Bir otağa sığmayan Muğam Teatrı
Dövlət Muğam Teatrının
64 işçidən 35-i hələ
ötən ildən ixtisara düşübmüş
Azərbaycanın zəngin mənəvi-mədəni
irsinin ən parlaq nümunələrindən
biri, heç şübhəsiz, muğam
sənətidir. Bu ecazkar
sənət nümunəsi
indi təkcə pərvəriş tapdığı
Azərbaycanın deyil,
həm də dünya mədəniyyətinin
nadir incisi hesab olunur. Bir vaxtlar dünyanın bir cox sənət
adamları Azərbaycan
muğamlarını dinləyərkən
təəccüblənirdilər, muğam ifaçıları
qeyri-adi zəngulələrinin
guya xüsusi aparatlar vasitəsilə səsləndirdiklərini güman
edirdilər. Lakin muğamlarımızı canlı
ifalarda dinlədikdən
sonra Cənubi Amerikanın musiqi mütəxəssisləri bu
haqda belə bir rəy yazdılar:
“Yalnız Azərbaycan
xanəndələri boğazlarında
öz təbii səslərini nümayiş
etdirə bilirlər. Məhz bu xüsusiyyətlərə
görə Azərbaycan
muğamları YUNESKO-nun şifahi
və qeyri-maddi irs siyahısına daxil edildi”.
Azərbaycan
xalqı tarixən acılı-şirinli günlərinin
böyük bir hissəsini könlünün
səs ahəngində
yaşayıb. Fərrabinin,
Seyid Əli Urməvinin və Əbdül Qadir Marağinin musiqi dünyasını, yəni
muğamı peşəkar
ifaçıların - Məşədi
İsinin, Hacı Hüsünün, Cabbar Qaryağdıoğlunun, Seyid,
Xan Şuşinskinin səsində yaşadıb.
Azərbaycan muğamının
indiki zirvəyə qalxmasında mədəniyyət
ocaqları, teatrlar da az rol oynamayıb. O mədəniyyət ocaqları
ki, muğamlarımızın
sədası, tanınmış
muğam ifaçılarının
nəfəsi divarlarına
hopub. Fəaliyyəti,
xidmətləri ilə
muğam incilərimizi
yaşadıb dünya
səviyyəsində milli-mədəni
irs kimi
tanıdan belə mədəniyyət ocaqlarından
bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə ləğv edilən Azərbaycan Dövlət Muğam Teatrıdır.
Hələ sovet
dövründə, 1988-ci ildə
tanınmış muğam
ustası, Xalq artisti İslam Rzayevin və əməkdar incəsənət
xadimi Arif Qazıyevin gərgin əməyi və səyi nəticəsində
yaradılan bu teatr bir neçə
il əvvələdək
İçərişəhərdəki Karvansarayda fəaliyyət
göstərib. Yarandığı gündən Azərbaycan muğamını bölgələrdə
təbliğ edən bu teatrın kollektivi rayonlarda maraqlı konsert proqramı ilə çıxış edirdi.
Bir sözlə, Azərbaycan Dövlət Muğam Teatrının milli musiqimizin, muğamlarımızın
yaşamasında, inkişafında
və təbliğində
xidmətləri əvəzsizdir.
Respublikanın bir sıra tanınmış sənətçiləri
də vaxtilə bu mədəniyyət ocağının ağırlığını
çiyinlərində daşımış
şəxslər olub.
Amma...
Nazirlər
Kabineti oktyabrın 14-də
Azərbaycan Dövlət
Muğam Teatrının
ləğv edilməsi
barədə qərar
verib. Baş
nazir Artur Rasizadənin imzaladığı
qərarda qeyd edilir ki, Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilir. Ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş
ştat vahidlərindən
30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat
vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.
Baş nazir sözügedən qərarı imzalayarkən,
Mədəniyyət və
Turizm, Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət
Komitəsi ilə razılaşdırılmış təklif nəzərə
alıb.
“Həftə içi”nin əməkdaşı
olaraq, Nazirlər Kabinetinin teatrın ləğvi qərarının
tətbiqindən sonra
bu mədəniyyət
ocağının və
onun kollektivinin taleyinin necə olacağını öyrənmək
üçün yolumuzu
İçərişəhərdəki Muğam Teatrından saldıq. Məlum oldu ki, bir
neçə il əvvəl Muğam Teatrının yerləşdiyi qədim tarixə malik bina indi restoran
kimi fəaliyyət göstərir. Rəşad
adlı restoran müdiri dedi ki, 2011-ci ildən Muğam Teatrı Beynəlxalq Muğam Mərkəzinə köçürülüb.
Onun sözlərinə
görə, həmin ildən bura ünvan restoran kimi fəaliyyət göstərir: “Burada kiçik banketlər olur. Bu gün
də banket olacaq. Artıq hazırlıq işləri
görürük. Muğam
Teatrı əvvəllər
saat 11:00-dan 14:00-dək teatr
kimi fəaliyyət göstərərdi. Günün ikinci
yarısında isə
böyük tədbirlər
keçirilirdi, konsertlər
verilirdi. Tədbirlər başa çatdıqdan sonra restoran kimi işləyərdi.
Amma indi teatrın bütün işçiləri
Muğam Mərkəzində
fəaliyyətini davam
etdirirlər. Restoranın işçiləri
isə qalıb burada işləyirlər”.
