“Atamın ruhu məni xilas etdi...“
Daha bir seçki marafonu arxada qaldı. Seçkilər siyasilərin,
eləcə də bu sahədə yazan jurnalistlərin həqiqi
mənada nəfəsini kəsən bir kampaniyadı. İndi
bir az nəfəs almaq olar...
Çalışdığın peşə, sahə nə qədər
sevimli olsa da, bəzən yeknəsəqlik insanı yorur,
bezdirir, qısa da olsa, bir fasiləyə ehtiyac duyulur. İş həm də adamı maddi dünyaya
çox bağlayır. Adam heç olmasa, hərdən
mənəvi dəyərləri xatırlamalı, Yaradan və
yaradılışın qayəsi barədə
düşünməli, insanlara, ailə üzvlərinə
münasibətini götür-qoy etməlidir...
Düşündük ki, hərdənbir özümüzə
də, siyasət, təhsil, mədəniyyət və s. sahəsindəki
müsahiblərimizə də gündəlik qayğılardan
uzaqlaşıb, bir "antrakt" etməyə şərait
yaratmağın yeri var... Elə adını "Antrakt"
da qoyduğumuz yeni rubrikamızın ilk qonağı -
paytaxtımızın sabiq prokuroru, hüquq müdafiəçisi,
millət vəkili Çingiz Qənizadə siyasi, hüquqi fəaliyyətdə
qısa bir tənəffüs etməyə məmnuniyyətlə
razı oldu...
-
Çingiz bəy, deyirlər, Lev Tolstoyun yaş
yarımlığı yadında imiş. Sizin dünyaya gəlişinizin
neçənci ili yadınızda
qalıb?
- Uşaqlıq illərimi, hardasa, 5-6
yaşından bəri xatırlayıram. İlk məktəb
illəri daha çox yadımdadı...
- Yəqin
o illərdən şirin xatirələriniz var?..
- III sinifdə oxuyanda, 1967-ci ildə atam Rusiyadan
"Pobeda" markalı avtomobil almışdı. O vaxt hər
rayonda, demək olar ki, 5-6 avtomobil var idi. O "Pobeda"nın həyətimizə gətirilməsi,
bizim onu sevinclə yuyub-təmizləməyimiz...
Digər xatirə bir az qəmgin
notdadır... İki inəyimiz var idi. Atam birini satmışdı. Bir
neçə gündən sonra inəyimiz yeni sahibinin həyətindən
çıxıb öz "yaddaşı" ilə
qapımıza qayıtmışdı. Atam onu yenidən
geri qaytaranda kövrəlib ağladım...
- Məktəbdə
özünüzü necə aparırdınız? Deyəsən, nadinc olmusuz?
- Məktəbdə iki cəhətdən
fərqlənmişəm. Ən yaxşı oxuyan şagirdlərdən
biri mən olmuşam, biri də o vaxt sinif yoldaşım olan
indiki həyat yoldaşım... O, məndən də
güclü əlaçı idi, çünki riyaziyyatı
da gözəl bilirdi, amma mən dəqiq elmlərdə bir
balaca "axsayırdım". Və
maraqlıdır ki, eyni zamanda, nadincliyimə görə
seçilirdim. İpə-sapa
yatmırdım, davakar idim. Amma zəifləri
döymürdüm, həmişə
çalışırdım ki, zəif tərəfi
müdafiə edim. Bir növ
tay-tuşlarım arasında haqq-ədaləti qoruyan arbitr
rolunu oynayırdım. Və bəzən də sözə
baxmayanları döyürdüm... Valideynlərimə
şikayət yalnız bu cür nadincliklərimlə
bağlı olub. Mən də bunu əla
oxumağımla kompensasiya edirdim.
-
Heç dərsdən qaçırdız?
- Nə gizlədim, bu da olurdu. Pəncərədən
də qaçırdıq, xoşumuz gəlməyən dərslərə
də girmirdik. Ancaq o vaxt müəllimlərin
belə şeylərə görə bizi döyməsi adi hal
idi. İndiki kimi hamı müəllimi hədəfə
almırdı. Əksinə, valideynlər biləndə
müəllimə deyirdi ki, əcəb eləmisən...
- Ailə
həyatı qurarkən seçimi özünüz etdiniz,
yoxsa valideynlərin də məsləhəti oldu?
- Düzü, rəhmətlik qayınatam nə isə
atamdan tam razı deyildi, onun da atamı qane etməyən
müəyyən cəhətləri var idi. Biz
rayonda, demək olar ki, qonşu idik. Keçmişdə
aralarında nəsə inciklik olmuşdu. Hansında səhv
daha çox olduğunu deyə bilmərəm; hər ikisi rəhmətə
gedib... Amma mən əsgərlikdən qayıdandan sonra məsələ
yenidən gündəmə gələndə atalarımız
güzəştə gedib bu izdivaca razılıq vermişdilər...
