Tanınmış kinoşünas sovet filmlərini yıxıb-sürüdü 

 

Aydın Kazımzadə: “Ulduz”, “Əhməd haradadır?” filmlər filmdi bəyəm? Yaxud “Bəyin oğurlanması” filmində nə sənətkarlıq var ki?”

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) yarandığı gündən tanınmış kino xadimlərinin çoxu yeni təşkilata axışdı. Bunların arasında əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, kinoşünas Aydın Kazımzadə də var. Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktını üzə çıxarıb bunu sübut edən Aydın müəllimlə söhbətimiz də kino sənətinin indiki durumu barədədir:

“Əvvəlcə deyim ki, yeni Kinematoqrafçılar İttifaqının yaranması heç də səbəbsiz olmadı. Artıq zaman yetişmişdi və yeni ittifaqa böyük ehtiyac var idi. Köhnə ittifaqda mən də daxil 300 üzv var idi. Ancaq neçə illər idi ki, o ittifaq fəaliyyətsiz idi. İttifaqın üzvləri də çaş-baş qalmışdı, heç bir fəaliyyətimiz yox idi. İttifaqın elə üzvləri var idi ki, illərlə ora gəlmirdi, yataq xəstəsi idi. Ancaq bir nəfərin də xəbəri yox idi bundan, başlı-başına qalmışdı ittifaq. Ona görə də yeni ittifaq yarandı, qurultayda da idarə heyəti seçildi. Biləndə ki, idarə heyətinin sədri Şəfiqə Məmmədovadır, o dəqiqə ərizə yazıb o köhnə ittifaqdan çıxıb yeni ittifaqa üzv oldum. Mən Şəfiqə xanıma inanıram, çox mərd, enerjili qadındır. İttifaq üzvləri ilə daim maraqlanır və hər kəsə də xüsusi qayğı ilə yanaşır.

- Yeni ittifaqın yeni məhsulları tamaşaçılara nə vaxt təqdim olunacaq?

- İttifaq fəaliyyətə başladığımız ilk günlərdən “Nizami” kino mərkəzində gənclərin filmlərindən ibarət baxışlar olub. İndi də belə baxışlar keçirilir və gələcək üçün də yeni layihələr var. Bunların hamısını təşkil edən yeni-yeni ittifaqdır. İttifaqın işi çəkilən filmlərə nəzarət etmək deyil, yeni məhsullara, gənclərin çəkdiyi filmlərə baxış keçirmək, onları qiymətləndirmək, o filmlər haqqında müzakirələr aparmaqdır. Bir növ insanların həm həyatı, həm də yaradıcılığı baxımından qeydinə qalır bizim kineittifaq. Bu yaxınlarda ittifaq xətti ilə yeni müsabiqə elan edilib. Yazılan yeni ssenarilər yeni kineittifaqa təqdim edilir. Baxış keçirilir həmin ssenarilərə, təkliflər və məsləhətlər verilir. Ümumiyyətlə, işlərimiz çoxdur. İttifaq hələ ki, yeni yaranıb. Müəyyən dövrdən sonra işlərimiz tam olaraq öz axarına düşəcək.

- Yeni ittifaqa dövlət tərəfindən hələ maliyyə ayrılmadığı barədə məlumatlar doğrudur? Ümumiyyətlə, maliyyə probleminiz yoxdur ki?

- Mən idarə heyətin üzvü olmadığımdan maliyyə barədə məlumatlı deyiləm. Həm bu işlərə qarışa da bilmərəm. Bu işlə ki mən özüm məşğul olmuram, o haqda danışa bilmərəm. Ancaq ittifaq işləyir və bundan sonra da daim işləyəcək. Əminəm ki, buna lazım olan dəstək də veriləcək. Çünki bu ittifaqa ehtiyac var. Necə ki, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi var, eləcə də Kinematoqrafçılar İttifaqı olmalıdır və buna ehtiyac var.

- Yaradıcı insanlar sərbəstliyi, azadlığı daha çox sevirlər axı. Sizcə, onları ittifaqlarda birləşdirməyə ehtiyac var?

- İttifaqlar yaratmaq və yaradıcı insanları orada birləşdirmək heç də onların sərbəstliyinin boğulması demək deyil. Əksinə, gücləri birləşdirmək lazımdır. Ortaya daha yaxşı məhsul qoymaq üçün birlikdə işləmək lazımdır. Mənim bir kitabım işıq üzü görməzdən əvvəl onu yoxlayacaq bir redaktorun olmasını istəyirəm. Eləcə də kino sahəsində bir ssenari yazanda onu bir başqa şəxsin də oxumasını istəyirsən. Sizin gözünüzdən nəsə yayına bilər, ancaq onu ikinci, üçüncü dəfə yoxlayan birinin gözündən onun yayınması qeyri-mümkündür.

- Bəs, onda kino sənayesində tənəzzül baş verdiyi bir dövrdə iki kino ittifaqının yaranmasına nə ehtiyac vardı?

- Axı, birinci ittifaq işləmirdi. İşləsəydi, normal fəaliyyət göstərsəydi, yeni kineittifaqa ehtiyac qalmazdı.

