Tayfun və tornadoların
qarşısını almaq mümkün deyil
Məhərrəm Həsənov: «Hökumətlər tayfunun gücünü nəzərə alaraq ən azından əhalini evakuasiya etməlidir»
Son bir həftədir Filippini, müəyyən mənada Vyetnam və Çini viran edən Hayyan tayfunu dünya ictimaiyyətinin gündəmindən düşmür. Dünən isə BMT rəsmən açıqladı ki, təkcə Filippində 5 minə yaxın insan həlak olub, ölkəyə milyardlarla dollar ziyan dəyib. Maraqlıdır, tayfun nədir və onun yaranması, eləcə də hansı ərazilərdən keçəcəyinə dair əvvəlcədən xəbər tutmaqla insan itkisinin qarşısını almaq olmazmı? Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Məhərrəm Həsənov «Həftə içi»nə müsahibəsində bu təbiət hadisəsinin mahiyyətini açmağa çalışdı.
- Tayfun
və tornadolar yüksək təzyiq fərqi
olan ərazilər arasında
müşahidə edilən əsas atmosfer
hadisələrindədir. Bunların ikisi
də əslində eyni proses
olub tropik qurşaqda yaranır. Sadəcə, Şimali Amerikada bunlara tornado, Asiyada isə tayfun deyirlər.
Özü də bu
hadisələr ən çox tropik tsiklonların yarandığı ərazilərdə
baş verir.
- Tsiklonların yaranma səbəbi və ümumiyyətlə, xarakteristikasını açarsınızmı?
- Tayfunlar konkret olaraq 5 dərəcə şimal
en dairəsi ilə 20 dərəcə şimal en dairəsi
arasında yaranır. Bu hadisənin
yaranmasına səbəb olan tsiklonlar nədir? Mərkəzində alçaq, kənarlarında isə yüksək
təzyiq sahələri yaranır. Bu vaxt isə kənarlardan mərkəzə doğru güclü hava axınları istiqamət alır. Burada ən təhlükəli cəhət budur ki, istər tayfunlarda, istərsə də tornadolarda
külək kənardan mərkəzə axdıqca sürətini
artırır. Onu da deyim ki, şimal
yarımkürəsində tayfunlar saat əqrəbinin əks istiqamətində böyük sürətlə fırlanır.
Həmişə də bu hadisə
zamanı hava axını okeandan
materikə doğru irəliləyir.
Tayfunların bir maraqlı xüsusiyyəti
də ki, hadisə zamanı hava axınları materikə çatınca
sürətini maksimum həddədək
artırır.
- Yeri gəlmişkən, hava axınlarının sürəti nə qədər olur?
- Bəzən tsiklonun mərkəzində küləyin
sürəti saniyədə 60-75 metrə çatır.
Hansı ki, saniyədə 15 metrdən
artıq sürətə malik axınlar çox güclü
külək sayılır. Ölçmələrə əsasən
saniyədə 25 metr əsən külək
çox güclü
fəlakətə səbəb olur. Burada ən pis hal odur ki,
külək axınları kənardan mərkəzə doğru əsdiyindən fırlanaraq hərəkət
edir. Elə buna
görə də qarşısına nə
çıxırsa məhv edir və hətta
çox ağır avtomobilləri və sair havaya qaldırır.
- Tayfuların konkret yaranış ocaqları varmı və axım istiqamətləri həmişə eyni səmtə olurmu?
- Tayfunlar
əsasən Sakit okean
üzərində yaranır və Hind-Çin
yarımadasına, şərqi Asiyaya doğru hərəkət edir.
Eləcə də tornadolar şəklində
Atlantik okeanın şimal
yarımkürəsində yaranır və Şimali
Amerikanın şərq və cənub-şərqini vurur. Ümumiyyətlə, tayfun
və tornadolar okeanlarda
yaranır. Bunun da səbəbi
odur ki, okean səthi quru ilə
müqayisədə gec qızır, materik hissə isə əksinə,
qızır və yaranan kəskin təzyiq
güclü külək
axınını özünə çəkməyə
başlayır. Burada tayfunun
dağıdıcılıq gücünə təsir edən
amillərdən biri də qurunun
relyefidir. Yəni quru
düzənlik ərazi olanda külək geniş sahəyə yayılır və
dağıdıcılıq qüvvəsi artır. Dağ olanda isə
axınların qarşısı kəsilir və hərəkətinə
maneə yaranır. Məsələn, Şimali
Amerikada Kordilyer
dağları okeandan gələn hava axınlarının
qarşısını kəsir və tornadoların materikin mərkəzinə irəliləmisinə
imkan vermir.
