“Bilirsiniz
indiki uşaqlar niyə
kitab oxumur?”
Zahid Xəlil: “Cəsarətlə deyə bilərəm ki, son 5-6 ildə nəşr olunan ibtidai sinif dərslikləri səviyyəsində dərsliklərimiz olmayıb”
Yaradıcılığından söz açdığımız bu qələm sahibi öz poetik dünyası ilə bədii təfəkkür sferasında gündən-günə püxtələşən, zaman keçdikcə üslubunu sabitləşdirən, tərkolunmaz obrazlar yaradan bir sənətkardır. Zahid Xəlili Azərbaycanda tanımayan yoxdur. Kimisi onu uşaq şairi və yazıçısı, kimisi dərslik müəllifi, kimisi Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, kimisi də alim kimi tanıyır.
TANITIM
Zahid Xəlil 1942-ci ildə Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin fililogiya fakültəsinin jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi başlayıb. 30 kitabın müəllifi olan Zahid Xəlilin indiyədək 6 cildlik seçilmiş əsərləri işıq üzü görüb. Onun “Azərbaycan uşaq ədəbiyyatı” elmi kitabı 1982-ci ildə Moskvada rus dilində nəşr edilib və indi Moskva Dövlət Universitetində dərslik vəsaiti kimi tədris olunur. Zahid Xəlil həm də II-III-IV sinif “Azərbaycan dili” dərsliyinin müəllifidir. 1983-cü ildə “Literaturnaya” qəzetinin “Zolotoy telyonok” mükafatına layiq görülüb.
“Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adının daşıyıcısı olan Zahid Xəlil Azərbaycanın ədəbi mühitində də özünəməxsusluğu ilə seçilir. Böyük əksəriyyətinin uşaq ədəbiyyatının ən tanınmış simalarından biri kimi sevdiyi şairin “Salam, Cırtdan” kitabı 1982-ci ildə SSRİ-də “İlin ən yaxşı kitabı” kimi dəyərləndirilib. Bu kitab Moskva şəhərində keçirilən Dünya Ədəbiyyatı Yarmarkasında nümayiş etdirilib. Zahid Xəlilin “Cırtdanla Azmanın macəraları” kitabı isə Azərbaycanda keçirilən “İlin ən yaxşı kitabı” müsabiqəsinin qalibi olub.
Tanınmış rus tənqidçisi İqor Motyasov Zahid Xəlil yaradıcılığına böyük qiymət vermişdir. Çünki onun dünya uşaq ədəbiyyatının inkişafında özünəməxsus yeri olan alman alim-filoloqları, folklorçu yazıçıları Yakob, Vilhelm Qrımm qardaşları və dünyanın ən tanınmış “nağıllar kralı” adı ilə məşhur olan danimarkalı yazıçı Kristan Andersenlə müqayisə olunur.
Bütün bunlara necə nail olduğunu filologiya elmləri doktoru, professor Zahid Xəlil “Həftə
içi”nə müsahibəsində açıqlayır:
- Uşaqlıq illərim
Böyük Vətən Müharibəsi
dövrünə düşüb, o ağır illərin aclıq dövrünü yaşamışıq.
Qışda pencəyim olmadığından nimdaş
köynəklə məktəbə gedirdim.
Bərk üşüdüyümdən xalam
oğlunun qoluyamaqlı pencəyini
alıb çox sevinclə geyinirdim. Bəlkə də o
çətinlikləri görüb həyata
dərin kök salmışıq,
valideynlərimizi, qohum-əqrəbalarımızı böyük məhəbbətlə sevmişik. VI sinifdə ikinci
növbədə dərsə gedirdim. Bir inəyimiz vardı, gündə 3 litr süd verirdi.
Hər gün südü
aparıb bazarda satıb birbaşa
məktəbə gedirdim. Bu
cür şəraitlə məktəbi “əla”
qiymətlərlə bitirib Bakı
Dövlət Universitetinə qəbul oldum.
- Bəs iş fəaliyyətinə haradan başlamısınız?
- Yevlax
şəhərində çıxan “Təbəssüm” və
Goranboy rayonun “Qələbə”
qəzetlərində çalışmışam. 1966-cı
il olardı, yaxın dostum
olan Yevlax şəhər
1 saylı məktəbin ədəbiyyat müəllimi Dursun Məmmədov yanıma gəlib dedi ki, Bakıya aspiranturaya təhsil almağa
gedir.
