“Milli təhsil konsepsiyası mütləq
hazırlanmalıdır“
Bu həftə
prezident seçkiləri ilə yanaşı, ölkə
sakinlərinin beynini ən çox məşğul edən məsələlərdən
biri də gül balalarımızın qədəm
basdığı məktəblərdə növbəti tədris
ilinin başlanması oldu. Hər bir valideyn
övladının orta məktəbdə, hazırlıq
kursunda, yaxud ali məktəbdə necə təhsil
alacağı, ona hansı müəllimin dərs keçəcəyi,
onu kitab və ləvazimatlarla, geyim-kecimlə, cibxərcliyi ilə
necə təmin edəcəyi barədə
düşünür. Qarşıdan Müəllim
Günü də gəlir... Bunları nəzərə alaraq
"Dəyirman"ımıza ötən əsrin 90-cı
illərinin əvvəlində müstəqil
respublikamızın, demək olar ki, ilk islahatçı təhsil
naziri olmuş türkoloq alim, Türk Dil Qurumunun üzvü,
professor Firudin Cəlilovu dəvət etdik. Onunla "Təhsilimizin
problemləri" mövzusunu üyütməyə cəhd
etdik...
- Firudin müəllim,
ilk dəfə nazir kimi fəaliyyətə başlayanda təhsil
sahəsində rastlaşdığınız ən ziddiyyətli
problem hansı olmuşdu?
- Dövlət üçün təhsil, demək olar ki, ən ağır sahədir. Çünki elə bir ailə yoxdur ki, onun təhsillə, məktəblə bağlılığı olmasın. Bu mənada biz də işə başlayanda çox problemlərlə rastlaşdıq. Təsəvvür edin, mən ilk dəfə nazir gələndə nazirliyin büdcəsində cəmi 300 dollar vəsait var idi. Buna görə də yaxın bir ölkəyə səfərə getmək üçün digər nazirliklərdən kömək istəyirdik. Ağır problemlərdən biri də ali və orta təhsil sahələrinin bir qurumda birləşdirilməsi idi. Biz bu məsələni çətinliklə də olsa, həll etdik. Qısa müddət ərzində xeyli islahatlar apardıq. Test üsulunun ilk dəfə tətbiqinə nail olduq. Xeyli dərslik çap etdirə bildik. Nəticədə 1992-ci ildə Dünya Bankının hesabatında Azərbaycan keçmiş sovet məkanında təhsil sahəsində ən çox inkişafa nail olmuş bir ölkə kimi qeyd edildi.
- MDB-də ilk dəfə
sizin və Vurğun Əyyubun rəhbərliyi ilə test
üsulunun tətbiq edilməsinə nail olundu. Hazırda bu
üsulun tətbiqi səviyyəsi sizi qane edirmi?
- Əvvəla, ədalət naminə bu işin görülməsində digər şəxslərin də əməyini qeyd etmək gərəkdi. İdeya mənim olsa da, testin tətbiqində Vurğun Əyyubla yanaşı, Kamran İmanovun və keçmiş təhsil naziri Misir Mərdanovun da böyük zəhməti olmuşdu. İlk dəfə Tələbə Qəbulu Komissiyasını baş nazirin müavini olanda yaratmışdım, komissiya üzvləri mənim kabinetimdə oturub işləyirdi. Məqsəd o idi ki, bu bir test idarəsi kimi gələcəkdə digər nazirliklərdən də sifarişlər qəbul edib, həmin qurumlarda attestasiya, yaxud işə qəbul imtahanları üçün testlər hazırlayıb tətbiq etsin. Ancaq bu gün TQDK öz üzərinə daha böyük funksiyalar götürüb. Dərsliklər, testlər çap etdirir, buraxılış imtahanları da keçirir. Bu da Təhsil Nazirliyi (TN) ilə həmin qurum arasında müəyyən ziddiyyətlərə və təhsil sahəsində hərc-mərcliyə gətirib çıxarır...
- Son 20 ildə Azərbaycan
təhsilinin inkişafında müsbət və mənfi məqamları
necə xarakterizə edərdiz?
