Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Bu rayonu
adətən paytaxtın «giriş
qapısı» da adlandırırlar.
Bakıda olmamış hər hansı bir
şəxs paytaxta gələrkən
şəhərimiz haqqında ilk təəssüratlarını
Binəqədi rayonu ərazisindən
keçdikcə formalaşdırmağa başlayır. Ona görə də, Binəqədi rayonu ərazisində görülən işlər
daim hamının, xüsusilə də mətbuatın
diqqətindədir. Təsadüfi deyil ki, araşdırma aparıldıqda son illərdə mətbuat səhifələrində
ən çox adı hallanan
rayonun məhz Binəqədi olduğunu aşkarlayarıq.
Rayonun inzibati ərazisində 6 qəsəbə
- Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən,
Sulu-təpə, 28 May qəsəbələri (Qəsəbə
inzibati ərazi dairələri), 4 mikrorayon ( 6, 7, 8 və 9
mikrorayonlar), Dərnəgül yaşayış sahəsi ərazi
hüdudlarını əhatə edən 1 saylı Sahə
inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayon ərazi
hüdudlarını əhatə edən 2 saylı Sahə
inzibati ərazi dairəsi (SİƏD) mövcuddur.
Rayonun yaranma tarixi, abidələri, istehsal
müəssisələri, sosial və
ictimai-iaşə obyektləri barədə dəfələrlə
yazılıb. Ona görə də, bu dəfə yolumuzu rayon ərazisinin müxtəlif ərazilərinə
salaraq gördüklərimizi yazmağa çalışacağıq.
Müşahidə etdiklərimiz
İlk dayanacağımız 9-cu mikrorayon oldu. El arasında
«9 aşağı» kimi tanınan ərazidə
söhbətləşdiyimiz sakinlər vurğuladılar ki, burada məhəllədaxili
yollar tamamilə asfaltlanıb. Əvvəlki
illərdə mövcud olan
yağış sularının yaratdığı
palçıqlı gölməçələr problemi artıq yoxdur.
Müşahidələrimiz zamanı mikrorayonun
mərkəzinə doğru irəlilədikcə
binaların ətrafı və məhəllə daxili yolların kənarlarında
qızğın abadlıq işlərinin görüldüyünün
şahidi olduq. Sakinlər
görülən işlərlə bağlı rayon rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər. Lakin sözügedən ərazidə
sakinlərin şikayətləri də var.
Onları ən çox narahat
edən məqam qış aylarında binalara
verilən qazın təzyiqinin aşağı olması və
tez-tez fasilələlərin
yaranmasıdır. Digər problem isə
köhnə binalardakı liftlərlə bağlı oldu. Bildirildi ki, mövcud liftlərin istismar müddəti çoxdan
başa çatsa da, onlar hələ də
istifadə olunur. Belə vəziyyət isə
təhlükə yaradır. Sakinlərin şikayətləndiyi
digər bir məqam isə ərazidə
fəaliyyət göstərən poliklinika
ilə bağlıdır. Onlar burada təmir işlərinin
aparılmasını da istədilər. Vətəndaşlarla
söhbətimiz zamanı o da məlum oldu ki, onları ən çox
narazı salan məqamlardan biri Mir Cəlal
küçəsi və Şamaxinka dairəsi
arasında demək olar ki,
hər gün yaşanan
tıxaclardır. Belə vəziyyət nəticəsində
avtomobillərin siqnallarından sürəkli istifadə etməsi
normadan dəfələrlə artıq səs-küyün
yaranmasına səbəb olur ki, bu da
yol kənarındakı binalarda
yaşayan sakinləri ciddi
şəkildə narahat edir.
Bu yaxınlarda rayonun
Sulutəpə və digər qeyri-qanuni
yaşayış evlərinin tikildiyi ərazilərinə
də baş çəkmişdik. Həmin
ərazilərdə məskunlaşan insanları ən çox narahat edən məqam
təbii ki, sənədsiz evlərin sənədləşdirilməsidir.
Sakinlər prosesin uzanmasından narazı
qaldıqlarını bildirdilər. Ancaq indi qeyd olunan
ərazilərdə bir müddət əvvəllə
müqayisədə söküntü
işləri demək olar ki,
aparılmır. Sakinlərin sözlərinə görə,
Dövlət Neft Şirkətinə məxsus
ərazilərdə yeni evlərin tikintisinin qarşısı alınır. Qanunsuz evlərdə məskunlaşmış
vətəndaşlar onların üzləşdikləri
problemlərin rayon rəhbərliyinin təşəbbüsü
ilə tez bir zamanda həllini tapacağına ümidlidirlər.