- Daha keyfiyyətli məhsul üçün gücləri birləşdirmək daha yaxşı olmazdımı?

- Şəfiqə Məmmədovanın da, Rüstəm İbrahimbəyovun da ətrafında birləşən hər kəsin bir-biri ilə əlaqəsi var. Kiminsə hansı ittifaqa üzv olmasının münasibətlərə heç bir təsiri yoxdur. Bu iki ittifaqın birləşməsinə gəldikdə isə bunlar artıq söhbətlərdir. Əgər birincinin fəaliyyətsizliyi səbəbindən ikinci ittifaq yaranırsa, deməli, birləşməyə də ehtiyac yoxdur. Onsuz da hər kəs bir ittifaqda birləşmişdi. Lakin o ittifaq öz işinin öhdəsindən gələ bilmədiyi üçün ikincisi yarandı və yaradıcı insanlar da iki yerə ayrılaraq, yarısı Şəfiqə xanım, yarısı da Rüstəm bəyin ətrafında birləşdi.

- “Sovetlər olmasaydı, “Oskar”a qədər gedəcəkdik” demisiniz. Bəs, niyə müstəqillik qazanan indiyədək sovet illərində çəkilən filmlərə tay bir film çəkə bilməmişik?

- Bəli, belə demişdim və indi də bu fikirdəyəm. Sovet dövründə çəkilən filmlər bizə ona görə xoş gəlir ki, o filmlər üçün darıxmışıq. Ancaq son dövrlər çəkilən filmləri siz görmürsünüz axı. Əgər “Cavad xan”ı, “Hökmdarın taleyi”ni, “Mayak”ı, “Sahə”ni görsəniz, mənimlə eyni fikirdə olarsınız. Bu kimi onlarla filmlərimiz var ki, səs-soraqları beynəlxalq festivallardan gəlir. “Oskar”a qədər yüksələ bilməməyimizin səbəbini həm də sənətkarlarımızda görməliyik. Hər bir idmançının qazandığı medal onun göstərdiyi performansdan asılıdır. Bir idmançının nə qədər gücü varsa, o qədərini nümayiş etdirə bilir. Eləcə də kino sayəsinin nümayəndələri. Çəkdiyimiz filmlər arasında çox gözəl, nümunəvi filmlər var. Ancaq o mükafatın özünün ayrı tələbləri var ki, bizim filmlər o tələblərə cavab vermir. Nəzərə almaq lazımdır ki, mütəqillik qazandıqdan sonra bir-birinin ardınca ağır faciələr yaşamışıq. Nəinki kino sənayesi, mədəniyyət sayəsində, həmçinin siyasi həyatımızda da dəyişikliklər oldu. Bu gün kino sənayesi bütünlükdə dövlətin himayəsindədir. Heç bir MDB ölkəsində belə deyil. Heç bir ölkədə dövlət bütünlüklə pulunu kinoya sərf etmir. Ancaq görürsünüz, Azərbaycanda necədir?

- “Oskar”sız qalmağımızın səbəbini sənətkarlarla əlaqələndirirsiniz. Yəni bizim sənətkarların buna qabiliyyəti çatmır?

- Sənətkarlarımız güclüdür və bacarıqlıdırlar. Lakin tutaq ki, bizimkilər 3 addım irəliləyə bilir. Ancaq “Oskar” üçün gərək 5 addım irəliləyəsən. Bizimkilərin də buna gücü çatmır. Yenə də vurğulayıram, tələblər də çoxdur, həmçinin də maliyyəyə ehtiyac var. Texnika da böyük rol oynayır burada.

- Bir neçə film adı sadaladınız. Ancaq o filmlərə tanıyanlar çox azdır. Heç efirdə də görünmür. Hardadı bu filmlər?

- Görmək istəyənlər görür. “Nizami” kino mərkəzində tez-tez nümayiş olunur bu filmlər. Əgər kimsə gedib ona baxmırsa, o filmi tanımırsa bunun günahı tamaşaçıdadır. Getsin bilet alsın, baxsın.

- Bəlkə tamaşaçının kinoya bilet almağa imkanı yoxdu?

- Bu, dövlətin filmləridi. Bunları efirdə havayı göstərmək olmaz. Necə ki, dövlət o filmə pul xərcləyib, vətəndaş da bilet alıb filmə baxmalıdır. Ya da televiziya bunun üçün pul ödəyib almalıdı filmi. Mən bu filmi istehsal etmişəmsə, niyə hansısa kanala bağışlamalıyam ki?!

- Hər halda yaranmış boşluğu yerli filmlərlə doldurmaq daha yaxşı olmazmı?

- Milyonlarla pul ayrılır bu filmlərə. Necə bunu havayı kiməsə verə bilərsən? Sonra heç kəs pul verib kinoteatrda baxmayacaq o filmlərə.

- Sovet dövründə də belə təcrübə vardı?

- Mütləq. Hər bir filmin pasportunda yazılırdı ki, bu film filan tarixə qədər kinoteatrlarda göstəriləndən sonra efirə verilsin. Sovet dövrü başqa idi. Amma indi bu filmləri bilərəkdən efirə vermirlər ki, hamı gəlib kinoteatrda baxsın.

