“Şuşanın işğalı ilə bağlı Buşa da zəng etdim...” 

 

O, 1975-ci ildən köhnə kooperativ binanın 8-ci mərtəbəsində yaşayır. 370-dən çox elmi əsərin müəllifidir. SSRİ məkanında tibb elminin inkişafında böyük xidmətləri olub. Bir sıra beynəlxalq elmi təşkilatların üzvüdür. Azərbaycan Tibb Universitetinin rektoru işləyib. Sonra isə parlament sədri olub və nəhayət, Azərbaycan Prezidentinin vəzifəsini icra edib. Və məşhur bir kəlamıyla da daha çox yadda qalıb: “Biz böyük siyasi oyunların kiçik peşkalarıyıq”…

 

1992-ci il fevralın 28-dən mayın 15-ə qədər Ali Sovetin sədri vəzifəsini və respublika prezidenti səlahiyyətlərini daşımış, hazırda Tibb Universitetinin müəllimi, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Azərbaycanın 21 il öncəki hadisələrin labirintindən çıxış yolu tapa bilməməsindən çox təəssüflənir…

- Yaqub müəllim, ötən yay Gədəbəydə dincəlmisizmi?

- Bəli, dincəlmişəm, düz bir ay yarım...

- Heç ürəyinizdə bir qorxu hissi yaranmayıb ki, Ermənistanla sərhəddə faktiki əlimizdə olan bölgələrimiz arasında ən gözəli olan Gədəbəy bölgəsini də itirə bilərik?

- Düzü, 1992-1993-cü illərdə böyük təhlükə var idi, çox nigaran idim. İndi isə şükür. Elə bir təhlükə gözləmirəm.

- Siz tiblə bağlı maraqlı bir beynəlxalq komissiyanın: “Ekstremal və terminal vəziyyətlər” Beynəlxalq Elmi Komissiyasının üzvüsünüz. Özünüz də Azərbaycanın XX əsrin sonunda, demək olar ki, ən ekstremal vəziyyətində ölkə rəhbəri olmusuz. İnsan orqanizmində və cəmiyyətdəki ekstremal vəziyyətlər arasında bir paralel aparmaq olarmı?

 

- Sözsüz ki, ölkədə baş verən hər bir ekstremal vəziyyət insan orqanizmində də ekstremal vəziyyət yarada bilər... Hər bir stress faktoru orqanizmdə böyük gərginlik, təlatümlər yaradır. Təbii ki, bunlar bir-biri ilə bağlıdır.

- 21 il bundan əvvəl artıq dillər əzbəri olan bir kəlam söylədiniz: “Biz şahmat taxtasında böyük siyasi oyunun kiçik peşkalarıyıq”. Bunu bilə-bilə necə oldu siyasətə gəldiniz? Məcburən gəldiniz, yoxsa könüllü?

- Siyasətə gəlməyim tələbəlik illərindən başlayır. Ali məktəbdə komsomol təşkilatının fəallarından idim, institut komsomol katibliyinədək yüksəldim. Sonra isə respublika komsomol təşkilatının mərkəzi orqanlarınadək gedib çıxdım. Daha sonra partiya orqanlarında ali məktəbdən respublika mərkəzi komitəsinədək çalışmışam. Rayon, şəhər və nəhayət, Ali Sovetin deputatı olmuşam. “Yaqub Məmmədov təsadüfən parlament sədri seçilib”, - deyənlər bəlkə də o mənada haqlıdırlar ki, mən özüm heç vaxt hansısa vəzifəyə-filana iddialı olmamışam. Zəhmətimə, fəallığıma görə bir növ vəzifələr özü məni axtarıb tapıb. Ali Sovetin sədrliyi vəzifəsinə isə yaranmış vəziyyətin tələb etməsi, mənə təkid olunması nəticəsində razılıq vermişəm.

- Ölkə rəhbərliyinə gələndə ilk addımlarınızdan biri aşağı təbəqələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı oldu...

