Qamışdan hördüyü həsirlə ailəsini dolandırır

 

Allahverdi Rzayev: «İstəyərdim ki, anamdan öyrəndiyim bu peşənin nəslimizdəki sonuncu ustası mən olmayım»

 

Onun əl işlərinə istirahət və əyləncə mərkəzlərində, çimərliklərdə, kafeçayxanalarda daha çox rast gəlmək olar. Qarşıdan hazırladığı həsir günəşdən qoruyucu vasitə kimi əvəzsizdir. Təkcə ona görə yox ki, örtük kimi istifadə olunduğu yeri günəş şüalarından qoruyur, həm də təbiiliyi ilə ekzotik bir aura yaradır...

 

Masallı rayonunun Ərkivan kənd sakini Allahverdi Rzayev 30 yaşınadək doğulduğu kənddə telefon ustası işləyib. Sonrada ixtisara salındığından işsiz qalıb və ailəsini dolandırmaq üçün toxuculuqla məşğul olmağa başlayıb. Artıq 26 ildir qamışdan səbət, həsir və zənbil toxuyur: «İşsiz qalanda nə işlə məşğul olacağımı bilmirdim. Ancaq 8 övladımı, yoldaşımı və özümü dolandırmaq üçün mütləq tapmaqpul qazanmaqla gündəlik tələbatımızı ödəmək məcburiyyətində idim. Amma çox düşündükdən sonra toxuculuqla məşğul olmağı qərara aldım”.

Allahverdi Rzayev bildirib ki, Masallı rayonunda qamışdan müxtəlif əşyaların toxunması həm populyar, həm də qədimi bir peşədir. Dediyinə görə, onun anası, xalası və dayısı uşaqları bu sənətin mahir ustalarından olublar: “Qonşularım da bu işi çox yaxşı bacarırlar. Mənə toxuculuğu rəhmətlik anam öyrədib. Xalamdan və dayım uşaqlarından da bu sənətin incəliklərini öyrənmişəm. Demək olar ki, məni Masallı rayonunun ən peşəkar toxucularından biri kimi qəbul edir və tanıyırlar».

 

«Bakıda daimi müştərilərim var»

 

Həmsöhbətimiz deyir ki, onun əsas əl işləri qamışdan toxuduğu həsirlər, zənbillər və səbətlərdir. Bu əşyalardan bəzilərindən şəxsi təsərrüfatlarında istifadə edir. Amma satış üçün hazırladıqları da kifayət qədərdir. Allahverdi Rzayev bildirir ki, adətən, həmin əşyaları standart ölçülərdə düzəldir. Amma sifarişlərdən də çox şey asılıdır. Məsələn, müştərilərinin sifariş verdikləri həsirlər onun nəzərdə tutduğu standartlardan böyük, yaxud kiçik ola bilər. Onun sözlərinə görə, həsirlər nəmişliyə dözümlüdür, yağış sularını bayırdan içəri keçirmir: “Bununla belə qamışlar yağışların, qarların və küləklərin təsirindən zaman-zaman öz keyfiyyətini itirir və qaralır. Bu hal normal və təbii qarşılanmalıdır. Hətta evimdə istifadə etdiyim həsirlər, zənbillər və səbətlər də müəyyən müddət istifadə olunduqdan sonra yararsız vəziyyətə düşdüyündən mən onları hər il dəyişdirmək üçün yenilərini toxuyuram».

Məşhur toxucu qeyd edir ki, onun sifarişçiləri arasında həm rayonlardakı, həm də Bakı şəhərindəki kafelərin, çayxanaların, yeməkxanaların və bağ evlərinin sahibləri daha çoxdur: «Onlar demək olar ki, hər il mənə müraciət edirlər və həsir istəyirlər. Sözügedən şəxslər mənim daimi müştərilərimdir. Respublikamızın ayrı-ayrı rayonlarından mənə səbətlər və zənbillər sifariş verənlər də çoxdur».

 

Həsir 14, səbəti və yaxud zənbillər 5 manata

 

Həmsöhbətimiz vurğulayır ki, səbət, zənbil və həsir toxumaq üçün istifadə olunan qamışlar Azərbaycanın cənub bölgəsindəki bütün rayonların ərazisində, çay kənarlarında və çöllərdə bitir. Amma sözügedən qamışların arasında ən keyfiyyətliləri Astara rayonu ərazisində bitənlərdir: «Biz həmin qamışları adətən payız aylarında toplayırıq. Ancaq onların biçilməsi və yığılması çox əziyyətlidir. Ehtiyatsızlıq ucbatından qamışların əl-ayağı, yaxud üz-gözü zədələməsi ehtimalı çox yüksəkdir. Ona görə də həddən artıq ehtiyatlı olmaq lazımdır”.

Allahverdi Rzayev Astarada yığıb topladığı qamışı «QAZ-53»ə yükləyib öz həyətimizə gətirir. Bir reys üçün sürücüyə 20-30 manat verirəm. Onun sözlərinə görə, bir maşın qamışdan 10-15 ədəd 3,5x1,2 metrlik həsir, 4-5 ədəd 40x60 santimetrlik səbət, yaxud zənbil toxuyur. Həmin səbətlərdən, yaxud zənbillərdən birini 5, həsirlərdən birini isə 14 manata satır: “Qamışların müəyyən hissəsi toxuculuq üçün yararlı olmur. Yəni əyri, kövrək və həddən artıq bərk qamışlardan nəsə toxumaq mümkün deyil. Bununla belə, toxuduğum əl işlərimi satmaqla ailəmi dolandıra bilirəm».

 

Diqqət tələb edən sənət

 

Həmsöhbətimiz bildirir ki, qamışdan həsir, zənbil və səbət toxumaq çətin və əziyyətli deyil. Amma mahir və peşəkar toxucu olmaq üçün səbirli və diqqətli olmaq lazımdır. Allahverdi Rzayevin sözlərinə görə, qapışdan toxuculuq məmulatları hazırlamaq üçün mütləq taxtadan düzəldilmiş dəzgah, nazik qamışlardan düzəldilmiş iplər, mismarlar, çəkic, iti bıçaq, balta və qayçı tələb olunur. Məsələn, həsiri düzəltmək üçün əvvəlcə taxtalardan lazımi ölçüdə çərçivə hazırlanmalıdır. Bundan sonra qamış iplər bu çərçivənin üzərinə bağlanmalıdır.

Həmsöhbətimiz bildirir ki, toxunma işlərinə başlanmazdan əvvəl isə qamışlar su ilə isladaraq yumşaltmaq və onları ovucların arasında başdan ayağadək ovxalamaqla elastik vəziyyətə gətirmək lazımdır. Bundan sonra sözügedən qamışlar həm bir-birilərinə, həm də iplərə dolandırılmaqla toxunmalıdır: “Burda əsas diqqəti qamışların eyni ölçüdə, yəni eyni uzunluqdaeyni yoğunluqda olmasına fikir vermək lazımdır ki, həsir, səbət, yaxud zənbil kobud görünməsin».

Səkkiz uşaq atası olan Allahverdi Rzayev deyir ki, ailə üzvləri bu işdə ona çox köməklik göstərirlər. Amma övladlarından heç biri onun bu sənətini davam etdirmək istəmir: “Mən onları bu sənəti öyrənməyə məcbur edə bilmərəm. Ancaq çox istəyərdim ki, anamdan öyrəndiyim bu peşənin nəslimizdəki sonuncu ustası mən olmayım».

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 21 may.- S.8.