Milli kinomuzun əcnəbi oyunçuları 

 

Azərbaycan filmlərində əcnəbi aktyorlar arasında rus və gürcülər daha çoxdur 

 

Kino təcrübəsində xarici aktyorlardan istifadə edilməsi çoxdankı ənənədir. Daha çox xarici filmlərdə görməyə adət etdiyimiz bu cür hallarla milli kinomuzda da rast gəlmək mümkündür. Efirdə yeni simalar görməyə adət etmiş tamaşaçı üçün yerli filmlərdə xarici aktyorların çəkilməsi göydəndüşmədir.

 

Maraqlıdır, 1898-ci ilin avqustunda əsası qoyulan Azərbaycan kino sənəti tarixində hansı xarici aktyorlar rol alıblar? Biz onları hansı Azərbaycan filmlərindən tanıyırıq?

Qeyd edək ki, Dövlət Film Fondunun tərtib etdiyi siyahıda Azərbaycan filmlərində çəkilən 280-dən çox əcnəbi aktyorun adı var.

Araşdırma zamanı məlum olub ki, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan filmlərinə daha çox rus aktyorları cəlb edilib. Ancaq müxtəlif illərdə istehsal olunan Azərbaycan filmlərində rus aktyorlarla yanaşı, türk, amerikalı, gürcü, özbək, litvalı, inquş, ukraynalı, estoniyalı, belaruslu, moldovalı, çexiyalı aktyorlar da çəkilib. Bu aktyorların bir neçəsi isə Azərbaycanın bir deyil, çox sayda filminə dəvət olunub.

 

Filmlərimizin rusiyalı qəhrəmanları

 

Azərbaycan kino tarixində ilk dəfə 1932-ci ildə “26 komissar” filminin çəkilişlərinə əcnəbi aktyor cəlb edilib. Bu filmdə fəhlə arvadı obrazını SSRİ Xalq artisti Veriko Ancaparidze canlandırıb. Bu aktrisa həmçinin 1959-cu ildə istehsal olunan məşhur “Onu bağışlamaq olarmı?” filmində canlandırdığı ana obrazı ilə də yaddaşlarda yer tutub.

Azərbaycanda ən çox filmə çəkilən Rusiyanın Əməkdar artisti Nikolay Barmindir. O, müxtəlif illərdə Azərbaycanda 10 filmə çəkilib. Azərbaycan kino tarixində bəzi filmlərə 10-dan artıq əcnəbi aktyorun cəlb olunması diqqətçəkən məqamlardan biridir. Bu sırada 1966-cı ildə istehsal olunan “İyirmialtılar” filmi xüsusi qeyd olunmalıdır. Bu filmdə 17 əcnəbi aktyor rol alıb. 1971-ci ildə istehsal olunmuş “Ulduzlar sönmür” filmində isə 16 əcnəbi aktyor çəkilib. Bu günün özündə də maraqla izlənilən, 1958-ci ildə istehsal edilmiş “Uzaq sahillərdə”, 1965-ci ildə çəkilmiş “Yenilməz batalyon” filmində də çox sayda əcnəbi, əsasən rus aktyorları rol alıblar. Azərbaycanda son illərdə çəkilən filmlərdən “Hökmdarın taleyi” (2008) və “Qala”da da (2008) əcnəbi aktyorların xidmətindən istifadə olunub. “Hökmdarın taleyi” filmində tanınmış aktyorlar Daniil Spivakovski (mayor Lisaneviç), İlya Şakunov (imperator I Aleksandr), Aleksandr Qalibin (knyaz Sisianov), Evklid Kürdzidis (konsul Napoleon), Saydo Kurbanov (Axund Mirmöhsün ağa), “Qala” filmində isə Yuliya Peresild (Qalina) oynayıb.

 

Gürcü, türk, özbək...

 

Azərbaycan kinolarında bu gün də sevə-sevə izlədiyimiz və ifasına heyran olduğumuz, illərdir beyinlərimizə həkk olunan aktyor və aktrisaların da adını qeyd etmək mütləqdir. Türkiyənin tanınmış aktrisası Türkan Şorayın 1978-ci ildə “Məhəbbətim mənim, kədərim mənim” filmində yaratdığı baş rol hər zaman maraqla qarşılanan obrazlardan biridir. Digər bir türkiyəli aktrisa Meral Konratın 1993-cü ildə yaratdığı Təhminə obrazını unutmaq isə qeyri-mümkündür. Azərbaycanın “O dünyadan salam” (1992) filmində Kefli İsgəndər obrazını türk aktyoru Yılmaz Duru canlandırıb. Bu sırada “Uşaqlığın son gecəsi” filmində Elya obrazını yaradan gürcüstanlı aktrisa Megi Kejeradze, “Bəxtiyar” filmində Saşa obrazını canlandıran Tamara ÇernovaTatyana Alekseyevna rolunda çıxış edən SSRİ Xalq artisti Tatyana Peltser, “Görüş” filmində Lalanı oynayan Özbəkistan aktrisası Nelya Ataullayeva, “Əhməd haradadır?” filminin Ceyranı – Gürcüstanın Xalq artisti Nonna Paçuaşvili, “Dədə Qorqud” filmində Alp Aruz və “Koroğluda Gürcüoğlu obrazını yaradan Gürcüstanın Əməkdar artisti Givi Toxadze və başqalarının adlarını çəkmək olar.

 

Gizlində qalan erməni aktyorları

 

Rusiya aktrisası Raksa UdovikovaQaraca qız”da Yasəmən, Gürcüstan aktyoru David UplisaşviliAd günü”ndə Əli, SSRİ Xalq artisti Mixay Volontir “Tütək səsi” filmində Cəbrayıl rolunu istedadla canlandıraraq Azərbaycan kino tarixində silinməz iz qoyublar. Rusiyanın Xalq artisti Aleksandr Kalyaginin Azərbaycan filmlərində yaratdığı obrazları da unutmaq olmaz. Aleksandr Kalyaginİstintaq” filmində Seyfi, “Parkda Gena, “Bağlı qapı”da Daşdəmirov, “Özgə ömür”də Fariz Rzayev rolunu uğurla ifa edib.

Kinomuzun inciləri arasında təkcə rus, gürcütürk aktyorlar yer almayıb. Siyahıda Amerika aktyorlarının da adları var. Belə ki, amerikalı aktyor Piter Pikel 1996-cı ildə çəkilən “Dağıdılmış körpü” filminə dəvət olunub. Vaxtilə Azərbaycan filmlərində erməni aktyorların da çıxış etməsi heç kimə sirr deyil. Maraqlısı burasındadır ki, filmlərimizdə rol alan erməni aktyorların adı hazırlanan siyahıya daxil olunmasa da, bu filmlər mövcuddurbu gün də Azərbaycan ekranlarında nümayiş olunur. “Onu bağışlamaq olarmı”, “Romeo mənim qonşumdur”, “Bəyin oğurlanması” filmlərində erməni aktyorların rolunu bu günsevirik, izləyirik.

 

 

Nigar  İxtiyarqızı

 

Həftə içi.- 2013.- 26-28 yanvar.- S.16.