Səssiz ölüm
Başdaşını ölümündən əvvəl hazırlatdıran Ədalət Əsgəroğlu ilə vida mərasimi sadə və sakit oldu
Şair Ədalət Əsgəroğlu Xırdalan qəbiristanlığında torpağa tapşırıldı. Azərbaycanın müasir ədəbi mühiti özünün daha bir nümayəndəsini itirdi. Tanınmış şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun sentyabrın 30-da axşam saatlarında qəfil ölümü çoxlarını sarsıtdı. Zəmanənin haqsızlığı ilə barışmayan Ədalət Əsgəroğlu həmişə olduğu kimi görünməyə çalışardı. Nadana baş əyməzdi, qanmayanı sözlə qandırardı, hərdən yeri gələndə zalıma yumruq göstərərdi Ədalət Əsgəroğlu. Həyatda çox mübariz və qorxmaz idi. Amma əcəl ona həyatla mübarizəsini davam etdirməyə imkan vermədi...
Dünən
"Təzə bəy" hamamının
yaxınlığında, yaşadığı binanın
qabağında saat 14:00-da Ədalət
Əsgəroğlunun cənazəsi götürüldü.
Onun tabutu önünə,
şairlə vida mərasiminə xeyli insan
toplaşmışdı. Ədalət Əsgəroğlunu
sevənlərin əksəriyyəti orada
idi. Hamıdan halallıq alırdı və hamıya da halallıq verirdi onun ruhu. Şairin
vida mərasimində Azərbaycan
Yazıçılar Birliyinin katibləri
- Xalq şairi Fikrət
Qoca, Arif
Əmrahoğlu, Rəşad Məcid, "Ədəbiyyat"
qəzetinin baş redaktoru,
şair-publisist Ayaz Vəfalı
və digər tanınmış şair
və yazıçılar, yazar və
ziyalılar iştirak edirdilər. Gələn
qonaqlar mərhumun ailə üzvlərinə
başsağlığı verirdilər.
Xalq şairi Fikrət Qoca Ədalət Əsgəroğlu
haqqında öz təəssüratlarını
bölüşdürərək dedi ki, Yazıçılar Birliyinin
ən ağır və çətin işini
məhz Ədalət görüb: "Biz bu işi
bacarmırdıq. Amma Ədalət Əsgəroğlu
çətin işlərdə sinəsini qabağa
verirdi. Bununla da bir daha
sübut etdi ki, hər kəs haqqa
sarınmalı, halal
yaşamalıdır. Bəlkə də dərmandan çox xoş söz onun səhhətinə
kömək edirdi və ömrünü
uzadardı. Alovlu şair
idi, yaxşı şair
idi...".
Tanınmış şair Vahid Əziz isə
deyir ki, AYB-lə
bağlı kimin nə iradı varsa, ilk növbədə
Ədalət Əsgəroğlunu axtarırdı: "Heç olmasa
indi yerli-yersiz, kiminsə
yalmanmaq xətrinə, kiminsə
yanında xal qazanmaq xətrinə
öz keyfiyyətsizliyinin heyfini
onun gözəl şeirlərindən
çıxmaq xətrinə və bu kimi ləyaqətsiz və şərəfsiz qüsurlarla Ədalət Əsgəroğlunun
adını hallandıranlar papaqlarını qabaqlarına qoyub düşünsünlər. Anlasınlar
ki, dünya beş günlükdür,
adam kimi yaşayaq. Ölüm
haqdır, amma haqsızlıqlar ölümün gəlişini sürətləndirir.
Necə ki, Ədalət Əsgəroğlunun
ölümünü sürətləndirdi".