- Deyim ki, müsbət məqamlar çoxdur. İlk növbətə yüzlərlə yeni məktəb tikilib və təmir etdirilib. Məktəblərin çoxu kompüterləşdirilib. Və nəticədə oxumaq istəyənlər üçün geniş imkanlar yaradılıb. Ancaq bir çox hallarda forma dəyişsə də, mahiyyət dəyişməyib, yəni həmin yaraşıqlı məktəb binalarında təhsilin səviyyəsi, keyfiyyəti yüksəlməyib.
Digər
neqativ hallar da var. İnanıram ki, bunlar tədricən aradan
qaldırılacaq...
- Bu ilin aprelində - yeni təhsil
naziri təyin olunan ərəfədə belə bir
açıqlama vermişdiniz ki, Misir Mərdanovun yerinə kim gəlsə də, təhsildəki problemləri
tezliklə həll edə bilməyəcək. Artıq 5
aydır ki, Mikayıl Cabbarov təhsil naziridir. Hansısa dəyişikliklərə
nail olunubmu?
- Bilirsiz,
mən bilavasitə təhsil prosesinin içərisində
deyiləm. Ona görə də qəti bir fikir
demək çətindir. Ancaq belə
görünür ki, ciddi dəyişiklik edilməyib. Təhsilə
nəzarət edən şəxs də gərək təhsil
prosesinin idarəçiliyində iştirak etmiş adam olsun. Yalnız bir neçə kadrı
yenisi ilə əvəzləməklə iş getmir. Mən yenə də təzə təhsil nazirinə
uğurlar arzulayıram. Gəncdir, enerjilidir, güman
edirəm ki, müəyyən uğurlar əldə edə biləcəkdir...
- Müşahidələr göstərir
ki, orta məktəblərdə xırda rüşvətxorluq
halları, yaxud fond pulu - filan yığılması hələ
də davam etməkdədir...
- Öncə,
müəllimin, ziyalının zəhmətini düzgün
qiymətləndirmək gərəkdir. Ötən
əsrin 50-60-cı illərinə qədər müəllimlər
ən sayılan, nüfuzlu təbəqə idi. Sonradan pedaqoqların nüfuzu tədricən
aşağı düşdü. Bu gün
də müəllimlərin əməkhaqqı çox
aşağıdır. Bu da məktəblərdə neqativ
hallara şərait yaradan amillərdəndir...
- Düzdür, hər il olduğu kimi, bu il də dövlətimiz
maaşları 10 faiz artırdı. Ancaq müəllimlər
kimi məktəb rəhbərlərinin, direktorların da
maaşı bazarla müqayisədə çox
aşağıdır. O boyda müəllim-şagird kollektivini
idarə etməli olan direktorlara, səhv etmirəmsə,
150-200 manat vəzifə maaşı verilir. Bu da
rüşvətxorluğa şərait yaradan faktorlardan deyilmi?
- Bu bəla
bizim vaxtımızda da var idi. Təəssüf ki, o zaman
büdcəmizdə pul çox az idi.
Müəllimlərin maaşımı qaldırdıq, ancaq
konkret məktəb rəhbərlərinin maaşını
qaldıra bilmədik... Bu bəladan mütləq
xilas olmaq lazımdır. Müəllimə bu gün ayda
azı 1000 manat maaş verilməlidir ki, o,
normal dərs deyə bilsin, məcbur olub şagirdin, valideynin əlinə
göz dikməsin...
- Görünür, bu problemi həll
etmək üçün müəllimlərin gerçək,
yəni "hörmət", "tanışlıq"
olmadan keçiriləcək attestasiyasına da böyük
ehtiyac var?
- Tamamilə
doğrudur. 1992-1993-cü illərdə biz bu
istiqamətdə tədbirlər görməyə
çalışırdıq. Həqiqi
attestasiya keçirməyi planlaşdırırdıq.
Müəllimlər savad və bacarıqlarına görə
dərəcələrə bölünməlidir, aradakı maaş fərqi çox olmalıdır ki,
aşağı dərəcəli müəllim mütləq
öz üzərində çalışmağa məcbur
olsun, gəlib birinci dərəcəyə çatsın. Məsələn, aşağı dərəcəli
müəllim 500 manat alırsa, birinci dərəcəli 1500
manat almalıdır. Yəni maddi maraq, stimul
olmalıdır...
