“O vaxt mənə zarafatla “Qarabağın
mədəniyyət naziri“ deyirdilər...“
...Ona həmin
sualı verdiyimə görə peşman oldum... İlk dəfə idi ki, neçə illər vəzifə
kürsülərində əyləşmiş, deputat
olmuş bir insanın bu qədər kövrəldiyini, göz
yaşı tökdüyünü görürdüm. Ancaq onu ağladan şəxsi problemləri deyildi.
Onun göz yaşlarını axıdan hər birimizin qəlbində
yarası qaysaqlanmış Qarabağ dərdi idi... Hazırda
Qarabağ Yaradıcılıq Birliyinin rəhbəri olan
Ağdam rayon mədəniyyət şöbəsinin 14 illik
müdiri, dünyada ikinci, SSRİ-də birinci çörək
muzeyinin yaradıcısı, respublikanın əməkdar mədəniyyət
işçisi, sabiq millət vəkili Çimnaz xanım
Əliyeva ilə qarabağlı günləri xatırlamaqla
yanaşı, son 20 ilin "qarabağsızlıq
labirinti"nin üzücü mənzərəsini də
acı ağrılarla seyr etdik...
- Çimnaz xanım, nə qədər
ağır olsa da, qarabağlı, ağdamlı günləriniz
barədə danışardınız...
- Mənim
ən bəxtəvər günlərim Ağdamda olub. Yalnız orada doğulub yaşayanlar deyil, qısa
müddət belə Ağdamda olanlar da bu gün oranın həsrəti
ilə yaşayırlar. Doğrudan da
Ağdam Qarabağın gözü idi. Taleyimdən
çox razıyam ki, uşaqlığım, gəncliyim o
mühitdə keçib. Yəni milli dəyərlərin
qorunduğu, böyük-kiçiyin yeri bilindiyi bir dövrdə.
Ağdamda heç kəs övladını
küçədən, xarici mühitdən qorumazdı.
Çünki hamı bir-birinə
inanırdı, etibar edirdi ki, heç kəs mənim
uşağımı əyri yola çəkməz. Bilirsiz, orada ictimai, mənəvi ab-hava elə idi ki,
pis olmaq mümkün deyildi. İnsan
qeyri-iradi özü-özünə həddindən artıq tənqidi
yanaşırdı. Bunun da insanların
şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyəti
var idi. Ağdamdakı o mənəvi zənginliyi bu
gün, təəssüf ki, tapa bilmirəm...
- Ağdam rayon mədəniyyət
şöbəsi didərgin düşməmişdən
hansı işləri görə bildiniz?
- Mən
1979-1982-ci illərdə Ağdam rayon partiya komitəsinin təbliğat-təşviqat
şöbəsinin müdiri işləyirdim. 1970-ci illərin
sonunda Ağdamda mədəniyyət sahəsində sosializm
dövrünün tələblərinə uyğun olan
göstəricilər baxımından bir az
tənəzzül var idi. O vaxt I katib Sadıq Murtuzayevin təşəbbüsü
ilə məni mədəniyyət şöbəsinə
müdir təyin etdilər. Çox qısa müddətdə
xeyli iş görə bildik. 800 yerlik mədəniyyət
sarayı, 100 min cildlik fondu olan kitabxana tikdirdik, dünyada
ikinci, SSRİ-də birinci olan çörək muzeyi
yaratdıq, mədəniyyət-istirahət parkı
açdıq. "Natəvan" qızlar bayramı, "Xarı
Bülbül" mahnı festivalları keçirdik və s.
Təsəvvür edin ki, 2000-3000 nəfərin iştirak
etdiyi 37 kütləvi rəqs folklor kollektivi kütləvi
meydan tamaşalarına çıxırdı Ağdamda...
- O vaxt ermənilər sizin Moskvadan
"Şeytan təkəri" attraksionunu Ağdama gətirmənizə
müqavimət göstərmişdilər, deyəsən?
- Bəli.
1986-cı ildə Mədəniyyət Nazirliyinin təchizat
idarəsinin rəisi rəhmətlik Mehdi Əhmədovun
köməyi ilə Stepanakert üçün nəzərdə
tutulmuş 96 min rubl qiyməti olan "Şeytan təkəri"nin
Ağdama gətirilməsinə nail oldum. O zaman elə vəziyyət
idi ki, əgər iki saata pul köçməsəydi, həmin
attraksionu Xankəndinə verəcəkdilər. Bunun
üstündə ermənilər də, Moskva da
narazılıq etdi...
- Dünyada ikinci, SSRİ-də
birinci çörək muzeyini necə yaratdınız? Yeri gəlmişkən,
erməni əsirliyindəki həmin muzeyin bu il
30 yaşı tamamlanır...
