Mariana Vasileva: Azərbaycan
mənə daha güclü olmağı
öyrətdi və mən bir məşqçi kimi
daha tələbkar oldum
Son illər Azərbaycan bədii gimnastika məktəbi dünya arenasında aparıcı məktəblərdən biri dərəcəsində möhkəmlənib. Bunda komandamızı keyfiyyətcə yeni səviyyəyə qaldıran baş məşqçi Mariana Vasilevanın da xidməti var. Beş il ərzində onun yetirmələri - istər fərdi gimnastlar, istərsə də qrup komandaları Avropa birinciliklərindən daim medallarla qayıdırlar.
O, asan yollar
axtarmır. Kompozisiyaları xüsusi mürəkkəbliyi ilə
fərqlənir, ona görə də hakimlərin və
tamaşaçıların yaddaşında qalır və
"ura" ilə qarşılanır.
Bu gün M.Vasileva
birinci yubileyini - ölkənin milli komandasına rəhbərliyinin
5 ilini qeyd edir. Bolqarıstanlı
çalışdırıcı bu tarix ərəfəsində
Azərbaycanda necə yaşadığı və işlədiyi,
bu dövrdə yığmada və onun həyatında baş
verən dəyişikliklər, eləcə də gələcək
planları haqqında danışıb.
- Mariana xanım, beş ildir Azərbaycan yığmasına rəhbərlik edirsiniz. Bu dövrdə daha çox şad günlər olub. Ötən müddətdə nə əldə edildi və hələlik nəyi reallaşdırmaq mümkün olmayıb?
- Məşqçinin
işi elədir ki, demək olar ki, hər şeyə görə
həyəcan keçirirsən. Və yəqin ki,
komandamızın uğurunun sirri ondadır ki, biz
hamımız ürəkdən işləyirik. Bu müddət
ərzində çox şeyə nail ola bilmişik, lakin elə
məqamlar da var ki, hələ başa
çatdırılmayıb. Hərçənd bu, iş məqamıdır,
axı heç vaxt heç nə ideal olmur.
Beş il əvvəl
mən beş gimnastdan ibarət Azərbaycan
yığmasına rəhbərlik edirdim, indi isə 34
idmançı əsas heyətə düşmək uğrunda
mübarizə aparır. Kollektivimizin məşqçi korpusu
isə ümumilikdə 50 nəfərdir. Əlbəttə, məsuliyyət
daha böyükdür, axı hamıya görə cavab vermək
lazım gəlir. Amma işləmək asandır,
çünki yanımda inandığım adamlar var və
onlar da mənə qarşılıqlı münasibət
göstərirlər. Bizim bir ümumi məqsədimiz var və
biz onun naminə işləyirik.
- Bu beş il sizi hansısa dərəcədə dəyişdiribmi?
- Çox şey dəyişdi.
Çünki beş il əvvəl Bakıya gələndə,
burada yaşamağa hazırlaşmırdım. Hesab edirdim ki,
sadəcə "Avro-2009" ərəfəsində kollektivə
kömək etməyə gəlmişəm (gülür).
Lakin biz yox, Allah qərar verir. Onda mənim vəzifəm qrup
komandasını evdə keçirilən AÇ-də ləyaqətli
çıxışa hazırlamaq idi. Düşündüm
ki, yarışdan sonra əməkdaşlıq bitəcək,
amma budur, beş il keçib, mən əvvəlki kimi Azərbaycanda
işləyirəm. Mənə elə gəlir ki, mən
burada bütün ömrüm boyu yaşamışam. Odur ki,
bu dövrdə çox şey dəyişib. Uşaqlarım
da böyüyüb, xüsusilə kiçik qızım
Valeriya. Onda onun səkkiz yaşı var idi, indi artıq 13
yaşındadır və onun həyatında hər şey Azərbaycanla
bağlıdır. O, burada məktəbə gedib, dostlar
qazanıb. Həyat yoldaşım isə burada ürəyincə
iş tapıb. Böyük qızım Siyana Azərbaycan
yığmasında qrup tapşırıqları üzrə
çıxış edir və ölkənin
bayrağını qürurla daşıyır.