- Yeni təhsil konsepsiyasının
- kurrikulumun tətbiqi ilə bağlı da müəyyən
narazılıqlar var...
- Bilirsiz,
biz 70 il rus təhsil sistemi ilə
yaşamışıq. Bu o dövr
üçün kifayət qədər yararlı sistem idi.
Biz 1992-1993-cü illərdə Türkiyəyə
göndərdiyimiz tələbə və şagirdlərlə
onlarınkıları müqayisə edirdik. Məsələn,
bir dəfə bir türk liseyinin müəllimi dedi ki, sizin
6-cı sinif şagirdinin səviyyəsi bizim 8-ci sinif
şagirdinin səviyyəsindən üstündür. Amma sovet sistemindəki siyasi, ideoloji motivlər, həddindən
artıq yükləmələr təhsilə çox
böyük ziyan vurdu. Bunlara baxmayaraq, hələlik
bir müddət o təhsil sisteminin müsbət tərəflərindən
faydalanmağımıza ehtiyac var. Əlbəttə, haqlısız.
Milli təhsil sisteminin konsepsiyası mütləq
işlənməlidir. Özü də digər
türk xalqları ilə birgə. Məsələn,
biz ortaq türk əlifbasını işlədirik.
Növbəti addımda ortaq türk dərslikləri
hazırlanmalıdır...
- Orta məktəb məzunlarına
medal verilməsini siz ləğv etmişdiniz. Bərpa
edilməsinə ehtiyac var idimi?
- Sovet
hökuməti qurulandan qızıl-gümüş medal
manipulyasiyası var idi. Mən bu problemin həllini
medal sistemini ləğv etməkdə gördüm. Medal yox idi, problem də yox idi. İndi yenidən
bunu bərpa etdilər və nəticədə bu problemlər
yenidən qayıtdı... Saxta medaldansa, şagirdin fənn
yarışmalarında, olimpiadalarda aldığı
ödüllərə üstünlük verilə bilər...
- Bu gün dərsliklərin tərtibində
də çox problemlər mövcuddur. Kifayət qədər
qüsurlar, səhvlər var...
- Dərsliyi
tərtib edənlər ona siyasi baxışlarla - iqtidar, yaxud
müxalifətçi gözü ilə yox, ümummilli nəzərlərlə
baxmalıdır. Alternativ dərsliklər də
olmalıdır ki, müəllim seçim edə bilsin.
Bu məsələni də cəmiyyət özü
aşağıdan tənzimləməlidir...
Dərsliklərin dili də çox bərbad vəziyyətdədir. Bu günlərdə
"ANS" telekanalındakı bir verilişdə də bu məsələni
qaldırdım. Kənd Təsərrüfatı
Akademiyasının bir dərsliyində fəsillərdən
birinin başlığı belədir: "Eşşəkçilik".
Bu ad altında tələbəyə nə öyrədəcəksən?..
- Konkret sizin mütəxəssisi
olduğunuz dilçilik sahəsi ilə də maraqlansaq, orta məktəb
dərsliklərində çox ziddiyyətlər var. Məsələn,
6-cı sinif dərsliyində eyni nitq hissəsinin növləri
bir cür, 11-ci sinif dərsliyində tamam başqa cür
göstərilir. Bu da şagirdlərdə
çaşqınlıq yaradır... Və yaxud
müxtəlif sözlərin transkripsiyasında vahid bir fikir
yoxdur. Məsələn, mübahisələr gedir
ki,"kommunal" tələffüz olunmalıdır, yoxsa
"kammunal"... Dilçilərimiz nə
zaman dilimizin vahid qrammatikasını tərtib edə biləcəklər?
- Dediyiniz
misal orfoepiyanın mövzusudur. Təəssüf
ki, bizdə bu sahədə mütəxəssis yoxdur. 1947-ci ildə Kazım Ziya adlı bir aktyorun "Səhnə
danışığı" kitabı yaxşı dərslik
idi. Bir də Əziz Əfəndizadənin
orfoepiya lüğəti var idi. Vəssalam.
Onlar da dünyalarını dəyişiblər.