-
1983-cü il idi. Bir gün
S.Murtuzayev mənə "İzvestiya" qəzetində
maraqlı bir yazı göstərdi.
Yazılmışdı ki, Almaniyanın Ulm şəhərində
1500 eksponata malik dünyada ilk olan çörək muzeyi var.
Sadıq müəllimin təşəbbüsü ilə qərara
aldıq ki, biz də belə bir muzey yaradaq. Ağdamda
qədim bir dəyirman var idi. Onu qısa
müddətdə restavrasiya etdik, həmin vaxt ərzində
eksponatlar topladıq və beləliklə, SSRİ-də ilk
çörək muzeyini açdıq. Bu barədə
Moskvanın məşhur "Vremya" proqramı geniş məlumat
verdi. Az sonra Leninqraddan
(indiki Sankt-Peterburq) Qalina Kanayeva adlı bir qadından məktub
aldıq. Böyük Vətən müharibəsi
illərində Leninqradın 900 günlük ağır
mühasirəsi zamanı həmin qadın ikiyaşlı
körpəsinə çörək payı alıb evə
qayıdınca övladı ölüb. Və
o payı neçə illər saxlayıb. Çörək muzeyimiz haqqında eşidəndə
qərara gəlib ki, həmin çörək payını
eksponat kimi bizə bağışlasın. Q.Kanayeva Ağdama gəldi hörmətlə
qarşılandı və o çörək payı
muzeyimizin ən dəyərli eksponatlarından biri oldu.
Bir sözlə, unikal bir muzey yaranmışdı...
- 2013-cü il
fevralın 22-də Qarabağda ilk şəhidlər olan
Əli və Bəxtiyarı qurban verdiyimiz gündən 25 il
ötdü...
- Həmin
gün rəhbərlikdən göstəriş gəldi ki. Guya Qorbaçovun ermənilərin ədalətsiz mövqe
tutması barədə və onları bu iddialardan əl
çəkməyə çağıran məktubu oxunacaq.
Rəhmətlik Sosialist Əməyi Qəhrəmanı
Xuraman Abbasova ilə birgə yenicə meydana gəlmişdik.
Ət kombinatının müdiri Rasim Quliyev
yaxınlaşdı ki, bəs deyirlər, cavanlar
yığışıb Əsgərana ermənilərlə
haqq-hesab çəkməyə gedirlər. Təcili Əsgərana tərəf yollandıq.
Qarqar çayına çatanda gördük ki,
əllərində yalnız dəyənək, taxta
parçası olan 15-30 yaş arasında xeyli cavan Əsgərana
sarı gedir. Xuraman xanımla birlikdə
onları başa salmağa çalışdıq ki,
qayıdın geri, bu, çıxış yolu deyil. Ancaq alınmadı. Xuraman
xanım məsləhət gördü ki, Ağdama
qayıdaq. Mən iş yerinə döndüm və elə
bildim ki, Xuraman xanım da evlərinə getdi. Bir az sonra məlum oldu ki, Əsgəranda və
Xankəndində rus əsgərləri və silahlı ermənilər
var. Ona görə də ağsaqqallar təcili
yığışıb getdilər ki, bizim cavanları geri
qaytarmaq lazımdı. Sən demə, Xuraman
xanım da məni qoyub ora qayıdıb. Sonradan bunun səbəbini
soruşanda Xuraman xanım dedi ki, sənin
övladlarının hələ azyaşlı olduqlarını
düşündüm, dedim, bir hadisə-filan olar. Həmişə Xuraman xanımın xatirəsi, ruhu
qarşısında baş əyirəm. Xülasə,
bildik ki, Əsgəran yaxınlığında bizim cavanlara
atəş açılıb və Əli ilə Bəxtiyar
həlak olub. Onlar bizim ilk şəhidlərimizdi,
onlara, heç olmasa, şəhid statusu verilməlidir.
Çox təəssüf ki, nəticəsi olmadı...
-1990-cı illərdə
bu suala Xuraman xanımın özündən də cavab
almışdıq. Amma sizin
fikrinizi də bilmək maraqlı olardı. O vaxt şayiə
yayılmışdı ki, Xuraman Abbasova Əsgərana gedənlərin
qarşısına yaylıq atmasaydı, məsələ
isti-isti həll olunacaqdı...
- O
cür söhbətlərlə qətiyyən razı deyiləm.
Düzdü, Xuraman xanım oraya getmişdi.
Ancaq heç o zaman yaylıq örtmürdü,
qış idi, papaq qoymuşdu.
- Yəqin AXC-nin
formalaşdığı və hakimiyyətə gəlməyə
hazırlaşdığı dövrlərdə bir sovet,
partiya işçisi kimi sizin də onlarla münaqişələriniz
olurdu?