Əlbəttə,
işdə də dəyişikliklər var, axı biz
respublikada mahiyyətcə ən yeni bədii gimnastika məktəbi
yaradırıq. Bu asan başa gəlmir, haradasa iş
metodlarını və üslubunu dəyişmək lazım
gəlir. Axı Azərbaycanda və Bolqarıstanda mentalitet fərqlənir.
Eynilə bu, ənənələrə də aiddir. Nə etmək
olar, dəyişmək lazım gəlir. Hesab edirəm ki,
artıq indi qızlar mənim metodlarıma
uyğunlaşıblar, elə mən də Azərbaycan
mentalitetinə uyğun dəyişmişəm. Və bu
iş mənim çox xoşuma gəlir.
- Bu müddət ərzində kim və nə sizə daha yaxın oldu?
- Bilirsinizmi,
hazırda mənim nəyim varsa, hamısı Azərbaycandadır,
Bolqarıstanda yaşayan anamdan və bacımdan başqa.
Dostlar da, kollektiv də Bakıdadır. Ümumilikdə,
gimnastika mənim həyatımdır. Həmkarlarımın əksəriyyəti
həm də mənim dostlarımdır. Odur ki, günün 24
saatının otuzunu bir yerdə keçiririk (gülür). Məhz
onlar mənə uyğunlaşmağa və psixoloji maneəni
dəf etməyə kömək etdilər, axı ilk iki il mənim
üçün heç də asan keçmədi.
Çünki mənim yarım Bolqarıstana
qayıtmağı çox istəyirdi, mən bu
ayrılığa görə böyük həyəcan
keçirirdim. Beş il əvvəl mənim arzum
Bolqarıstan gimnastikasında baş məşqçi olmaq
idi. Lakin dostlarım mənə bunu anlamağa kömək
etdilər ki, sənin üçün təkcə
doğulduğun ölkə deyil, özünü evindəki
kimi hiss etdiyin ölkə də yaxşıdır.
- Bəs bu illər ərzində sizinlə birgə
Azərbaycan dəyişibmi? Paralellər apara bilərsinizmi?
- Yaxşı sualdır! Mən 2007-ci ildə ilk dəfə
sizin ölkənizə gələndə və ona qədər
Azərbaycan haqqında təsəvvürüm yox idi. Mənə
işləməyi təklif edəndə
düşündüm ki, "İlahi, mən orada nə edəcəyəm?"
Mənə elə gəlirdi ki, çox çətin olacaq.
Lakin bu beş il ərzində Azərbaycan sadəcə dəyişməyib,
mənim fikrimcə, Bakı Avropanın ən gözəl
şəhərlərindən birinə çevrilib. Mən
yarışlardan qayıdanda görürəm ki, burada
olmadığım müddətdə şəhərdə nəsə
bir yenilik baş verib, daha gözəl olub. Paytaxtın və
ölkənin öz şəklini dəyişməsində, əlbəttə
ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva çox böyük rol
oynayırlar. Onlar dövlət üçün çox
işlər görən həddindən artıq açıq
və demokratik adamlardır. Mən Bakının görkəmi
ilə fəxr edirəm.
- Azərbaycanda
yaşayaraq nəyi öyrənmisiniz? Nəyi dəyişmək
istərdiniz?
- Yol hərəkəti ilə bağlı
vəziyyəti dəyişmək istərdim, çox
güman ki, bu məsələ bir çoxları
üçün aktualdır (gülür). Aydındır ki,
hər şey birdən olmur və vəziyyət zamanla dəyişir.
Bizdə, gimnastikada olduğu kimi istədiyimiz hər şeyi dərhal
edə bilmirik, şəhərdə də sehrli
çubuğu yelləməklə hər şeyi birdən
yaxşılaşdırmaq olmaz.
