Meşəyə sığınan müqəddəs məkan

 

Hacı Sədi əfəndi ziyarətgahı əsəb xəstələrinin nicat yeridir

 

Azərbaycan xalqı həmişə öz keçmişinə, dininə-ənənəsinə sadiq qalıb, irsini qoruyub saxlayıb və inkişaf etdirib. O cümlədən, müqəddəsliyi ilə fəxr edilən dini məkanlar – pirocaqlar xalqımız tərəfindən hər zaman ehtiramla anılıb, ziyarət edilib. Bunlardan biriŞirvanQarabağ elində çoxlarının ümid yeri olan və təəssüf ki, hansısa səbəbdən bir çoxlarımızın hələ də məkanına ayaq basa bilmədiyimiz Hacı Sədi əfəndi ocağıdır…

 

Məzarlığı ilanlar qoruyur

 

Ağdaş rayon mərkəzindən təxminən 24-25 kilometr cənubda – Abad kəndi yaxınlığında yerləşən bu müqəddəs məkanı ziyarət etmək üçün adıçəkilən kənddən keçib bir neçə kilometr də getməli olduq. Yerli camaatın «Axmaz» adlandırdığı köhnə Kür yataqlarının bataqlıqları arasından salınmış torpaq yolla gedib keçilməz meşəyə çatanda məlum oldu ki, bu cəngəllikdə qədim qəbiristanlıq mövcuddur. Elə Hacı Sədi əfəndinin məzar-türbəsi də buradadır. Daha doğrusu Hacı Sədi əfəndi burada dəfn olunandan sonra yerli camaat öz ölüsünü onun məzarının yanında basdırmağa başlayıb və nəticədə indiki məzarlıq meydana çıxıb.

Hələ ziyarətgaha getmədən öncə yerli sakinlərlə söhbət edərkən bizə demişdilər ki, ziyarətgahın qapısında ilanlar keşik çəkirlər. Hətta günün hansı saatında ora getsək, həmin ilanları görəcəyik. Sakinlərin danışdığına görə, ziyarətə gələnlərdən kimsə pis niyyətli, evliyalara inamı olmayansair kimi mənfi xüsusiyyətli insanların qarşısını kəsən həmin ilanlar onları içəri girməyə qoymurlar. Biz də hazırda ulu babalarından başlayaraq, günümüzədək Hacı Sədi əfəndi ocağının xidmətində dayananonun şərəfli nəslinin davamçısı olan Əziz babanın müşayiətilə qəbiristanlığın qapısına yaxınlaşanda deyilənlərin sübutu olan qara rəngli ilanı cığırın solundakı balaca torpaq yığınının üstündə gördük. Amma sanki onun bizə toxunmayacağına qəti əminlik vardı içimizdə, ona görə də yol aldıq məzarlığın ot-alağın qurşağa qalxmış akasiya, iydə, palıd və sair kimi ağacların cəngəlliyə çevirdiyi məzarlığın geniş həyətinə…

 

300 ilin şahidi

 

Əziz baba ziyarət boyu bizə bu müqəddəs məkanın yaranması barədə geniş məlumat verdi. Dedi ki, yaxınlıqdakı Abad kəndi əvvəllər bir qədər qərbdə – dərədə yerləşib. Amma o vaxtlar Kür çayı tez-tez daşdığından sel suları kəndi yuyub aparırmış. Təxminən 300 il əvvəl Kür yenidən daşanda camaat seldən qorunmaq məqsədilə bir qədər hündür olan bu əraziyə köçür. Elə Hacı Sədi əfəndi də bura o vaxt gəlir.

Əziz baba bildirdi ki, Hacı Sədi əfəndi milliyyətcə ərəbdir və onun o dövrdə Azərbaycana gəlməsinin səbəbləri məlum deyil. Bir çoxları onun Azərbaycana İslamı daha dolğun təbliğ etmək niyyəti ilə gəldiyini rəvayət edirlər. Hazırda bu müqəddəs evliyanın nəslindən davamçılarının indi də Ağdaşın Qaradeyn kəndində və Yevlaxda yaşadıqlarını deyən Əziz baba onu da bildirdi ki, ilk günündən indiyədək Hacı Sədi əfəndinin ocağını ziyarət etmək üçün saysız-hesabsız insan bura axışmaqdadır. «Bura yalnız yerlilər deyil, Azərbaycanın hər yerindən ziyarətə gəlirlər. Rusiyadan, Gürcüstandan gələnlər də olur», - deyən müsahibimiz əlavə etdi ki, bu ziyarətgahın özünəməxsus məziyyəti var. Belə ki, insanların inancına görə bura gətirilən əsəb xəstələri şəfa tapırlar. Onun məlumatına görə, dəfələrlə bura ağır əsəb xəstələri gətiriblər, ziyarət edib qayıdıblar. Müəyyən vaxtdan sonra isə həmin xəstələr tam sağalmış şəkildə özləri bura ziyarətə gəliblər.

