“Hərbi xidmətdə də dəmirçilik edirdim

 

Sahalı Şıxəliyev: “Orada mənə dəmirçiliklə məşğul olmaq üçün hər cür şərait yaratmışdılar”

 

Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində, «Yeganə» şadlıq evinin qarşısında olarkən avtobus dayanacağının yanındakı balaca bir emalatxana var. Emalatxananın qarşısına düzülmüşuzaqdan bacarıqlı birinin əl işləri olduğu açıq sezilən dəmir əşyalar ərazidən keçən hər kəsin marağına səbəb olur. Bu dəmir məmulatlar arasında gübməz, su çəni, su novu, xəkəndaz, qıflar və sair var idi.

 

Bizim də marağımıza səbəb olan bu əşyaları düzəldən bacarıq əl sahibi ilə həmsöhbət olmağı və «Həftə içi»nin «Bacarıqlı əllər» rubrikasına məqalə hazırlamağı qərara aldıq. Təmir sexində cavan bir oğlan soba borusu düzəldirdi. Onunla söhbət zamanı öyrəndik ki, Şamaxı şəhərinin 22 yaşlı sakini Şıxəliyev Şahalı Mirəli oğlu 12 yaşından dəmirçiliklə məşğul olur. Onun sözlərinə görə, dayısı Füzuli rayonunda işləyərkən dəmirçiliyə böyük maraq göstərib və bu peşənin incəliklərini öyrənərək mahir dəmirçi ustası olub. Sahalıda dəmirçiliyə maraq dayısından keçib: «Uşaqlıq illərimdə həm həvəskar dəmirçiliklə məşğul olur, həm də onları satıb pul qazanırdım. Əsasən evlərin şiferlərindən süzülən yağış və qar sularının axıdılması üçün su novları, göyərçinlər üçün su qabları, dəmir və kağız pulların saxlanılması üçün pul qabları, bəzəkli güllər, gül ağacları və sair düzəldirdim. Dəmirdən düzəltdiyim bu əşyaları müxtəlif qiymətlərə satırdım. Məsələn, indiki pulla qiymətlər su qabı üçün 1, su novu üçün 2, bəzəkli güllər 2-3, gül ağacları isə 8-10 manat idi. Amma düzəltdiklərimin hamısını satmamışam. Ad günlərində əsasən supul qablarını hədiyyə etdiyim vaxtlarım da çox olub. Aztəminatlı ailələrin üzvləri, kasıblar və yoxsullar mənə tez-tez müraciət edir və ehtiyacı olan əşyaları düzəltməyimi xahiş edirdilər. Mən də onların xahişlərini yerə salmır və istədikləri şeyləri təmənnasız düzəldirdim. Çünki onların xeyir-duası mənim üçün pul-paradan və şəxsi marağımdan irəli idi».

Sahalı deyir ki, 2007-ci ildə Bakı şəhərinə dayısının yanına gəlib və gördüyümüz emalatxanada dəmirçi işləməyə başlayıb. Ancaq bu dəfə həvəskar deyil, peşəkar dəmirçiliklə məşğul olmağa qərar verib. Bu səbəbdən də ali təhsil almaqdan vaz keçib. Onun dediyinə görə, 2009-cu ildə Quba rayonunda yerləşən «N» saylı hərbi hissədə hərbi xidmətdə olarkən dəmirçilik qabiliyyətinə görə onu hərbi hissənin təsərrüfat bölməsinə keçirdiblər: «Hərbi xidmətdə də dəmirçilik edirdim. Orada mənə dəmirçiliklə məşğul olmaq üçün hər cür şərait yaratmışdılar. Hərbi hissənin rəhbərliyi məni bütün lazımi materiallarla və avadanlıqlarla təmin etmişdi. Mən də döşəmələr üçün dəmir çərçivə, peçlər üçün altlıq, su novları və sair düzəldirdim. Hərbi xidmətimi başa vurduqdan sonra yenidən dayımın yanına qayıtdım və artıq iki ildir ki, burada dəmirçilik fəaliyyətimi davam etdirirəm».