- Mən aşağıdan çıxmış adam kimi aşağıların vəziyyətini yaxşı anlayırdım. Odur ki, həmin təbəqənin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir neçə qərarlar qəbul edə bildim: ərzaq məhsullarının qiymətinin aşağı salınması, büdcədən maliyyələşdirilən təşkilatlarda çalışanların maaşlarının artırılması, təhsil sahəsində çalışanların əməkhaqqının üç dəfə artırılması, kommunal xərclərdən tam azad olunması, şəhər nəqliyyatından pulsuz istifadə etməsi, təqaüdə çıxarkən onların sonuncu əməkhaqqının bütövlükdə saxlanılması, II Cahan müharibəsi və Çernobıl əlillərinə yardım göstərilməsi, tələbə və aspirantların təqaüdünün 2-3 dəfə artırılması və s.

- Prezident vəzifəsini icra etdiyiniz dövrdə sizə ən çox təzyiq edən siyasi fiqur hansı idi?

- Düzü, ad çəkmək istəmirəm. O zaman əsas müxalifət Xalq Cəbhəsi idi. Yeni partiyalar da yaranırdı: Milli İstiqlal, Sosial-demokrat... Bunlar demək olar ki, hamısı hakimiyyətə gəlmək istəyirdi. Bu da ölkədəki vəziyyətin gərginləşməsinə təsir göstərirdi.

- Deyəsən, Tahir Əliyevi daxili işlər naziri, Rəhim Qazıyevi isə müdafiə naziri təyin etməniz məhz müxalifətin təzyiqi ilə oldu?

- Sözsüz ki, mən özümü müxalifətə müxalif bir ölkə başçısı kimi aparmırdım. Mənim üçün milli maraqlar, dövlətçilik mənafeyi hər şeydən üstün idi. Elə parlament sədri olmamışdan əvvəl də müxalifətə də hörmətim, simpatiyam olub, onlarla yaxın münasibətdə olmuşam. Müxalifətin milli maraqların müdafiəsinə yönələn, obyektiv, ədalətli olan bütün tədbirlərini dəstəkləmişəm. Və odur ki, parlament sədri seçiləndə müxalifətçilərin əksəriyyəti yekdilliklə mənə səs veriblər. Və mənim ilk addımlarından da biri də o olub ki, müxalifətlə dialoq olsun, müxalifətlə əlbir olub, ölkənin problemlərini, xüsusən Qarabağ problemini həll edək. Mənim ilk tədbirlərimdən biri müxalifətə müraciətim olub. Həmin müraciət o dövrdə televiziyada da, qəzetlərdə də verilib. Onları əməkdaşlığa dəvət etmişəm. Və onların iki nümayəndəsini güc strukturlarına rəhbər qoymuşam: Tahir Əliyevi daxili işlər naziri, Rəhim Qazıyevi müdafiə naziri. Hətta başqa vəzifələr də təklif olunub... Çox təəssüf ki, daha böyük iddiaların, təkidlərin olması əməkdaşlıq barədə danışıqlarda yenə də ümumi bir məxrəcə gələ bilməməyimizə və hakimiyyət bölgüsünü həyata keçirməyimizə mane oldu...

- 30 aprel 1992-ci il tarixdə müdafiə naziri Rəhim Qazıyevin əmri ilə Şuşa və Laçındakı bir sıra hərbi birləşmələr, o cümlədən, Arif Paşayevin rəhbərlik etdiyi Laçın alayı da ləğv edilərək Elbrus Orucovun komandirliyi ilə briqada yaradıldı. O vaxt bir ölkə rəhbəri kimi bu cür strateji bölgələrə hərbi komandir təyin edilən şəxsin kimliyi, keyfiyyətləri ilə maraqlandınızmı?

- Prezident səlahiyyətlərini icra etməyə başladığım gündən mənə məlum oldu ki, Müdafiə Nazirliyinin adı var, özünə birbaşa tabe olan hərbi birləşmələr isə demək olar ki, yoxdur. Ayrı-ayrı batalyonlar ictimai-siyasi təşkilatlar, yaxud şəxslər tərəfindən yaradılmışdı. Odur ki, R.Qazıyevi nazir təyin edərkən ilk tapşırıqlarımdan biri o oldu ki, həmin dəstələri vahid komandanlıq altında birləşdirmək lazımdır. Müdafiə naziri də bu istiqamətdə tədbirlər görürdü. Ancaq Elbrus Orucovun namizədliyi mənimlə müzakirə edilməmişdi. Sonradan biləndə Rəhim Qazıyev dedi ki, Elbrus Orucov peşəkar hərbçidir və o, Şuşa və Laçının müdafiəsini yaxşı təşkil edə bilər. Ancaq mənim onunla şəxsi tanışlığım olmayıb...

