“Bayraqdar
olmaq üçün
9
imtahandan keçmək gərəkdir...”
...Hələ sovet
dövründən - 1980-ci illərdən bəri Türkmənistan,
Qazaxıstan çöllərində türk
bayraqları dalğalandıran bu türk oğluna bu gün bəziləri eləcə
fanatik kimi baxırlar.
Fəqət, bərbad vəziyyətdə olan yataqxananın bir dar otağına sığınmış bu bəşər övladının bayraq, millət, torpaq eşqi bütün dünyaya sığmır. 18 yaşlı oğlu Məhəmmədəminin bu yay gözlənilməz
intiharı da həmin sevdanı soyuda bilməyib...
Özü kimi millətsevər digər
oğlu Elçibəy könüllü olaraq cəbhə
bölgəsində hərbi xidmət keçir... Deyir ki, türkçülük,
azadlıq uğrundakı fəaliyyətinə görə
Türkmənistan, Rusiya və Azərbaycanda
459 dəfə həbsdə olub. Bu həbslərdən 325-i bayrağa
görə baş verib.
Yalnız bayrağa olan
sadiqliyi ilə bayraqdar
Elman Türkoğlu
gündə bir sifətə, bir partiyaya girməklə ev-eşik, var-dövlət, vəzifə və
s. sahibi olmuş bəzi keçmiş
silahdaşlarından daha səmimi, daha üstün görünür... Bayraqdarla
məxsusi olaraq Bayraq Günü - üçrəngli
bayrağımızın 95 illiyi ərəfəsində
görüşüb onun
son 25 ilin
dolaşıq “labirintlərindən” keçirib
gətirdiyi bayraqları ilə də tanış olduq...
- Elman bəy, 1956-cı ildə Masallıda doğulsan da, uzun müddət Türkmənistanda yaşamağına səbəb nə olub?
- Masallıda anadan olmuşam. Ancaq 16
yaşım olanda atam
Həsən Həsənovu Sumqayıtdakı 1 may
1968-ci il anti-sovet nümayişinin iştirakçısı kimi həbs edib 9 il “iş verəndən” sonra ailəni dolandırmaq üçün
məcbur olub 30-40-cı illərin repressiya dövründə Türkmənistana sürgün olunmuş
qohumlarımın yanına getmişəm. Həm də
mən o zamandan sovet quruluşuna nifrət
etdiyim üçün
əsgərliyə də getmək istəmirdim,
qaçırdım... Atamın həbsdən azad
olunması üçün şikayətlər
yazırdım. Birbaşa sovet
rəhbəri Brejnevə yazırdım ki,
tüpürüm sovet
hökumətinə də, kommunist
partiyasına da... Atamı rəhmətlik
Elçibəy, Rafiq Turabxanoğlu
və s. yaxşı tanıyırdılar.
5 il Türkmənistanda, Rusiyada
gizləndi, nəhayət, 1973-cü ildə Leninqradda
həbs etmişdilər...
- Deyəsən, iki ali məktəbdə oxumusan?
- Aşqabadda
tibb institutunun cərrahlıq
fakültəsinə girmişdim, iki il oxuduqdan
sonra meyitxanadakı təcrübələri
ürəyim götürmədi – çıxdım. Özü də yaxşı oxuyurdum...
Sonra elə oldu ki, 1981-ci ildə Aşqabadda
tarix fakültəsinə daxil
oldum. İmtahan
zamanı müəllim soruşdu ki, millətin nədir. Dedim,
nəyə görə soruşursuz. Cavab verdi ki,
bütün digər millətlərdən
olanlar işlərini rus
bölməsinə verib, amma
sən türkmən bölməsinə vermisən. Dedim, ona görə ki, mən də türkəm -Azərbaycan türkü... Durdu boynumu qucaqladı. Adı Annamurad
idi. Elçibəylə birgə Moskvada aspiranturada oxumuşdu. Sonra onu Bakıya gətirdib Bəylə görüşdürdüm...
- Bildiyimə görə, Türkmənistanda yaşayarkən kifayət qədər var-dövlətin olub?
- Bəli. Hələ
tələbə olanda dostlarımla briqada düzəldib ev təmir
edirdik. Rəssamlığı
yaxşı bacarıram. Türkmənlər də bəzək
işlərini xoşlayırdılar. Pulları da çox idi.
O zaman bir otağı
10 min rubla təmir edirdik. Bu minvalla
çoxlu pul toplamışdım. Oradakı
vəzifəli Azərbaycan
türkləri də bizə çox dayaq dururdular: Bilal Əliyev, Atakişi Bayramov, Rəşid Kərimov və s. Türkmənistan
prokurorunun müavini Murad müəllim bizə daha çox kömək etdi. Onun beşotaqlı evini
təmir etdik. Halal işləməyimizə
görə bizə zəhmət haqqından əlavə, gedəndə
qaytarmaq şərti ilə 4000 hektarlıq qarpız, yemiş, üzüm, pomidor və s. sahəsi də bağışladı.
Nəticədə biz böyük kommersiya işi ilə məşğul
olmağa başladıq...
