Qədir
Rüstəmovun “Sarı gəlin” möhürü
Aydın Mehralıyev: ”Bülbül olmasaydı, “Koroğlu”
operası da bu qədər
məşhurlaşmazdı”
Hamı
onu sənətinə görə
tanıyır və sevir. Bəstələri
də Azərbaycanın ən tanınmış sənətçiləri
tərəfindən sevilə-sevilə oxunur.
Belələri ilə söhbət etmək, ifalarına qulaq asmaq Allaha
hörmət deməkdir. Biz də
milyonların içərisindən sayılıb-seçilən
tanınmış tarzənlə söhbət edib
onun sənət yoluna
işıq salmaq qərarına gəldik.
Beləliklə,
“Seçilənlər” rubrikasının budəfəki
qonağı tanınmış tarzən Aydın
Mehralıyevdir. Onun fikrincə, sənət çətin yoldur və hansı müğənni 5-6
yaşlarından sənətə gəldiyini söyləyirsə,
yalandır. Çünki ən
istedadlı şəxslər belə, 7-9 yaşlarında musiqi məktəblərində sənətin əlifbasını
öyrənməyə başlayır. Bu
məktəblərdə isə təhsil alan
500 nəfərdən 1-2-də fitri istedad ola, ya
olmaya. Onların gələcəkdə
gerçəkdən musiqiçi
olub-olmaması isə müəllimləri və valideynlərdən
asılıdır: “Gərək müəllimləri
və valideynləri həmin uşaqların üstündə
dursun ki, onları musiqi sənətinə yönəldə bilsin. Çünki fitri istedadı olan uşaqlar da ifa etdikləri əsərləri yaş hədlərinə görə o dərəcədə, yüksək səviyyədə
başa düşə bilmədiklərindən
əzbərçi olurlar. Onların fitri istedadları təxminən 20
yaşlarından sonra üzə
çıxmağa başlayır ki, onlardan da faydalı bəstəkarlar,
musiqiçilər, ifaçılar yaranır”.
Tanınmış
tarzən hesab edir ki, bu sənətdə uğur qazanmaq üçün başlıca meyar
musiqini duymaq,
muğamatı dərk edə bilməkdir. Amma
onun sözlərinə görə, bəziləri
bu yolun bir hissəsində sənətini dəyişmək
məcburiyyətində qalır, bəziləri müşayiətçi,
bir başqası isə müəllim kimi çalışmağı üstün tutur: “Uşaq yaşlarından musiqiyə, muğama meyil göstərənlərin
çox az hissəsi bu sənətdə püxtələşərək
daimi yaradıcılıqla məşğul
ola bilir. Lakin bunlar heç
də son hədd deyil”.
“Sənətçini xalq tanımalıdır”
Aydın
Mehralıyevin fikrincə, yaxşı ifa
və bəstələr təbliğ edilməlidir ki, xalq bu
sənətkarları tanıyıb duya bilsin. Çünki sənətkarlar
bundan ruhlanaraq öz üzərində daha
çox məsuliyyət hiss
edir. Bu isə
çalışqanlıq üçün
əsas şərtdir. Özünün də
bir musiqiçi kimi Azərbaycan Dövlət
Konservatoriyasının tar
ixtisasını bitirəndən sonra
tanındığını söyləyən müsahibimiz deyir ki, o vaxtadək ustadlara qulaq asmağa, sənətkarlardan öyrənməyə
meyilli olub: “Bir sənətçi kimi
özümü dərk edəndən sonra musiqinin asan janrlarında, mahnı, rəqs, marş, vals yazmaqla özümü
sınadım. İfa və bəstələrim
xalq tərəfindən qəbul olundu. Hazırda bəstələrim kitab şəklində Azərbaycan Dövlət
Konservatoriyasının tələbələri, musiqi məktəblərində tədris vəsaiti
kimi çapa
hazırlanır. Bu günə kimi 45 rəng, 4 muğamın ritmik
gəzişmələrini, 3 marş, 3
vals,1 variasia,12 mahnı, 5 rəqs bətələmişəm.
Bunlardan başqa “Azərbaycan
muğam rəngləri” kitabım dərs
vəsaiti kimi musiqi təhsil
ocaqlarında istifadə olunur”.
“Mahnılarımızı
ucuzlaşdırırlar”
Aydın
Mehralıyev deyir ki, bəstəkar
musiqini yazanda ilk növbədə fikrində tutduğu müğənninin səs tembrini və səs diapazonu
nəzərə almalıdır. Onun
fikrincə, bəzən elə müğənnilərlə
rastlaşır ki, onlar
mahnını ifa etmək xətrinə oxuyurlar. Lakin mahnı hər müğənninin, hər xanəndənin
səsinə düşmür: “Ölməz
sənətkarımız Üzeyir
Hacıbəyli “Koroğlu”
operasını yazarkən Koroğlunun
ariyasını oxumaq üçün
öz vokalçılarımızdan dahi Bülbülü nəzərdə
tutmuşdu. Əgər Bülbül
olmasaydı, onda “Koroğlu” operası da bu qədər məşhurlaşmazdı.
Bu operanı Bülbül
oxuyandan sonra o, bir müğənni və
vokalçı kimi nəinki Azərbaycanda,
bütün dünyada
tanındı. Eyni zamanda,
o, öz ifası ilə
Üzeyir bəyi tanıtdı. İndinin özündə də “Koroğlu” operası dünya
operaları içində ən yüksək pillədə
yer alıb”.
Aydın Mehralıyev xalq mahnısı
”Sarı gəlin”i də bu sıraya daxil edir. Bu
mahnının özünün də zövqünə
uyğun gəldiyini deyən müsahibimizin fikrincə,
“Sarı gəlin” möhürünü mərhum Qədir
Rüstəmov və Akif İslamzadə vurub: “Bu xalq mahnısını
yerindən duran oxumağa çalışır. Bəzilərində
alınır, bəzilərində alınmayaraq, özləri
kimi mahnı da dəyərdən düşür. Halbuki bu
günədək dəyərli və qiymətli olan xalq
mahnılarımız qorunub saxlanılıb. Məni
ağrıdan da odur ki, nəzarət olmadığından
özünə müğənni deyib efirə
çıxanlar xalq mahılarımızı
ucuzlaşdırır”.
İfaçılıq
sənətindən söz açan tarzən deyir ki, vaxtilə bir çox korifey sənətçiləri,
o cümlədən, Seyid
Şuşinskini, Məşədi Bahaduru, Şövkət Ələkbərovanı,
Qədir Rüstəmovu, Şahmalı Kürdoğlunu,
Aydın Məmmədovu və başqalarını tarda müşayiət
edib. Ansambllarda və
orkestrlərdə böyük sənətkarlarımızın
çox olduğunu
deyən Aydın Mehralıyev bildirir ki, musiqiçi müəllimlər
65 yaşı tamam olan
kimi məktəblərdən
uzaqlaşır. Onun sözlərinə
görə, 65 yaşından musiqini tədris
edən müəllimləri uşaq musiqi məktəblərindən
uzaqlaşdırmaq düzgün deyil: “”Ona görə ki, musiqi çətin sahədir,
ona 40-50 yaşlarında yiyələnmək
olur. Gənc müəllimlər qocaman və təcrübəli mütəxəssislər
kimi şagirdlərə bilik
verə bilmir. Ona
görə də təcrübəli müəllimlər heç olmasa, 70
yaşına qədər işləməlidir”.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2013.- 9 yanvar.- S.7.