“Zövqsüz ifalara qulaq asmıram“
Bəsti Sevdiyeva: "O ifaya qulaq asıram ki, orada söz, musiqi, geyim tərzi və
davranış bir-birini tamamlasın"
Onunla həftədə iki
dəfə canlı yayımlanan muğam
müsabiqəsinin keçiridiyi bir vaxtlarda söhbətləşdik.
Özünün də izlədiyi bu müsabiqədə seçilənlərlə,
SMS-lə fərqlənlərin müqayisəsinə
münasibət öyrəndik. Yeri gəlmişkən,
həm də muğamla başqa
musiqilərin sintezinə olan fikirlərini
dinlədik. Ümumiyyətlə, musiqi aləmi
ilə bir sıra məsələlərdən
danışdıq.
Respublikanın Əməkdar artisti Bəsti Sevdiyeva ilə söhbətimiz maraqlı alındı:
- Son vaxtlar efirlərdə çox görünmürsünüz. Səbəb nədir?
- Efirlərdə oluram, bir az əvvəl çəkilişdən gəlmişəm. Düzdür, yay aylarında bir az efirlərdən uzaqlaşdım, ancaq indi yenə də hər şey qaydasındadır. Onu deyim ki, fəaliyyətimdə uzunmüddətli fasilələr olmayıb, əvvəlki kimi çəkilişlərim, konsertlərim, səfərlərim olur. Heç narazılığım yoxdur. Bir az öncə çoxdan oxunmayan muğamlar, təsniflər oxudum. İctimai Televiziya üçün konsertim hazırlanır. Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvadan səfərdən gəlmişəm. Yəni yaradıcılığımda fasilələr yoxdur. İşlərim öz axarı ilə davam edir. Bu yaxınlarda IV Muğam Müsabiqəsi başlayıb. Heydər Əliyev Fondunun təqaüdçüsüyəm. Bu müsabiqə birbaşa bizə aid olan müsabiqədir. İkinci və 4-cü günlər müsabiqdə oluram. Həm də müəllim kimi, yeni tədris ilinə hazırlaşıram.
- Yeri
gəlmişkən, muğam müsabiqəsində
favoritiniz varmı, kimi
dəstəkləyirsiniz?
- Muğam müsabiqəsində yaxşı oxuyanlar çoxdur. Bu, IV Muğam müsabiqəsidir. Əvvəki müsabiqələrdə də yaxşı ifaçılar çox idi və onlar indi efirlərdədir. İndiki müsabiqədə də daha çox yaxşı ifaçılar oğlanlardır. Xoşuma gələn ifaçılar var. O ki qaldı konkret ifaçıya, onu deyim ki, yaxşı oxuyan bir yox, bir neçə namizəddir. Ona görə də konkret ad çəkə bilmirəm. Hələ ki, bir neçə yaxşı ifaçıları diqqətlə dinləyirəm.
- Muğam
müsabiqəsindən fərqli olaraq, bəzi
yarışmalarda iştirakçılar və qaliblər
SMS-lə seçilir. Buna
münasibətiniz necədi?
- Muğam müsabiqəsi tamam başqa yarışdır. SMS-lə seçilənlərlə, Muğam müsabiqəsində seçilənləri bir-birinə qatmaq düzgün deyil. Oxuya bilməsə də SMS-lə qalib olur. Ancaq Muğam Müsabiqəsi sırf sənət yarışıdır. Burda səs və sənət cəmiyyətin gözü qarşısındadır və qaliblər ustad sənətkarların rəyi əsasında seçilirlər.
- Bəzən muğamla başqa musiqiləri
sintez edirlər. Belə halları necə
qarşılayırsınız?
- Muğam ifaçısı, pedaqoq olaraq muğamla nəyisə sintez etməyi xoşlamır və qəbul etmirəm. Muğam milli musiqmizin şahıdır. Muğam elə bir böyük sənətdir ki, onu hansısa cılız, kənardan gətirilən musiqi ilə yanaşı tutmaq olmaz. Ona necə toxumaq olar? Təsəvvür edin ki, Qız qalasıdır və gözümüzü açandan onu elə görmüşük. Indi Qız qalasının yanında nəsə quraşdırsalar necə görünər? Muğam ustadlardan bizə necə gəlib çatıbsa, elə də oxumalı və qoruyub saxlamalıyıq. Gənclər də gələcək nəsillərə muğamı belə çatdırmalıdırlar.
