Yay turizmi mövsümü başlayır
Bu yay Azərbaycana gələcək
turistlərin sayının 10 faiz artacağı gözlənilir
Azərbaycanın turizm obyektlərində
yay mövsümü hazırlıqlara start verilib. Həmçinin
ölkəmizə gəlmək istəyən turistlərin
işini asanlaşdırmaq üçün onlayn viza rejiminin
tətbiqinə də başlanılıb. Artıq turizm
müəssisələrinin və aidiyyəti qurumların
qarşıdakı mövsüm üçün planları və
hədəfləri də bəllidir.
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov
"Həftə içi"nə bildirib ki, Azərbaycanda
turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas
məqsədlər sırasında turizm ehtiyatlarının
öyrənilməsi və onların genişləndirilməsi,
turistlərin istirahəti, onların tələbatının
ödənilməsi üçün zəruri olan xidmətlərin
çeşidinin genişləndirilməsidir. Yeni hədəflərə
turizm marşrutlarının artırılması, mədəni
turizm, o cümlədən milli adət-ənənələrimizi,
Azərbaycan xalqının tarixi-mədəni irsini,
ayrı-ayrı regionların və şəhərlərin
tarixini əks etdirən materialların nəşr edilərək
yayılması da daxildir. Onun sözlərinə görə,
ölkəmizi dünyada tanıtmaq məqsədi ilə Azərbaycan
brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin
canlandırılması, beynəlxalq proqramlar çərçivəsində
regional mədəni turizm marşrutlarının
yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Sözügedən istiqamətdə mütəmadi işlərin
görüldüyünü deyən İntiqam Hümbətov
bildirib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin
mütəxəsisləri turizm bölgələrində
montorinqlər aparırlar: "Bu il ötən illə
müqayisədə Azərbaycana gələn turistlərin
sayında artım olacaq. Bunun səbəbi də var. Belə
ki, son vaxtlar istər xidmətin keyfiyyəti, istərsə də
infrastrukturun yaxşılaşdırılması sahəsində
mühüm irəliləyişlər var. Həmçinin
turizm mərkəzlərində ötən il qiymətlərdə
endirim oldu. Bu sahədə sağlam rəqabət getdikcə
artır ki, bu da həm xidmətin keyfiyyətinin yüksəlməsinə,
həm də qiymətlərin aşağı düşməsinə
gətirib çıxarır".
Xatırladaq
ki, 2012-ci ildə Azərbaycana gələn xarici turistlərin
sayı 2 milyon nəfəri ötüb. Ümumilikdə,
2006-cı ildən Azərbaycana gələn əcnəbilərin
sayı 60 faizədək artıb. Bundan başqa, Azərbaycanda
fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli
komplekslərin sayı 500-ü keçib. İntiqam Hümbətov
deyib ki, bu il Azərbaycana gələcək turistlərin
sayında təxminən 8-10 faiz artım gözlənilir. Onun
fikrincə, turizm Azərbaycanda yeni bir sahədir və ona
görə də birdən-birə bu sahədə ideal şərait
yaratmaq mümkün deyil.
İstirahət
mərkəzlərinin kadrlarla təminatında da irəliləyişlərin
olduğunu vurğulayan nazirlik sözçüsü bildirib
ki, dövlətin dəstəyilə bu problemlər getdikcə
həll olunur. Onun sözlərinə görə, Turizm Peşə
məktəbinin yaradılması, xidmət sahəsində
çalışan insanların Rayon Mədəniyyət və
Turizm şöbələrində ixtisasartırma kurslarına
cəlb olunması bu sektorun inkişafı üçün əlavə
imkanlar açır: "Bölgələrdə turizm
mövsümü ilə əlaqədar marşrutlar
hazırlanır. Gəncə, Quba, cənub və digər
bölgələrdə nazirliyin Turizm-İnformasiya mərkəzləri
fəaliyyət göstərir və bu mərkəzlər turistlərlə,
bölgələrə turist gətirən şirkətlərlə
əlaqələr qurur, onlara marşrutlar təqdim edir".
"Kabab turizmi"ndən mədəni
turizmə
Çimərlik
turizminin inkişafına gəlincə, İntiqam Hümbətov
qeyd edib ki, Azərbaycanda dəniz turizmi var, amma onun genişləndirilməsi
məsələsindən məlumatsızdır. Onun sözlərinə
görə, Azərbaycanda turizm sektorunun gənc olmasına
baxmayaraq, bu sahədə irəliləyişlər var. Gələcəkdə
isə bu sektor daha da inkişaf etdiriləcək: "Əsas
hədəfimiz daxili və xarici turistlərin keçirdiyi
vaxtın səmərəli təşkil olunmasına maksimum
şərait yaratmaq, onların xidmətdən razı
qalmasını təmin etməkdir. Biz təkcə "kabab
turizmi" deyil, digər mədəni turizm xidmətləri göstəririk.