Mən də onunla Bakıya gəldim. O zaman Azərbaycan Pedaqoji
Universitetində nəşr olunan “Gənc
müəllim” qəzetinin redaktoru Kamal Məmmədov idi. O
biləndə ki, jurnalistəm, məndən
qəzetin növbəti nömrəsinin hazırlanmasına
köməklik etməyimi xahiş etdi. Biz həmin nömrəni
yüksək səviyyədə hazırladıq. Universitetin rektoru Şövqi Ağayev qəzetin
gözəl tərtibatla çıxdığını görüb burada qalıb
işləməyimi xahiş etdi. O vaxtdan “Gənc
müəllim” qəzetində redaktor
işlədim. 1975-ci ildə filologiya elmləri
namizədi, 1990-cı ildə isə doktor
oldum. 1975-2005-ci illərdə isə Azərbaycan
Dövlət Televiziyasında işləmişəm. İlk verilişim “Sizin sevimli
yazıçılarınız” olub. Sonra “Məktəblinin kitabxanası”,
“Çıraq” və “Sərbəst düşüncə
studiyası” kimi verilişlərin
aparıcısı olmuşam.
- İlk şeiri nə vaxt yazmısınız, bir sözlə, ədəbi mühitə nə vaxt gəlmisiniz?
- Məktəbli ikən
riyaziyyat və ədəbiyyat fənlərinə
böyük maraq
göstərərdim. İlk şeiri də elə VI sinifdə
yazmışam. “Vətənim” adlı həmin şeir “Yeni Yevlax” qəzetində işıq üzü görəndə 10-cu sinifdə oxuyurdum. O illərdə keçirdiyim
sevinc indi də
canımdadır.
- Necə oldu ki, birdən-birə uşaq aləminə qapıldınız?
- 1967-ci ildə gənc
şairlərin ilk kitabı
hazırlanmışdı. Amma mənim
kitabımı çap etmədilər. Onda Xalq şairi
İlyas Tapdıq “Gənclik” nəşriyyatında
şöbə müdiri işləyirdi.
Mənə dedi ki, uşaq şeirlərini yaza
bilsən, onu çap
elətdirərəm. Başladım o vaxtdan uşaq şeirləri
yazmağa...
- Uşaqlıq xatirələriniz varmı?
- Qüllən
adlı bir itim
vardı. Adam kimi dil bilirdi. Bir gün
itimə dedim ki,
meşəyə gedirəm, səni aparmayacağam.
İt ayaqlarıma düşüb
sanki yalvarırdı. Deyəndə ki, səni də aparacam, onda yaman sevindi,
atılıb-düşməyə başladı. Bunu ona görə deyirəm
ki, itlər vəfalı olurmuş.
Atam mənə mavi rəngli
bir buzov almışdı.
Onu çox sevərdim.
Artıq buzov böyümüşdü
və qapıya çox gec
gəlirdi. Bir dəfə gördüm
ki, Qüllən ucadan
ulayır və gözlərindən yaş
sel kimi axırdı. Gördüm ki, buzovu kəsiblər. Sanki
Qüllən deyirdi ki,
bu işdə mənim təqsirim yoxdur.
- Keçmiş televiziya işçisi kimi sovet dövrünün televiziyasını müasir dövrlə necə müqayisə edərdiniz?
- Hər ikisinin üstün və nöqsan cəhətləri var. Müasir televiziyanın üstünlüyü ondadır ki, sərbəstlik var, öz vətənimizin problemlərindən danışır. Amma sovet televiziyası sırf ideologiyaya xidmət edirdi. Ona görə də qoyulan çərçivədən kənara çıxa bilmirdilər. Müasir televiziya isə daha çox “ulduzlar”ın, müğənnilərin, bir sözlə, manısların tribunasına çevrilib. Artıq televiziya mühitində ziyalı söhbətinə yer qalmayıb. Amma sovet televiziyasının üstün cəhəti o idi ki, ədəb-ərkan qaydaları qorunurdu. Xüsusilə uşaqların tərbiyəsi ilə bağlı maraqlı verilişlər verilirdi.
- Bir az da uşaq ədəbiyyatımızdan və cizgi filmlərimizdən danışaq...
- Xarici ölkələrin cizgi
filmləri yaratmaq texnologiyaları bizdən
qat-qat üstün inkişaf edib. Hələ
də bu cür texnologiyalar olmadığından filmlərimiz
bəsitdir. Bu gün nadir adamlar uşaq
ədəbiyyatına gəlir. Onların da
yazdığı əsərlər o dərəcədə
diqqəti cəlb etmir. Çünki
uşaq ədəbiyyatının
yazıçısı öz sənətinə
çevrilməlidir və “bu, mənim sənətimdir”
deməlidir. Ona ötəri həvəs kimi baxmaq olmaz.
