Azərbaycanda yeni peyvəndin tətbiq olunacağı vaxt açıqlanıb 

 

Nəsib Quliyev: “Peyvənd bu ay ərzində və ya gələn ayın əvvəllərində tətbiq olunacaq

 

Pnevmakok çöplərinin törətdiyi xəstəliklərə qarşı peyvəndin bu ayın sonuna kimi tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə Hafta.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

 

Professor bildirib ki, ölkədə tətbiq olunacaq yeni peyvənd preparatının müəyyən hissəsi Azərbaycana gətirilib və bu proses davam etdirilir. Onun sözlərinə görə, hazırda pnevmakok çöpü əleyhinə olan preparatın bölgələrə paylanması işi gedir: “Peyvəndin gətirilməsinin bütün tərəfləri həll edilib. İş başa çatandan sonra planlı peyvəndə daxil ediləcək. Peyvənd bu ay ərzində və ya gələn ayın əvvəllərində tətbiq olunmağa başlanacaq”.

Bütövlükdə Azərbaycanı təmin etmək üçün nə qədər peyvəndin lazım olduğuna gəlincə, N.Quliyev deyib ki, ölkədə il ərzində neçə uşaq doğulursa, peyvənd də onların sayına uyğun gətirilir: “Bu peyvənd 3 dəfə vurulur. Onun da üzərinə 15-25 faizə qədər itki əlavə olunur və nəticə hesablanaraq uyğun preparat gətirilir”.

Baş pediatr deyib ki, 2 ayı tamam olmuş uşaqlar difteriya, tetanus, göy öskürək, sarılıq və polimelitlə yanaşı pnevmokoklara qarşı da peyvənd ediləcək. Peyvəndlər 2, 4 və 6 aylıq uşaqlara tətbiq ediləcək.

N.Quliyevin sözlərinə görə, peyvənd təqvimi üzrə tətbiq olunmazdan əvvəl mütəxəssislər təlimatlandırılacaq. Müxtəlif treninqlər tətbiq ediləcək. Bundan sonra peyvənd praktiki olaraq tətbiq ediləcək. Onun sözlərinə görə, pnevmakok çöpü əleyhinə olan yeni peyvənd uşaqlarda sətəlcəm, meningit, yəni soyuqdəymənin yaranmasına qarşı təsir göstərir. “Bəs, bu peyvənd hansı vəziyyətdə uşaqlara vurula bilməz?” sualına münasibət bildirən N.Quliyev deyib ki, yeni peyvənd əksər hallarda tətbiq edilir. Onun sözlərinə görə, digər peyvəndlərin tətbiqi üçün məsləhət bilinməyən göstəricilər yeni peyvəndə də aiddir: “Azərbaycanda pnevmakok pnevmoniya xəstəliyinə qarşı peyvəndin başlanması uşaqlarımızın sağlamlığının bərpasında, uşaq ölümünün azaldılmasında böyük bir addım olacaq”. N.Quliyev bildirib ki, hazırda Azərbaycanda uşaqlara 10 yoluxucu xəstəliyə qarşı peyvənd vurulur. Bu xəstəliklərdən üçünə (vərəm, poliomielithepatit B) qarşı peyvənd uşaqlar doğulandan sonra 1 həftə ərzində vurulur, daha 4 peyvəndə uşaqlar 2 aylıq olandan sonra qoşulur, 1 yaşında isə daha üç xəstəliyə- qızılca, məxmərək və paratitə qarşı peyvənd olunurlar.

N.Quliyev havaların soyuması ilə əlaqədar uşaqların yoluxma və soyuqdəymədən qorunmasının vacibliyini qeyd edib. Professor bildirib ki, payız aylarından kollektiv vəziyyət yaranır: “Yəni məktəblər, bağçalar, digər uşaqların kollektiv olduğu müəssisələr fəaliyyətə başlayır. Uşaqlar bir-biri ilə nə qədər sıx təmasda olursa, onların yoluxma şansı bir o qədər çoxalır. Ona görə də uşaqları xəstələnmədən qorumaq lazımdır. Həm də xəstələnən uşaqları kollektivlərə buraxmaq olmaz. Gərək valideynlər bu məsələni nəzərə alsınlar”.

N.Quliyev onu da əlavə edib ki, uşaqların orqanizminin möhkəmləndirilməsinə yay aylarından başlamaq lazımdır: “Uşaqlar günəş, qum vannaları qəbul etməlidirlər. Uşaqlar daha çox açıq havada gəzməli, hərəkət etməlidirlər. Bu yolla payız-qış mövsümüdaxil olmaqla növbət ilin yay aylarına qədər uşaqları xəstələnmədən qorumaq olar. Düzdü, uşaqların 100 faiz xəstələnməməsi mümkün deyildünyada belə bir şey yoxdur. Uşaqlar ildə ən azı iki dəfə soyuqdəymə və bakteriyalarla qarşılaşaraq xəstələnirlər”.

Qeyd edək ki, yeni pnevmakok preparatı Avropada istehsal edilir. Peyvəndin vurulması bütün dövlət poliklinikalarında pulsuz olacaq. Bununla da Azərbaycanda tətbiq edilən peyvəndlərin sayı 11-ə çatacaq. Dünyada isə bu vaksinlərin sayı 13-dür.

 

Atif Sarıxanlı

 

Həftə içi.- 2013.- 19 sentyabr.- S.8.