Uşaqların
elektron məlumat bankı
Belə bir bazanın formalaşması
aidiyyəti qurumların məsuliyyətini artıracaq
Azərbaycanda
uşaqlarla bağlı bütün məlumatları elektron
qaydada əldə etmək mümkün olacaq. Nazirlər
Kabinetinin təsdiq etdiyi "Uşaq hüquqlarının həyata
keçirilməsinə dair elektron məlumat bankının təşkili
və aparılması qaydası"na görə, elektron məlumat
bankının istifadəçiləri Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Daxili işlər, Ədliyyə, Təhsil, Səhiyyə, Əmək
və Əhalinin Sosial Müdafiəsi, Gənclər və
İdman nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu,
Dövlət Miqrasiya Xidməti, yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin
qəyyumluq və himayə orqanlarıdır. Sənəddə
həmçinin göstərilib ki, istifadəçi tərəfindən
dövlət orqanlarında hər bir uşağa dair
mövcud olan məlumatlar 6 ay müddətində elektron məlumat
bankına daxil edilməlidir. Elektron məlumat bankında
qeydiyyata alınmış uşağın elektron anketi isə
18 yaşına çatdıqdan 25 il sonra məhv edilir.
Qaydalara
görə elektron məlumat bankına hər bir uşaq barədə
fərdi məlumatlar daxil edilməlidir. Məlumat bankında fərdi
məlumatların toplanılması, işlənilməsi və
mühafizəsi Azərbaycan qanunvericiliyinə müvafiq
qaydada həyata keçirilməlidir. Elektron məlumat
bankının idarə olunmasına, məlumat bankına məlumatların
yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti
məlumat bankının administratoru olan Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata
keçirəcək. Administrator elektron məlumat bank sisteminin
təhlükəsizliyinə cavabdehlik daşıyır,
bankın fasiləsiz fəaliyyətini və daxil edilən məlumatların
mühafizəsini təmin edir, elektron məlumat bankında
qeydiyyata alınmış uşaq barəsində məlumatları
mərkəzi serverə daxil edir, müvafiq statistik məlumatlar
hazırlayır və təhlillər aparır.
Bəs
görəsən, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni
qaydalar bu sahədə nəyi dəyişəcək?
Uşaq
Hüquqları üzrə QHT Alyansının İdarə heyətinin
sədri, hüquqşünas Nazir Quliyev bildirib ki, Azərbaycanda
uşaq hüquqlarının təbliği istiqamətində
müvafiq işlərin görülməsinə baxmayaraq bu
istiqamətdə tədbirlər davamlı həyata
keçirilməlidir. Onun sözlərinə görə, həm
yerli QHT-lər, həm də BMT-nin Uşaq Hüquqları
Komitəsi mütəmadi olaraq görülən işlərin
effektivliyini artırmaq üçün Azərbaycan hökumətinə
müvafiq tövsiyyələrini verir: "Məlumdur ki, yerli
QHT-lər Azərbaycanda uşaq hüquqlarının vəziyyətinə
dair BMT-nin Uşaq Hüquqları Komitəsinə alternativ
hesabat təqdim edirlər. Həmin hesabatlarda Azərbaycan
hökumətinə müvafiq tövsiyyələr verilir.
Sevindirici haldır ki, hökumət ilbəil həmin təklifləri
nəzərə alaraq bu istiqamətdə gördüyü
işləri daha da təkmilləşdirir. Çünki biz
hansısa təkliflər verərkən mütləq beynəlxalq
təcrübəyə və bu təcrübənin tətbiqləndiyi
ölkələrdə onun nə dərəcədə
effektiv olub-olmamasına əsaslanırıq. Artıq Azərbaycan
hökuməti QHT-lərin bir sıra təkliflərini nəzərə
alaraq tətbiqləməyə başlayıb. Hesab edirəm
ki, uşaqlarla bağlı elektron məlumat bankının
yaradılması məsələsi də bu istiqamətdə
görülən işlərin təkmilləşdirilməsinin
nəticəsidir".
Əməkdaşlıq
güclənəcək
Ekspert onu da vurğulayıb ki, indiyədək Azərbaycanda uşaqlarla bağlı problemləri aşkarlamağa imkan verən
hansısa məlumat bankı mövcud
olmadığından bu yöndə pərakəndəlik
nəzərə çarpıb. Onun
sözlərinə görə, vaxtilə belə bir məlumat bankı yaradılsaydı, o zaman problemlərə daha tez müdaxilə etmək
imkanı yaranardı: "Düşünürəm
ki, bu cür
məlumat bankının yaradılması çox
vacib bir
addımdır. Çünki uşaq hüquqlarının pozulması ilə
bağlı ortaya çıxan məlumatların
pərakəndə formada olması məsələyə
dərhal müdaxilə etmək imkanını məhdudlaşdırırdı.
Düşünürəm ki, vahid məlumat bankı yaradılması həm
aidiyyəti dövlət qurumlarının, həm də bu sahədə ixtisaslaşmış QHT-lərin
işini asanlaşdıra bilər. Eyni zamanda, bu
addım dövlət qurumları arasında əməkdaşlığın
inkişaf etdirilməsinə də təkan
verəcək".