- Sizin dövrünüzdə Gömrük Komitəsi sədrinin müavini işləmiş, hazırda politoloq Cümşüd Nuriyev ötən həftə “Həftə içi”nə müsahibəsində Şuşa və Laçının işğalı ilə bağlı maraqlı faktlar söylədi: “28 aprel 1992-ci ildə İraqda Səddam Hüseynin ad günün də iştirak edərkən onun köməkçisindən məlumat aldım ki, mayın 9-da Şuşa, bir həftə sonra isə Laçın işğal ediləcək. Təcili Bakıya qayıdaraq mayın 3-də Yaqub müəllimlə görüşdüm və bu məlumatı ona çatdırıb tövsiyə etdim ki, İrana getməsin, getsə, Şuşa işğal ediləcək. Yaqub müəllim isə dedi ki, bunlar boş şeydi”...

- Cümşüd Nuriyev artıq-əskik çox şeylər danışır. Belə bir şey olmayıb. Səddam Hüseynlə görüşündən və 1992-ci il mayın 5-də Milli Şurada çıxış etməsi barədə iddialarını eşitmişəm. Ancaq guya mayın 3-də mənimlə görüşməyini birinci dəfə sizdən eşidirəm. İndiyədək o, belə bir söz deməyib. Bu kökündən yalandı...

- O deyir ki, həmin çıxışı parlamentin o vaxtkı iclaslarının stenoqramlarında da tapmaq mümkündür...

- Bunu yoxlamaq olar. Ancaq mən o günlər C.Nuriyevin belə bir çıxışını eşitməmişəm və belə bir məlumat mənə çatdırılmayıb... O Şuşanın işğalı ilə bağlı tele-şoularda Səddam Hüseynlə görüşləri barədə danışıb. Ancaq yenə deyirəm, C.Nuriyev mayın 3-də mənə Şuşa və Laçının işğalı barədə heç bir məlumat verməyib... Heç onun İraqa getməyindən də, orada kimlərləsə görüşməyindən də xəbərim olmayıb. Cümşüddü də, özü üçün danışır, istədiyini deyir...

- Axı Cümşüd Nuriyev deyir ki, ölkə rəhbərliyi adından Səddam Hüseynə məktub da aparıbmış...

- Çox böyük səhv edir. Biz belə bir məktub göndərməmişik. İraqla mənim nə işim var idi ki? Mən o dövrdə yalnız bir nəfər vasitəsilə Türkiyə prezidentinə məxfi məktub göndərmişəm. Bunu da dövlət sirri olduğu üçün açıqlamıram.

- Bir sıra çıxışlarınızda söyləmisiz ki, Şuşanın işğalını İranın Qarabağ məsələsində vasitəçiliyini istəməyən ölkələr təşkil etdilər. Belə bir versiya da var ki, burada İsrail dövlətinin və onun “Mossad” kəşfiyyatının da böyük rolu olub...

- Mən İsraili nəzərdə tutmamışam. İranın vasitəçiliyini istəməyən böyük güc mərkəzləri bu işə mane olurdular. Və onlar öz istədiklərinə nail oldular. Şuşa işğal edildi. Və bizim Tehranda imzaladığımız sənədlər də qüvvədən düşdü.

- Şuşa işğal edilən günlər siz o zamankı Türkiyə prezidenti Süleyman Dəmirələ də zənn etmisiz?

- Süleyman Dəmirələ də, Rusiya prezidenti Yeltsinə də, hətta ABŞ prezidenti Buşa da zəng etdim...

- Onların son cavabları necə olmuşdu?

- Hamısı ümumi cavablar verirdi: “Baxarıq, məşğul olarıq, təmkinli olun...”.

- Kimsə konkret bir kömək etməyə cəhd göstərmədi?

- Kiminsə konkret kömək söhbəti olmadı. Türkiyə prezidenti dedi ki, biz yalnız siyasi dəstək verə bilərik. Hərbi dəstək mümkün deyil...