- Əvvəllər
televiziyalarda bədii şuralar
fəaliyyət göstərirdi və hər oxuyan
efirə çıxa bilməzdi. İndi
isə vəziyyət başqadır...
- Çox sevinərdim ki, bədii şura
yaradılsın. Yeri gəlmişkən, çoxdan olan bir əhvalatı xatırladım. Rəhmətlik
Emin Sabitoğlu məhsul
bayramına dair mənə bir mahnı yazmışdı. O zaman institutun 2-cü kursunda oxuyurdum. Mahnı Neftçala rayonu
üçün məhsul
bayramına aid idi.
Dedi ki, bu mahnını ifa etmək lazımdır və sevindim. 19 yaşımda
o mahnını Neftçalada
oxudum. Üstündən
bir ay keçəndən
sonra Emin Sabitoğlu dedi ki, Bəsti xanım, həmin mahnını fond üçün
yazmaq lazımdır və bədii şura dinləməlidir.
Mən həmin mahnını oxudum və bədii şuradan keçmədi. Dedilər ki,
iki-üç yerdə
düzgün nəfəs
almamışdın. Ordan ağlaya-ağlaya
çıxdım. Sonra o mahnını
təzədən yazdırdım
və ikinci dəfə də keçmədi. Bu dəfə də dedilər ki, hansısa sözü düzgün ifa etməyibsən. Yəni bu
dərəcədə diqqət,
məsuliyyət və
ciddi yanaşma var idi. Hər şey böyük sənətkarların süzgəcindən
keçməliydi. Ancaq indi
belə deyil.
- Efirlərdə
həm geyimi, həm də ifası ilə zövqləri korlayan ifaçılar var və belələri cəmiyyət tərəfindən
birmənalı qarşılanmır.
Ümumiyyətlə, efir mədəniyyəti
necə olmalıdır?
- Mən estrada müğənniləri barədə heç nə deyə bilmirəm və onlar özləri bilərlər. Ancaq vətəndaş və sənət adamı kimi açıq-saçıq geyinməyin əleyhinəyəm. Hesab edirəm ki, özünə hörmət edən qadın nəinki efirdə, ümumiyyətlə açıq-saçıq geyinməz. İnsan nə qədər mədəni geyinsə, bir o qədər də hörmətli olar. Demirəm ki, bağlanaq, ancaq geyimin də norması var. Səmimi deyirəm ki, efirlərdə açıq-saçıq geyinənlərə baxmır, zövqüz ifalara ümumiyyətlə qulaq asmıram. Mən o ifaya qulaq asıram ki, orda söz, musiqi, geyim tərzi və davranış bir-birini tamamlasın. Burda söhbət tək qadınlardan deyil, kişilərdən də gedir. Düzdü, mən müasirliyi sevirəm, ancaq bu, o demək deyil ki, ən pis şeyləri götürməliyik.
- "Üç bacı" serialında çəkilibsiniz.
Sizin bəzi pərəstişkarlarınız
bunu birmənalı
qarşılamırlar. Belə fikirləşirlər ki, sizin xarakternizlə
serialın məzmumu üst-üstə düşmür...
- Məni seriala xətrini çox istədiyim insanlar dəvət etdilər. Ona görə də serialda çəkilməyə razılıq verdim. Düzdür, əvvəlcə mən də tərəddüd etdim ki, görəsən komediya janrında olan serialda çəkilməyim necə alınacaq. Odur ki, məni sevənlərin fikrinə hörmətlə yanaşıram. Ola bilsin, məni o qədər ciddi qəbul ediblər ki, serialda görəndə birmənalı qarşılamayıblar.
Atif Sarıxanlı
Həftə içi.- 2013.- 10 sentyabr.-
S.7.