Növbəti
dayanacağımız isə Şamaxinka
dairəsi ilə avtovağzal kompleksinin yerləşdiyi ərazi oldu. Yol kənarlarında
aparılmış yaşıllaşdırma işləri,
abadlıq-quruculuq tədbirləri göz
oxşayır. Gün ərzində yeni salınmış yaşıllıq
zolaqlarına xüsusi qulluq
tədbirləri də müşahidələrimizdən kənarda
qalmadı.
Biləcəri qəsəbəsinin
sakinlərinin sözlərinə görə, avtovağzal
kompleksinin yaxınlığında metro xəttinin inşasının başa çatmasını böyük
səbrsizliklə gözləyirlər. Belə ki, yeni metro
stansiyasının istifadəyə verilməsi qəsəbə
sakinlərini buradakı «ənənəvi» tıxac problemindən
birdəfəlik xilas edəcək.
İnsanların rahat şəkildə
şəhərin müxtəlif yerlərinə gediş-gəlişini
xeyli asanlaşdıracaq. Mütəxəssislər
yeni metro
stansiyasının inşasının Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı baxımından da mühüm addım hesab
edirlər.
Rayonda gənc nəslin sağlam
ruhda böyüməsi istiqamətində
də önəmli addımlar atılır. Noyabrın 4-də
Bakının Binəqədi rayonunda
"Vətən" sosial futbol məktəbi istifadəyə verilib. Burada olarkən bizə
bildirdilər ki, dünya
şöhrətli "Real Madrid" Fondunun əməkdaşlığı
ilə MDB-də, həmçinin regionda ilk sosial məktəb məhz
Binəqədi rayonunda yaradılıb.
"Vətən" sosial futbol məktəbinə 8-17 yaşlılar, risk altında olan və yoxsulluqdan əziyyət çəkən ailələrin
uşaqları daxil olmaq
imkanına malikdirlər. Məktəbə qəbul
zamanı uşağın təhsil və dərsə davamiyyət
göstəricisi və ailənin sosial statusu (qaçqın və məcburi köçkün) nəzərə
alınır. 2013/2014-cü tədris ilində "Vətən"
sosial futbol məktəbinə
100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə
tutulur. Hazırda 50 oğlan,
20 qız olmaqla 70 nəfər məktəbdə
keçirilən məşqlərdə müntəzəm iştirak edir.
Problemlər operativ həll edilir
Rayon İcra Hakimiyyətinin
saytı da digərləri ilə
müqayisədə çox operativdir. Rayonun rəhbərliyi
tərəfindən görülən bütün
işlər hesabat formasında RİH
saytı vasitəsi ilə operativ şəkildə
əhalinin diqqətinə çatdırılır. Prezident İlham
Əliyevin göstərişi ilə sakinlərin problemlərinin,
müraciətlərinin tez bir zamanda aradan
qaldırılması üçün də
rayon rəhbərliyi tərəfindən müvafiq addımlar atılır. Söhbət
etdiyimiz Biləcəri qəsəbəsinin
sakinləri bildirdilər ki, onların uzun illərdən bəri həllini tapmayan kanalizasiya sisteminin qurulması ilə bağlı əməli
addımlar atılıb. Rayon rəhbərliyi
mütəmadi olaraq qəsəbə
sakinləri ilə görüşlər keçirir
onların problemlərinin yerindəcə həll olunması ilə
bağlı göstərişlərini verir.
Sonuncu belə görüş
2013-cü il oktyabrın 25-də baş tutub. Görüşdə Binəqədi RİH
başçısı Xaləddin İsgəndərovla
yanaşı, başçının müavinləri,
aparatın şöbə müdirləri, məsul
işçiləri, hüquq mühafizə
orqanlarının, dövlət idarə, müəssisə və
təşkilatlarının, xidmət sahələrinin rəhbərləri
və 169 nəfər Biləcəri qəsəbə sakinləri
iştirak edib. Bu görüşlər intensiv
şəkildə rayonun müxtəlif ərazilərində
də təşkil olunub.
Vətəndaşların
müraciətlərinin operativ şəkildə
həlli istiqamətində də mühüm
işlər görülür. Bunu açıqlanan statistikada
da görmək mümkündür.
RİH-dən aldığımız məlumata
əsasən 2013-cü ilin oktyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin
sayı 1933, birbaşa
cavablandırılmış zənglərin sayı 1409,
yaradılmış əks əlaqələrin sayı 662, tərtib
edilmiş şikayət vərəqələrinin
sayı 357 olub. Bundan əlavə xidmət
səviyyəsi 80 %, icraçılıq səviyyəsi 93,3 %
təşkil edib. 2013-cü ilin sentyabr ayı ərzində
Binəqədi Rayon İcra
Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə
(1646) daxil olmuş zənglərin
sayı – 2021, birbaşa
cavablandırılmış zənglərin sayı – 1901,
yaradılmış əks əlaqələrin sayı –
2353, tərtib edilmiş sual
vərəqələrinin sayı – 0, tərtib edilmiş şikayət vərəqələrinin
sayı – 328 olub. Bundan
əlavə icraçılıq səviyyəsi – 83,5 % olub.
