«Azərbaycan
imzasını daşımaq mənə fəxr verərdi»
Türkiyəli
ssenarist Yasin Günəşlə
«Həftə içi»ndə eksklüziv
söhbət
Müasir
dövrümüzün teleefirini saysız-hesabsız seriallar
zəbt etməkdədir. Hətta onların bir çoxu
bayağı, reallıqdan uzaq və bəzən mənəviyyata
sığmayan süjetlər təqdim edir. Hansı ki, millətin
tarixinə, mədəniyyətinə əsaslanan serial və
kinolar yayından yığışdırılır.
Tamaşaçıların özlərində də bir əskiklik
hiss olunur. Onlar daha çox fantastik filmlərə və
komediyalara, daha dəqiq desək gülməyə
üstünlük verirlər. Elə isə insanların
düşüncəsini bu dərəcədə faciəyə
sürükləyən nədir və onları
düşdükləri mənəvi çamurdan necə
çıxarmaq mümkündür? Türkiyənin
tanınmış ssenaristi Yasin Günəşlə söhbətimiz
də elə bu problemə çıxış yolu tapmaq
müstəvisində oldu.
- Bu günədək
türk kino və serialları üçün çox sayda
layihələr hazırlamışam. Hazırda bir çox
yeni layihələr də var ki, vaxtı
çatmadığı üçün həyata
keçirmirəm. İndiyədək yazdığım bəzi
ssenarilərin adlarını çəkim: «Arsızlar» (serial
-2009), «Karargah» (serial - 2009), «Heyban» (serial - 2010), «Cekkanlar»
(serial - 2010), «Küçük İtfaiyeci»
(qısametrajlı film- 2010), «2+2=5» (serial - 2011), «Onlar» (serial -
2011), «Yarına ne kaldı» (serial - 2011), «Sil baştan aşk»
(bədii film - 2012), «İyimi böyle» (qısametrajlı film
- 2012), «Günahı öldürmek» (qısametrajlı film -
2012) və sair. Türk kinosu tarixində böyük səs
salmış və rekordlar qazanmış bir kinonun ssenarisini də
mən hazırladım. Onu da deyim ki, ssenarist olaraq öz
yaşadığım tale ilə bu sahəyə gəlmişəm.
Ancaq ssenarinin adını demirəm, çünki onu yazan
dostuma zərər vura bilərəm.
- Bu gün efirlərdə kinoların
yerini seriallar zəbt etməkdədir. Sizcə aylarla və hətta illərlə uzanan seriallar insanları işindən, istirahətindən
uzaqlaşdırmırmı?
- Hər serialın mütləq bir ana xətti olur və bu
xətt üzərində
çalışdıqdan sonra
onun nə qədər davam edəcəyinə dair qərar verilir. Amma elə seriallar
ola bilər ki, qurtarmağa yaxınlaşsa da, tamaşaçı reytinqi
çox yüksək
olur və bu zaman onu
yayınlayan telekanalların
istəyi əsasında
ana xətdən kənara çıxılır,
yəni film süni surətdə uzadılır.
Bu zaman isə serial tamaşaçını yormağa
başlayacaq və onlarda əks reaksiya doğuracaq. Əslində bu vəziyyət ssenaristlərə
sərf edir. Amma təəssüf ki, sonu olmayan
mövzu yoxdur. Ssenarist ana xətdən
kənara çıxaraq
mövzunu uzatmaq istəyəndə mütləq
mövzudan uzaqlaşacaq
və çıxılmaz
duruma düşəcək.
Şəxsən mən
konkret olaraq serial və ya bədii
filmlərdən birinin
tərəfdarı olduğumu
deyə bilmərəm.
Çünki bunlar bir-birindən fərqlidir və onların izləyici kütləsi də başqa cürdür. Ona görə də mən yaxşı olan tərəfdəyəm.
Bu serial da ola bilər, kino da. Amma sənət
baxımından yanaşsaq,
kinolar daha çox zəhmət tələb edir. Bir kino ssenarisinin
yazılması üçün
ən azı 6 ay və hətta illər lazımdır, serialların ssenarisi isə bir anın
içində düşünülür
və yazılır.
- Bu gün serialları üç qrupa ayırmaq olar: komediya, tarixi və kriminal janrlar. Amma təəssüf ki, son zamanlar tarixi seriallara maraq sanki azalır.
