Tarixin sirrini özündə
daşıyan sənət
Qədim Gəncədə bu şəhərin
keçmişi qədər yaşı olan misgərlik hələ
köhnəlməyib
Azərbaycan
xalqı özünün çoxəsrlik
tarixi boyunca zəngin
və özünəməxsus mədəniyyət yaradıb.
Müxtəlif vaxtlarda ölkəmizdə
olan çoxsaylı tacirlər, səyyahlar
və diplomatlar burada
sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktların olduğu haqda söhbət
açıblar. Misgərlik sənətkarlığının
da tarixi çox qədim dövrə gedib
çıxır. Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində
saxlanılan misdən hazırlanan nümunələr bir daha sübut
edir.
Maraqlı faktlardan
biri də odur ki, mis üzərində
işləyən sənətkarlar öz
imzalarını buraya həkk etdikləri üçün dünya
muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin
bu təkrarolunmaz incilərini başqa xalqların nümayəndələrinin
öz adlarına çıxması mümkün deyil. Misgərliyin
bir sənət kimi isə
təşəkkülü artıq orta əsrlərdə
bir sıra böyük
şəhərlərin misgərlik mərkəzinə
çevrilməsinə gətirib çıxarır. Belə
sənət nümunələrinə Gəncə şəhərində
də rast gəlmək olur.
Axı, Gəncə özü də sənət
şəhəridir. Vaxtı
ilə burada, olduqca
görkəmli sənətkarlar yaşayıb. Demək olar ki, bu
şəhərin hər bir küçəsində
sənət ocaqları mövcud olub. Zaman keçir, insanların yeni
texnologiyalara meyil etdiyi bir dövrdə sənətkarların
də əl işləri diqqətsiz qalır. Elə
bu ağır dönəmlərdə milli rəmzlərimizi yaşatmaq
niyyəti ilə yaradan sənətkarlar
arasında öz sənətini qoruyub-saxlayan və gələcək nəsillərə
ötürmək istəyən sənətkarlarımızın
da sayı barmaqla
sayılası qədər olur. Onlardan biri də hələ
uşaqlıq illərindən Gəncədə misgərlik sənətinin
sirlərini mənimsəyən Məhəmməd Sultan oğlu Rəhimovdur. Ona
el arasında "Məhəmməd Sultan" deyirlər.
Misgərlik
sənəti üçün doğulan ustad
Ömrünün böyük hissəsini misgərliyə həsr
edən usta, milli dəyərlərimizi
yaşatdığından qürur duyduğunu deyir. Uşaq yaşlarında atasının məşğul
olduğu sənətə maraq
göstərən qəhrəmanımız ona
bütün həyatını həsr etməyi
qərarlaşdırır: "Mən hələ balaca oğlan idim. Hər dəfə atamın yanına
xörək gətirərkən onun əllərinə
baxar, bu sənətin
sirlərini öyrənməyə çalışardım.
Elə 9 yaşımda olarkən də işləməyə
başladım. Bu yolda
çox çətinliklə
rastlaşdım. Amma tədricən hiss edirdim ki,
elə bu sənət üçün
doğulmuşam".
Məhəmməd
usta, ətrafdakıların bu sənətə sevgilərinin azalmadığını,
əksinə artdığını deyir.
O bildirir ki, əvvəlki
dövrlərə baxanda, indi
bu sahənin inkişafında çox fərq olduğunu
görmək mümkündür: "Elə
misal kimi Şimal qonşumuz olan Rusiyanı göstərə bilərəm.
Son illərdə elə qab
qalmayıb ki, onu ora aparmasınlar. Gəncəyə Türkiyədən,
Avropa ölkələrindən gələn
qonaqlar da burdan mis qablar
alıb, aparırlar. Hətta burda elə mis qablar var
ki, onların qiyməti 1500 manatadır. Çünki o qablar tamamilə əl işlərindən ibarətdir".
Ustanın misdən
hazırladığı mürəkkəb və incə naxışlarla
bəzədikləri dolça, satıl,
sərnic, məcməyi, sərpuş, güyüm,
aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və
digər mətbəx-məişət əşyalarını
nəzərdən keçiririk. Usta danışır ki, bu qabların özünün
böyük şəfası var. Mis çaydanlarda
içilən sular insanları üçün səfalı olur.
Onun sözlərinə görə, mis material mikroblar
insan daxilinə keçməsinin
qarşısını alır. Su
qaynadıqca bu qablar suda olan artıq
mikrobları özünə çəkir: "Mis çaydanlarda su qaynadıqca, su ağappaq ağarır. "Bu,
insanı mikroblardan qoruyur,
həm də belə qablarda saxlanan su ləzzət
daddır. Belə qablarda bişən yeməklərin
dadı digərlərindən fərqli olur.