Mənə gəldikdə, Bakıda yaşayaraq mən
öz xarakterimi dəyişdim. Daha tələbkar oldum. Azərbaycan
mənə daha güclü olmağı və
yıxılandan sonra ayağa qalxmağı öyrətdi. Bu
mənim üçün çox vacibdir. Və mən Milli
Federasiyanın rəhbərliyinə, onu prezidenti Mehriban
xanım Əliyevaya mənə inandıqlarına və
öz səhvlərimdən öyrənməyimə imkan
verdiklərinə görə çox minnətdaram.
- Yəqin
ki, Azərbaycanda çalışdığınız illər
ərzində maraqlı əhvalatlar da olub. Daha çox yadda
qalanlarını bölüşmək istərdinizmi?
- Ümumiyyətlə, bu mövzuda artıq kitab yazmaq
olar (gülür). Bu ayrıca mövzudur və maraqlı
epizodları günlərlə danışmaq olar. Əgər
ciddi desək, qızların heç kimlə bərabərləşə
bilmədikləri vaxtlarda onların dünyada ən
yaxşı olmadıqlarını göstərmək
çox çətin idi. Çünki sən yalnız
öz şirəndə bişəndə
düşünürsən ki, hamıdan daha yaxşısan.
Lakin öz ölkəni beynəlxalq arenada təmsil edəndə
dünyanın ən güclüləri ilə bərabərləşməlisən.
Bax, elə həmin dövrdə, biz yenicə böyük
yarışlarda iştiraka başlayanda eyni vaxtda həm komik,
həm də tragik olurduq. Burada psixoloji aspekt də var: əgər
uşaq hazırkı məqamda ən yaxşı
olmadığını görürsə, sına bilər.
Bundan başqa, valideynlər üçün uşaq necə
çıxış etməsinə baxmayaraq, ən
yaxşı olaraq qalır. Buna görə o zaman valideynləri
övladlarının nəticəyə nail olmaq
üçün daha çox öz üzərlərində
işləməli olduqlarına, həmçinin
idmançıların özlərini daha yaxşı
çıxış edə bilmələrinə inandırmaq
çətin idi. Bu beş ildə biz müəyyən mərhələni
artıq keçdik və düşünürəm ki, sonra
daha asan olacaq.
Minskdə 2001-ci il Avropa Çempionatında baş verən
bir epizod mənim yaddaşıma həkk olub. O zaman yeniyetmələrdən
ibarət komanda finala çıxdı və biz birinci nömrədə
oynamalı olduq. Mən qızları çıxışa
köklədim, zala aparan tuneldə onlar Azərbaycanın
himnini oxumağa başladılar. Həm də getdikcə, daha
ucadan oxuyurdular. Onlar xalçanın üzərinə
çıxanda mən əmin idim ki, belə yanaşma və əhval-ruhiyyə
ilə komanda mütləq medal qazanacaq. Qızlar nömrəni
əla oynadılar və bürünc medal qazandılar.
- Sizin
uşaqlarınız beş il başqa ölkədə,
başqa mühitdə böyüyüblər. Onlar sizin
gözlərinizdə dəyişiblərmi? Onlar hansı dildə
düşünür və danışırlar, daha çox
kiminlə dostluq edirlər?
- Biz çox tez-tez bu mövzuda danışırıq.
Və mən deyə bilərəm: "Şükür Allaha
ki, mən Bakıda yaşayıram!" Çünki
Avropanın bir çox ölkələrində yeniyetmələrin
həyatı başqa cür inkişaf edir. Və mənim
qızlarımın yaşıdları tamamilə başqa həyat
tərzi keçirirlər. Amma Azərbaycan mentalitetində
böyüməkdə olan nəslin tərbiyəsi
planında çox müsbət məqamlar var. Onlar hələ
uşaqdırlar və bu, məni sevindirir. Evdə necə
ünsiyyət saxlayırıq? 60% bolqar və 40% rus dillərində.
