“Qarabağ muzeyləri“
kitabı işıq üzü gördü
Ermənilər işğal etdikləri Azərbaycan
torpaqlarında 31 muzey və 4 rəsm
qalereyasını da dağıdıblar
Söz Azadlığını Müdafiə Fondu
(SAMF) Azərbaycan Respublikasının Prezidenti
Yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə "İşğal altındakı ərazilərdə
fəaliyyətdə olmuş muzeylərdəki
maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların
toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə
təqdim edilməsi" layihəsinin yekun
təqdimatı keçirib. "Qarabağ" QHT koalisiyasının mənzil
qərargahında keçirilən tədbirdə QHT və
KİV təmsilçiləri, həmçinin muzey əməkdaşları iştirak
ediblər.
"Həftə içi"nin məlumatına görə, tədbiri giriş sözü ilə açan SAMF-ın icraçı direktoru Vüqar Tofiqli layihə çərçivəsində beş rayonun mədəniyyət şöbəsində, səkkiz muzeydə keçirilən görüşlərdən danışmış, layihənin yekunu olaraq "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı artıq oxucuların ixtiyarına verildiyini bildirmişdir. Onun sözlərinə görə, şuranın maliyyə dəstəyi ilə gerçəkləşən layihənin əsas məqsədi icra planında işğal altında qalmış, tariximizin ayrılmaz parçası olan maddi-mədəni irsimizin dərindən öyrənilməsi, Qarabağda fəaliyyət göstərmiş muzeylərdəki, eləcə də onların qaçqınlıq dövründəki fəaliyyətləri barədə məlumat və fotoların toplanılması, maddi-mədəniyyət eksponatlarının siyahılaşdırılması, sonucda toplanılan məlumatlar əsasında müvafiq toplunun çap edilməsindən ibarət idi. Qeyd edək ki, SAMF-ın kollektivi, həmçinin çap olunan toplunun ictimailəşdirilməsi vasitəsilə işğal nəticəsində ölkəmizə, tariximizə, xalqımıza dəymiş maddi-mənəvi itkilər haqqında məlumatların ölkədə və xaricdə yaşayan soydaşlarımızın, dünya xalqlarının, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq niyyətindədir. "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı SAMF kollektivinin axtarışları, əslən qarabağlı ziyalılarla, muzey əməkdaşları ilə, mütəxəssislərlə, ölkənin hər tərəfinə səpələnmiş Qarabağ əhalisi ilə paytaxtda və rayonlardakı təmaslar nəticəsində mümkün olub. Vüqar Tofiqli deyib ki, təşkilatın əməkdaşları Azərbaycan üçün taleyüklü məsələ hesab olunan bu tarixi məqamların araşdırılması məqsədilə hər bir eksponatın, hər bir muzeyin özünü və ya haqqında olan məlumatları toplayıb. Belə ki, təkcə Bakıda və Ağdamda deyil, Ağdaşda, Gəncədə, hətta Goranboy rayonunun Ağcakənd kəndində yerləşən Xocalı Tarix-diyarşünaslıq Muzeyinin rəhbərliyi ilə təmaslar qurublar. Onun sözlərinə görə, layihəyə dəxli olmasa belə Bakıdakı Musiqi Tarixi Muzeyində qorunub saxlanan, məşhur tarzən Qurban Pirimovun ecazkar tarını tapıb bu tarın şəklini də kitaba daxil edib. İcraçı direktorun sözlərinə görə, SAMF əməkdaşlarının apardığı araşdırmalar zamanı işğal altında 31 muzeyin və 4 rəsm qalereyasının olduğu müəyyən edilib. Onların hər biri haqqında əldə olan məlumatların hamısı bu kitaba daxil olunub.
Tədbirdə kitabın redaktoru Nəzirməmməd Zöhrablı, Qubadlı Tarix-Diyarşünaslıq muzeyinin direktoru Vaqif Babayev, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Taryel Abbaslı və "Karabaxinfo.com" beynəlxalq elektron jurnalının baş redaktoru Zaur Qəriboğlu mövzunun aktuallığından danışıblar. Onlar gələcəkdə kitabın daha təkmil formada müxtəlif dillərə tərcümə edilərək yenidən nəşr edilməsini təklif ediblər.
Xatırladaq ki, kitabın ərsəyə gəlməsində SAMF kollektivinin bütün üzvləri iştirak ediblər. Kitabın "Həqiqətlər kitabı" adlanan ön sözünün müəllifi SAMF-ın sədri, şair Musa Yaqub, ideya müəllifi Vüqar Tofiqli, redaktoru Nəzirməmməd Zöhrablıdır.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2013.- 14-16
sentyabr.- S.6.