“Qarabağ bülbülləri“nin Novruz konserti
Murad Rzayev:
"Məktəblərdə bayram konsertləri
verməklə yanaşı, oradakı istedadlı
uşaqları da ansambla
cəlb edirik"
Dünyaşöhrətli
"Qarabağ bülbülləri"
ansamblın kollektivi Novruz
Bayramı ərəfəsində məcburi köçkün
məktəblərində ənənəvi konsert
proqramlarını davam etdirir.
Tanınmış musiqiçi, "Maarif xadimi" Murad Rzayevin rəhbərliyi
ansamblı növbəti belə tədbirini Ağdam
rayon 71 saylı köçkün
tam orta məktəbində
keçirib.
"Həftə
içi"nin məlumatına görə, "Qarabağ
bülbülləri" bayram münasibətilə orta məktəbin
müəllim, şagird və valideynlərini təbrik edərək
onların qarşısında geniş konsert proqramı ilə
çıxış ediblər. Konsertdə ansamblın
solistlərindən Təranə Hüseynova
"Bayram gəlir", Zülfiyyə Cəbrayılzadə
"Yaşa Azərbaycan", Dürdanə
Sərdarqızı "Bayram
axşamlarında", Pərviz Ağazadə "Min yaşasın", Elnur
Əliyev "Qarabağ"
mahnılarını ifa edib.
Ansamblın ən kiçik solisti Məsud Eyvazlı isə "Qarabağ şikəstəsi" ilə
iştirakçıları sanki
düşmən tapdağı altında olan
doğma torpaqlara aparıb.
Məktəbin
direktoru Nailə Rüstəmova tədbirdəki
çıxışında konsertin təşkilinə
görə ansamblın bədii rəhbəri Murad
Rzayevə və onun kollektivinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, milli
bayramımız olan Novruzla
bağlı məktəbin yaradıcı heyəti də
yüksək səviyyədə hazırlaşıb: "Tədbirimizə
şagirdlərimizin qabiliyyətlərini yoxlamaq
üçün Murad
müəllimi bir musiqiçi,
sənətçi kimi məktəbimizə
dəvət etmək qərarına gəldik. Amma
Murad müəllim də sağ
olsun, elə bil ürəyimizi
oxuyubmuş, o bizi qabaqlayıb telefon edib dedi ki,
"Qarabağ bülbülləri"
ansamblının kollektivi məktəbimizdə
bayram konserti
keçirəcək. Biz çox
şad olduq, onlar bayram ərəfəsində
bizi xeyli
ruhlandırdılar”.
Tədbirdə
"Qarabağ bülbülləri"nin
yaradıcısı və bədii rəhbəri Murad Rzayev də
çıxış edib. O, ölkəmizin
bütün bölgələrinə tez-tez belə konsertlər təşkil etdiklərini
xatırladaraq gəncləri vətənpərvər olmağa, torpağı sevməyə
çağırıb. Murad Rzayev daha çox
məcburi köçkün məktəbliləri
qarşısında çıxış etmələrini də
bununla əlaqələndirib:
"Xüsusilə də Ağdam köçkün orta məktəbləri
ilə sıx əlaqə saxlayırıq. Biz
təkcə bayram konsertləri vermirik, axtarışa çıxırıq,
məktəblərdə təhsil alan
istedadlı uşaqları tapıb ansambla
cəlb edirik və onlara
musiqinin, eləcə də
muğamların sirlərini öyrədirik".
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2013.- 19-27 mart.-
S.8.