Ona görə də bu sahədə
böyük problemlər var. Yaxınlarda telekanallardan birində
bu barədə mübahisə gedirdi; dilçi alim kimi dəvət
edilənlərdən biri söylədi ki, ümumiyyətlə,
bizdə orfoepiyaya ehtiyac yoxdur. O da həqiqətdir ki, Azərbaycanda
terminoloji baxımdan iki bərbad sahə var: hüquq və
dilçilik. Bu gün dilçilər öz
terminlərini sahmana sala bilməyiblər. Sözlərin
yazılışında islahat lazımdır. Məsələn,
iki "y" ilə yazılan sözlərdə bu hərfin
biri atılmalıdı... Və onlarla belə dəyişikliyə
ehtiyac var.
- Təhsil ocaqlarında dinin tədris
edilməsinə necə yanaşırsız?
- Postsovet
məkanında ilk dəfə ali məktəbdə
ilahiyyat fakültəsini 1992-ci ildə - hələ baş
nazirin müavini kimi mən açdırmışam. Məqsəd
Türkiyədən, İrandan, Ərəbistandan və s. gələn
cərəyanların təsiri altında Azərbaycanda din sahəsində
yaranmış xaosun qarşısını almaq idi. Dinimizi öz İslam alimlərimiz,
mollalarımız öyrətməlidir. Hətta mən
o zaman göstəriş vermişdim ki, ilahiyyat fakültəsində
heç bir şiə-sünni ayrı-seçkiliyinə yol
verilməməlidir...
Özüm dindar olmasam da, dindarlara, müsəlmanlara
hörmətlə yanaşıram. Bu sahədə hər
kəsə sərbəstlik verilməlidir. Amma dindən alət kimi istifadə edib, onu siyasətə
qarışdırmaq olmaz. Hicab məsələsi
də süni qabardılan bir məsələdir. Yetkin
yaşda olan bir uşaq orta, yaxud ali məktəbə
başını örtüb gəlirsə, sən bunu niyə
qadağan edirsən? Əksinə, qadağan edəndə
hansısa xarici qüvvələrin əlinə ölkədə
qarışıqlıq yaratmaq üçün bəhanə
verirsən. Bu baxımdan mən ilahiyyat elminin də tədris
olunmasının tərəfdarıyam...
- Övladlarınız, nəvələriniz
harada təhsil alıb?
- Hər
iki oğlum burada təhsillərini bitirdikdən sonra biri
Rusiyada, digəri isə Ukraynada təhsillərini davam etdirdilər.
Hər ikisi tibb sahəsindədi. Biri cərrahdı, digəri isə nadir bir sahə -
tibbi genetika üzrə dissertasiya yazır. İnşallah, qurtarandan sonra gəlib millətinə,
xalqına xidmət edəcək. Nəvələrim
isə hələ bağçaya gedirlər.
- Yeni tədris ilində müəllim,
şagird və valideynlərə tövsiyələriniz...
-
Bütün müəllim, şagird və tələbələri
təhsil ilinin başlanması münasibətilə təbrik
edirəm. Müəllimlərimizə səbr, təmkin
arzulayıram. Yəqin ki, tezliklə
hökumət onlara ciddi qayğı göstərməyə
başlayacaq. Balalarımıza isə
xoş günlər arzulayıram. Və
ağsaqqal kimi bir tövsiyəm var ki, kitabdan
ayrılmasınlar. Adamı insan edən
kitabdır. Kitabsız adamın cahil
olması qaçılmazdır. Ktabı
sevsinlər. Dərs kitabları ilə
yanaşı, bədii ədəbiyyatı da çox oxusunlar.
Valideynlərə də gənc nəslin tərbiyəsində uğurlar arzulayıram. Ancaq övladlarının təhsilinə daha ağılla yanaşmağı məsləhət görürəm. Yəni heç bir millət balasını savadsız etmək üçün pul xərcləmir. Qoy bizim valideynlər də övladlarına saxta qiymət, saxta diplom yazdırmaqla, onları savadsız etmək üçün müəllimlərə pul verməsinlər. Pulları çoxdursa, uşaqların daha çox elmlənməsinə xərcləsinlər...
Sultan
Laçın
Həftə içi.- 2013.- 20
sentyabr.- S.4.