- Bu məlumat 1994-1995-cı illərdə Şuşa Laçının işğalı ilə bağlı məhkəmələrdə səslənmişdi. Ancaq tam araşdırılmamışdı. 1992-ci il aprelin ortalarında Nazirlər Kabineti Laçın rayonundan əhalinin köçürülməsi barədə 266 saylı sərəncam imzalayıbmı?

- Aprel ayında?

- Bəli.

- Mənim xəbərim yoxdu, mən bundan məlumatsızam... Məhkəmədə də eşitməmişəm bu barədə. Özü də onu Nazirlər Kabinetinə rəhbərlik edənlərdən soruşmaq lazımdı. O zaman mənimlə heç kəs bu barədə danışmayıb. Və mən belə bir işə icazə verə bilməzdim. Axı aprel ayında Laçın üçün heç bir təhlükə yox idi. Odur ki, mən heç inanmıram ki, belə bir sərəncam olsun. Onu yoxlamaq olar...

- Laçının hazırkı icra başçısı Akif Səlimov da ötən həftə bölgənin işğalı ilə bağlı tədbirdə bu məlumatı səsləndirdi...

- Laçının o vaxtkı icra başçısı Xanlar müəllim deyildi?

- Bəli. Söhbət indiki icra başçısından gedir, Yaqub müəllim.

- İndikilər çox şey deyə bilər. İndi nə var danışmağa. İndiki konyukturaya xidmət edənlər əsası olmayan çox şeylər danışırlar... O vaxtlar Xanlar müəllim burada xəstəxanada yatırdı. Mən onu qəbul edərək tapşırıq verib göndərdim. O, mənə belə bir sərəncam barədə heç nə deməyib axı...

- “Böyük siyasətin kiçik peşkaları” ilə bağlı 21 il əvvəl söylədiyiniz fikri bu gün də təsdiqləyirsinizmi?

- Sözsüz ki, 21 il özü böyük bir tarixdi. Və son 21 il göstərdi ki, söylədiyim həmin ifadə havadan deyilməyib. Bu 21 ildə Azərbaycan-Ermənistan cəbhəsində nə əldə etdik ki? Ardıcıl olaraq uduzduq. Daha çox ərazilərimizi itirdik, daha çox canlı itkilərimiz oldu... Həyat göstərdi ki, mən o fikirləri ölkədə və ətrafımızda baş verən proseslərin təhlili nəticəsində söyləmişəm...

- Bildiyimə görə, 1975-ci ildən bəri köhnə kooperativ binanın 8-ci mərtəbəsində yaşayırsınız...

- Bəli, o vaxtdan elə həmin binada, 8-ci mərtəbədə yaşayıram. Heç bir gün , mən böyük vəzifələrdə olanda belə başqa bir mənzilə köçməmişəm. O dövrdə , indi dövlətdən heç almamışam. Harda yaşamışam, orada da yaşayıram...

- Elmlər Akademiyasının müxbir üzvü olaraq qalırsız?

- 1989-cu ildən Elmlər Akademiyasının müxbir üzvü kimi qalıram. Həqiqi üzvü olmağıma imkan vermirlər. Versələr , mənim buna şansım yoxdu... Böyük elmi əsərlərim var, xidmətim var, məktəbim var, kadrlar da yetişdirmişəm. Bu günədək şərait yaradılmayıbsa, yəqin ki, bundan sonra da yaradılmaz...

- Yenidən fəal siyasətə dönmək keçmir ki ürəyinizdən?

- Fəal siyasət deyəndə nəyi nəzərdə tutursuz?

- Hansısa təşkilata qoşulmaq, hansısa seçkilərdə iştirak etmək...

- Xeyr, heç bir təşkilata-filana qoşulmaq, nədəsə iştirak etmək fikrim yoxdu. Sadəcə, sizin kimi jurnalistlər vasitəsilə ölkədə baş verən proseslərə münasibət bildirməklə kifayətlənirəm. İstəsək , istəməsək , siyasət bütün həyatımıza elə daxil olub ki, ondan qurtulmaq çətindi...

 

 

Sultan Laçın

 

Həftə içi.- 2013.- 23 may.- S.3.