- Bir halda ki, bu hadisələr 5-20 dərəcə şimal en dairələri arasında yaranır, o zaman niyə Hind okeanında belə bir hala rast gəlinmir?
- Niyə Hind okeanında da olur. Amma burada
qeyd edilən en dairələrində məsafə
azdır deyə Sakit okeandakı kimi hiss olunmur. Hind okeanında yaranan tayfun quruya məsafə
az olduğundan
sürət toplaya və dağıdıcı
təsir göstərə
bilmir.
- Bu fəlakətlərdən insanları
qorumaq üçün
nə etmək mümkündür?
- Tayfun və tornadolar təbii hadisələr olduğundan
onlara qarşı heç bir tədbir görmək mümkün deyil. Sadəcə,
fırtınalar barədə
əhalini məlumatlandırmaq
və axınların
keçəcəyi ərazilərdən
təxliyyə etmək
lazımdır.
- Maraqlıdır ki, ekvatordan cənubda bu cür fəlakətlərin
baş verməsinə
heç rast gəlinmir. Bunun səbəbi nədir?
- Çünki şimal yarımkürəsində cənubla
müqayisədə quru
ərazilər daha böyükdür. Bu da okeanla quru
arasında təzyiq fərqinin böyük olması deməkdir.
Son tayunlar çox
güclü olduğundan
böyük fəlakət
törətdi. Rəsmi Manilanın
təxminən 2 min insanın
həlak olduğunu deməsinə baxmayaraq, bir sıra mənbələr
10 mindən artıq filippinlinin tayfunun qurbanı olduğunu bildirməkdədir.
- Necə bilirsiniz, qlobal iqlim dəyişikliyinin
bu cür tayfunların baş verməsinə təsiri varmı?
- Ötən əsrin 90-cı illərindən üzü
bəri dünyada tayfunların, tornadoların,
daşqınların və
sair təbiət hadisələrinin sayının
xeyli artdığını
görürük. Konkret dəlil
göstərsək, 90-cı illərlə müqayisədə
tayfunların sayı təxminən 50-100 dəfə
artıb. Bu halda isə təbii ki, cəmiyyətə böyük
iqtisadi ziyanlar dəyir. Yəni tayfunun dağıdıcı
təsiri ilə dövlətlərə dəyən
milyardlarla dollar zərəri
aradan qaldırmaq üçün böyük
vəsaitlər xərclənir.
Hansı
ki, bu qədər
pula iqtisadiyyatın müəyyən
sahələrini inkişaf
etdirmək olardı.
Sualınıza cavab olaraq bildirim ki, bəli,
qlobal iqlim dəyişikliyi nəticəsində
dünyanın müxtəlif
guşələri arasında
temperatur fərqi artır. Çünki temperatur dəyişməsi
təzyiq dəyişməsinə
səbəb olur.
Onlar arasında fərq nə qədər böyük olarsa, tayfun və tornadoların dağıdıcılıq
gücü də artır.
- Ekoloji vəziyyətin kəskinləşməsinin də
tayfunlara təsir var…
- Son 30-40 ilin təcrübəsinə
əsasən deyə bilərik ki, atmosferdə karbonun miqdar kəskin yüksəlib. Bu halda Yer aldığı
istiliyi özündən
uzaqlaşdıra bilmir
ki, bu da
traposferdə temperaturun
yüksəlməsinə səbəb
olur.
- Tayfunların yağışla
və ya yağmursuz olması nə ilə bağlıdır və fərqini necə izah edərdiniz? Məsələn, Amerikada
yaranan tornadolar bir çox halda quru keçir…
- İstənilən tayfun və ya tornado yağmurla müşayiət
olunur. Onların gücü-qüvvəsi
məhz o vaxt çox olur ki, özü ilə leysan gətirir. Yeri gəlmişkən, tayfun və tornadolar okean səthində yarandığından
98 faiz özü ilə rütubət daşıyır. Çox
təsadüf ola bilər ki, bu axınlar
yağmursuz keçsin.
Amma leysanla gələn tayfun və tornadolar zamanı həm hər yer viran qalır,
həm də yerə tökən leysan güclü daşqınlar yaradır və beləliklə, fəlakət baş verən ərazilər iki tərəfdən zərbəyə məruz
qalır.
- Tarixdə daha əvvəllər də belə güclü tayfunlar baş veribmi?
- Tayfunlar gücünə görə 5 qrupa bölünür. Dərəcələrinə görə ən
güclü 5-ci qrupdur.