 

Duası gəmini batmağa qoymadı

 

Hacı Sədi əfəndinin özünəməxsus müqəddəs məziyyətləri barədə çoxlu rəvayətlər də danışılır. Əziz babanın dediklərindən: «Onun yaşadığı dövrdə xaricdəki dənizlərdən birində üzən gəmi qəfil tufana düşür və hətta o batma təhlükəsi ilə üzləşir. Bu zaman gəmidəki iki yüz adam arasından bir tacir əl açıb deyir ki, əgər tufandan qurtulsalar, Hacı Sədi əfəndiyə o dövrün 100 manatını nəzir verəcək. Bu zaman Hacı Sədi əfəndi namaz qılırmış və dənizdəki hadisə ona əyan olur. Hacı Sədi əfəndi namaz üstündə olur deyə qaydaları pozmamaq üçün əllərini göyə qaldırmır, qeyri-ixtiyari çiynini irəli verirAradan 10 il keçir, amma tacirdən səs-soraq çıxmır. 10 ildən sonra bir nəfər Ləkiyə gəlir və Hacı Sədi əfəndini ziyarət etmək istədiyini deyir. Onu bir ata mindirirlər və deyirlər ki, at onu birbaşa həmin müqəddəsin yanına aparacaq. Deyildiyi kimi, a tonu gətirir köhnə kəndə – namaz qılan bir nurani kişinin yanına. Tacir ibadətin bitməsini gözləyir və sonra yaxınlaşıb kişiyə deyir ki, o, 10 il əvvəl 50 manat nəzir deyib. Bu vaxt Hacı Sədi əfəndi çiyninin qaralmış dərisini göstərib deyir ki, bu yara gəmini batmağa qoymayanda yaranıb və 100 manat nəzir dediyini tacirə xatırladıb. Tacironu sınadığını və söz verdiyi kimi, 100 manat nəzir gətirdiyini deyib evliyaya təzim edir…».

 

Müqəddəs davamçılar…

 

Əziz baba bizə Hacı Sədi əfəndinin davamçıları olan müqəddəslər barədə də danışdı. Bildirdi ki, atası Məmməd baba da çox ağır evliyalardandır. Onun sözlərinə görə, Məmməd babanın şəklini çəkmək heç kimə nəsib olmayıb. Hətta şəklini çəkə bilmədikləri üçün onu əsgər də aparmayıblar.

Başqa bir rəvayətdən: «Bir dəfə kimsə yük maşınını odunla, çır-çırpı ilə qalayıb ziyarətgahın ərazisindən ayrılanda maşının mühərriki dayanır. Düşüb baxırlar, yoxlayırlar, görürlər ki, hər şey qaydasındadır. Bu vaxt Məmməd baba gəlir və onlardan odunu haradan yığdıqlarını soruşur. Biləndə ki, ziyarətgahın ərazisinin odunudur, onlara bu yükü aparmağın mümkün olmadığını deyir. Bildirir ki, gərək ən azından Hacı Sədi əfəndi ziyarətgahının xidmətçisi kimi ondan icazə alaydılar. Buna baxmayaraq, o, halallıq verir və maşını itələyir. Maşın da heç nə olmayıbmış kimi yoluna davam edir…».

 

Məzarlıqdan ağac aparmaq olmaz

 

Ziyarətgahdan ayrılanda Əziz babadan ərazinin niyə təmizlənib sahmana salınmadığını soruşduq. Cavab verdi ki, məzarlığın ərazisi hər il təmizlənir, ağacların qol-budaqları artlanır, kol-kos dibindən qırılır, ot-alaq təmizlənib bir kənarda yandırılır. Amma ərazinin təmizliyi uzun çəkmir, yayda məzarlığı bürüyən meşə yenidən əvvəlki şəklini alır. Onun sözlərinə görə, hətta yerli camaatda ziyarətgah ərazisinin hər zaman meşənin kölgəsində qalacağına dair inam formalaşıb. Buna baxmayaraq, məzarlığın mərkəzində yerləşən Hacı Sədi əfəndi türbəsinin xeyli müddət əvvəl əslən Ağdaşın Qaradeyn kəndindən olan hacı Yaqub tərəfindən təmir edildiyini diqqətə çatdıran Əziz baba bu savab əməlin hamı tərəfindən alqışlandığını bildirdi.

 

Vüsal Tağıbəyli

 

P.S. Ziyarətgahın qapısından çıxanda hələ də qara ilan əvvəl gördüyümüz yerdəydi. Əziz baba məzarlığa açılan dəmir çərçivəli qapını bağlayıb maşına əyləşəndə ilan da rahat şəkildə harasa sürünüb gözdən itdi

 

 

Həftə içi.- 2013.- 7 may.- S.4.