- Bilirsiz,
mənim cəbhəçilərlə münaqişələrim
olmayıb. Ona görə ki, əvvəla, mənim
də, ailəmin də, əhalinin bütün təbəqələri
ilə xoş münasibətimiz var idi. İkincisi,
bayaq dediyim kimi, o zaman Ağdamda sağlam qüvvələr əsasən
Qarabağın müdafiəsi üçün təşkilatlanırdı.
Üçüncüsü də, AXC-nin
yarandığı ilk dövrlərdə həyat
yoldaşım da Ağdam şöbəsinin İdarə Heyətinin
üzvü idi. Ermənilər əleyhinə yazılan
şüarların, plakatların hazırlanmasında və s.
işlərdə mən də onlara kömək edirdim. Hətta çox hörmət bəslədiyim rəhmətlik
Eldar Bağırov AXC rayon şöbəsinin təsis
konfransını keçirəndə onlara Mədəniyyət
Evinin zalında yer də verdim, icarə haqqını da öz
cibimdən ödədim.
Sonradan AXC-də hakimiyyət davası-filan başlananda həyat
yoldaşım oradan uzaqlaşdı. Onu da deyim ki, o zaman digər
idarə müdirlərini zorla kabinetdən
çıxarır, vəzifələrini zəbt edirdilər.
Xalq arasında qazandığım hörmətə
görə mənə toxunmadılar. Amma mən ehtiyat
üçün kabinetimdə bir naqan saxlayırdım ki,
kimin kişiliyi çatır gəlsin məni buradan
çıxarsın...
- Dünya şöhrətli alimimiz,
ziyalımız rəhmətlik Xudu Məmmədov tez-tez
Ağdama gələndə sizinlə də görüşərmiş.
O, ermənilərə qarşı müqavimət, xalq hərəkatı
barədə nə deyərdi? Axı o vaxt onun AXC rəhbəri
olması söhbəti də var idi...
- Xudu
müəllim Ağdama tez-tez gələrdi. Ancaq
bizim əsas söhbətlərimiz, mədəniyyət, incəsənət,
ədəbiyyatla bağlı olurdu. Mən
Füzulini çox xoşlayırdım, elə çox zaman
Füzuli yaradıcılığından söhbət edərdik.
Yalnız o, rəhmətə gedən zaman bildim ki, Xudu müəllim
AXC-nin əsasını qoyanlardan biri imiş... Onu
xalq hərəkatı ilə bağlı bir iclasda bərk əsəbiləşmişdilər.
O da təbiətən çox sakit, zərif insan idi...
- Ağdamın işğalı necə
baş verdi?
-
Ağdam 5 ilə yaxın davamlı olaraq müdafiə olundu. 1993-cü ilin yayında vəziyyət lap
ağır idi. Təsəvvür edin ,
şəhərə "qrad" yağırdı, gündə
azı, 10-15 dinc sakin həlak olurdu. Ancaq mən
kabinetdə əyləşib işləyirdim, deyirdim ki, mənə
güllə dəyməz. İki dəfə
sürücüm məni düşürüb gedəndə
xidməti avtomobilimə "qrad" qəlpəsi dəymişdi.
Yəni biz son imkanadək şəhəri tərk
etmirdik, oğullarımız da bacardıqları qədər
döyüşürdülər. Təəssüf ki,
sonda həm düşmənlərimizin məkrli planları, həm
də xəyanət nəticəsində Ağdam işğal
edildi... Həyat yoldaşım da həmin
döyüşlər zamanı qəlpə yarası
almışdı. 2010-cu ildə yəqin artıq ürəyi
dözmədi Ağdamsızlığa, qəflətən
ürəyi dayandı...
- Necə oldu yolunuz parlamentə
düşdü?
-
Ağdamın işğalından sonra ilk dövrlərdə
camaatın vəziyyəti çox gərgin idi. Onların yerləşdirilməsi, yardımların,
çörəkpullarının paylanması problemlər
yaradırdı. O vaxtkı icra başçısı Səyavuş
Vəlməmmədovla komsomolda da bir işləmişdik. O, mənə
ərklə xahiş etdi ki, bəs Bakıda Ağdamdan didərginlər
daha çoxdu, ona görə də bir qərargah yaradıb səni
rəhbər qoymaq istəyirik. Vəziyyətin
ağırlığını nəzərə alıb bu
ağır yükü boynuma götürdüm. İnanırsız, mən Bakı ilə əvvəl
Qərvənd, sonra Xındırıstan, Quzanlı arasında
bəzən həftənin hər günü yol gedib gələrdim.
Həm mədəniyyət şöbəsinin
işini aparmalı, həm də Bakıdakı 10 minlərlə
didərginimizin problemlərini həll etməli idim. Xülasə, bu işin öhdəsindən gələ
bildim. Görünür, fəaliyyətim rayon və
respublika rəhbərliyi tərəfindən dəyərləndirilmişdi...
