Dünyanın ilkMiniatür Kitabmuzeyi 

  

Qədim və nadir kitabların toplandığı muzeydə lupa ilə oxunan mikrokitablar da var

 

Bakını bir çox dünya ölkələrinin şəhərlərindən fərqləndirən əsas məqam da, burada bir-birindən gözəl, olduqca maraqlı muzeylərin yerləşməsidir.

Elə dünyada ilk və tək "Miniatür Kitab" muzeyinin də məhz Bakıda yaradılması onu fərqli edən məqamlardan biridir. Mənim üçün də olduqca maraqlı olan bu kitab muzeyi dünyada ilk dəfə olaraq Azərbaycanda yaradılıb. Müxtəlif və olduqca maraqlı kitabların sərgiləndiyi bu kitab muzeyindəki nümunələrin yaşı yüzillikləri ötsə də, onun fəaliyyəti elə də uzaq dövrlərə təsadüf etmir.

Keçmişlə bu günü özündə birləşdirən "İçərişəhər"də yerləşən bu nümunəvi muzeyin qonaqlarından biri də biz olduq. Qapısı hər kəsin üzünə təmənnasız açıq olan muzey yerli sakinlərlə yanaşı, xarici turistlərin də daim diqqət mərkəzindədir.

"Miniatür Kitab" muzeyi ilk dəfə olaraq 2002-ci ilin aprel ayının 23-də fəaliyyətə başlayıb. Heydər Əliyevin şəxsi göstərişi ilə istifadəyə verilmiş muzey Zərifə Salahova tərəfindən 28 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb. Muzeyin bu tarixdə açılışının səbəbi isə 1616-cı ilin həmin günündə Uilyam Şekspir və Migel Servantesin vəfat etməsidir. Muzey həm də bu iki dahi ədibin xatirəsini əbədiləşdirib.

Muzeyin yaradıcısı və təsisçisi Zərifə Salahova danışır ki, 1982-ci ildə Moskvada Krılovun 1837-ci ildə çap olunan kiçik formatlı kitabını alanda ilk dəfə miniatür kitabları görüb. Satışda 6 müəllifin miniatür kitabları varmış. Altısını da alıb. Və o gündən başlayıb həmin kitabları yığmağa. Dünyanın hansı ölkəsinə gedibsə, ilk maraqlandığı bu miniatür kitablar olub. Muzeyin ərsəyə gəlməsi də məhz Zərifə xanımın kitablara olan böyük marağından irəli gəlib.

 

Kitablar aləminə səyahət

 

Hazırda muzeydə dünyanın 71 ölkəsindən 5200 miniatür kitab nümayiş etdirilir. Burada müxtəlif ölçülü və formalı kitablarla yanaşı, yaşı da olduqca qədim olan maraqlı nümunələr var.

Muzeyin ekspozisiyası 35-ə yaxın vitrində yerləşdirilib. Muzeydə sərgilənən kitabların hər birinin özünəməxsus bölməsi var. Ekspozisiyanın xüsusilə maraq doğuran bölmələri "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", "Puşkiniana" kimi bölmələridir.

"Miniatür Kitab" muzeyində Azərbaycanla yanaşı, Rusiyada, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablar da sərgilənir. Dünyanın 70-dən çox ölkəsində çap olunan, olduqca rəngarəng kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır.

Muzeydə bir-birindən maraqlı, müxtəlif ölçülü kitablar yer alıb. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır ki, onlar "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2?2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir. Maraqlısı isə odur ki, bu kitablarda makzimum 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var.

Muzeydə bəzi maraqlı kitablar da var ki, 24 səhifədən ibarət olmaqla hər səhifədə 9 sətir var. Muzeydə məşhur "Beatles" qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan mini kitab da var.

Ekspozisiyanın bəzəyi olan kitablardan Almaniyada çap olunan 3,5?3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan "Puşkiniana" mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını da misal kimi göstərmək olar.

Burada dini mövzulu nadir kitablara da rast gəlmək olar. Həmçinin XVII əsrə aid olan Quran nəşrləri, 4 cildli "İncil" (1906), katolik dua kitabçası, Tövrat, "Buddist hekayələri" s. kitablar da muzeyin qiymətli nümunələrindəndir.

 

Sərhəd tanımayan muzey

 

Olduqca maraqlı kitab muzeyində olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən "qoca" kitabı isə cəmi 2 nüsxəsi olan 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran kitabıdır.

Muzey bir-birindən maraqlı tarixi şəxsiyyətləri özündə birləşdirib. Burada Heydər Əliyevin 1993-cü ildə andiçmə mərasimindəki çıxışından tutmuş, ABŞ-ın keçmiş prezidenti Kennedinin çıxışlarına kimi ən müxtəlif nümumələr var. Həmçinin burada Barak Obama, Mustafa Kamal Atatürkə aid kitablara qədər müxtəlif mövzularda miniatür kitablar yer alır. Türkiyə prezidenti Abdullah Gülün, Rusiya prezidenti Putinin Azərbaycana səfərləri haqqında kitablar da bu muzeydə var.

Muzey nümunələri bununla yekunlaşmır. "Miniatür Kitab" muzeyi həmçinin Cabir Novruz, Həmid Abbas, Mirvari Dilbazi, Məhəmməd Hüseyn Şəhriyar, klassiklərimiz Nizami, Xəqani, Məhsəti, Nəsimi kimi şəxsiyyətlərə xüsusi yer ayırıb. Muzey dünya şöhrətli ədibləri unutmayıb. Uilyam Şekspir, Servantes, Onoro de Balzak, E.Heminquey, Viktor Hüqo, Jan Jak Russo, A.S. Puşkin, Andersen Qrimm qardaşlarının mini kitabları da muzeyin bəzəyidir.

...Bax belə, kiçik bir otaqda bütün dünya incilərini ədiblərini birləşdirən bu müqəddəs aləmin qapıları hər kəsin üzünə gün ərzində təmənnasız olaraq açıqdır.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2013.- 23 yanvar.- S.8.