İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti
Qanunvericilikdə
işçinin hansı hallarda
maddi məsuliyyətdən azad edildiyi barədə konkret müddəalar var
Samir Mustafayev tikinti sektorunda fəaliyyət göstərən şirkətlərdən birində menecer vəzifəsində çalışır. Onun sözlərinə görə, bu ilin avqustunda şirkətin ofisinə gedən elektrik xətlərində baş verən qısaqapanma nəticəsində onun tabeliyində olan kompüter sıradan çıxıb. Amma müdiriyyət kompüterin işçinin səhlənkarlığı ucbatından sıradan çıxdığını əsas gətirərək avqust ayının maaşını ödəməkdən imtina edib.
Əmək hüquqlarının pozulmasından əziyyət çəkən Samir Mustafayev "Həftə içi"nə bildirib ki, rəhbərliyin bu addımına etiraz etsə də, onun narazılığına məhəl qoyulmayıb: "Mənim aylıq maaşım 750 manatdır. Avqust ayında həmin məbləğin hamısı kompüterim sıradan çıxdığı üçün tutuldu. Bu məsələyə etirazımı bildirəndə isə mənə qapı göstərdilər".
Maraqlıdır, görəsən işçi işəgötürənə vurduğu ziyana görə hansı məsuliyyəti daşıyır və həmin ziyan necə ödənilməlidir? Ümumiyyətlə, işçi ilə işəgötürən arasında qarşılıqlı maddi məsuliyyət nəzərdə tutulurmu?
Məsələyə münasibət açıqlayan əmək hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünas Azər Quliyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, işəgötürənlə işçi arasında qarşılıqlı maddi məsuliyyət mövcuddur. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Onun sözlərinə görə, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Belə ki, əgər tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia edərsə, bunu sübut etməyə borcludurlar.
İşçi ziyanı ödəməyə
razı deyilsə…
Ekspert onu da vurğulayıb ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməlidirlər. Onun sözlərinə görə, hətta ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir: "İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər".
Bundan başqa, işəgötürənin işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət də verməsi mümkündür. Ziyanın məbləği əvəzinə işçi işəgötürən razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü, yaxud öz vəsaiti ilə onu təmir edə bilər.
İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydasına gəlincə, Azər Quliyev bildirib ki, bu, işəgötürənin əmri ilə həyata keçirilir. Onun sözlərinə görə, ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulubsa, onun məbləği və həmçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər: "Bir məsələ də var ki, əgər işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri ilə razı olmazsa, o zaman məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır".
"Əmək
münasibətlərinə xitam verilməsi
təqsirkarı məsuliyyətdən azad
etmir"
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı isə deyib ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, maddi məsuliyyət işçinin üzərinə 3 halda qoyula bilər: ziyanın həqiqətən vurulduğu aşkarlandıqda, təqsirkarın əməli qanuna zidd olduqda və təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə tapıldıqda: "Tərəflərin maddi məsuliyyəti ziyanın vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Bundan başqa, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmçinin ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir".
Pərviz Zamanlı bildirib ki, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam maddi məsuliyyətinin 7 halı göstərilib. Belə ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi tam məsuliyyət daşıyır.
Maddi məsuliyyətini istisna
edən hallar da var
Bununla yanaşı
Pərviz Zamanlı deyib ki, qanunvericilikdə
həm də işçinin maddi məsuliyyətini istisna edən hallar da mövcuddur. Belə
ki, işçi əmək funksiyasını
yerinə yetirərkən
təbii fəlakət
- sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz
qüvvə, normal təsərrüfat,
istehsalat, texnologiya riski, işçinin günahı olmadan maşın-mexanizmlərin, avadanlıqların,
cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması,
korlanması, habelə
son zərurət və
ya zəruri müdafiə nəticəsində
işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır.
İşçinin hərəkət və ya hərəkətsizliyi
nəticəsində vurulan
faktik ziyandan əlavə işəgötürənin
gələcəkdə əldə
edə biləcəyi
gəlirin, mənfəətin
itirilməsinə görə
işçi maddi məsuliyyətdən azad
edilir.
Pərviz
Zamanlı bildirib ki, əgər işçi qabaqcadan bilə-bilə, qəsdən
işəgötürəni gələcəkdə əldə
edə biləcəyi
gəlirdən, mənfəətdən
məhrum etmək üçün qanunazidd hərəkətləri ilə
işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin
qərarı ilə işəgötürənin gələcəkdə
qazana biləcəyi gəlirin məbləğində
ziyana görə maddi məsuliyyətə cəlb edilə bilər.
Maddi
ziyanın ödənilməsinə gəlincə,
hüquqşünas deyib ki,işəgötürənə
vurduğu ziyanın məbləği işçinin orta əməkhaqqından
çox deyildirsə, onun tutulması işəgötürənin
əmri ilə həyata keçirilir. Onun
sözlərinə görə, əgər işçi
ziyanı tam maddi məsuliyyət daşıdığı
hallarda vurubsa, onun məbləği isə işçinin orta
aylıq əməkhaqqından çoxdursa və
işçi onu könüllü olaraq ödəməkdən
imtina edirsə, onda işəgötürənin müraciəti
əsasında həmin ziyan məhkəmə qaydasında
ödənilir. Bu halda məhkəmə təqsirlilik dərəcəsini,
konkret şəraiti, işçinin maddi vəziyyətini və
iş üzrə əhəmiyyət kəsb edən digər
halları nəzərə alaraq, müəyyən olunmuş
ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin
azaldılması barədə tərəflərin
barışıq sazişini təsdiq edə bilər.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2013.- 12
sentyabr.- S.6.