Xörəklərin dadlı, eyni zamanda müalicəvi olmasını istəyənlər
mis qablardan istifadə
etsinlər".
Zərif
naxışlar…
Bununla belə,
bu sənət göründüyü
kimi asan deyil. Saatlarla oturub 1 naxışın üzərində
işləmək, çox yorucu olur. Usta Məhəmməd Rəhimov
bildirir ki, misgərliyin özünəməxsus dərinlikləri
və zərifliyi var. Onun
sözlərinə görə, mis
qabı qalaylamaq çox
asandır. Lakin hər hansısa qabı
bünovrədən hazırlamaq və onun
üzərinə zərif naxışlar salmaq
üçün böyük
sücaət tələb olunur: "Bu sahədə hər adam
işləyə bilməz. Mən bu sənəti
atamdan öyrəndim, vaxtilə onun mənə dediklərini indi
oğlanlarıma deyirəm. İndi mənim
3 oğlum var, ikisi bu sənəti
öyrənib".
Misgər
deyir ki, başqa ölkələrdə ləziz təamlar
bişirən, doğma mətbəximizin
adını ucaldanların sirri də elə
məhz bu mis
qablardır. Onun sözlərinə görə, tarixən misdən
hazırlanan əl işlərinin 40-dan artıq növü olub və 5 qrupda ümumiləşdirilir: xörək
qabları, süfrə qabları, su
qabları, ağartı qabları və məişət əşyaları.
O əlavə edir ki,
Azərbaycanda misgərlik sənətinin mərkəzləri
Gəncə, Naxçıvan, Şamaxı, Bakı və
Lahıc olub.
Bu sənətdə
özünə rəqib görməyən misgər, sənətin
sirlərinə hər kəsin bələd
olmadığını söyləyir. O, bu
sənətdə yeganə davamçısı kimi oğlu Ruslanı görür. Ondan sonra yalnız oğlunu bu sənətin peşakarı kimi
qoyub gedəcəyini deyir.
Oğlu Ruslan da öz
növbəsində atasına layiqlı oğul
olması ilə yanaşı, yetişmiş
bir tələbə olmaq
istəyir. O bildirir ki,
hər məktəb dərsindən yayınan misgər sənətkarı
ola bilməz. Bu
qabların ərsəyə gəlməsi üçün
böyük əmək sərf etmək
lazımdır: "Burada kimya,
fizika, riyaziyyat, bir sözlə, bütün
texniki fənləri bilmək tələb
olunur. Çünki
istifadə olunan material
kimyəvi maddələrdan hazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi
fiqurlar üzərində başa
gəlir".
Ruslan deyir ki, misgərliyin çox böyük
çətinliyi və dərinliyi var. Onun sözlərinə görə, bir qabı ərsəyə gətirmək sənətkarı
çoxlu çətinliklər
qarşısında qoyur: "Hər sənət
özünəməxsus şəkildə qurban
tələb edir. Bu,
azmış kimi böyük
diqqət tələb edən iş hələ
zəkalılıq, ağıl, yaradıcılıq və
diqqət də tələb edir".
Məhəmməd
Sultanla dükandan
ayrılır, Ruslanı elə yenicə düzəltməyə
başladığı samovar və onun üzərinə vuracağı
naxışların sirri ilə baş-başa buraxıb, mis
qablardan ibarət olan
muzeyə yollanırıq. Usta
danışır ki, onun
əl işlərindən ibarət olan mis qabların bir hissəsi
onlara şəhər icra
başçısı Elmar Vəliyevin
göstərişi ilə ayrılan Məhəmməd Sultana məxsus muzeydə saxlanılır. O buna görə şəhər icra başçısına minnətdar olduğunu bildirir. Muzeydə
olarkən öyrənirik ki, orada saxlanılan və qədimliyi
özündə əks etdirən bu miniatürlar neçə-neçə sərgilərdə,
müsabiqələrdə nümayış olunaraq,
layiqincə qiymətləndirilir. Sənətində, elə həyatında
da qədimliyə böyük
üstünlük verən usta heç vaxt gördüyü
işdən peşman
olmadığını, əksinə bu
peşədə daha da
böyük zirvələrə nail olmaq istədiyini deyir.
Biz isə ustaya
öz işində uğurlar
arzulayır, tarixi keçmişimizi
bundan sonra da layiqincə yaşatmasını diləyirik.
Pərvin
İsmayılova
Bakı-Gəncə-Bakı
Həftə içi.- 2013.- 29 yanvar.-
S.8.