Bakının ilk baş rəssamı:
"Çörək
tapmaq mümkün deyildi...”
Azərbaycanın
xalq rəssamı, Bakının ilk baş rəssamı Tofiq
Ağababayevin Milli.Az-a müsahibəsi.
Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi, əməkdar
Ali məktəb işçisi, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rəsm kafedrasının müdiri,
professor Tofiq Ağababayev 1928-ci il 8 sentyabrda Bakıda anadan
olub.
1946-1951-ci illərdə Əzim Əzimzadə rəssamlıq məktəbində təhsil alıb. 1953-cü ildə V.Muxina adına Leninqrad rəssamlıq akademiyasına daxil olub. 1961-ci ildən Azərbaycan rəssamlar ittifaqına qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət teatr institutunun nəzdində açılan rəssamlıq bölməsinə müəllim vəzifəsinə dəvət olunub. 1966-1968-ci illərdə Bakı şəhərinin ilk baş rəssamı vəzifəsinə təyin olunub. Bu fəaliyyət dövründə Bakının gerbi yeni elementlərlə əlavə olaraq bərpa olunub, Bakının simvolik açarını tərtib edib.
- Tofiq müəllim, necəsiz?
- Şükür
Allaha. Yaxşıyam.
- 85 yaş rəssam üçün nə deməkdir?
- Bilirsiz,
baxır bu yaşa necə
baxırsan. Mənim aləmimdə rəssam gərək iki ömür
yaşasın. Bir ömründə ancaq baxıb öyrənsin, ikinci
ömründə isə ancaq yaratsın. Düzdü, bəzi dahilər var
30 yaşında öz sözünü
deyir, gedir. Ancaq biz ayrı, onlar ayrı... Məni rəssam kimi formalaşdıran
uşaqlığımda gördüklərimdir. Əgər soruşsan dünən nə olub,
bəlkə bilmərəm amma 80 il öncə hər şey
yadımdadır. Xalçanın üstündə iməkləməyim,
xəzri küləyinin istisi məndədir,
onu hiss edirəm. İndi yoxdur. Hər tərəf
bağlanıb. Ana laylasıdır,
xalçanın üzərində iməkləməyimdir,
insanı münasibətlər gözümün
qabağındadır. Muğamımızdı, musiqimizdir məni formalaşdıran...
85 yaş mənim
üçün çox
gəlmir. İlahi qoruyur
məni. Gələndə mən ərizə verməmişəm
Ona (gülür), gedəndə
də Özü bilir
nə vaxt bəsdi. Birdə ki, mən qoca deyiləm,
sadəcə yaşlanmışam.
- Bir balaca keçmişə səyahət edək. Sizin uşaqlığınız, gəncliyiniz Bakıda və onun kəndlərində keçib...
- Mənim atam 1919-1920-ci illərdə 6 ay
Gəncədə Müsavatın ordusunda qulluq etdiyinə görə 1937-ci ildə
güllələdilər. Biz “Xalq düşməni” ailəsi olduq. Allah göstərməsin,
çox pis şey idi o
vaxtı. Acılı günlər idi. Hətta
yadıma gəlir ki, məktəbdə oxuyanda 1-ci sinifdə yanımda bir
qız otururdu. Atası gəldi dedi ki, mənim
qızımı başqa yerdə otuzdurun. O, xalq düşməninin
oğludur. Müəlliməm rus idi. Çox
əsəbləşdi. Ayağını yerə vurub dedi ki,
uşaqların yanında belə deməyin!.. Çörək
tapmaq mümkün deyildi. Bunlar hamısı İlahinin işidir. Şükür edirəm hər zaman.
40-50-ci illərdə Əzimzadədə
oxuyanda inan ki, həmin dövr zirvə
idi. Mircavad, Tahir, Rasim biz
həmin dövrün yetirmələriyik.
Bircə arzumuz o idi ki, doyunca
çörək yeyək. O dövrlərdə SSRİ də
ən zəngin yaradıcı kollektiv Azərbaycan
idi. Teatrda, musiqidə,
rəssamlıqda. Üzeyir bəy, Niyazi, Qara Qarayev,
Ələsgər Ələkbərov, Şəmsi Bədəlbəyli,
İsmayıl Osmanlı, Ədil İsgəndərov... Biz bunları görmüşük,
pərəstiş etmişik. Deyim sənə, o
dövrdə 10 manata ya
1 peraşki ala bilərik,
ya da 1 bilet
"Azdrama"ya
hansısa tamaşaya. Biz
teatrı seçirdik.
- Siz həm də Bakının ilk baş rəssamı olmusuz...
- Çox çətin idi... Vilnüsün parlamenti qərara
gəlmişdi ki, baş
arxitektordan əlavə baş
rəssam da lazım idi.
Bizdə də belə oldu. Bir çox işlər
görə bildim. Ermənilərin
əlindən dəhşətə gəlirdim. Əzizbəyovun
heykəlini Mərdəkanda Əzizbəyov rayonu
olduğu üçün,
Cəfər Cabbarlını Xrebtovuda yaşadığı
evinin qarşısında, amma
Şaumuyan mərkəzdə. Baş rəssam kimi o qədər məktub alırdım ki, bəs nə vaxtı Şaumuyana
heykəl qoyacaqsız?! Hamısı da
erməni. Mən gətirdim bunları çəkinmədən
pozdum. Cəfər Cabbarlını 28 may metrosunun yanında,
Əzizbəyovun da mərkəzdə yerin təyin elədik. İndi
də götürüblər onu. Cəfər
Cabbarlı metronun qarşısında
yaxşı görünür.
- Bu gün Tofiq müəllim Bakıya nəyi qaytarmaq istərdi?
- BAKINI... Bakıya
Bakılılığını, bakılıları qaytarmaq istərdim... İnkişaf
var. İndi
Bakını tanıya bilmirəm! 50-ci illərdə 3 ay Vilnüsda oxudum. 50-60 il keçib üstündən. Bu
yaxınlarda televizorda baxdım. Necə
görmüşdümsə 50-ci illərdə bu gün də elə
qalıb. Amma Bakı çox
dəyişilib.
Bilirsən, Sən Əlizadəsən,
Alen Delondan xoşun gəlir, özünü
ona oxşatmaq istəyirsən.
Plastik əməliyyatlar var,
gedirsən etdirirsən. Amma əməliyyatdan
sonra nə ona
oxşayırsan, nə də özünə. Sima
qalmalıdır. Bakının siması dəyişilib...
- Siz həm də pedaqoqsuz. Bəzi rəssamlar dərs deməyi istəmirlər nədənsə.
- Mən sizə bir şey deyim,
gərək bunu da sevəsən.
Şəxsən mən tələbələrim üçün tətil vaxtı
darıxıram. Ünsiyyət var. Biz demirik bax,
mən belə çəkirəmsə, sən də belə
çək. Sən tələbəni gərək
özünə oxşatmayasan,
araşdırasan. Çünki onda olan səndə yoxdu, səndə olan da onda. İdmanda
ola bilər bir
idmançı digərindən güclüdür,
yaxşıdır. Sənətdə, yaradıcılıqda
isə yox...
- 85 illik yubileyiniz ilə əlaqəli sayca 6-cı sərginizə hazırlaşırsız. Bu sərgi nəyi ilə digər 5-dən fərqlənəcək?
- Əsas yeni işlər olacaq. Maraqlı olmalıdır. Gələrsiz, baxarsız. İnşallah, bəzi işlərim var ki, sərgiyə kimi onları tamamlamalıyam. Allah izn versə, yaxşı olar.
Həftə
içi.- 2013.- 5 noyabr.- S.8.