Məlumat
bankı uşaqların ümumi vəziyyətini
formalaşdıracaq
Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin (AQUPDK) uşaq
problemləri şöbəsinin böyük
məsləhətçisi Pərviz Əliyevin fikrincə isə
Azərbaycan hökuməti uşaq siyasətində
böyük uğurlar
əldə edib. Onun
sözlərinə görə, son illər
ölkədə uşaq
hüquqlarının pozulmasına dair
qeydə alınan faktların azalması buna
əyani sübutdur: "Biz
bu istiqamətdə kifayət qədər
iş aparmışıq və
görülən işlər hazırda da
davam etdirilir".
Qurum rəsmisi
Azərbaycanda uşaqlarla bağlı
problemləri aşkar etməyə imkan verən məlumat bankının
yaradılmasını bu istiqamətdə
atılan yüksək addım kimi dəyərləndirib.
Onun sözlərinə görə, bu layihəni AQUPDK hazırlayaraq Nazirlər
Kabinetinə təqdim etmişdi. Yeni qaydalara əsasən,
məlumat bankında bütün ölkə
uşaqları haqqında fərdi məlumatlar toplanacaq.
Bankdakı məlumatlar müvafiq nazirlik, komitə və idarələrin uşaqlarla bağlı verdiyi
məlumatlar əsasında hazırlanacaq. Məsələn,
Səhiyyə Nazirliyi doğulan,
müalicə alan uşaqlar
barədə, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi uşağın sosial vəziyyəti, ailəsinin
ünvanlı sosial yardım
alıb-almaması barədə, Təhsil Nazirliyi
uşaqların təhsil vəziyyəti barədə məlumatları
banka yerləşdirəcək. Bu məlumatlar əsasında ölkədəki
uşaqların ümumi vəziyyəti
barədə məlumat formalaşacaq.
Pərviz
Əliyev deyib ki, məlumat
bazası əsasında uşaqlarla
bağlı istənilən sahədə statistik
məlumatı əldə etmək mümkün
olacaq. Məsələn, bu bankın köməyi ilə ölkədə
sağlamlıq imkanı məhdud olan
neçə uşağın təhsil almadığı barədə
məlumat almaq asanlaşacaq.
Üstəlik həmin uşaqların sayı ilə bərabər,
təhsil almayan sağlamlıq
imkanları məhdud olan uşaqlar
barədə fərdi məlumatları öyrənmək
də mümkün olacaq:
"Yaxud hansı regionda
neçə uşaq idman
dərnəklərinə dərc olunması, xüsusi
bacarıqlı, istedadlı uşaqların statistikası və
həmin uşaqlar barədə məlumatları
da bank vasitəsilə
ala biləcəyik. Sənəd qəbul olunandan sonra sistemin işləməsi üçün
proqram təminatı hazırlanacaq".
Məsuliyyət
artacaq
Azərbaycan
Uşaqlar Birliyinin sədri
Kəmalə Ağazadə də ölkədə uşaq hüquqlarının həyata
keçirilməsinə dair elektron məlumat bankının
yaradılmasını müsbət qiymətləndirib. Onun sözlərinə
görə, bu bankın yaradılması
aidiyyəti orqanların məsuliyyətini daha
da artıracaq: "Əgər indiyədək
uşaqlarla bağlı məlumatlar pərakəndə
şəkildə ayrı-ayrı dövlət qurumlarında
toplanırdısa, bundan sonra
həmin informasiyaları vahid mənbədən
əldə etmək mümkün olacaq. Bu isə o deməkdir ki, artıq uşaqlarla bağlı hansısa hüquq pozuntusunu gizlətmək
mümkün olmayacaq.
Yəni, müvafiq qurumlar
bütün məlumatları həmin
şəbəkəyə ötürəcək. Nəticədə
aidiyyəti qurumların gördükləri işə məsuliyyətləri
daha da
artıracaq".
Ekspert həmçinin
deyib ki, banka toplanan məlumatların
ölkədəki uşaqların ümumi
vəziyyətini formalaşdırması uşaq
hüquqları ilə bağlı problemlərin operativ şəkildə həllinə imkan yaradacaq: "Məsələn, biz uşaqlarla bağlı layihələr həyata
keçirərkən həmin uşaqların bu
tədbirlərdən nə qazandığını müəyyənləşdiririk.
Əgər hansısa uşaq layihə
çərçivəsində bizim istədiyimiz
səviyəyə çata bilməyibsə,
həmin uşağı yenidən layihələrimizə
cəlb edirik. Tutaq ki, bizdə təhsildən yayınan uşaqlara ibtidai biliklər
tədris olunur. Yəni, bu
uşaqlara yazmaq-oxumaq
öyrədilir. Əgər hansı uşaq
layihə çərçivəsində proqramı mənimsəyə
bilməyirsə, biz onu
yenidən layihəmizə cəlb edirik. Bu baxımdan
hesab edirəm ki, məlumat
bankına toplanan informasiyaların ölkədəki
uşaqların ümumi vəziyyətini
formalaşdırması aidiyyəti qurumlar
tərəfindən uşaq
hüquqları ilə bağlı problemlərin operativ şəkildə həllinə imkan yarada bilər".
Sevinc
Bu yazı Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2013.- 24 yanvar.-
S.6.