Qarışıq nikahlar problemləri
Azərbaycanda bu
cür nikahların və boşanmaların sayı artır
Son illər Azərbaycan
vətəndaşları arasında əcnəbilərlə
nikah bağlayanların sayı artıb. Qeyd edək ki,
statistik məlumatlara əsasən, bu ilin ilk yarımilliyində
bağlanan nikahların 1719-u qarışıq, yəni əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərlə
olub. Bu isə ötən ilin analoji dövrü ilə
müqayisədə demək olar ki, iki dəfədən də
çoxdur. Belə ki, ötən ilin ilk altı ayında 847
qarışıq nikah bağlanmışdı.
2013-cü ilin altı
ayı ərzində 97-si əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə
5788 nikah pozulması baş verib. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə ümumən pozulan
nikahların sayı azalsa da, pozulan qarışıq
nikahların sayı dörd dəfə artıb.
Xatırladaq ki, 2012-ci ilin birinci yarısında 24-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5386 nikah pozulması baş vermişdi.
Bəs, görəsən, Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikah bağlamağa meyl göstərməsinin səbəbi nədir? Əksər hallarda qarışıq nikahların uğursuz olması nədən qaynaqlanır?
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məsələ ilə bağlı fikirlərini "Həftə içi"nə bölüşərkən bildirib ki, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının müxtəlif səbəbləri var. Onun sözlərinə görə, bəzən azərbaycanlılar yeni adət-ənənə ilə tanış olmaq, mövcud streotipləri sındırmaq məqsədilə qarışıq nikahlara meyl göstərirlər: "Adətən insan fikirləşir ki, əgər onun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Başqa bir streotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Buna görə də bəzən heç bir tərəddüd etmədən qarışıq ni kaha razılıq verirlər".
Fərqli mədəniyyətlər
uğursuz nikahlara səbəb olur
Mətanət Əzizova xarici ölkələrdə hər şeyin ideal olmadığını və hər bir ölkədə özünəməxsus problemlərin olduğunu deyib. Onun sözlərinə görə, əcnəbi ilə ailə həyatı quran insan ilk növbədə müxtəlif mədəniyyətlə rastlaşa bilər. Məsələn, Avropanın özündə bu gün kifayət qədər problem var. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər: "Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər".
Ekspert avropalıların daha çox müsəlman ölkələrindən olan xanımlarla evlənməyə meyilli olduqlarını söyləyib. Mətanət Əzizovanın fikrincə, bu seçimin də özünəməxsus səbəbləri var. O hesab edir ki, Avropa qadınları özləri üçün karyera qurmağa çalışırlar: "Əcnəbilərin azərbaycanlı xanımlarla ailə qurmağa can atmasının digər səbəbi kimi azərbaycanlı qızların daha ailəcanlı, ərinə sədaqətli, ismətli olması göstərilir. Yəni, bütün bu detallar qarışıq nikahların sayının artmasına təsir göstərir".
Mətanət Əzizova qarışıq nikahların heç də həmişə uğurlu olmadığını və bəzi cütlüklərin fərqli mədəniyyətlərə adaptasiya ola bilmədiklərini vurğulayıb: "Azərbaycanda qeydə alınan qarışıq nikahların uğursuz olmasının başlıca səbəbi fərqli mədəniyyətlərdir. Çünki əksər hallarda nikaha daxil olan cütlüklər bu mədəniyyətlərə uyğunlaşa bilmirlər. Digər tərəfdən xarakterlərin uyğun olmaması da nikahın pozulması ilə nəticələnir".
Qadınlar
azadlıq axtarır
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır: "Bir sıra gənc xanımlar düşünür ki, əgər o, əcnəbi kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin, qadınların ünsiyyət qurmasında da müəyyən qadağalar və sair qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var.
Mehriban Zeynalova hesab edir ki, Azərbaycan vətəndaşı olan qadınlarla müqayisədə kişilər arasında əcnəbilərlə evlənənlərin sayı azdır. Amma diqqət çəkən əsas məqam ondan ibarətdir ki, xaricdə təhsil almış və orada yaşamış azərbaycanlı gənci əksər halda elə əcnəbi xanımla ailə həyatı qurur. Səbəb isə onu göstərirlər ki, azərbaycanlı xanımlar ailədə məişət söhbətini daha çox qabardırlar.
Mehriban Zeynalova həmçinin Azərbaycan qadınlarının daha çox İran və Türkiyə vətəndaşı ilə ailə həyatı qurduğunu da bildirib: "Bizim mərkəzə daha çox bu ölkələrin vətəndaşları ilə ailə quran xanımlar müraciət edir. Onları narahat edən məsələlər əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır. İranda daha çox kişinin hüquqları qorunur, nəinki qadınların. Xanımlar bizə müraciət edəndə onlarla ünsiyyət zamanı məlum olur ki, ya bu xanım aldanacaq, ya da insan alverinin qurbanına çevriləcək. Məsələn, bir xanım bir dəfə üzləşdiyi problemlə əlaqədar bizə müraciət etmişdi. O, internet vasitəsilə bir əcnəbi oğlanla tanış olmuşdu. Onlar uzun müddət internetdə yazışıblar. Qız ailəsinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə valideynləri buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmamış və Türkiyəyə getmişdi. Bir müddət sonra qız Türkiyənin ucqar bir kəndində qul kimi həyat yaşayıb. Sonra onu xaricə satırlar. Sonda qızı polislər tapıb Azərbaycana gəlməsinə kömək etmişdi. Yəni, bu cür nikahlar həmişə uğurlu olmur. Ona görə də xüsusilə xanımlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl yüz ölçüb biçməlidirlər".
Qarışıq
nikah daşıyıcıları eyni hüquqa malikdir
Məsələnin hüquqi tərəflərinə toxunan hüquqşunas Azər Quliyev isə deyir ki, "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan vətəndaşları və digər şəxslərlə nikah bağlaya və bağladıqları nikahı ləğv edə bilərlər. Onun sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nikah və ailə münasibətlərində Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar.
O, həmçinin bildirib ki, əcnəbilərlə nikaha daxil omaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni, qeydiyyat şöbəsinə konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunmalıdır. Aidiyyəti qurumlara müraciət zamanı nikaha daxil olmaq istəyən şəxslərin bu barədə şəxsən yazılı ərizəsi, nikaha daxil olmaq istəyən şəxslərin nikah yaşına çatmalarını təsdiq edən sənəd, nikahın qeydə alınması üçün 5 manat dövlət rüsumu, evlənmək arzusunda olan əcnəbinin vəziyyətini təsdiq edən sənədlərində onun ailə vəziyyəti barədə qeyd olmadıqda, vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış (arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır, verildiyi gündən 6 ay müddətində etibarlıdır), əvvəllər nikahda olmuş şəxslər olduqda, nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərin (arvadın) ölüm şəhadətnaməsi (surəti), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim olunmalıdır.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə
içi.- 2013.- 14-16 sentyabr.- S.6.