Məsələn, «Möhtəşəm
yüz il»lə bağlı çıxan
qalmaqalları bilirsiniz,
«Bir zamanlar Osmanlı»nın isə ümumiyyətlə, yayını
dayandırıldı. Hansı
ki, komediya və kriminal janrlı seriallar reytinq toplamaqdadır. Niyə insanlar öz tarixlərinə belə biganədirlər?
Bu məsələdə tamaşaçıların
düşüncəsini necə
dəyişə bilərik?
- Təəssüf ki, indi komediya və
polisdən bəhs edən seriallar daha maraqla izlənilir,
böyük zəhmət
bahasına hazırlanan
tarixi filmlər isə yayından çıxarılır. Buna baxmayaraq,
şəxsi qənaətim
budur ki, tarixi filmlər komik və polisdən
bəhs edən seriallardan daha yorucu olur. Səbəb
budur ki, komediya və polisdən bəhs edən seriallar ani səhnələrdən
ibarətdir. “Möhtəşəm
yüz il” də geniş tamaşaçı auditoriyasına
malikdir deyə eyni vaxtda efirə
çıxan digər
tarixi serial təəssüf
ki, reytinq toplaya bilmədi. Məncə “Möhtəşəm
yüz il”i tənqid edənlər
«Bar verən ağaca daş atırlar». Çünki o Türkiyənin
ən mükəmməl
serialıdır, bir çox tarixçi və siyasətçinin pislədiyi bu film ən iri layihədir.
İnsanların düşüncələrini
necə dəyişmək
məsələsinə gəlincə,
Eynşteynin məşhur
bir sözünü misal göstərim: “İnsanlarda formalaşan mühakimə hissini dəyişmək atomu parçalamaqdan çətindir».
Mənim fikrimə gəlincə, Osmanlının
tarixi məsələsində
xalqımızın daha
çox məlumatlandırmağın,
bu sahədə daha çox kino və serialların
çəkilməsini vacib
sayıram. Bu indikilərə
olmasa da, gələcək nəsillərə
mütləq yaxşı
mənada təsir edəcək.
- Reytinq məsələsində
aktyorların da rolu var. Aktyor rol alarkən daha çox nəyə diqqət verməlidir: oynayacağı
rola, verilən pula, yoxsa ssenariyə? Məsələn, siz aktyor olsaydınız hansını seçərdiniz?
- Əgər burada aktyor düzgün qərara gələ bilməsə, karyerasına
son qoyar. Məncə
o daha çox çəkildiyi rola üstünlük verməlidir.
Yəni oynamaq üçün xarakterinə
uyğun rol tapmasa, pulu nə
qədər çox versələr belə, o layihədə iştirak etməməlidir. Şəxsən
mən canlandıracağım
xarakteri və onun üçün yazılan prosesi diqqətə alardım. Mən həmin xarakterin özümə uyğun olub-olmadığını,
onun ssenaridə oynadığı rolun mənə yaxınlığını
öz aləmimdə canlandırardım. Sonra isə oynayacağım rolla təklif olunan pul arasında
müqayisə aparardım.
Bu yolla qəti qərar verərdim.
- Komik xarakterlərə
böyük tamaşaçı
simpatiyasının olmasından
danışdıq. Niyə
tamaşaçılarımız sadəcə gülmək
xatirinə seçirlər
baxdıqları filmləri?
- Bu gün iqtisadi və ekoloji səbəbdən insanların
psixologiyası korlanıb.
Yəqin ki, gündəlik yaşamlarında
üzülmək üçün
çoxlu səbəblərlə
üzləşən insanlar
gülməyə bir şey tapmadıqları üçün komik filmlərlə başlarını
qatırlar. Yəni qısa desək, tamaşaçı özündə
nə əksikdirsə,
onu tamamlamağa çalışır. Məncə
bir az daha
sağlam layihələr
hazırlamaqla insanların
vəziyyətini dəyişmək
mümkündür. Başqa
bir amil isə filmi ərsəyə gətirənlərin
mövqeyidir. Onlardan bəziləri serialları
sənət üçün
yox, gəlir götürmək məqsədilə
çəkirlər. Reytinqi
yüksək olan komediyaların çoxluğu
da bununla bağlıdır.