- Ailənizdə
"koalisyon hökumət"di, yoxsa "təkhakimiyyətli
diktatura"?
- Xarakterim elədir ki, istər hökumətdə, istərsə
də ailədə koalisiyada heç cür
çalışa bilmərəm. Ailə də
kiçik bir dövlətdir və son qərarı verən
bir nəfər olmalıdır. Bəzən
mənə deyirlər ki, sən hüquq müdafiəçisi
deyilsən, diktatorsan. Deyirəm ki, yox, əgər qərarın
düzgün və ədalətlidirsə, onda diktə etmək
lazımdır...
Elə məsələlər var ki,
oğlumla, hətta qızımla da məsləhətləşirəm. Xanımımla isə çox vaxt məsləhətləşmişəm.
Keçmişdə - təqib, təzyiq altında olduğum,
həbsdə qaldığım çətin günlərdə
də, indi də... Amma son qərarı həmişə
özüm verirəm. Və qərar veriləndən
sonra artıq ikinci suala, yaxud müraciətə yer olmur.
Hesab edirəm ki, ailədə belə də olmalı, yəni
kişinin üstünlüyü hiss edilməlidir...
-
Heç olubmu ki, hirslənəndə övladlarınıza əl
qaldırasız?
- Qohum-əqrəba deyir ki, Çingiz hər hansı
bir uşağı bir neçə dəqiqəyə
asanlıqla ram edir. Uşaqlara çox böyük məhəbbətim
var. Övladlarımdan razıyam, məni incitməyiblər, hər
ikisi yaxşı oxuyublar, ali təhsil
alıblar... Amma mən də emosionallıq
çoxdur. Birdən nəyəsə hirslənib
uşağı danlaya, hətta bir şapalaq vura bilərəm.
Beş dəqiqə sonra təəssüf hissi keçirirəm...
-
Uşaqlar ailə həyatı qurublar, eləmi?
- Bəli. Oğlumun 31 yaşı
olmasına baxmayaraq, artıq üç övladı var.
2007-ci ildə ailə qurub. İlk
övladları da əkiz oldu. Onların da
adını klassiklərimizin şərəfinə Cavid və
Müşfiq qoyduq. Sonra da bir qızı
dünyaya gəldi. Qızımın da bir övladı
var. Oğlum Elgiz ali məktəbi bitirdikdən
sonra yüksək balla imtahan verib Bakı Şəhər
Prokurorluğunda işə qəbul edildi. Hazırda
polisə nəzarət idarəsinin prokurorudur.
- Vəzifəyə
keçəndən sonra Elgizin sizə, anasına münasibətində
dəyişiklik olmayıb ki?
- Yox, yox... Həmişə
övladlarıma təlqin edirəm ki, sadəliyinizi qoruyub
saxlayın. Nə qədər sadə
olsan, haqqında o qədər yüksək fikir formalaşar.
İnsanlara hörmətlə, diqqətlə, ədalətlə
yanaşsan, zaman gələr, bəhrəsini görərsən.
Öz təcrübəmdə bunu yaşamışam...
- Öz
aramızdı, uşaqlıq davakarlığınız, deyəsən,
indi də qalıb? Bir dəfə xəbər
çıxdı ki, Çingiz Qənizadə Binəqədi
su idarəsinin rəisini döyüb...
- Əslində, o elə
döyülməliydi, amma döyməmişəm. Evimizin yaxınlığında su xəttinin təmiri
zamanı yolu plansız şəkildə qazmışdılar
və avtomobil keçməyə yer yox idi. Camaat da yığışıb tələb edirdi
ki, bu problem aradan qaldırılsın. Elə ev paltarında həyətə
düşüb maraqlandım ki, bu işçilərin rəhbəri
kimdir, cavab verən olmadı. Bir neçə dəfə təkrar
soruşduqdan sonra nəhayət, həmin adam
cavab verdi ki, sənə nə lazımdı, get, işinlə
məşğul ol. Ona ciddi iradımı
bildirdim. Və məlum oldu ki, məndən
əvvəl də vətəndaşlara qarşı
özünü çox təkəbbürlü aparıb, ədəbsiz
cavablar verib. Məcbur olub polisə zəng
etdim. Gəlib həmin rəisi
apardılar. Ondan sonra yolu təcili
yığışdırdı, sakinlərin gediş-gəlişi
üçün şərait yaratdı. Və yanıma
üzrxahlıq üçün adam da
göndərdi ki, bağışlasın,
tanımamışam, səhv etmişəm...
- Səhərlər
yuxudan neçədə oyanırsız? İdman
edirsinizmi?
