Televiziya yayım şəbəkəsi

yenidən qurulmalıdır 

 

Əflatun Məmmədov: «Radio-televiziya vericilərinin zəruri texniki

parametrlərini əks etdirən məlumat bazası yenilənməlidir»

 

İqtisadiyyatın bütün sahələri üzrə qeydə alınan müsbət meyillər rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də əksini tapıb. Bu baxımdan da ümumilikdə İKT sektorunun inkişafı ayrı-ayrı sahələrin, o cümlədən, radioteleviziya yayımının inkşafını da zəruri edir. Xüsusilə də televiziya-radio yayımının keyfiyyətinin artırılması, ölkəmizin efir məkanına kənar müdaxilələrin qarşısının alınması, qanunsuz, yəni qeydiyyatdan keçməyən radioelektron vasitələrdən (REV) istifadənin ləğv edilməsi və sair məsələlər hər zaman aktual olan bir məsələdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRT) rəisi Əflatun Məmmədov «Həftə içi»nə sözügedən sahədə yaşanan problemlər və onların həlli istiqamətində görülən işlər barədə danışıb. Onun dediyinə görə, ölkə iqtisadiyyatının gün-gündən güclənməsi, yeni investisiyaların qoyulması digər sahələrdə olduğu kimi, rabitə sahəsindən də yan keçməyib. Xüsusilə də rabitə sahəsində olan bu inkişaf respublikada radiotezliklər üzrə radionəzarəti həyata keçirən DRİ-nin inkişafı, idarənin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasıını, efirə radionəzarət və monitorinq məntəqələrinin müasir tələbata uyğunlaşdırılmasını zəruri edib. Rəis xatırladır ki, 1991-ci ilə kimi efirə radionəzarət Bakı şəhəri üzrə 2 məntəqə - Yasamal və 8-ci kilometr fəaliyyət göstərdiyi halda, Azərbaycan müstəqillik qazandıqdan sonra DRİ-nin «Efirə radionəzarət» şöbəsinə Qəbələ, Gəncə, Masallı, Quba, Şirvan və Sahil məntəqələri, eləcə də Beyləqan, Zaqatala, Astara və Qazax köməkçi məntəqələri yaradılıb: «Hazırda DRİ-də respublika üzrə efirə radionəzarət işlərinin həyata keçirilməsi məqsədilə Bakı şəhərində 3, regionlarda 5 regional və 4 köməkçi efirə radionəzarət məntəqələri fəaliyyət göstərir. 6 Ghs-ə qədər tezlik diapazonunda işləyən REV-in monitorinqinin aparılması üçün idarəmizə 2007-ci ildə Atlas-3000, 2011-ci ildə Naqlyad A6EM tipli mobil radiomonitorinq sistemləri alınaraq istifadəyə verilib. Prolink-4C premium, TV Explorer Hd, FSH-3 spektral analizatoru, HE-300 istiqamətlənmiş anten sistemi ilə təchiz olunub. 2007-ci ildən başlayaraq, efirə radionəzarət məntəqələrində Yaponiya istehsalı olan AR 5000 A+3 qəbuledici SDU-5600 analizator, qısadalğa antena LA-380, DA 753G tipli qəbuledici antena İFR 2395 spektral analizatorla təchiz edilib. Naməlum tezlikləri axtarmaq məqsədilə Optoelectronics Scout M40 model analizatoru alınıb».

 

Dünya standartlarına uyğun texniki baza yaradılır

 