- İnsanların zövqünün formalaşmasında
əsas rolu kim oynayır: aktyor, ssenarist, yoxsa tamaşaçının
özü?
- Bu gün tamaşaçılar
əksər halda
serial və kinolardan zövq ala bilməz hala düşüblər.
Burada serial və kinoların bir çox hallarda bir-birinin oxşarı olması da öz sözünü deyir. Deməli, əsas günah filmi çəkənlərdədir.
Onlar film çəkmək
xatirinə daha az vəsait xərclənən ssenarilərə
üstünlük verirlər.
Əlbəttə, bu sözlər hamıya aid deyil, məsələn, Türkiyədə çox
sayda öz işinin ustası olan insanlar var.
- “TRT1”də yayınlanan
«Bir zamanlar Osmanlı» serialını
Azərbaycanda sevməyən
tapılmazdı. Amma bildiyiniz kimi, onun yayınını dayandırdılar. Səbəb
də gətirdilər
ki, reytinqi aşağı olub. Sizə elə gəlmirmi ki, ən azından tarixi mahiyyətinə görə bunu etməməliydilər?
- “Bir zamanlar Osmanlı”
serialı Türkiyənin
ən güclü ssenarilərindən biri əsasında çəkilirdi.
Amma təəssüf
ki, paralel olaraq “Möhtəşəm
yüz il” yayınlandığından gözlənilən
reytinqi toplaya bilmədi. Bu serialın rejissor köməkçisi
olan dostum Erkin Cihan Karuserci
mənə demişdi
ki, filmin yayınının dayandırılacağı
barədə çoxdan
məlumat vardı. Hətta alternativ tarixi serial ssenarisi axtardıqlarını da söyləmişdi.
- Sizcə hər hansı serial 15-20 seriyadan
sonra yayından çıxarılırsa, bu
həmin filmdə oynayan aktyorların qüruruna toxunmurmu? Məsələn, «Bir zamanlar Osmanlı»da türk kinosunun anası sayılan Türkan Şoray vardı, ən azından ona hörmət edilməliydi...
- Təbii ki, belə bir vəziyyət
aktyorlara mənfi təsir göstərir, onları ruhdan salır. Xüsusilə də rol nə
qədər vacibdirsə,
onu oynayan aktyora bir qədər
ağır təsir göstərir. Təbii ki, bəzi istisnalar
da var. Türkan Şoray türk televiziya tarixinin ən güclü oyunçularındandır. Düşünürəm
o, bu prosesdə qətiyyən mənfi təsirə məruz qalmayacaq. Çünki xalqımız onun qiymətini çox yaxşı bilir. O, özünü isbatlamağa
ehtiyacı olmayan böyük aktrisadır.
Allah onu başımızdan
əksik etməsin.
- Seriallarımızın daha baxımlı olması, insanlarımızı maarifləndirməsi
və dünyagörüşünü
artırması üçün
nələr etməliyik?
- Məncə bir az müstəqil olmalıyıq. Bir-birinə
bənzəyənləri deyil,
fərqli mövzulara toxunmalıyıq. Dünya
miqyasında şöhrət
tapan filmlər kimi ssenarilər yazılmalı və ekranlaşdırılmalıdır. Burada əlbəttə ki, maliyyə bazası vacib amildir, amma ssenarini
büdcəyə bağlamaq
olmaz. Rene Klayrın bir sözünü xatırlatmaq istərdim: “Yaxşı ssenaridən pis film çəkilə bilər. Amma pis ssenaridən yaxşı film çəkmək
qəti mümkün deyil».
- Azərbaycan kino xadimlərindən, ssenaristlərindən
kimləri tanıyırsınız?
Azərbaycandan dəvət
alsanız əməkdaşlıq
edərsiniz?
- Adının böyüklüyü
qarşısında baş
əydiyim, böyük
üstad Rüstəm
İbrahimbəyovun pərəstişkarıyam.
Əminəm ki, bir gün onunla
mütləq tanış
olmaq imkanı əldə edəcəyəm.
Azərbaycandan dəvət
alsam, təbii ki, şərtlər uyğun olarsa, əməkdaşlıq edərəm
və bundan çox məmnun olaram. Layihələrimdə
Azərbaycan imzasını
daşımaq mənə
fəxr verər.
Vüsal Tağıbəyli
Həftə içi.- 2013.- 24 yanvar.-
S.4.