- Səhər yatmağı xoşladığımdan
idman edə bilmirəm. Adətən axşamlar boş
vaxtlarımda fiziki təmrinlərlə məşğul
oluram...
-
Vaxtınızı necə bölürsüz?
- İş günləri əsasən
saat 10-dan axşamadək parlamentdə olur, seçicilərimin
problemlərinin həlli ilə və s. rəsmi işlərlə
məşğul oluram. Bazar
günlərini isə ailəmə, evdəki problemlərin,
çatışmazlıqların həllinə sərf edirəm.
Məndə əvvəldən bu cür adət
formalaşıb...
- Son 15-20
ilin ən populyar sualı: hobbiniz nədir?
- Gənclik illərində kitab
oxumağı çox sevərdim. Elə olurdu
ki, iki gecəyə bir böyük kitabı bitirərdim.
Həmişə, hətta əsgərliyə
gedəndə də yanımda çoxlu kitab olardı. Amma son illər belə mütəmadi mütaliə
edə bilmirəm. Avtomobil sürməyi
çox xoşlayıram. Bakı prokuroru
işləyəndə belə şənbə-bazar
özüm sürərdim maşını, indi də belə
edirəm. Bir də dostlarla, xüsusən
uşaqlıq və tələbə yoldaşlarımla vaxt
keçirməyə üstünlük verirəm.
Çox vaxt da belə görüşlərin təşəbbüskarı
özüm oluram...
- Daha
çox iştahla yediyiniz hansı xörəkdir?
- Həftənin beş
gününü belə, böyük iştahla yeyə biləcəyim
döşəməli plovdur. Və pip (vələs
yarpağı) dolması... Milli təamlardan
bunları xoşlayıram. Bir də hərdən həyat
yoldaşıma sifariş verirəm borş bişirir...
- İndiki toylarda oturmağa səbriniz çatır?
- (Ah çəkir) Toylar hamımızın
ağrılı yeridi... Həmişə toy
olsun, amma toylarımız əndazəni aşıb. Həm
dəvət edilən insanların sayı, həm xörək
çeşidlərinin çoxluğu, israfçılıq,
həm də musiqinin bayağılığı və həddindən
artıq gurluğu baxımından... Görürsən, beş dəqiqə küçədə təsadüfən
söhbət etdiyin adam sabah səni toyuna
çağırır. Bu da əhalinin gəlirlərinin
düzgün xərclənməməsinə,
dolanışıqda problemlərə gətirib
çıxarır.
- Geyimlərinizi
necə seçirsiz; konkret firma malını alırsız,
yoxsa?..
- Yox, sadəcə, zövqümü
oxşayan geyimləri seçirəm. Xarici səfərlərdə
olanda boş vaxtlarımda adətən bir yarım gün gəzirəm
və məsələn, bir kostyum, yaxud ayaqqabı xoşuma gəlsə,
onu alıram. Bakıda da həddən
çox bahalı firma mağazalardan alver etmirəm. Çünki oradakı qiymətlər
şan-şöhrətə görədi. Digər
mağazadakı daha ucuz bir geyim, baxırsan ki, keyfiyyətdə
də, görünüşdə də o bahalıdan
üstündür...
- Evin ərzaq
bazarlığını kim edir?
- Evin bazarlığını son illərə
qədər özüm edirdim. Ancaq indi
yaxınlıqda mağaza var. Nəyəsə ehtiyac olduqda evdən
zəng edirlər, gətirirlər. Amma bəzi
şeyləri, məsələn, həftədə bir dəfə
əti həmişə özüm alıram. Və çalışıram
ki, rayondan alım...
-
Maaşınız ailənin aylıq ehtiyaclarını ödəyirmi?
- Deyərdim ki, yox... Deputat
kimi maaşım 2000 manata yaxındır. Yoldaşım
da müəllimə işləyir. Oğlum
da işləyir. Bununla belə indiki tələbatı
ödəmək çətin olur. Amma
bayaq dediyimiz o kənar toylar olmasa, normal dolanmaq
mümkündür. Bir də görürsən,
oğlumu işindən, məni bu yandan, yoldaşımı da
məktəbdən toylara dəvət edirlər.
Baxırsan ki, aylıq maaşın üstünə gərək
hələ nəsə tapıb qoyasan ki, bunları yola verəsən...
İndi müqayisə edirəm ki, bizim ailəyə 3000 manata
yaxın pul gəlir, bizdə çətinlik yaranır, bəs
gör, ayda 300-500 manat alanlar nə zülm çəkir. Belələri
ayda iki dəfə toya getsə, ailəsi ac qalmalıdır?..
-
Hüquq müdafiəçisi kimi gördüyünüz digər
işlərdən qazancınız olmur?
