Elektron xidmətlərin
siyahısı
genişləndirilir
Osman Gündüz:
«Kütləvi və sosial-ictimai əhəmiyyət
kəsb edən
xidmətlərin
siyahısını ASAN Xidmət Agentliyinə təqdim
etmişik»
Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib. Belə ki, yeni dəyişikliyə əsasən, bundan sonra qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi elektron qaydada həyata keçiriləcək.
Bundan başqa, hökumətin qərarına
əsasən, kommersiya hüquqi
şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın
dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin
ləğv edilməsi, kreditorların tələblərinin
bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı
müraciətlərin qəbulu və dərcolunma
faktını təsdiq edən sənədin verilməsi, dini qurumların dövlət qeydiyyatı
haqqında məlumatın dərc edildiyi
mətbu nəşrdə dini qurumun ləğv edilməsi,
kreditorların tələblərinin bildirilməsi qaydası və
müddəti haqqında ilk məlumatın
dərc olunması ilə bağlı müraciətlərin qəbulu
və dərcolunma faktını təsdiq edən sənədin
verilməsi də elektronlaşdırılacaq.
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda elektron vergi
hesab-fakturalarının tətbiqi, uçotu
və istifadə qaydaları da dəyişib.
Belə ki, yeni
dəyişikliklərə əsasən, satıcı elektron vergi
hesab-fakturasını Nazirlər Kabinetinin
2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq
edilmiş "Vergi
hesabatının elektron sənəd
formasında göndərilməsi Qaydaları"na əsasən
vergi orqanından alınmış istifadəçi
kodu, parol və
şifrə, yaxud "Elektron
imza və elektron sənəd
haqqında" gücləndirilmiş elektron
imza vasitəsilə Azərbaycan
Respublikası Vergilər Nazirliyinin rəsmi
internet səhifəsi olan
İnternet Vergi
İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq
hazırlayır.
Elektron vergi hesab-fakturasının tərtib
edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi,
əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların
sistemə daxil edilməsi üzrə əməliyyatların
həyata keçirilməsi qaydaları Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq
edilmiş inzibati
reqlamentlə müəyyən edilir. Vergi ödəyicisi
olan fiziki şəxsin
özü və ya hüquqi şəxsin rəhbəri
hazırlanmış elektron vergi hesab-fakturasının təsdiq edilərək
göndərilməsini həyata keçirə bilərlər.
Elektron vergi hesab-fakturasının ödəniş
sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən
həyata keçirilməsinə icazənin verilməsi İnternet Vergi İdarəsində
yaradılmış "Səlahiyyətlərin idarə edilməsi"
menyusundan istifadə edilməklə,
gücləndirilmiş elektron imza vasitəsilə
təsdiq edilir.
Maraqlıdır,
görəsən, Azərbaycanda elektron
xidmətlərin genişləndirilməsi necə qiymətləndirilir?
Təklif olunan xidmətləri elektron hökumətin tam
formalaşması üçün yetərli
saymaq olarmı?
Məsələyə
münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri və
Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki,
son dövrlərdə dövlət
qurumlarında elektron xidmətlərlə
bağlı müəyyən uğurlar əldə
olunub. Onun sözlərinə
görə, rəhbəri olduğu qurum bu istiqamətdə
2006-cı ildən başlayaraq sistemli və müntəzəm olaraq monitorinq həyata keçirir. Monitorinqin
aparılmasında əsas məqsəd bu
sahədə vəziyyəti araşdırmaq və bu istiqamətdə hər bir
dövlət qurumu üzrə, eləcə
də ümumiləşmiş tövsiyələr
hazırlamaqdan ibarət olub. Məsələn,
bu ilki monitorinqin
nəticələri 2013-cü il iyulundan 2014-cü ilin
yanvarına qədər olan dövrü əhatə edir
və monitorinqə 74 mərkəzi, 67 yerli
icra orqanı daxil edilib: “Hazırda daha çox elektron xidmətlər
Vergilər Nazirliyi tərəfindən tətbiq
olunur».
İnfrastruktur tam formalaşmayıb
Ekspert deyib ki,
bir sıra dövlət qurumlarında hələ
də infrastruktur formalaşmayıb. O,
monitorinqlərin nəticələrinə əsaslanaraq bildirir ki, xidmət sektoru ilə İKT sektorunun
qarşılıqlı əlaqələri yetərincə tənzimlənməyib.
