Koroğlu qalası“nda sirli möcüzə 

 

Tarixi romanlar müəllifi Cəlaləddin Qasımov: "Dağda olanda bir neçə dəfə şəkil çəkdim, onların hamısı nəyə görəsə yanmışdı"

 

Bu yaxınlarda Tovuz rayonunda xəzinə aşkar edilib. Rayon mərkəzindən 35 kilometr aralıda yerləşən Baqqallı Qalaboynu ərazisində "Koroğlu qalası" adlanan yüksəklikdə tapılan xəzinənin ətrafı artıq xüsusi mühafizə olunur. Burada araşdırmalara başlandığından kənd sakinlərinin əraziyə giriş-çıxış tamamilə dayandırılıb. 1800 metr yüksəklikdə yerləşən qalada qızıl olması haqqında söz-söhbətlər çoxdan yayılsa da, indiyədək buna əhəmiyyət verməyiblər.

 

"Koroğlu qalası"ndakı tapıntı barədə ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixi romanlar müəllifi Cəlaləddin Qasımov məlumat verib. Belə ki, o, sentyabrın 20-də "Şərq" qəzetində dərc olunmuş "İlahi varlıq" adlı məqaləsində Tovuzun Baqqallı kəndində qədim tariximizi özündə əks etdirən mağaraya rast gəldiyini yazıb: "Baqqallıda gözümə bir əzəmətli dağ sataşdı. Sanki içimdən bir səs məni o dağa tərəf çəkib apardı. Dağın zirvəsinə qalxmağa başlamışdım ki, daş parçalarından oyulmuş qapıya rast gəldim. Qapının ağzı hörüklə tikilərək bağlanmışdı. Mən orada başqa qapılara da rast gəldim. Düşündüm ki, görünür dağın içərisində mağaralar olub, sonradan bu mağaraların ağzı bağlanıb. Mən dağa qalxdıqca digər qədim tikililərə də rast gəldim. O dağ qədim tariximizin izlərini özündə yaşadırdı. Dağın zirvəsində isə ən möhkəm qayaların arasında hündürlüyü 6 metrdən artıq olan 3 quyu var idi. Dördüncü quyu isə başqa tərəfdə yerləşirdi və dibi görünmürdü. Bu dağın möcüzəvi quruluşu sanki məni sehrlədiyindən növbəti gün səhərdən-axşama qədər dağın ətrafında dolaşdım, dağın üstündəki qədim tikililərə nəzər yetirdim. Mən orada bir neçə şəkil çəkdirdim. Özlüyümdə qərar verdim ki, bu dağda hiss etdiyim qeyri-adiliyi sonadək öyrənməyə çalışacağam. Gərək olsa, bu işə tarixçiləri və digər mütəxəssisləri də cəlb edəcəyəm..."

 

Cəlaləddin Qasımovla müsahibəmizdə " Koroğlu qala"sının elmə bəlli olmayan sirrinə aydınlıq gətirməyə çalışmışıq:

- Məqalədə yazırsınız ki, "Koroğlu qala"sının arxasından içəriyə doğru 3 gizli qapı, içəridə saraylar, mağaralar var. Deyirsiz ki, bu qalanın çox sirri varonu araşdırmağı təklif etmisiz. Siz o qalada sirri nədə görürsüz?

- Sirri onda görürəm ki, həmin qalanın üstündə 20-yə yaxın insan, mələk, şeytan şəkli var. O şəkili kənd sakinləri kənddə yaşamalarına baxmayaraq, mənim yazıma qədər hələ görməmişdilər. Bəlkə də maraqlanmayıblar. Mənim məqaləmdən sonra hamıda o dağa bir maraq oyandı.

- Sizin xəzinəni əldə etmək fikriniz olubmu?

- Xeyr! Mən həmin dağın gücünə bələdəm. Çox böyük ehtimalla o xəzinə yadelli işğalçlardan qorunmaq üçün saxlanılıb. Mən elə fikirləşirəm ki, bu xəzinəyə girmək ağılsızlıq olardı və sonda xoşagəlməz bir fəlakət baş verə bilərdi. Mən dağda olanda bir neçə dəfə şəkil çəkdim, onların hamısı nəyə görəsə yanmışdı. Sonra aradan bir müddət keçəndən sonra yenidən Tovuza qayıdıb həmin dağa üz tutdum. Bu dəfə də dağın şəklini çəkmək istəyəndə qəfildən dağda qatı bir duman əmələ gəldi. Bir anlığa şəkilə bənzəyən həmin duman gəlib dağın qarşısında dayandı. Mən onda dağın güclü bir sirrə malik olduğunu hiss etdim, sanki möcüzə baş verirdi. Dağın müqəddəsliyinə inanaraq ondan şəklini çəkmək üçün icazə istədim. İnanın ki, bu nağıl deyil, həqiqətdir. İcazə istəyəndən sonra duman elə bil bir anlığa yoxa çıxdı. Bundan sonra dağın şəklini çəkdim. Bu da bir möcüzə idi.

- Buna qədər "Koroğlu qalası" haqqında hansısa bir araşdırmanız olub?

- Kifayət qədər məlumatım var. Apardığım araşdırma nəticəsində öyrəndim ki, Alban şahı Cavanşirindağ oğuzlarının qızıl yatağı olub. Alban tarixçisi Qanzaki, Musa Kalankatibu dağda yaşayan albanlar türkdilli obdullar olub. Cavanşirin ölümündən sonra bu xəzinə sasanilər dövlətinin əlinə keçib. Sasanilər dövləti qızıl mədənini daha da genişləndirərək dağın altında tunellər qazaraq xəzinəni gizlətmişlər. Ərəb xilafətinin Azərbaycana yürüşü zamanı yadelli işğalçılardan qorumaq üçün xəzinəni həmin dağda gizlətmişdilər. Bu dağın tarixi haqqında "Çingiz xanın xəzinəsi" adlı kitabımda açıqlama vermişəm. Həmin kitab indi çap mərhələsindədir. Hazırda mən özümbir tarixçi kimi 3 ildir ki, bu dağda araşdırma aparıram. Dövlətimiz bu sirli dağ haqqında xəbər tutandan sonra Fövqəladə Hallar Nazirliyi həmin ərazini öz nəzarətinə alıb. Yaxın zamanlarda həmin ərazidə arxeoloji qazıntılar aparılacaq. Tarix davam edir, amma o hansı tərəfə gedir, hələ heç kəs bilmir. Çünki gələcək hadisələrin planı gözə görünməz. Odur ki, tariximizə biganə qalmamalıyıq.

 

Mətanət İmamquluyeva

 

Həftə içi.- 2013.- 10 oktyabr.- S.7.