- Hərdən QHT-lərdə layihələrimiz olur və
oradan iş icraçısı kimi müəyyən miqdarda maaş alıram. Amma sizə
deyim ki, parlament üzvü olmamışdan sırf hüquq
müdafiəçisi kimi fəaliyyət göstərəndə
indikindən daha yaxşı dolanırdım. Çünki o zaman ofisimdə bir hüquq məsləhətxanası
da açmışdıq. Və beləliklə,
bugünkündən iki-üç dəfə çox gəlirim
olurdu. Deputat olduqdan sonra o işlərdən
uzaqlaşmağa məcbur oldum.
-
Avtomobillərin hansı markalarını
xoşlayırsız?
- Daha çox yapon və alman modellərini
xoşlayıram. Məndə bir az əvvəl
yapon modeli "Prado" idi, hazırda "Mercedes"di. Son
vaxtlar Azərbaycana gətirilən Amerikanın "Ceneral
Motors" firmasının avtomobilləri də normaldı...
- Hələ
deputat olmadığınız vaxtlarda, səhv etmirəmsə,
2009-cu ildə "Nərimanov" metrosu yaxınlığında
o vaxtkı "Mercedes"inizi vurub əzmişdiniz. Sonra onu təmir
elətdirdiniz, yoxsa satdınız?
- Kiməsə borclu olub axtarılan bir dələduz
borc yiyəsi ilə küçədə üzləşmişdi
və avtomobili tez döndərib qırmızı
işıqda keçmək istəyəndə mənim
avtomobilimi vurmuşdu. Şükür,
salamatçılıq oldu. Həmin
"Mercedesi" də çox ucuz qiymətə satdım.
Amma məhkəmə vasitəsilə dəyən zərərin
4 min manatını ala bildim...
- Bu yay
harasa, istirahətə gedə bildiniz?
- Bu yay həyat yoldaşımla birgə iki həftəlik
Quzey Kiprə istirahətə getmişdik. Maraqlı oldu... Təəssüf ki, geri dönərkən
başımıza gələn bir sərgüzəşt
kefimizə soğan doğradı. Gedərkən
Bakıya da hər ikimizə bilet almışdıq. Amma Kiprdə hava limanında məlum oldu ki,
kompüter xətası ucbatından xanımımın
uçuş vaxtı iki gün sonraya qeyd edilib. Təəssüf ki, Türk Hava Yolları (THY)
nümayəndəliyi məsələyə çox biganə
və hörmətsiz yanaşdı. Əlimizdə
çamadanlar xeyli gözləyəsi olduq.
"Azal"la əlaqə yaratdıqdan sonra əlavə 950
dollar ödəyərək, yoldaşıma həmin günə
başqa aeroportdan qalxan reysə bilet ala bildik...
- Belə
baxıram, bu iş də məhkəməlikdi...
- Başqa yolu yoxdu... Bakıya
gəldikdən sonra THY nümayəndəliyinə getdim, yenə
də saymazyana münasibət göstərdilər. Artıq 40 gündən çox vaxt keçib, hələ
üç gün öncə zəng edib deyirlər ki, günah
bizdədir, kompensasiya ödəyəcəyik. Ancaq mən bununla kifayətlənməyəcəyəm.
-
İndiki eviniz həyət evidi, deyəsən?..
- Hə. Əvvəllər 8-ci mikrorayonda
yaşayırdıq. 2007-ci ildən Rəsulzadə
qəsəbəsinə - həyət evinə
köçmüşük, bacanağımla qonşuyam.
- Bizim telekanallardan
hansılara baxırsız?
- Bizim telekanallarda xəbərlərdən
başqa baxılası bir şey yoxdu. Evdə daha çox rus
kanallarına baxırlar...
- Axirətə
inamınız varmı?
- Yox, mən bu dünyada nə var, ona inanıram... Hesab edirəm ki, bu həyatda hər mənada yaxşı
yaşamağa çalışmaq lazımdır. İnsanlarla xoş rəftar etmək, bacardıqca
xeyriyyə işləri ilə məşğul olmaq, həsəddən,
paxıllıqdan, haqsızlıqdan uzaq olmaq gərəkdir.
Amma ruhun varlığına bir az
inamım var... Gürcüstandan bir yas yerindən
gəlirdik. Avtomobili sürücü
sürürdü. Kürdəmir tərəflərin qəzalar
çox olan yollarını keçəndə mən təxminən
bir beşcə saniyə yuxuladım və dərhal
gördüm ki, atam qəzəblə deyir: "Ə bala, nə
iş görürsən, bu sürətlə hara gedirsən?". Ayılıb sürücüyə dedim
ki, yavaş sür... Bəlkə də qəza ola
bilərdi, ancaq atamın ruhu məni xilas etdi...
Sultan
Laçın
Həftə içi.- 2013.- 11 oktyabr.- S.4.