- Belə çıxır ki, imkanı olmayanlar baxmamalıdır bu filmlərə?

- İmkan olmayan deyəndə ki, adam var pulunu bilmir hara xərcləsin. Adam da var ki, elə hara gəldi pul xərcləyir, amma kinoteatra getmir. Ona görə bunlar hamısı boş söhbətlərdir. Sovet dövründə kinoteatr biletlərinin qiyməti 40-50 qəpik idi. İndi o qədər ucuz olmasa da, ancaq baha da deyil. Biz artıq kapitalizmə doğru gedirik. Sosializm getdi işinin dalınca. İndi hər şey azad və sərbəstdir. Baxmaq istəyən, yeni film görmək istəyən insan hər fürsətdən istifadə edər.

- Bəlkə tamaşaçılar filmlərdən razı qalmadığı üçün kinoteatra getmir?

- Belə şey ola bilməz, bu filmlər beynəlxalq festivallarda mükafat alır. Mən özüm gənclərin çəkdiyi neçə filmə baxıb heyran qalmışam. Zövq məsələsidi bu. Adam var deyir mən “Ulduz”, “Bəyin oğurlanması”, “Əhməd haradadır?” filmlərinin həsrətindəyəm. “Ulduz” filmi film deyil axı. “Əhməd haradadır?” filmdi bəyəm? Yaxud “Bəyin oğurlanması”nda nə sənətkarlıq var bəyəm?

- Ancaq adını çəkdiyiniz filmləri hamı çox sevir...

- Nə olsun sevir?! O filmlərdə hansı sənətkarlıq var bəyəm? Sənət əsəri başqa şeydi. Adlarını çəkdiyim filmlərdə sənətkarlıq yoxdu. Nə ciddi, nə də gülməli, düşündürücü bir şey yoxdu o filmlərdə.

- Bəs, hansı filmlərdə var sənətkarlıq?

-“Bir Cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərində sənətkarlıq baxımından aşağı səviyyəli heç nə görə bilməzsiniz.

- Belə çıxır ki, komediya üslubunda çəkilən filmlərimizi sənət nümunəsi adlandırmaq olmaz?

- 1936-cı ildə çəkilən “Mavi dənizin sahilində” filmi ən gözəl komediya filmidir. Orada komediya da var, sənətkarlıq da.

- Bəs, son dövrlər çəkilən yerli seriallara münasibətiniz necədir?

- Onlar serial deyil, birgünlük quraşdırılma məhsullardı. Hazırda çəkilən seriallar film səviyyəsinə qalxmır. Ancaq bəzən içlərindən layiqlisi çıxır. Məsələn, “Pərvanələrin rəqsi” serialı nisbətən maraqlıdır. Ancaq onu da çox uzadırlar.

- Kino sənayesinin inkişafı üçün prezidentin ayırdığı maliyyəni uzunmüddətli durğunluqdan sonra qənaətbəxş hesab edirsiniz?

- Əlbəttə. O pul boşluğu doldurmaq üçün ayrılmadı. Pul iş görmək üçün ayrıldı. Prezident gördü ki, iş gedir, növbəti dəfə də vəsait ayırdı büdcədən. O vəsaitlə seriallar çəkildi və bu həm də aktyorların, rejissor və ssenaristlərin işini artırdı. Ayrılan vəsait birdəfəyə milyonlarla iş həll etmiş oldu. Cənab prezident kinomuzun inkişafı üçün əlindən gələni edib. Ulu öndər Heydər Əliyev də kino sənayesinə daim diqqət ayırıb.

- Sizcə, ayrılan vəsaitdən səmərəli istifadə edildi?

- Düzü, yerli seriallara baxanda hiss etmək olur ki, arada naşı adamlar da var. Bir film, serial üzərində işləyən hətta texniki işçidən də çox şey asılıdır. Həmçinin filmlərə baxanda hiss olunur ki, burda tanış-biliş məsələsi də var.

- Sizcə, seriallarımızın uğurlu alınmamasında aktyor-tələbələrin bu fakültəyə tanış-biliş vasitəsilə girməsi də rol oynayır?

- Gəlin belə boş söhbətlər etməyək. Sənət sənətdir. Onsuz da hər aktyorluğu bitirən tələbə aktyor olmur. Kimin qabiliyyəti var özünü zamanla təsdiq edir. Sənətkarlığın pula heç bir dəxli yoxdur.

- Kino sənayesindəki mövcud problemlər təkcə maliyyə ilə əlaqədar idi, yoxsa kadr problemimiz də var?

- Problem təkcə pulda deyil, ciddi kadr problemlərimiz var. Artıq Həsən Seyidbəylinin davamı gəlmir, Eldar Quliyev, Oqtay Mirqasımov yaşlaşıb. Ancaq az da olsa, nümunəvi gənclər də var. Bu gənclərdə bəyəndiyim ən gözəl xüsusiyyət risk etməyi bacarmalarıdır. Bu onlarda gözəl alınır. Çox vaxt da etdikləri risklər onlara uğur gətirir.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2013.- 24 yanvar.- S.8.