9 ayda görülən işlər
2013-cü ilin ilk 9 ayında rayon ərazisinin sosial-iqtisadi
inkişafı istiqamətində bir
sıra mühüm işlər görülüb. Hesabat dövrü ərzində rayonda
sənaye sahəsində 124 milyon 655 min manatlıq və ya
keçən ilin müvafiq
dövründən 2,9% çox sənaye
məhsulu istehsal edilib
və xidmətlər göstərilib.
9 ay
ərzində sənaye müəssisələrində 5751 nəfər
işləyib ki, bu da keçən ilin müvafiq dövründən 3,5 % çoxdur. Sənaye müəssisələrində
orta aylıq əmək haqqı 500,3 manat olub ki,
bu da əvvəlki ilin müvafiq
dövründən 5,2% artıqdır.
2013-cü
ilin yanvar-sentyabr
aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin
inkişafı üçün maliyyə
mənbələrindən əsas kapitala
97 milyon 786 min manat məbləğində investisiya
yönəldilib ki, onlardan
64 milyon 26 min
manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Hesabat
dövründə istehlak bazarı dinamik tendensiya ilə inkişaf edərək pərakəndə
ticarət şəbəkəsindən rayon
əhalisinə 726 milyon 816 min manatlıq istehlak
malları satılıb. 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə,
pərakəndə əmtəə dövriyyəsinin həcmi
0,6% artıb. İstehlak mallarının
17%-i hüquqi şəxslərin, 56,7%-i hüquqi şəxs yaratmadan
sahibkarlıqla məşğul olan fiziki şəxslərin ticarət şəbəkələrində,
26,1-i kənd təsərrüfatı məhsulları
bazarında satılıb.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43574 nəfər olub,
əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə
18,1% artıb. Dövlət sektorunda
işçilərin orta aylıq sayı
keçən ilin müvafiq
dövrü ilə müqayisədə 7,2%
artaraq 17874 nəfər olub,
qeyri-dövlət sektorunda isə
çalışanların sayı 28,2% artaraq
25700 nəfər təşkil edib.
2013-cü il sentyabrın 1-i tarixinə olan məlumata əsasən, Binəqədi
rayonunda 3875 yeni iş yeri
açılıb ki, bunun
da hamısı daimi iş yerləridir.
Hesabat dövründə işlə təmin olunmaq
məqsədilə 1377 nəfər vətəndaş
müraciət edib ki,
onlardan da 939 nəfəri
işaxtaran kimi qeydiyyata alınıb, bunlardan
304 nəfəri qadın olmaqla, 492 nəfər
müxtəlif sahələrdə daimi
işlə təmin edilib və
108 nəfər isə müxtəlif peşə kurslarına
cəlb olunub. İşsizlik
müavinəti başa çatmış
6 nəfər, müavinət aldığı müddət ərzində
isə 3 nəfər Məşğulluq Mərkəzinin
göndərişi ilə işlə təmin olunub.
92013-cü ilin 9 ayı ərzində
rayonun qəsəbələrarası
və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə,
yaşayış binalarının fasad və
dam örtüklərində, park və meydanlarda, həmçinin
digər infrastruktur sahələrində
abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir
işləri həyata keçirilib.
Carı
ilin 9 ayında rayonun
müxtəlif ünvanlarından sakinlərin müraciətləri
nəzərə alınaraq 5 yeni
xeyir-şər evi tikilib,
1 xeyir-şər evi əsaslı təmir
edilib, 6 xeyir-şər evi
isə müvafiq avadanlıqlarla tam təmin olunub və bu tip evlərin tikintisi və ya təmir-bərpa işlərinin davam
etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisində yeni
yaşıllıq ərazilərinin salınması istiqamətində
ümumilikdə 73828 m2 çəmən (qazon)
salınıb, 94125 ədəd müxtəlif növ
gül-çiçək, dekorativ kollar və 6656 ədəd müxtəlif
növdə ağaclar əkilib.
Həmçinin
ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə
uzunluğu 19733 m olan 118400 m2 sahəyə asfalt
örtüyü çəkilib.
Azad Əliyev
Binəqədi rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Həftə
içi.- 2013.- 20 noyabr.- S.7.