Yeri gəlmişkən, deyim
ki, Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədovu
da yaxından tanıyırdım. Dostum Qayıbla birgə diş
həkimliyini oxuyub. O zaman
Türkmənistan Demokratik
Partiyasını bir yerdə qurmuşuq... O, eks-prezident
Saparmurad Niyazovun kəbindənkənar
oğludur. Deyirdi ki, mən atamdan
qisas alacağam, çünki anamı boşayıb erməni
alıb... İndi mən istəsəm,
Türkmənistana gedə bilərəm, ancaq
ordakı bizim uşaqlar
deyirlər ki, hələ vəziyyət
qarışıq olduğu üçün prezident gəlməyimi
məsləhət bilmir...
- İlk dəfə milli bayrağımızı qaldırdığın gün yadında necə qalıb?
- İlk dəfə üçrəngli bayrağı 19 noyabr 1988-ci ildə Azadlıq meydanında qaldırmışıq. Bəxtiyar Tuncay, Tofiq Türkel, qızılbaş İbrahim Eldar, Məmməd Əlizadə və b. ilə birgə... Mənə bayrağı Məmməd Əlizadə verdi. Həmin noyabr mitinqlərindən birində dədə Bəxtiyar (Bəxtiyar Vahabzadə) tribunadan dedi ki, ey türk oğlu, endir o bayrağı – endirdim. Yenidən hayqırdı ki, qaldır o bayrağı – qaldırdım. Rəsulzadənin sözlərini xatırlatdı: bir kərə yüksələn bayraq, bir daha enməz. Dedi, heç vaxt endirmə o bayrağı... O vaxtdan ustad şairin nəsihətinə əməl edirəm. Heç vaxt bayrağı endirməyə, əlimdən almağa imkan vermirəm...
- Bəs köhnə dostun Yaşar Türkazər də deyir ki, ilk dəfə bayrağı mən qaldırmışam, Elçibəy mənə bayraqdar deyib...
- Yaşar yalan
danışır. Bəylə mən daha
yaxın olmuşam... Elçibəylə
aramda o qədər
söhbətlər olub ki,
vaxtı gələndə açacağam.
Elə birinci sizə deyəcəyəm...
- Əbülfəz bəylə ilk dəfə necə tanış olmusuz?
- Əbülfəz bəylə
ilk tanışlığım barədə
də 23 il susmuşam.
Onu 1976-cı ildən
tanıdığım halda yalnız
1999-cu ildə “İmpuls” qəzetində bu barədə məlumat vermişəm. Heç rəhmətlik özü
də bilmirdi bunu. Qəzeti
oxuyandan sonra məni
çağırıb boynumu qucaqlayıb
göz yaşını silə-silə dedi: “Həmin uşaq sən
imişsən?..” Sonra da
silahdaşlarına deyirdi ki,
görün Elman nə
qədər qəlbi təmiz, təvazökar insandısa, məni
uşaqlıqdan tanıdığını bu
günədək dilə gətirməyib, gözəgirənlik
etməyib...
- Yəqin bu tanışlıq təsadüfən olub?
- 1976-cı ildə 19
yaşında ikən dolanmaq, ağır infarkt olan anamın dərmanlarını
almaq üçün
Qaradağ daş
karxanasından 10 yük
maşınına “kubik” yığıb
rayondakı tikintilərə verib pul qazanırdım. Hər dəfə daş yığmağa gələndə görürdüm ki, bir uzun kişi
dustaq fəhlələrin arasında gəzir,
göstəriş verir... Deyəsən, fevral ayının 14-ü idi.
Soyuq qış günündə yenə
ağır daşları maşınlara
yığırdım. Ayağımda cırıq qaloş, baş
barmağım çıxıb bayıra... Göydən də
yağış tökür... Sən demə,
relslərdə elektrik var
imiş. Birdən sulu
ayağımı onların üstünə qoyanda
məni necə tulladısa... Bir də
özümə gəldim ki, camaat yığışıb, həmin uzun kişi də
başımın üstündə... Soruşdu
ki, ay bala,
hardansan, kimlərdənsən. Dedim, Masallıdan Həsən Həsənovun oğluyam.. Dedi, hə, hə...
Atamı tanıdı... Mənə ötən dəfədən
üç maşının pulunu verməmişdilər. O kişi
işçiləri çağırıb
tapşırdı, pulumu - 300
manatımı verdilər. Sevinə-sevinə rayona
gəlib anamın dərmanlarını aldım... Sonradan mən eşidəndə ki, həmin kişinin
adı Əbülfəzdi, yadıma düşdü...
Bir az əvvəl “Sovet kəndi” qəzetində yazmışdılar
ki, anti-sovet təbliğatçı
Əbülfəz Əliyev həbs edilib...
Əsgərliyə yollanmamışdan Qaradağda
onunla görüşüb
vidalaşdım... Amma 1988-ci ildə hərəkat
vaxtı Elçibəy özü məni
təxmini tanısa da, boynuma
almırdım..
- Türkmənistanda da millətçi təşkilatın üzvü idin?