İstəyirik ki, turistlər Azərbaycanın tarixi, milli-mədəni
dəyərləri, abidələri, elmi barədə məlumatlı
olsunlar. Yəni maksimum çalışırıq ki, nəinki
turist, eləcə də Azərbaycana ezamiyyətə gələnlərə
ölkəmiz barədə geniş məlumat verək. Elə
şərait yaratmağa səy göstəririk ki, turistlər
Azərbaycandan zəngin təəssüratla
ayrılsınlar".
Nazirlik rəsmisi
deyir ki, təmsil etdiyi qurum il ərzində 20-30 beynəlxalq sərgiyə
qatılmaqla Azərbaycan haqqında müxtəlif dillərdə
çap məhsulları yayır. Onun sözlərinə
görə, həmin nəşrlərdə Azərbaycanın
tanıtımı ilə bağlı zəngin məlumatlar
olur: "Bəzən Azərbaycanda turizm sektorunun zəif
inkişaf etdiyini deyirlər, bizi Türkliyə və digər
ölkələrlə müqayisə edirlər. Ancaq nəzərə
almaq lazımdır ki, belə dövlətlərin
çoxillik təcrübəsi var. Bizdə isə turizm yeni
sahədir. Düzdür, kadr təminatı və digər
problemlər var. Ancaq inanırıq ki, onlar da getdikcə
öz həllini tapacaq".
İntiqam
Hümbətov elektron viza sisteminin tam
formalaşdığını da diqqətə
çatdırıb. Onun fikrincə, bu sistem ölkəmizə
gələn turistlərin sayının artmasına səbəb
olacaq.
Kadr problemi hələ də
qalmaqdadır
Azərbaycan
Turizm İnstitunun Turizm biznesinin təşkili və
texnologiyası kafedrasının müdiri Bahadur Bilalov isə
"Həftə içi"nə açıqlamasında
bildirib ki, son illər Azərbaycanda turizmin genişləndiyini
və inkişaf etdiyini deyir. Onun sözlərinə görə,
xidmət sahələrində ildən-ilə qiymətlərin
aşağı düşməsi də Azərbaycana gələn
turistlərin sayının artmasına müsbət təsir
göstərir: "Əvvəllər mehmanxana və mehmanxana
tipli komplekslərin sayı az idi. Ancaq son dövrlər bu sahədə
genişlənmə müşahidə edilir. Belə olan təqdirdə
rəqabət mühiti yaranır ki, bu da bir tərəfdən
xidmətin yüksəlməsinə, digər tərəfdən
isə qiymətlərin aşağı düşməsinə
gətirib çıxarır".
Bahadur
Bilalov Azərbaycanda istirahət mərkəzlərinin
çox olmasına baxmayaq, digər ölkələrə
üz tutanların da sayında artım olduğunu söyləyib
və bu tendensiyanı insanların maddi durumu ilə əlaqələndirib.
Onun sözlərinə görə, turizm mərkəzlərində
hələ də kadr problemi var və indi bu sahədə də
təkmilləşmə işi aparılır.
Kadr
probleminin əsasən mövsümi, yəni çimərlik turizmi
mərkəzlərində hiss olunduğunu diqqətə
çatdıran Bahadur Bilalov bildirib ki, belə yerlərdə
daha çox püxtələşməmiş insanlar işə
götürülür. Nəticədə də xidmətin
keyfiyyəti standartlara cavab vermir: "Düşünürəm
ki, bu problemlərin yaranmasının səbəbkarı istirahət
mərkəzlərinin sahibləridir. Çünki xidmətin
keyfiyyətinə onlar cavabdehdir. Əslində, onlar maraqlı
olmalıdır ki, sahibi olduqları mərkəzlərə gələnlərin
sayı daha da artsın. Eyni zamanda, sahibkarlar elə etməlidirlər
ki, həmin istirahət mərkəzləri il boyu işləsin
və oradakı kadrlar da peşəkar olsun".
Turistlərin
gediş-gəlişi sistemin sadələşdirildiyini
xatırladan kafedra müdiri düşünür ki, bu
addım ölkəyə gələn turistlərin
sayını artıracaq: "Bu sistemə turizm şirkətləri
də qoşulub. Turizm şirkətləri turistlərə
elektron şəkildə viza verməklə olnların gəlişini
asanlaşdırır. Yəni Azərbaycanın səfirliyi
olmayan ölkələrin vətəndaşlarına da elektron
viza verilir və beləliklə, onların digər ölkələrdəki
səfirliyimizə getməsinə ehtiyac qalmır".
Atif Sarıxanlı
Həftə içi.- 2013.- 7 may.- S.5.