Məsələn, bir
neçə il əvvəl Meksika körfəzinin şimalında baş verən Katrin tornadosu 5 bal gücündə
qiymətləndirilir. Bu hadisə zamanı tornado Yeni Orlean şəhərinin
təxminən 60 faizi
dağıtmışdı.
- Dediyiniz kimi, tayfun və tornadolar havada burulğan yaradaraq hərəkət edir. Maraqlıdır, həmin burulğanın
radiusunu ölçmək
mümkün olubmu?
- Tayfunun burulğanının
eni təxminən 100 kilometrə çatır.
Bütövlükdə tsiklonlardan söhbət
gedirsə, onların radiusu 1000 kilometrə qədər olur. Dağıntılar isə daha çox burulğanın
50 kilometr radiosunda olur, kənara getdikcə dağıdıcı
qüvvə zəifləyir.
Səbəb də odur ki, mərkəzdən kənara doğru küləyin əsmə sürəti azalır.
- Filippini dağıdan Hayyan tayfununun keçdiyi ərazidən
üzüşimala Kuro
Sivo isti okean cərəyanı hərəkət edir. Sizcə onun təsiri varmı qasırğaların
yaranmasına?
- Okean cərəyanlarının
bu kimi təbiət
hadisələrinə təsiri
yoxdur. Siz deyən cərəyanlar,
sadəcə, okeanda suyun bir istiqamətdən
digər yerə axınıdır ki, burada da axın
sürəti saatda cəmi 3-4 metr təşkil edir. Ona görə də belə ciddi təbiət hadisələrinin
yaranmasında rol oynamır. Buna baxmayaraq,
həmin okean cərəyanlarının əslində
xeyirli tərəfləri
var. Məsələn, tropik
qurşaqlardan isti suyu mülayim enliklərə aparan cərəyanlar həmin regionlarda havanın temperaturunu qaldırır…
- Musson yağışları
da var…
- Musson yağışları
əsasən yay fəslində olur. Yəni quru tez qızır
və bu halda təzyiq aşağı düşür.
Okean isə gec qızdığından,
əksinə, temperatur
aşağı, təzyiq
isə yuxarı olur. Mussonlar Amerikada çox
da diqqət çəkmir, amma Hindistanda, Pakistanda, Hind-Çin yarımadasında,
şərqi Asiyada özünü çox ciddi göstərir. Mussonların güclü olmasında relyefin dağlıq olmasının
mühüm rolu var. Məsələn, Hindistana
il ərzində
daha çox yağış yağır.
Çünki Himalay dağları
hava axınlarının
qarşısını kəsir
deyə kondensasiya prosesi baş verir. Amma Çində dağlar
sahildən çox uzaqdadır. Ona görə də Musson küləkləri şərqi Çin üzərində çox
geniş əraziyə
yayılır və ona görə də təsiri Hindistandakı kimi hiss olunmur. Onu da deyim ki, Mussonların tayfunlarla əlaqəsi yoxdur. Çünki bu təbiət hadisələri şimal yarımkürəsində əsasən
yayda olur və sentyabrda başa çatır…
- Amma tayfunlar istənilən vaxt baş verə bilər…
- Bəli, tayfun və tornadoların ilin bütün fəsillərində yaranması
mümkündür. Amma ən
çox olur keçid fəsillərində
– yazda və payızda.
- Ekvatordan cənubda niyə olmur tayfunlar?
- Burada qurunun suya nisbətini nəzərə almaq lazımdır. Yəni şimal yarımkürəsində
quru 61, su isə 39 faiz təşkil edir. Cənub yarımkürəsində isə
əksinə, suyun həcmi 81, qurunun isə cəmi 19 faizdir.
- Son olaraq soruşmaq istərdim: zəlzələdən
fərqli olaraq tayfunların nə vaxt baş verəcəyini
əvvəlcədən xəbər
vermək mümkündür.
O zaman, sizcə, niyə Filippinə bu qədər zərər dəydi?
- Tayfun və tornadoların yaranması və hansı istiqamətə hərəkət
etməsi, hətta orada küləyin sürəti, məsələn,
Filippinə neçə
saat ərzində çatacağı haqda məlumat verilir. Amma dövlətin həmin xəbərə reaksiyası
çox mühümdür.
Yəni tayfunun qüvvəsini və vuracağı ziyanları
nəzərə alan hökumət ən azındanı canlı itkinin qarşısını almaq
üçün əhalini
daha təhlükəsiz
yerlərə köçürməyə
başlamalıdır. Görünür,
Filippində bu məlumatlara ciddi əhəmiyyət verməyiblər…
Vüsal
Tağıbəyli
Həftə
içi.- 2013.- 16-18 noyabr.- S.4.