1969-cu ildən uşaq dünyamı
yaşayıram. Uşaq
yazıçısı olmaq üçün uşağın səviyyəsinə
qalxmaq lazımdır. Çünki
uşaq fantaziyası o
qədər zəngindir ki, belə zənginlik
böyüklərdə olmur.
- İbtidai siniflərin dərsliklərinin “Azərbaycan dili” kitabının həmmüəllifisiniz? Amma müəllim və valideynlər sizin dərsliklərə irad tuturlar...
- Çox vacib bir
məqama toxundunuz. Hər hansı bir şeyə qiymət vermək üçün onun
mütəxəssisi olmaq lazımdır. Bu yaxınlarda bir qadın
gileyləndi ki, II sinifdə “Azərbaycan dili” kitabında dərc olunan
“Dəvələr” şeirinin dili çox
ağırdır. Şeirdə “uzunayaq”,
“yekədodaq” kimi mürəkkəb
sözlər var. Başa
düşmək lazımdır ki, dərslikdə
şeir müəyyən məqsədlə
verilir. Həmin şeirin
məqsədi uşağa mürəkkəb
sözün tələffüsünü
öyrətməkdir. Əlbəttə bu
çətindir. Ancaq valideyn
səbirlə həmin şeiri uşaqlara öyrətməlidir. Bu uşaq nitqinin
inkişafı üçün ən mühüm amillərindən biridir.
Cəsarətlə deyə bilərəm ki,
Azərbaycan təhsili tarixində son 5-6
ildə nəşr olunan ibtidai
sinif dərslikləri səviyyəsində
dərsliklərimiz olmayıb. “Azərbaycan dili”
dərsliklərində məntiqlərin seçilməsindən
tutmuş sual və
tapşırıqların qoyulmasına qədər hər şey müasir təlim
texnologiyasının tələblərinə əsaslanır.
- Orta məktəblərdə təlimin keyfiyyəti çox aşağıdır. Bu nədən irəli gəlir?
- Bunun bir səbəbi çevik informasiya olan kompüter və
televiziyadır. Onlar istədiklərini həmin
texnologiyadan alır. Bilirsiniz
indiki uşaqlar niyə
kitab oxumur? Çünki çevik informasiya olan kompüter onları daha çox cəlb edir. Yeni təhsil sisteminə keçirik,
amma bu sistemin
mahiyyətini Azərbaycanda çox az adam dərk edir. Dünyanın ağıllı
adamları müasir təlimi təbliğ
etsə də, biz o səviyyədə
bunu qəbul edə bilmirik.
Müasir təlimin əsas mahiyyətindən
biri odur ki, uşaq sinifdə nə
öyrənəcəksə, onu müəllim
yox, uşağın özü
öyrənməlidir. Bunu tətbiq etmək
üçün hələlik
hazırladığımız müəllimlərin sayı çox azdır. Əsas məqsəd onların
sayını artırmaqdan ibarətdir. Ali
məktəblərdə də tələbələrin bilik səviyyəsi qənaətbəxş deyil. Ona görə ki, imtahanlar test üsulu ilə götürülür. Biz
hələlik mükəmməl testlər hazırlaya bilmirik. Bizim testlərin
cavabları asan tapılan testlərdir. Ona cavab tapmaq
üçün mütaliəyə ehtiyac qalmır. Ali məktəb
metodikası da təhkilləşməlidir.
Köhnə metodika ilə tələbələri
cəlb etmək artıq mümkün deyil.
- Bir şair kimi tərəf müqabiliniz varmı?
- Müsahibələrimdə
dəfələrlə demişəm ki, dünya uşaq ədəbiyyatında
Andersen, Canni Rodari, Kiplinq kimi müəllimlərim var.
Mən hekayələrimi yazanda yalnız
onları qarşımda görürəm və yalnız onlarla yarışıram. Təəssüf ki, hər dəfə məğlub oluram. Çağdaş ədəbiyyatımız
çox zəif olduğundan
dünya ədəbiyyatında çox cüzi görünür. Baxmayaraq
ki, 71 yaşım var,
mən alimdən daha çox
yazıçıyam. Çünki alimliyim də uşaq ədəbiyyatından
bəhs edir, onlar da bir-birini tamamlayır.
- Həyatda çox yumşaqsınız, amma poeziyanızda şıltaqlığınız görünür...
- Ümumiyyətlə,
poeziyanın özü bir
şıltaqlıqdır. Bu da onun təbiətindən
irəli gəlir. Sərtliyim həmişə özümə
qarşı olub.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 8 noyabr.- S.7.