Teatrın əvvəlki
ünvanında əldə
edə biləcəyimiz
məlumatları toplayıb
bu dəfə Rəşid Behbudov adına Mahnı
Teatrına yollandıq.
Amma teatrın direktor müavini İlqar Musayev Dövlət Muğam Teatrının harada və necə fəaliyyət göstərdiyindən,
işçilərinin işləyib-işləməməsindən
xəbərsiz olduğunu
dedi: “Dövlət Muğam Teatrının ləğv olunması barədə Nazirlər Kabinetinin qərarından məlumatımız var. Amma
deyilənə görə,
teatrın 25 ştat vahidi Mahnı Teatrına veriləcək.
Amma Dövlət Muğam Teatrının kollektivinin
taleyi, onlardan kimlərin bizə gələcəyindən dəqiq
məlumatımız yoxdur.
Deyilənə görə, ştat
vahidi 14 yanvarda elan olunacaq. Əlbəttə ki, bizə gələn hər bir sənətçini canla-başla sıralarımıza
qəbul edəcəyik.
Onlar da bu teatrın
doğma üzvlərinə
çevriləcəklər”.
Dənizkənarı
Milli Parkda yerləşən Beynəlxalq
Muğam Mərkəzinə
də üz tutduq. Burada öyrəndik ki,
əslində Azərbaycan
Dövlət Muğam
Teatrı hələ bir müddət əvvəl yeni ünvanda fəaliyyət göstərir. Daha doğrusu,
Dövlət Muğam
Teatrı Beynəlxalq
Muğam Mərkəzinin
2009-cu ildə istifadəyə
verilmiş nəhəng
və göz oxşayan binasında balaca bir otaqda
məskunlaşıb. Amma günorta saatları olmasına baxmayaraq,
operator və baş mühasib istisna olmaqla teatrın işçilərindən heç
kəs işə gəlməmişdi. Öyrəndik ki, Nazirlər Kabinetinin məlum qərarından sonra teatrın kollektivi vaxtlı-vaxtında işə
gəlmir.
Azərbaycan Dövlət
Muğam Teatrının
baş mühasibi Sevil Quliyeva bu mədəniyyət ocağında 2004-cü ildən
işlədiyini dedi. Onun sözlərinə görə, Muğam Teatrında tanınmış
sənətçilər çalışırdı:
“Teatrın üzvləri
rayonlara gedərək
maraqlı konsert proqramı ilə çıxış edərdilər.
Xalq artisti Aygün Bayramova, Səbuhi, Almaz Orucova, Lalə Məmmədova, Arzu vaxtilə bu teatrda çalışıblar.
Eləcə də I Muğam
Müsabiqəsinin qaliblərindən
olan Ehtiram da bu teatrda
çalışıb. Bizim teatrda mütəmadi olaraq konsertlərlə yanaşı, teatr tamaşaları da verilirdi. Teatrın binası qədim
və möhtəşəm
bir yer idi.
Əsl teatr, muğam eviydi. Çox təəssüflər ki, onu bizə
çox gördülər.
Bu ilin oktyabrında
Muğam Teatrının
25 illiyi keçirilməliydi.
Yubiley ərəfəsində teatrın
bağlanması ilə
bizə “sürpriz” elədilər. Halbuki tanınmış
şair və yazıçıların, incəsənət
xadimlərinin, eləcə
də sənət adamlarının yaradıcılıq
gecələri həmişə
Dövlət Muğam
Teatrının binasında
təşkil olunurdu”.
Sevil
Quliyeva onu da söylədi ki, teatr artıq
iki ildir Beynəlxalq Muğam Mərkəzində bir otaqda yerləşir. Onun sözlərinə görə, şərait olmadığından teatr
iki ildir faktiki olaraq fəaliyyətini dayandırıb:
“Teatrda Əməkdar
artist Ağacəbrayıl Abbasəliyev,
rəqqasə Fatimə
Fətəliyeva (Göyçək
Fatimə) kimi tanınmış sənətçilərimiz
çalışır. Teatrın 64 nəfər
işçisi vardı.
Amma indi cəmi 29 nəfər ştat cədvəli ilə əməkhaqqı alır.
Xalq artisti Faiq Ağayev,
Babək, Ruhəngiz Allahverdiyeva, Baloğlan Əşrəfov kimi tanınmış sənətçilər
ixtisara düşüblər.
Halbuki rayonlara qastrollara ən çox həmin
şəxslər gedərdilər”.
2014-cü
il 1 yanvar tarixindən
Dövlət Muğam Teatrının rəsmi
olaraq fəaliyyətini
dayandıracağını deyən Sevil Quliyeva bildirir ki, gələn ildən yaradıcı heyətin
30 nəfəri Muğam Mərkəzinə,
25 nəfəri isə Rəşid Behbudov
adına Mahnı Teatrına
veriləcək: “Amma texniki
işçilər tamamilə ixtisar ediləcək.
Nazirlər Kabinetinin qərarı əsasında
Mədəniyyət və Turizm Nazirliyinin bu haqda əmri hazır olandan
sonra yeni
işçilərin ştat cədvəli
və maaşı müəyyənləşəcək. Hələlik
onu dəqiq bilirik ki, gələn ilin yanvar ayından biz texniki işçilər işsiz
qalacağıq. Məcburuq ki, indidən
başmıza bir çarə qılaq”.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 9-12 noyabr.- S.7.