Ədəbiyyatşünas-tənqidçi
Əsəd Cahangir isə mərhum şairi 80-ci illər nəslinin
sayılıb-seçilən nümunələrdən biri kimi dəyərləndirirdi:
"Şair var ki, sözü
özündən ağırdır. Şair
var ki, özü
sözündən ağırdır. Amma Ədalət
Əsgəroğlu sözü
özünə və özü
sözünə tən adamdır. O, gənclik illərində
daha çox romantik, duyğusal, nikbin ovqatlı şeirlər yazıb. 90-cı
illərdən sonra yazdığı
şeirlərində isə tale, zaman və şikayət, qəm-kədər
motivləri üstünlük təşkil
edir. Bu onun şəxsi və milli
həyatındakı problemlərdən doğur.
Onun "Arılar gülü
saçdı", "Xocam
Xocalı", "Dərdimizin qan rəngi"
soydan poemaları son
illərdə yeni çıxan poema janrının yadda qalan nümunələridir".
Yazıçı-piblisist,
"Kredo" qəzetinin baş
redaktoru Əlirza Xələfli Ədalət
Əsgəroğlunun hazırlıqlı bir
ziyalı olduğunu söylədi. Onun sözlərinə
görə, Azərbaycan ədəbiyyatındakı mənəvi
meyilləri, istiqamətləri yaxşı bilərdi:
"Ən müxtəlif ədəbi cərəyanlara şahid olan sənətkarları
başa düşür
və onların hər biri ilə
ayrılıqda yaxın əlaqə yarada
bilərdi. Onun ruhunu,
mənəvi aləmini xarakterizə edə biləcək əsas
amil poeziyasının təsəvvür ənənələri
ilə bağlı olmasıdır. O, öz
ədəbi fəaliyyətini Yunis İmrə,
Qurbani, Azərbaycan xalq
yaradıcılığının ənənələrini
özünə xas olan
ruhda və istiqamətdə davam etdirərdi. Mən Ədalət
yaradıcılığının araşdırma istiqamətində
bir sıra məqalələr
yazmışam. Onun qoşma
və gəraylıları misra-misra, söz-söz dil
açıb danışırdı. Çünki
o, qədimdən gələn formaya yeni məzmun və ruh verə bilirdi. Onun şeirlərində bu
gün insanların ruhu
canlı və diri idi.
Bir çox hallarda onun poeziyası Yunis İmrə, Qurbani,
Aşıq Abbas Tufarqanlı, ən
başlıcası Xətai şeirinin
davamı idi".
Şair Dayandur Sevgin də mərhum Ədalət Əsgəroğlu
haqqında xoş xatirələrini bölüşdü. Onun
sözlərinə görə, Ədalət Əsgəroğlu
onun ölümündən bir neçə saat əvvəl
bir yerdə olublar:
"Sentyabrın 30-da saat 16:00-dək
birlikdə idik. Bir yerdə
nahar etmişik. Təxminən
16:30-da ayrılmışıq, 17:30-da qızı mənə
zəng edib dedi ki, atam rəhmətə gedib...".
Dayandur Sevgi beyin
insultundan dünyasını dəyişən
şairin bir neçə
gün əvvəl bərk əsəbi olduğunu da söylədi:
"Onun təqaüdlə bağlı bir nəfərlə bərk mübahisəsi düşmüşdü. Bizim
otaqlarımız bir-birinə yaxın olduğundan
içəridəki səsi aydın eşidirdim.
Otağımdan Ədalət müəllimin səsini eşitdim. Kiməsə əsəbi şəkildə
izah edirdi ki, şəkər xəstəsi olduğu üçün
onu narahat etməsinlər.
Hətta başdaşının hazır olduğunu,
özünə məzar yeri seçdiyini də deyirdi".
Xatırladaq ki, mərhum şairin cənazəsi
dünən yaşadığı evin həyətində
təşkil olunmuş vidalaşma
mərasimindən sonra Xırdalan qəbiristanlığında
torpağa tapşırıldı. Allah rəhmət eləsin!
Qələndər Xaçınçaylı
Həftə içi.- 2013.- 2 oktyabr.- S.7.