- İlk dəfə xaricdə Azərbaycan diasporunu mən yaratmışam. Nazim İbrahimovu Kiyevdən tanıyıram. Yəni, Kiyev, Minskdən tutmuş, Kamçatkayadək hər yerdə erməni mafiyasını, “Asala”nı təqib etmişik... Hələ 1982-ci ildə Aşqabadda müəllimim Annamuradla birlikdə Türküstan Milli Azadlıq Hərəkatını yaratmışıq. Zirzəmidə gizli qərargahımız var idi. Türkşçülüyə aid kitablarla dolu idi. Tükçülüyün əsaslarını orada öyrəndim...
- Bəs Elçibəy prezident olanda sənə həyat şəraitini yaxşılaşdırmağa kömək etmədi?
- Bəy mənə iki dəfə ev vermək istədi. Dedim ki, Qarabağdan qaçqın düşən soydaşlarımıza, əlillərimizə verin...
- Elçibəyin hakimiyyətdən getməsində AXC komandasından ən çox kimin rolu olub?
- Mən bunu o zaman
da demişəm, indi
də deyirəm: Elçibəy hakimiyyətinin
yıxılmasının ən böyük
səbəbkarı Əli Kərimli olub. Bunu hələ
1993-cü ilin fevralında AXC İK sədri
Fərəc Quliyevə də demişdim ki, bu adam
xəyanətkardı, onu
uzaqlaşdırmaq lazımdı. 2000-ci ilin
avqustunda Elçibəy Ankarada
rəhmətə gedəndə aeroportda bütün jurnalistlərə üzümü
tutub demişəm ki,
Elçibəyi aprelin 28-də - Əli
Kərimlinin ad günündə zəhərləyiblər.
- Elman bəy, Məhəmmədəminin yasında sənə ən çox təsəlli verənlər kimlər oldu?
- Oğlum Məhəmmədəminin yasına
çoxları, gözləmədiyim adamlar
gəldi, hətta iqtidardan da
zəng edənlər, gələnlər oldu.
Sülhəddin Əkbər, Hacı Əbdül, Çingiz Dəmiroğlu, Əli Əliyev və
b. gəlmişdi. Ancaq
keçmiş silahdaşlarım və
dostlarımdan İsgəndər Həmidov, Etibar
Məmmədov, Sərdar Cəlaloğlu, Aqil
Abbas, Akif
Aşırlı, Rauf Arifoğlu
və s. gəlmədi. Onlardan
bərk incidim. İsgəndər bəy həbsdən
çıxanda ziyarət etdim,
qardaşı Zakir bəyin yasına getdim. Amma o...
Və ən çox mənə təsir
edən dədəm Elçibəy tərəfdən də gələnlərin
az olmasıdır. Yalnız Almurad bəyin oğlu “40”da gəlib bir az oturub getdi.
Amma mənə ən çox
qürur verən yasda
KXCP-çilərin və müsavatçıların başda Mirmahmud ağa və İsa bəy
olmaqla kütləvi iştirakı oldu. Mirmahmud ağadan çox
razıyam, sona qədər məclisə
ağsaqqallıq etdi...
- Bayraqlarından ən böyüyü, ağırı hansı olub?
- Əvvəl 67 kq idi, sonra ürəyimin xəstəliyi ilə əlaqədar endirdim 47-yə, indi isə 17 kq-dır (həmin bayrağı, göstərir, yoxlayırıq- həqiqətən də dəstəkli-filanlı 17 kq olar). 1999-cu ildə Araz Elsəsin sirkdəki konsertində 87 kq-lıq bayrağı 4 saat saxlamışam...
- Elman bəy, Allah ömür versin, amma hər
şeyin sonu var... Özündən sonra bu bayraqları,
bayraqdarlığı kimə
miras qoymağı düşünürsən?
- Bir çoxlarını
sınaqdan çıxartdım,
alınmadı. Bir nəfər çox iddialı idi, adını çəkmirəm,
ona dedim ki, bayraqdarlığın
9 imtahanı var, onlardan keç, ol bayraqdar. Razılaşdı. Ertəsi gün onu çağırdım
Nəsimi rayon Polis İdarəsinin
qarşısına. Dedim ki, bayraqları
qaldır, nə istəyirsən, qışqır: “istefa” - filan və polislər
gələndə bayrağı qoyub qaçma. O, müxtəlif şüarlarla
qışqırdı, amma polislər gələn
kimi bayrağı atıb qaçdı. Dedim, çıx get, səndən
bayraqdar alınmaz... Bayrağın rənglərinin
mənasını düzgün bilməlisən.
Bayraqla qaçmaq,
bayrağı lap hündürə
qaldırmaq, 10-15 nəfərin mühasirəsində
bayrağı əldən verməmək və s. Məsələn, mən Milli
Qəhrəman Mübariz İbrahimovun
Biləsuvardakı evinə Bakıdan 35 kiloluq
bayraqla piyada getmişəm.
Yaxud bir dəfə
mitinqdə 25 polis töküldü
üstümə bayrağı əlimdən ala
bilmədi... Hələ ki, bu sınaqlardan keçə bilən layiqli namizəd yoxdu...
Sultan Laçın
Həftə
içi.- 2013.- 9-12 noyabr.- S.4.