İdarə rəisi vurğulayır ki, İKT sahəsinin digər önəmli infrastrukturlarından biri radioteleviziya yayımının texniki təşkilatı hüquqi məsələlərinin təşkilidir. Respublikamızda televiziya yayımından keçən 50 ildən artıq müddət ərzində TV-yayımının keyfiyyətli təşkili əhalinin əksər hissəsində TV proqramların normal qəbul edilməsinin təmin olunması üçün dünya standartlarına cavab verən texniki bazanın yaradılması işləri davam etdirilir: «Hazırda respublikamızda televiziya yayımı üzrə mövcud infrastruktur zəruri avadanlıqlarla təmin olunur. Televiziya yayımının normal təşkili üçün texniki baza ilə yanaşı, televiziya kanallarının, yəni TV yayımı üçün radiotezlik zolaqlarının düzgün seçilməsi ötürücülərin televiziya kanalları tərəfindən maneə təsirinə məruz qalması mühüm əhəmiyyət kəsb edir. Yeni informasiya texnologiyalarının sürətli inkişafı, mikroelektronika sahəsində nailiyyətlərin əldə olunması əhalinin geniş çeşidli irihəcmli məlumatlar almaqla, lazımi dərəcədə bu imkanlardan bəhrələnməsi çox vacibdir. Bu da telekommunikasiyanın digər sahələrində olduğu kimi, insanla ən güclü ünsiyyət yaratmaq imkanına malik olan televiziya yayım şəbəkəsinin dünyada yeni təşəkkül tapmaqda olan standartlara uyğun yenidən qurulmasını bu sahədə köklü texniki dəyişikliklərin edilməsini zəruri edib. Yeni standartların əsas məqsədi məlumatların ötürülməsinin analoq rejimindən rəqəmsal məlumatlandırma rejiminə keçidini təmin etməkdən ibarətdir. Belə ki, rəqəmsal məlumatötürmə sistemlərinə keçid geniş çeşidli irihəcmli məlumatların böyük sürətlə yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasına təminat verir».

 

Yeni proqram təminatı hazırlanmalıdır

 

Onun dediyinə görə, radiotezlik spektrinin idarə olunmasının təşkili, hüquqi fiziki şəxslərin onlardan istifadəsi təmin olunmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişafına xidmət etməli eyni zamanda, məhdud təbii resurs kimi effektiv istifadə olunması təmin edilməlidir. Operatorlar tərəfindən göstərilən radiorabitə xidmətlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi operatorlarla yanaşı, tənzimləmə orqanları tərəfindən aparılmalıdır. Ona görə tənzimləyici orqanlar tərəfindən bir sıra məsələlər həyata keçirilməlidir: «Məsələn, radiotezlik spektrindən istifadənin idarə olunması təşkil edilməlidir. Radiotezlik spektrindən səmərəli istifadənin təşkili üçün bir sıra tədbirlər görülməlidir. Yəni istifadə olunan bütün REV-nin texniki parametrlərini əks etdirən məlumat bazası işlənib hazırlanmalıdır. Həmin məlumatlar bazasından istifadə etməklə uçot qeydiyyatın avtomatlaşdırılmış rejimdə aparılması üçün proqram təminatı hazırlanmalıdır. Efirə radionəzarətin təşkili üçün Mərkəzləşmiş Avtomatik Radiomonitorinq şəbəkəsi qurulmalıdır. Bu istiqamətdə artıq müəyyən işlər görülür».

İdarə rəisi hesab edir ki, ölkədə coğrafi relyefinə görə respublikanın efir məkanın təsir imkanı olan televiziya radio yayım stansiyalarının, onlarda olan radio TV vericilərinin texniki parametrlərini əks etdirən məlumat bazasının yaradılması, koordinasiya məqsədilə Azərbaycanın qonşu ölkələrin sərhədyanı ərazilərində yerləşən radio-TV vericilərinin yayım zonalarının vizuallaşdırılması qurulacaq stansiyanın coğrafi yerinə uyğun tezlik kanallarının seçilməsi üçün yeni kompüter modelinin proqram təminatının yaradılması zərurəti meydana çıxıb. Ölkə daxilində respublika hüdudlarından kənar Azərbaycanın efir məkanına təsir imkanı olan radio-televiziya vericilərinin sayının artması, DRİ- istifadə edilən mövcud proqram taminatında olan radio-televiziya vericilərinin zəruri texniki parametrlərini əks etdirən məlumat bazasının yenilənməsini, tamamlanmasını tələb edir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılıb».

 

Qanunsuz REV istifadəçilərinə qarşı mübarizə gücləndirilib

 

Əflatun Məmmədov həmçinin diqqətimizə çatdırdı ki, bu ilin birinci rübü ərzində rəhbərlik etdiyi idarənin mütəxəssisləri tərəfindən müəssisə təşkilatlarda keçirilən texniki baxış zamanı 53 ədəd DRİ- qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb: «Mütəxəssislər ümumilikdə 174 təşkilat, müəssisə şirkətdə istismar olunan REV-lərə texniki baxış keçirib müvafiq qaydada aktlar tərtib edib.

İdarəmizdə qeydiyyatdan keçməyən 53 ədəd müxtəlif növ REV-dən 10 ədədi möhürlənib, qalan 43 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Onu da qeyd edim ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 6 ədəd protokol yazılıb müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 4 aprel.- S.6.