“Qala“
qoruğunda bufer zona yaradılacaq
Buradakı abidələrdə kino, foto və videoçəkilişlərin aparılması üçün icazə alınmalıdır
Nazirlər Kabineti "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə"ni təsdiq edib. Bununla da "Bakı Şəhərinin Qala qəsəbəsi Dövlət tarix-etnoqrafiya qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 22 dekabr tarixli 457 nömrəli qərarı ləğv edilib.
"Həftə
içi"nin məlumatına
görə, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında
Əsasnamə"yə əsasən, Qoruğun
tarix-memarlıq görkəminin, ərazisində yerləşən
abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin
etmək, habelə Qoruğun ətrafında formalaşmış
təbii landşaftı mənfi vizual təsirlərdən
qorumaq məqsədi ilə Nazirlər Kabineti tərəfindən Qoruğun
mühafizə (bufer) zonası
yaradılacaq. Qoruğun sərhədləri
Nazirlər Kabineti tərəfindən
müəyyənləşdiriləcək. Qoruq
Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi tərəfindən
idarə ediləcək. Qoruğun ərazisində
yerləşən abidələr və dövlət
mülkiyyətində olan tikililər
İdarənin balansındadır. Abidələrin texniki inventar sənədləri
İdarədə saxlanılır. Qoruğun
hüdudları daxilində yerləşən torpaq
sahəsi və üzərindəki tikililər yeraltı mədəni
təbəqələrlə birlikdə bu
Əsasnamə ilə tənzimlənən xüsusi
rejimli sahə hesab olunur. Qoruq ərazisində həyata keçirilən işlər
Qala qəsəbəsinin baş
planına, Qoruğun statusuna,
onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq
görkəminə, planlaşma strukturuna uyğun
olmalı və təşəkkül tapmış həcm-məkan
ölçülərini pozmamalıdır. Qoruğun ərazisi
tarix və mədəniyyət abidələrinin
qorunması və istifadəsi, elmi tədqiqat,
təlim-tərbiyə, turizm, istirahət
(rekreasiya), habelə ənənəvi sənətkarlıq
və sair məşğuliyyət
növlərinin nümayiş və inkişaf etdirilməsi məqsədləri üçün istifadə ediləcək.
Qoruq ərazisində abidələrin
siyahıya və dövlət qeydiyyatına alınması,
onların pasportlaşdırılması İdarə tərəfindən
həyata keçirilir.
Əsasnamədə
deyilir ki, fiziki və hüquqi şəxslər
Qoruq ərazisində onun
tarixi, mədəni, elmi,
estetik, rekreasiya dəyərinə
xələl gətirə bilən, abidələrə və təbii
landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul
ola bilməzlər. İdarənin müsbət rəyi olmadan Qoruq ərazisində torpaq,
söküntü, tikinti-quraşdırma,
yenidənqurma, abadlıq və təmir işləri
aparıla bilməz. Qoruq ərazisində
abidələr üçün təhlükə
yarada biləcək hər hansı işlər
İdarənin qərarı ilə qabaqlayıcı tədbirlər
görülməklə həyata keçirilə bilər. Həyata
keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan
subyektin vəsaiti hesabına maliyyələşdirilir.
Qoruq ərazisinin şəhərsalma və
təsərrüfat fəaliyyəti üçün
istifadəsi məhdudlaşdırılır. İdarənin
razılığı olmadan Qoruq ərazisində qeyd olunan fəaliyyət növləri ilə məşğul
olmaq qadağandır. Qoruq
ərazisində fiziki və hüquqi şəxslərə yeni torpaq sahələri
ayrılmır. Qoruq ərazisində yerləşən
qədim qəbiristanlıqda dəfnlərin aparılmasına
yol verilmir. Xarici dövlətlərin
diplomatik və beynəlxalq təşkilatlarının
nümayəndəliklərinin, habelə öz
fəaliyyət istiqamətlərinə görə Qoruğun məqsədlərinə uyğun gəlməyən müəssisə,
idarə və təşkilatların Qoruq
ərazisində yerləşdirilməsi İdarənin
razılığı əsasında həyata keçirilir.
Bakı şəhərinin
Qala qəsəbəsində yerləşən
Qoruq ərazisi ənənəvi kənd həyətləri
şəbəkəsinə malik 4 tarixi yaşayış məhəlləsindən
ibarətdir. Abidələrin tarix-memarlıq görkəminin dəyişdirilməsi,
uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat,
təsərrüfat və digər işlərin
aparılması qadağandır. Qoruq ərazisində
dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə,
bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya,
abadlıq və digər işlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyi
nəzərə alınmaqla, İdarənin qərarı əsasında
dövlət və yerli büdcələrin
vəsaiti hesabına aparılır.
Qoruq ərazisində inşaat
və digər təsərrüfat işləri həyata
keçirilərkən abidə aşkar
edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə İdarəyə və AMEA-ya məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat
işləri AMEA-nın və mütəxəssislərin rəyi
əsasında İdarənin icazəsi ilə davam
etdirilə bilər. İnşaat və
digər təsərrüfat işləri tarixi
və arxeoloji əhəmiyyət kəsb
edən zonada aparılarsa, həmin ərazi əvvəlcədən mütəxəssislər
tərəfindən nəzərdən keçirilir
və abidələrin ilkin tədqiqi təmin
edilir. İdarə həmin işlər
aparılan yerdə öz nümayəndəsinin
və mütəxəssisinin iştirakını təmin edir. Qoruq ərazisində magistral mühəndis
kommunikasiyalarının çəkilişi və digər inşaat işləri zamanı, hektardan çox ərazini
əhatə edən sahələrdə inşaat
işləri aparılarkən, texniki-iqtisadi
əsaslandırma mərhələsində bu
işləri həyata keçirən təşkilat tərəfindən
görüləcək işlər barədə İdarəyə
və AMEA-ya müraciət edilməli və
abidələrin ilkin axtarış işlərinin
aparılması üçün vəsait
ayrılmalıdır. Həmin zonada arxeoloji abidə aşkar olunarsa, İdarənin icazəsi olmadan və lazımi elmi
tədbirlər görülmədən inşaat
və təsərrüfat işlərinin aparılmasına yol verilmir.
Sənəddə qeyd olunur ki,
Qoruğun ərazisində yerləşən
abidələrdən İdarənin razılığı ilə
elmi, mədəni, dini,
turizm, xidmət, yaşayış və təsərrüfat
məqsədləri üçün
istifadə edilə bilər. Abidələrdən istifadə
onların qorunub saxlanılmasına zərər
vurmamalı və tarixi-bədii dəyərinə xələl
gətirməməlidir. Qoruq ərazisi və
burada yerləşən abidələr hərbi
məqsədlər üçün
istifadə edilə bilməz. Müstəsna hallarda, qoruq ərazisinin və
burada yerləşən yerli
əhəmiyyətli memarlıq abidələrinin hərbi hissələrin
təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilməsi
AMEA-nın rəyi nəzərə alınmaqla, İdarənin
razılığı ilə həyata keçirilir.
Burada yerləşən abidələrdə
kino, foto və video çəkilişlərinin
aparılması üçün İdarədən
icazə alınmalıdır. Qoruq ərazisində
və Qoruğa daxil olan abidələrin üzərində reklam və digər informasiya
xarakterli lövhələr İdarə tərəfindən
verilmiş icazə sənədlərinə
əsasən yerləşdirilir.
Həftə içi.- 2013.- 11 oktyabr.- S.8.