 

Gümbəzlərin qiyməti 50-200 manatdır

 

Gənc dəmirçi vurğulayır ki, bu günədək çoxsaylı əl işlərinin müəllifi olub. Onun əl işləri arasında odun və «salyarka» peçləri, gümbəzlər, müxtəlif həcmli su çənləri, krantlı əl-üz yuyanlar (unvalnik), peç boruları, peç altları, evlərin pəncərələrinin yuxarısına vurulan dəmir çətirlər, xəkəndazlar, zibil qutuları, su novları, novların ağızlığına geydirilən papaqlıqlar, su qabları, peç borularını bir-birilərinə pərçimləyən dirsəklər, odun və «salyarka» peçlərinin son hissəsinə birləşdirilən en papaqlıqları, yem qabları, kabab manqalları və sair var: «Ümumiyyətlə, dəmirdən düzəltdiyim bütün əşyalar ölçülərinə görə fərqlənir. Bəzi əşyaları standart düzəldirəm. Amma bəzən ölçülərinə görə onlar müştərilərin sifarişlərinə uyğun gəlmir. O zaman alıcıların sifarişləri əsasında yeni əşyalar düzəldirəm».

Həmsöhbətimiz bildirir ki, düzəltdiyi əşyaların qiymətləri də ölçülərə görə fərqlənir. Onun dediyinə görə, odun peçi 10, «salyarka» peçi 20, peç altı 5-15, peç borularının 1 metri 3, xəkəndaz 3-4, gümbəz 50-200, 200 litrlik su çəni 50, krantlı əl-üz yuyan 5-10, yem qabı 4-5, su qabı 15, peç boruları üçün dirsək 2-3, boruların son hissəsinə birləşdirilən papaqlıq 3-4, kabab manqalı 50-150 manatdır: «Sifarişlər ilin fəsillərinə görə dəyişir. Məsələn, yay mövsümü başlayanda əsasən kabab manqalları sifariş edilir. Yaxud qış mövsümündə ən çox sifarişlərimi peç boruları üçün alıram. Müştərilərim arasında sıravi vətəndaşlardan başqa imkanlı şəxslər, professorlar, yazıçılar və şairlər də olur. İmkanlı şəxslər daha çox gümbəzləri sifariş verirlər. Çünki onlar düzəltdiyim gümbəzləri ya evlərinin üstünə, ya da giriş darvazalarının dayaq divarlarının, yaxud dayaq borularının üstünə vurdururlar. Amma bununla belə kasıblara, yoxsullara və aztəminatlı ailələrə həmişə qiymətlərdə güzəşt edirəm».

 

Oğlum olsa...”

 

Söhbət zamanı öyrəndik ki, dəmirçilik çox çətin və əziyyətli bir deyil. Lakin bu işlə məşğul olmaq istəyənlərdən əsas tələb olunan şeylər güclü həvəs, dəqiqlik, səbir və fantaziyadır: «Bütün əşyalar dəmir vərəqlərdən, yəni «acinkovi list»lərdən düzəldilir. Həmin vərəqlərin lazımi ölçüdə kəsilməsi üçün dəqiqlik tələb olunur. Kəsilmə əməliyyatı müxtəlif ölçülü dəmir qayçılar vasitəsilə həyata keçirilir. Kəsilmiş vərəqlərdən ayrı-ayrı əşyaların düzəldilməsi üçün dəmir çəkiclərdən, taxtadan düzəldilmiş toxmaqlardan, kəlbətinlərdən, məngənədən, dəmirin döyülməsi və dairəvi şəklə salınması üçün müxtəlif dəzgahlardan istifadə edilir. Bu işlə yenicə məşğul olanlar üçün müəyyən çətinliklər həmişə yaranır. Ola bilsin ki, həmin şəxslər dəmir vərəqi düzgün və lazımi ölçüdə kəsə bilməsinlər. Yaxud fantaziyaları az olduğundan onların düzəltdikləri dəmir əşyalar istədikləri kimi alınmasın. Amma narahat olmağa dəyməz. Müəyyən müddətdən sonra vərdiş yarandığından çətinlik olmur».

Söhbətimizin sonunda Sahalı Şıxəliyev qeyd edir ki,

sənətinin davamçısının olmasını çox arzulayır: «Hazırda subayam. Əgər evlənsəm və oğlum olsa, ona da dəmirçilik peşəsinin sirlərini öyrədəcəyəm. Çalışacağam ki, gələcək övladım həm peşəkar dəmirçi olsun, həm də halal zəhməti ilə çörək pulu qazansın».

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 14 may.- S.7.