Məsuliyyətsiz
valideynlər cəzalandırıla bilər
Azərbaycanda bununla
bağlı yeni qanunvericilik bazası hazırlanıb
Etiraf etmək
lazımdır ki, bu gün Azərbaycan ailələrində
uşaqlara fərqli münasibət mövcuddur. Belə ki, cəmiyyətimizdə
övladları qarşısında öz məsuliyyətini dərk
edən valideynlərlə yanaşı, bu hissi
anlamayanların sayı kifayət qədərdir. Məhz bu səbəbdəndir
ki, hər il onlarla uşağın gələcək həyatı
sual altına düşür.
Yeri gəlmişkən,
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi Azərbaycanda valideyn məsuliyyətinin
artırılması ilə bağlı qanunvericilik paketi
hazırlayıb. Bu barədə jurnalistlərə məlumat
verən sözügedən qurumun sədrinin müavini Aynur
Sofiyeva deyib ki, aparılan araşdırmalar uşaqlarla
bağlı bütün problemlərin kökündə
valideyn məsuliyyətsizliyinin dayandığını
göstərir. Onun sözlərinə görə, valideyn məsuliyyətinin
artırılması istiqamətində Dövlət Komitəsi
tərəfindən qanunvericilik paketi hazırlanıb və
müvafiq qurumlara təqdim olunub. Həmçinin artıq
müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələrinin
iştirakı ilə Monitorinq Qrupu yaradılıb. Üstəlik
regionlarda bu sahədəki vəziyyətin öyrənilməsi
ilə bağlı monitorinq aparılıb və hazırda
müvafiq təkliflər hazırlanır.
Bəs
görəsən, övladının gələcək həyatına
məsuliyyətsiz yanaşan valideynə qarşı mövcud
qanunvericilikdə hansısa cəza tədbirləri nəzərdə
tutulubmu? Ümumiyyətlə, hansı hallarda valideynin
valideynlik hüququ əlindən alına bilər?
Məsələyə
münasibət açıqlayan Uşaq Hüquqlarını
Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə
görə, azyaşlıların hüquqları BMT-nin 1989-cu
ildə qəbul olunan "Uşaq hüquqları haqqında
beynəlxalq konvensiyası"na uyğun olaraq tənzimlənir:
"Uşaqların hüquqlarının tanınması
demokratiya məsələsidir. Ancaq Azərbaycanda bu məsələyə
münasibət fərqlidir. Valideyn uşağa xüsusi
mülkiyyət kimi baxır. Uşaqlar da hüquqlarını
bilmirlər".
Uşaqların maarifləndirilməsinə
ehtiyac var
Ekspert
bu məsələdə uşaqların maarifləndirilməsini
vacib sayıb və deyib ki, bunun üçün
televiziyanın, mətbuatın mütəmadi olaraq məsələni
qabartması gərəkdir. Onun sözlərinə görə,
əslində maarifçilik və təbliğat məsələləri
ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mütəmadi olaraq məşğul
olmalı və bu yöndə KİV-in imkanlarından istifadə
etməlidir: “Amma görünən odur ki, bu məsələ
ilə bağlı görülən işlər keyfiyyətli
aparılmır».
Yusif Bəkirov
müvafiq icra hakimiyyəti orqanlarının tərkibində
uşaq hüquqları müdafiə şöbəsinin fəaliyyət
göstərdiyini və adıçəkilən qurumun
xüsusilə risk qrupuna daxil olan ailələrdə mütəmadi
olaraq monitorinq aparmalı olduğunu bildirib: "Məsələn,
hər kəsə bəllidir ki, valideyn uşağını
döyməklə ailədə avtoritar rejim yaradır. Bunun nəticəsində
uşaqlar zəif, qorxaq, öz fikri olmayan, tez təsir
altına düşərək böyüyür ki, bu da
onlarda aqressiyaya gətirib çıxarır.
Uşağını döyən valideynin məsuliyyətə
cəlb olunması isə məsələyə ən son
müdaxilədir. Bu istiqamətdə isə həmin
şöbənin mütəmadi olaraq monitorinq keçirməsi
vacibdir ".
Qanunvericilikdə
müəyyən müddəalar var, amma…
Uşaq Hüquqları üzrə QHT
Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə
hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının
pozulmasının başlıca səbəbi valideyn məsuliyyətsizliyidir.
Belə ki, uşaqların zorakılığa məruz
qalmasında, onların əməyə cəlb olunmasında
valideynlərin "böyük rolu" var. Onun fikrincə,
hazırda Azərbaycanda valideynlərin böyük əksəriyyəti
uşaq hüquqlarına hörmətlə yanaşmır. Belə
ki, valideynlər mütəmadi uşaqların hüququnu
pozur, çox zaman uşaqlara gəlir mənbəyi kimi
baxır: “Bəzi valideynlər belə düşünür
ki, uşaq işləməli, evə gəlir gətirməlidir.
Təbii ki, sosial ehtiyacı olan ailələr var ki, belə
ailələrdə uşaqların çalışması az
da olsa başa düşüləndir. Amma bir çox ailələr
var ki, valideynlər evdədir, çalışmır, amma
uşaqları ya dilənçiliyə, ya da əməyə
məcbur edirlər".