Onun sözlərinə görə,
imkanları və resursları zəif olan
qurumlarda rəsmi saytlardan
vətəndaşlarla interaktiv əlaqənin
qurulmasında, elektron formada
ən adi xidmətlərin göstərilməsində
istifadə olunmur, sosial
şəbəkələrə inteqrasiyalar
yoxdur. Belə qurumların aidiyyəti
dövlət orqanlarına metodiki-informasiya
dəstəyi də yetərli deyil.
Osman Gündüz hesab
edir ki, dövlət
orqanlarının Əsasnamələrinə vətəndaşların
informasiya təminatına cavab
verən struktur bölmələr və
onların fəaliyyət istiqamətləri haqqında
müddəalar daxil edilməli, informasiya açıqlığı üzərində
dövlət nəzarətini
həyata keçirmək məqsədilə yaradılan yeni xidmətin fəaliyyəti
canlandırılmalıdır. Dövlət
qurumlarının, resursları yetərli olmayan
qurumlara, xüsusilə yerli
icra orqanlarına informasiya
açıqlığının təmin edilməsi sahəsində
köməklik göstərilməlidir. Dövlət qurumlarında
qanunvericilikdə nəzərdə tutulduğu
qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalı və mövcud müvafiq
strukturların fəaliyyəti təkmilləşdirilməlidir.
Dövlət orqanlarında informasiya
istehsalı prosesinin çevik
və effektiv mexanizmləri
hazırlanmalıdır. Onun sözlərinə
görə, dövlət qurumunun büdcəsində
informasiya istehsalı və
açıqlanması ilə bağlı xərclər
ayrıca qeyd olunmalıdır.
Qanunvericilikdə nəzərdə tutulduğu
qaydada yalnız keyfiyyətli
informasiyaların saytda yerləşdirilməsinə
diqqət yetirilməlidir: “Bundan başqa, sosial əhəmiyyətli
və kütləvi xidmətlərin interaktiv
olaraq elektron formaya keçirilməsinə diqqət
artırılmalıdır. Sosial şəbəkələrə
inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır.
Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai
informasiyalarla bağlı treninqlər təşkil
olunmalıdır. Elektron xidmətlərin
keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai
nəzarət sistemi qurulmalıdır”.
Xüsusi siyahı hazırlanıb
Ekspert onu da
vurğulayıb ki, Multimedia
Mərkəzi Elektron Xidmətlərin Təşviqi
üzrə İctimai Şura
ilə birgə kütləvi və sosial-ictimai
əhəmiyyət kəsb edən xidmətlərin
siyahısını da hazırlayıb. Onun sözlərinə görə, bu siyahının hazırlanmasında əsas
məqsəd elektron hökumətin tam formalaşmasına dəstək verməkdir:
“Biz artıq 120 xidmətin daxil
olduğu siyahını hazırlayaraq Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
Dövlət Agentliyinə təqdim etmişik.
Həmin siyahıda 83 xidmət də yer alıb
ki, bu xidmətlər yenidir və hökumət tərəfindən
təsdiq olunmuş xidmətlər
siyahısında yoxdur. Bu
vacib xidmətlərin indiyədək cəmi
18-i Elektron Hökumət Portalına yerləşdirilib”.
Osman Gündüz bir məqamı da
vurğulayır ki, həmin siyahıda yer alan xidmətlər əsasən,
Daxili İşlər Nazirliyini,
Ədliyyə Nazirliyini, Vergilər Nazirliyini, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini,
Sosial Müdafiə Fondunu
əhatə edir. Onun
sözlərinə görə, hazırda ASAN Xidmət
Agentliyində həmin siyahı təhlil olunur
və ən vacib sosial-ictimai
əhəmiyyət kəsb edən xidmətlər dəqiqləşdirirlir:
“Ola bilər ki,
hökumətin elektron xidmətlərin
genişləndirilməsi ilə bağlı yeni
qərarına bizim
hazırladığımız siyahının da
təsiri olub. Biz bu məsələdə hökumətə dəstək
verməyə hazırıq və monitorinqlərimizi mərhələli
şəkildə davam etdirməkdəyik».
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2014.- 3
aprel.- S.6.