hazırda isə Boris Akuninin “Qara Şəhər” romanını oxuyuram.

- Səni nə özündən çıxarda bilər?

- Haqsızlıq...

- Ən çox eşitdiyin sual hansıdır?

- Ən çox eşitdiyim və bezdiyim sual: “Xeyr, iş nə vaxtdır?”.

- Gülnar, ay ərzində qarderobuna və kosmetikana nə qədər pul xərcləyirsən?

- Kosmetikadan çox istifadə etmədiyimə görə daha çox geyimlərə, bir də kitaba pul xərcləyirəm. Nə qədər geyim alsaq da, gözümüz doymur ki...

- “ATV”nin xəbər aparıcısı mətbəxdə necə zövqlərdən və dadlardan xəbər verə bilir? Ən yaxşı bişirə bildiyin təam hansıdır?

- Mətbəxdə çox olmuram. Amma bu heç nə hazırlaya bilmirəm anlamına gəlmir. Məncə, hər bir xanım bacarıqlıdı. Bunun üçün sadəcə istək olmalıdı. Deyilənə görə, pizza məndə çox yaxşı alınır.

- Xəbər aparmaqdan başqa hansı bilmədiyimiz bacarığın var?

- Çox gözəl rəsm çəkmək qabiliyyətim var. Bir də paltar tikmək. Valideynlərim mənim rəssam və ya modelyer olacağımı düşünürdülər.

- Gülnar, qadın xoşbəxtliyinin sirri nədədir səncə?

- Dahilərdən biri deyib. Qadınları xoşbəxt etmək mümkün deyil. Bu gün istədiyini əldə edib deyə xoşbəxt ola bilər, amma sən onu sabah gör. Bütün xanımlar sevilmək istəyir. Dəyərli olduğunu hər şeydən, hər kəsdən daha qiymətli olduğunu hiss etmək istəyir. Uğurlu karyera qurub, onu başa düşən və dəstəkləyən həyat yoldaşına sahib olmaq istəyir.

- Tamaşaçılar səni yeni ampulada görəcək, yoxsa xəbər aparıcısı statusunda ekranları bəzəyəcəksən?

- Bu barədə heç nə deyə bilmərəm. Bu gün Xəbər aparıcısıyam, sabah isə tam fərqli bir verilişlə tamaşaçıların qarşısına çıxa bilərəm. Yeniliklər qaçılmazdı həyatımızda...

 

Sevinc Məmmədli

 

Həftə içi.- 2013.- 8-10 iyun.- S.8.