Amma uşaqlar Azərbaycan dilini başa düşür və
danışırlar, mən buna çox şadam. Bütün
bunların hamısı onların xeyrinədir. Və
ümumiyyətlə, indi böyüməkdə olan nəsil
bizdən daha irəli gedib. Uşaqların təkcə
idmançılar arasında deyil, həm də ünsiyyət
qurduqları fərdi azarkeşləri arasında dostları
var. Bütün bunlar hərtərəfli inkişaf etməyə
kömək edir.
- Azərbaycan
yığmasında beş il çalışdıqdan sonra
siz yəqin ki, son dərəcə qlobal
düşünürsünüz. Gələn il
üçün hansı planlarınız var?
- Bizim vəzifəmiz gimnastikanı təkcə
Bakıda və ayrı-ayrı regionlarda deyil, bütün Azərbaycanda
inkişaf etdirməkdir. Son iki ildə paytaxtın
hüdudlarından kənarda iki bölmə
açılıb, onlar inkişaf edir və nəticə
verirlər. Məsələn, Qusardan olan gimnast ölkə
çempionatının mükafatçısı olub. Eyni
zamanda, siz bilirsiniz ki, tezliklə milli gimnastika arenası
açılacaq və o zaman bizim regionlardan istedadlı
uşaqları toplamaq və onları yığma komanda
üçün hazırlamaq imkanımız olacaq. Həmçinin
hər bir məktəbdə bədii gimnastika bölməsinin
olmasını istəyirik.
Əlbəttə ki, planlarda idmanın bu
növünü populyarlaşdırmaq deyil, həm də beynəlxalq
arenada uğurlu çıxışları davam etdirməkdir.
Nəsillərin varisliyinin olduğu piramidanı yaratmaq
vacibdir. Axı əgər baza yoxdursa, onda nəticələrə
nail olmaq çox çətindir. Biz buna öz şəxsi təcrübəmizdə
nail olmuşuq və Allaha şükür ki, hər şey
alınıb. Amma buna nail olmaq həm uşaqlara, həm də
məşqçilərə çətindir və indi
işi mərkəzləşdirmək lazımdır. Eyni
zamanda, sakit olmaq lazımdır. Ona görə ki, mexanizm
işə salınıb və yeni kadrlar kifayət qədər
müntəzəm şəkildə meydana çıxacaqlar.
- Azərbaycanda
işləməyə başlayanda, yığmanın baş
məşqçisi kimi ilk rəsmi start sizin üçün
Bakıda keçirilən "Avro-2009" oldu. Və budur,
yenidən evdə qitə birinciliyi. Çox güman ki, bu
sizin üçün rəmzidir?
- Təsadüfi
heç nə olmur. Ola bilsin ki, burada daha beş il
çalışım. Həm də Bakıda 2015-ci il Avropa
Oyunlarını və 2020-ci il Olimpiya Oyunlarına lisenziya
xarakteri daşıyacaq 2019-cu il dünya
çempionatını unutmaq lazım deyil. Odur ki, nəticələrə
işləyəcəyik.
Yığmanın
hazırkı tərkibi bizim rəhbərliyimiz altında
beş il əvvəl məşq etməyə başlayıb.
Aliyə Qarayeva London Olimpiadasından sonra öz
karyerasını başa vurmaq qərarına gəldikdə bəzi
həyəcanlar oldu. Lakin biz öz mövqeyimizi qoruyub saxlaya
bildik, gənclər artıq özlərini göstərə
bildilər. Avropa çempionatında gümüş,
"Qran pri" medallarını və dünya
kuboklarını qazandılar, dünya birinciliyində fərqləndilər.
Təsəvvür edin ki, təkcə son beş ildə 22
gimnastımız Avropa çempionatlarının
mükafatçısı olub. Onların hamısı mənim
üçün doğma kimidirlər və biz bir ailəyik!
- Maraqlı söhbətə görə çox sağ olun və sizi bir daha təbrik edirik!
Həftə
içi.-2013.- 6 noyabr.- S.8.