İlk dəfə mənə 1995-cı ildə
47 saylı Ağdam seçki dairəsindən MM-ə təkrar
seçkilərə hazırlıq gedəndə rayon İH
başçısı Həsən Sarıyev namizədliyimi
verməyimi təklif etdi. Dedim, yox, qorxuram, məsuliyyətli
işdi, birdən işləyə bilmərəm... 1995-ci il dekabrın 2-də Süleyman Dəmirəl
Bakıya gəlmişdi. Yataqxanalardan birində
qaçqınlarla görüş keçirməli idi. Elə oldu ki, həmin görüşün
açılışını mənə
tapşırdılar. Çıxışım həm
rəhmətlik Heydər Əliyevin, həm Süleyman bəyin
xoşuna gəldi... Bir neçə gün sonra
məni Prezident Aparatına çağırıb
soruşdular ki, bəs sənə deputatlığa namizədliyini
vermək təklifi olub. Dedim, bəli, ancaq həyat
yoldaşım xaricdə olduğu üçün onunla məsləhətləşməmiş
razılıq verməmişəm. Sabir gəldi,
vəziyyəti nəql etdim. Əvvəlcə
etiraz etdi. Ancaq sonra dedi ki, yaxşı fikirləş,
işləyə biləcəksənsə, get. Nəhayət,
düşünüb razılıq verdim. Camaatın
arasında olan hörmətimə görə mənə
lazım olan imzalar bircə sutka ərzində necə
toplandı, heç xəbərim olmadı. Və bu minvalla parlamentə üzv seçildim.
- Millət vəkili kimi hansı
xeyriyyə işlərini görə bildiniz?
-
Açığı, o vaxtlar deputatların özlərinin
kifayət qədər təminatı yox idi. Cəmi, səhv
etmirəmsə, ilk dövrdə cəmi 96 min manat (96 manat) maaş alırdıq. Hələ
xidməti maşın da verilməmişdi. Çox zaman yoldaşımdan pul alıb işə
taksi ilə gedib-gəlirdim. Buna baxmayaraq,
seçicilərimiz üçün əlimizdən gələni
edirdik.
Bir dəfə əfv fərmanı verilmişdi. Ancaq iki
uşaq lazımi cəriməni ödəyə bilmədiyindən
onlar əfv edilməmişdi. İmişlidən
deputat olan Elmira Qasımova ilə belə qərara gəldik
ki, həmin uşaqların pullarını keçirdək.
Öz pulumuzu topladıq, gördük
çatmır, Əhəd Abıyevə müraciət etdik,
o da sağ olsun, yardım etdi və biz o uşaqların ailələrinə
qovuşmasına nail olduq.
- Rəhbəri olduğunuz Qarabağ
Yaradıcılıq Birliyi necə fəaliyyət göstərir?
- Bizim
birlik ictimai əsaslarla işləyir. Nə
ediriksə, öz gücümüzə edirik. Xalqımızın, xüsusən gənclərimizin
Qarabağı, onun mənəvi, mədəni sərvətlərini
unutmaması, torpaqlarımızın azadlığı
uğrunda mübarizə əzmi ilə yaşamasının təbliği
istiqamətində əlimizdən gələni etməyə
çalışırıq. Ancaq bizə
maddi dəstək göstərən yoxdur. 2010-cu ildə biz İstanbulda bir "Qarabağ
teatrı" aça bildik. Hətta
Qarabağın işğalı barədə bir tamaşa da
hazırladıq. Və Moskvada həmin
teatrın açılışını etdik.
Bunların hamısına öz şəxsi vəsaitim
hesabına nail oldum. Bir neçə ərk etdiyim imkanlı
insanlara müraciət etsəm də, heç kəsdən
maddi dəstək görmədim... Və nəticədə
biz "Qarabağ" teatrını yaşada bilmədik... Bilirsiz, mən aktiv fəaliyyətə öyrənmişəm.
Təəssüf ki, bu gün istədiyim işi qurmağa, mənəvi
gücüm olsa da, maliyyə problemlərini həll edə
bilmirik...
- 20 illik Qarabağsızlıq
"labirintin"də nə qazana bildiniz?
- Demək
olar ki, heç nə... Düzdü, vəzifədə oldum,
deputat seçildim, yeni dostlar əldə etdim,
övladlarım təhsil alıb müəyyən peşəyə
yiyələndilər... Amma böyük mənada heç nə
qazana bilmədim... Qazana da bilməzdim.
Çünki Qarabağ itkisini, Ağdam itkisini, torpaq itkisini
heç nə əvəz edə bilməz..
Sultan Laçın
Həftə içi.- 2013.- 14-16
sentyabr.- S.3.