“Milli musiqinin elementləri caza başqa rəng
qatır”
Türkiyəli
klassik musiqi ifaçısı Oya Ergün bu gün keçirəcəyi
konsert öncəsi Hafta-ichi.az-a müsahibə verib.
İfaçı konsert hazırlıqları və gələcək
planları barədə danışıb.
- Konsert hazırlıqları neçə
müddətdir davam edir?
Oya Ergün:
- Martın
7-də başqa bir konsert var idi. Ona görə də həmin
vaxta qədər onun üçün
hazırlaşırdıq. Martın 7-dən başlayaraq isə
bu günkü konsert üçün məşqlərə
başladıq. Mənim pianistim Franz köhnə dostumdur.
Amsterdamdakı konservatoriyada oxuyan illərdən bir-birimizi
tanıyırıq. O mənim necə müğənni
olduğumu, mən də onun necə pianist olduğunu bilirəm,
ona görə də hazırlaşmağımız asan oldu.
- Neçə saatlıq konsert
planlaşdırırsız?
- On beş-on
altı mahnımız var. Konsert bir saat yarım olacaq.
- Bundan sonra harada konsertləriniz
olacaq?
- Gələn
həftə Parisdə, aprel ayında isə 3 konsertimiz olacaq.
Mayda isə həm Amsterdamda, həm Almaniyada, 3 dənə isə
Bakıda konsertimiz var. İyunda da konsert
planlaşdırırıq, iyul və avqust aylarında isə
hələlik konsert yoxdur. Amma səfirlik hər hansısa tədbir
keçirərsə, orada iştirak edə bilərik. Növbəti
mövsüm də çalışacağıq ki, hər ay
iki konsert verək.
- Bakıda
yaşayırsınız, ona görə də müşahidə
imkanınız daha yaxşıdır. Azərbaycanda cazın
durumunu necə qiymətləndirirsiz?
- Mən əslində
opera müğənnisiyəm, amma cazı da öyrəndim.
Bakı cazda çox gözəldir. Çoxdan tanıdığım
musiqiçilərinizdən Vaqif Mustafazadəni
tanıyıram. Onun qızı Əzizə Mustafazadəyə
heyranam, çox gözəl ifaçıdır. Mənə
elə gəlir ki, Azərbaycanda caz daha da inkişaf edəcək.
- Türkiyəli müğənninin azərbaycanlı
ifaçıları izləməyi, burada konsertlər verməyi
ölkələr arasında əlaqələrə təsirsiz
ötüşmür...
- Azərbaycanla
Türkiyənin ortaq mədəniyyəti var. Sadəcə
Türkiyə daha böyükdür və ona görə də
orada müxtəlif növ musiqilər görmək olur. Amma Azərbaycan
da musiqi baxımından istedadlı insanlarla dolu olan yerdir.
Hamı musiqiyə dəyər verir. Ona görə də gələcəkdə
Azərbaycanın musiqi sahəsində daha çox işlər
görəcəyinə inanıram.
- Gələcəkdə azərbaycanlı
caz ifaçıları ilə birlikdə konsertlər, yaxud
duetlər planlaşdırırsız?
- Ola bilər.
Hələ ki, belə bir təklif gəlməyib, amma biz belə
təkliflərə müsbət baxırıq. Çünki
mən caz ifa etməyi çox sevirəm. Ölkədə də
cazın vəziyyəti çox yaxşıdır. Gələn
aylarda Türkiyədə və başqa ölkələrdə
konsertlərim olacaq. Amma istəyərəm ki, Azərbaycanda
da olsun.
- Azərbaycanlı caz
ifaçılarından kimləri tanıyırsız?
- Keçən
il Bakıya yeni gələndə Tünzalə Ağayeva ilə
konsertimiz olmuşdu. Amma o konsert daha çox pop yönümlü
idi. Sonradan isə caz ifaçısı Ruslan Hüseynovla
tanış oldum. Çoxdan tanıdıqlarımdan isə Əzizə
Mustafazadənin adını çəkə bilərəm.
İnsanın milli musiqisinin elementləri caza başqa rəng
qatır. Bu baxımdan Əzizə Mustafazadənin azərbaycanlı
olması onun musiqilərinə başqa rəng qatır.
Çünki qulağında daha çox ritm var, şərq
musiqisinin ritmlərindən də istifadə edir. Bu da onun
bütün dünyada tanınmağına və sevilməyinə
şərait yaradır.
Pianist Franz
von Chossy:
- Konsert hazırlıqları necə
keçdi?
- Biz
notları bir-birimizə e-maillə göndərdik. Hərə
özü hazırlaşdı, sonra isə dünən məşq
elədik, bu gün yenə olacaq.
- Azərbaycana ilk gəlişinizdir?
- Bu, ikinci gəlişimdir.
Bir dəfə də oktyabrda konsertə görə gəlmişəm.
- Təəssüratlarınız
necədir?
- Çox
gözəldir. İnsanlar çox mehribandır. Bir problem var,
o da yollardakı tıxacdır, amma gözəldir.
- Azərbaycanda yenidən konsert verməyi
planlaşdırırsız?
- Hazırda
belə bir planımız yoxdur, amma mən istəyərəm
ki, yenidən gəlim.
Fatimə Kərimli
Həftə içi.- 2013.- 19-27 mart.-
S.8.