Övladlığa götürmə: nəzarət də artır, məsuliyyət də 

 

Xaricə övladlığa verilən uşaqlar üzərində nəzarətin güclənməsi aidiyyəti qurumların diqqət mərkəzindədir

 

Azərbaycandan xaricə övladlığa verilən uşaqlara 18 yaşınadək nəzarət ediləcək. "Həftə içi"nin məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova deyib. O deyib ki, xarici vətəndaşlara verilən uşaqların Azərbaycan vətəndaşlığı ləğv edilsə də, Azərbaycan tərəfi həmin uşağın üzərində nəzarət hüququnu itirmir: "Övladlığa uşaq götürmə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklə artıq Azərbaycandan xarici vətəndaşlara övladlığa verilən uşaqlara 18 yaşına çatanadək nəzarət olunacaq. Əvvəl bu müddət 6 aydan bir 3 yaşa qədər idisə, qanunvericiliyə edilən son dəyişikliklə ildə 1 dəfə 18 yaşa çatdırıldı".

 

Vəsilə Möhsümovanın sözlərinə görə, bundan sonra xarici vətəndaşa övladlığa verilmiş uşağın sonrakı həyat şəraitinin, tərbiyəsinin necə aparılmasını yoxlamaq üçün məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra ildə bir dəfə, uşaq 18 yaşına çatanadək nəzarət ediləcək.

Yeri gəlmişkən, bu il başlayandan indiyə kimi əcnəbilər tərəfindən 7 övladlığa götürmə faktı qeydə alınıb. Bu ailələrin 3-ü Rusiyada yaşayan azərbaycanlılardır. Biri Azərbaycanda yaşayan və İran İslam Respublikasının vətəndaşı, Təbriz əsilli azərbaycanlı ilə ailə qurub. Biri isə türk vətəndaşı ilə ailə quran azərbaycanlı olub. Bütövlükdə 2007-2013-cü illər ərzində isə 38 əcnəbi ailəyə övladlığa uşaq verilib. Bu ailələr əsasən, Rusiyada yaşayan azərbaycanlılardır.

Xatırladaq ki, hazırda Azərbaycanda uşaqların övladlığa verilməsi iki yolla mümkündür. Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına, digəri isə xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlıdır. Lakin övladlığa uşaq götürmənin bir sıra şərtləri var. Belə ki, üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır. Övladlığa götürmə isə qəyyum olmaq istəyən şəxsin ərizəsi əsasında məhkəmə tərəfindən həyata keçirilir.

Uşaq əgər yerli vətəndaş tərəfindən övladlığa götürülübsə, qəyyumluq və himayə orqanları tərəfindən, xarici vətəndaş tərəfindən övladlığa götürülübsə, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi tərəfindən uşaqların sonrakı hayatına nəzarət olunur.

Bəs, görəsən, xaricə övladlığa verilən uşaqlara nəzarətin gücləndirilməsi hansı zrurətdən yaranıb? Ümumiyyətlə, əcnəbilər tərəfindən övladlığa götürülən uşaqlar ailələrə adaptasiya ola bilirlərmi?

Məsələyə münasibət açıqlayan Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov bildirib ki, onlar övladlığa verilən bütün uşaqların yetkinlik yaşına çatana kimi nəzarətdə saxlanılmasının tərəfdarıdır. Onun sözlərinə görə, internatlardan ailələrə verilən uşaqların sonradan insan alverinin qurbanına çevrilməsi təhlükəsi olduğundan bununla bağlı insanların məlumatlandırılması vacibdir: "Məlum məsələdir ki, insan alverinin qurbanları çox vaxt maddi çətinlik üzündən bu yola düşürlər. İnternatları tərk edən uşaqların müəyyən problemləri var. Onların insan alveri qurbanı olması ilə bağlı dəqiq rəqəmlər olmasa da, onlar risk qrupuna aid edilirlər. Azərbaycanda 1999-cu ildə "Valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi" ilə bağlı qanun qəbul olunub. Həmin qanunun icrası ilə bağlı çoxlu problem mövcuddur: "Ciddi nəzarət mexanizmi olmalıdır. Xarici ölkələrdə övladlığa verilən uşaqlar üzərində ciddi nəzarət mexanizmi olur. Azərbaycanda da belə monitorinq qrafiki olmalıdır ki, uşaqlar taleyin ümidinə buraxılmasınlar. Bizdə övladlığa götürülmə sirrinin yayılmaması şərti ilə bu nəzarət təşkil edilməlidir".