Nazir Quliyev əlavə edir ki, belə
hallar İnzibati Xətalar Məcəlləsində müəyyən
müddəalarla tənzimlənsə də, qanunvericiliyin
özündə valideyn məsuliyyətini sərtləşdirə
biləcək normalar mövcud deyil. O hesab edir ki, Ailə Məcəlləsində
valideynlik hüquqlarından məhrumetmə maddəsinin
müddəalarını daha da genişləndirmək və
sərtləşdirmək lazımdır.
Qızların erkən ərə verilməsi,
onların nəyəsə məcbur edilməsi
hallarını valideynlik hüququndan məhrumetmə müddəalarına
salınmasının vacib olduğunu bildirən ekspert deyir ki,
Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin
əsaslarında "Uşaqla amansız davrandıqda"
yazılır: "Amansız termini bir qədər
ağırlaşdırılmış formadı. Amansız
kiminsə gözünü çıxarmaq, kiminsə xəsarət
yetirmək kimi qəbul edilir. Bir çox ölkələrdə
uşaq hüquqlarının pozulması, uşağa
qarşı etinasızlıq valideynlik hüququndan məhrum
etmənin əsasları sayılır".
Nazir Quliyev bildirir ki, ölkədə
uşaq müraciət sistemində böyük problemlər
mövcuddu. Onun sözlərinə görə, riskli ailələrin
müəyyən edilməsi prosesi çətin olduğu
üçün ailələrdə uşaqlar bir çox
problemlərlə üzləşir, amma hara müraciət edəcəklərini
bilmirlər: “Bunun da nəticəsində uşaq
intiharlarının sayı artır. Təklif edirəm ki,
problemli ailələrdə valideyn məsuliyyətini yaratmaq
üçün uşaq reabilitasiya mərkəzləri fəaliyyət
göstərməlidir. Belə olarsa, valideynlər
uşaqları ilə başqalarının da ünsiyyətdə
olduğunu bilib, onların hüquqlarını pozmaqdan ehtiyat
edərlər".
Valideynlik
hüququndan məhrumetmə yalnız məhkəmə yolu ilə
mümkündür
"Azərbaycan Hüquq İslahatları
Mərkəzi" ictimai birliyinin hüquqşünası Fərhad
Nəcəfov isə bildirib ki, valideynlik hüququndan məhrumetmə
yalnız məhkəmə yolu ilə mümkündür: «Əslində
qanunvericiliyimiz "valideynlik hüquqlarından məhrumetmə"
anlayışı altında həm ananın, həm də
atanın bu hüquqlardan məhrum edilməsi şərtlərini
bərabər əsaslar üzrə müəyyən edib.
Çünki əvvəlki praktikadan fərqli olaraq 2000-ci ildən
qüvvəyə minmiş Ailə Məcəlləsində
valideynlik hüququndan məhrumetməyə əsas olan
halların siyahısı genişləndirilib. Məcəlləyə
əsasən, məhkəmə belə işlərə baxarkən
valideynlər tərəfindən öz vəzifələrinin
yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi,
valideynlik hüququndan sui-istifadə edilməsi, uşaqlara
qarşı məişət zorakılığının
törədilməsi, uşaqların və ya ərinin (arvadının)
sağlamlığına və ya həyatına qarşı
qəsdən edilmiş cinayətin törədilməsi və
s. halları nəzərə almalıdır».
Fərhad Nəcəfov bildirib ki, məhkəmə
valideynlik hüquqlarından məhrumetmə işlərinə
valideynlərdən birinin ərizəsinə, habelə
yetkinlik yaşına çatmayanların hüququnu müdafiə
edən orqanın və ya müəssisələrin müraciətinə
əsasən, onların iştirakı ilə baxır. Onun
sözlərinə görə, məhkəmə belə
işlərə baxarkən valideynlik hüquqlarından məhrum
edilmiş valideynlərdən uşağa aliment tutulması məsələsini
də həll edir.
Hüquqşünas qeyd edib ki, valideynlik
hüquqlarından məhrum edilmiş valideynlər
uşağa münasibətdə həmin uşaqla qohumluq
faktına əsaslanan bütün hüquqlarını, o
cümlədən, uşaqdan təminat almaq, habelə
uşaqlar üçün təyin edilmiş dövlət
müavinəti almaq və imtiyazlardan istifadə etmək
hüququnu itirirlər. Lakin valideynlik hüququndan məhrum
edilmiş valideynlər uşaqların saxlanmasını təmin
etmək vəzifələrindən azad edilmirlər:
"Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin
(onlardan birinin) uşaqları mənzilə xüsusi
mülkiyyət hüququna və ya ondan istifadə hüququna,
uşağın valideynlərlə və başqa qohumlarla
qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o
cümlədən, vərəsəlik hüququna malikdir.
Konstitusiyamıza görə, uşaqların
qayğısına qalmaq və onları tərbiyə etmək
valideynlərin borcudur. Yəni
burada uşaqlara qayğı göstərilməsi ilə
bağlı valideynlərə münasibətdə
ayrı-seçkiliyə yol verilməyib».
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2013.- 8-10 iyun.-
S.6.