 

Məsuliyyət artacaq

 

Ekspert həmçinin onu da vurğulayıb ki, qanunvericilikdə uşaqların övladlığa verilməsi ilə bağlı heç bir boşluq yoxdur. Onun fikrincə, bu məsələdə sadəcə, sənədləşdirmə prosesi ləng gedir. "Hazırda Azərbaycanda 150-dən çox insan 3 yaşına qədər uşağı övladlığa götürmək üçün növbədədir. Bu sahədə düzgün qurulmayıb, övladlığa verilən uşaqlara nəzarət edilmir, edilirsə də bu ictimaiyyətə açıqlanmır. Ona görə də nəzarətin gücləndirilməsi vacib məsələdir. Hesab edirəm ki, yeni qaydaların müsbət nəticəsi ola bilər. Çünki bəzən övladlığa uşaq götürən ailələr aidiyyəti qurumların nəzarətsizliyindən sui-istifadə edərək öz öhdəliklərini yerinə yetirmirdilər. Nəticədə uşaqlarla necə gəldi davranırdılar. Düşünürəm ki, övladlığa götürülən uşaqlara 18 yaşına çatana kimi dövlət tərəfindən nəzarət olunması məsələsi bu uşaqların gələcək taleyinin daha aydın olmasına gətirib çıxaracaq və ailələrin məsuliyyətini artıracaq".

 

Xaricdə uşaqların əcnəbilərə verilməsi

məsələsinə daha ciddi yanaşılır

 

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə deyib ki, azərbaycanlı uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsi zaman-zaman mübahisə predmetinə çevrilib: "Etiraf etməliyik ki, bu sahədə narahatçılıq yaradan məqamlar olub. Məsələn, 2003-cü ildə azərbaycanlı uşaqların əcnəbilərə satılması məsələsilə əlaqədar olaraq problem yaşanmışdı. 2004-cü ildə Azərbaycanda uşaq hüquqları, insan alverilə bağlı Milli Fəaliyyət Proqramı qəbul edildi, 2005-ci ildə Cinayət Məcəlləsinə bununla əlaqədar dəyişikliklər edildi. Nəhayət Ailə, Qadın və Uşaq Problemləri Komitəsi yaradıldıqdan sonra əcnəbilərin azərbaycanlı uşaqları övladlığa götürməsi məsələsinin çözümü bu quruma həvalə edildi. Apardığımız son müşahidələr onu göstərir ki, əvvəlki illərə nisbətən əcnəbi vətəndaşlara verilən uşaqların sayında kəskin azalmalar baş verib. Bu da Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin işinin nəticəsidir. Yəni proses tənzimləndiyindən bu istiqamətdə işlər normallaşıb. Bizim mövqeyimiz isə ondan ibarət olub ki, Azərbaycanda çoxlu sayda valideynlər uşağı övladlığa götürmək üçün gözləyir. Ölkənin milli genefondu olan sağlam uşaqların ölkə xaricində övladlığa verilməsinə son qoymaq, onları mümkün qədər Azərbaycan vətəndaşlarına vermək lazımdır".

Hüquqşünas onu da deyir ki, əksər ölkələrdə uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsilə bağlı qanunvericilikdə ciddi məqamlar öz əksini tapıb: "Bu da ondan ibarətdir ki, övladlığa götürmə prosesi ciddi monitoriq sistemindən keçməlidir. Uşaqlar əcnəbilərə verilibsə, xaricdəki Azərbacyan səfirlikləri, müvafiq dövlət orqanları vasitəsilə onların mütəmadi olaraq monitorinqi aparılmalıdır. Xaricdə başqa ölkəyə verilən övladların taleyi daim diqqətdə saxlanılır. Prosesə nəzarət edən müvafiq qurumlar həmin uşaqlar barədə heç olmasa ildə bir dəfə müvafiq orqanlar vasitəsilə uşaqların sağlamlığı, səhhəti, yaşayışı və təhsililə bağlı məlumat verirlər. Amma hesab edirəm ki, belə uşaqlarla bağlı heç olmasa ictimaiyyətin də geniş məlumatı olmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə, ABŞ və Avropada VyetnamAfrika dövlətlərindən uşaqları Amerikanın yerli sakinləri övladlığa götürürlər. Bu zaman onlar çalışır ki, həmin uşaqların taleyi o qədər də gizli qalmasın. Onların yeni valideynləri və prosesə nəzarət edən qurumlar övladlığa götürülən uşaqların mütəmadi olaraq milli bayramlarını təşkil edir, adət-ənənələrini qorumağa çalışırlar ki, onlar öz inanclarından uzaq olmasın. Ona görə də düşünürəm ki, bizdə də belə uşaqların taleyilə bağlı ictimai məlumatlandırma da olmalıdır. Əcnəbiyə övladlığa verilən balaca soydaşımız gələcəkdə həmin ölkənin həyatında mühüm rol oynaya bilər və belədə onlar ölkəmizi də təbliğ edə bilər. Bu baxımdan yeni qaydaların mühim əhəmiyyət daşıdığını düşünürəm ".

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2013.- 11 sentyabr.- S.6.