“Şair Nəriman Həsənzadə
ilə seçkilərdə alternativ idik...”
Hacı Əbdül,
“Tövbə”
cəmiyyətinin sədri
22 il öncə aprel günlərində
Bakıda parlament binasının qarşısı
qaynayıb-qarışırdı. Çadırlar
qurulmuşdu, mitinqlərin ardı-arası kəsilmirdi. Həmin
aksiyaların əsas təşkilatçılarından biri
olmuş “Labirint” yoldaşımız təbiətən
çox qeyri-adi adamdır. 74-cü baharında 4
yaşında oğlu var. İki həyat yoldaşından olan
10 övladı hamısı: evli-subay bir məhlədə
yaşayır... Bir texnikum, 3 ali məktəbdə oxuyub.
Paytaxtın 20 saylı məktəbində müəllim işləyib. İmam Xomeynini yuxuda görəndən sonra elə bir addım atıb ki, bunun nəticəsində bütün SSRİ-də məşhurlaşıb. Həm də siyasi lider kimi tanınan “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüllə görüşən kimi onun hələ 1994-cü ildə Etibar Məmmədovun eks-spiker Rəsul Quliyevə qarşı müxalifliyi barədə dediyi bir söhbət yadıma düşdü...
- Hacı, necə oldu ki, keçmiş SSRİ-nin 3 ali məktəbində təhsil aldınız?
- Bismillahir-rəhmanir-rəhim! Uşaqlıqdan ədəbiyyata böyük həvəsim var idi. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərimi o vaxtkı ADU-nun filologiya fakültəsinə versəm də, “kəsildim” və vaxtımı itirməmək üçün ticarət texnikumuna daxil oldum. Oranı oxuya-oxuya gizli şəkildə guya orta məktəbi qurtarmamış gənc kimi gecə məktəbinə daxil oldum. Bu minvalla mənim orta təhsil barədə iki attestatım oldu. Və ikinci attestatımla Odessa Dəniz Donanması Mühəndisləri İnstitutuna daxil oldum. Eyni zamanda, idmanla da məşğul olur, SSRİ üzrə tələbələr arasında güləş yarışlarında Odessa təmsilçisi kimi iştirak edirdim. Tez-tez də çempion olurdum. O vaxt Politexnik İnstitutunda idman kafedrasının müdiri rəhmətlik Əşrəf Səfərov mənə dedi ki, Əbdül, sən niyə rusların adından çıxış edirsən, mən sənə bizim instituta köçürmə aldırım, Azərbaycanın adından çıxış elə. Beləliklə, 4-cü kursda qayıtdım Bakıya- “Politexnik”də oxumağa. Sonra isə o biri attestatımı verdim ADU-nun filologiya fakültəsinə, üç “5”, bir “4” aldım, ancaq necə oldusa, guya müsabiqədən “kəsildim”. Daha ruhdan düşdüm. Ancaq I semestrin sonuna bir ay qalmış gözlənilmədən rəsmi məlumat gəldi ki, universitetin filologiya fakültəsinə daxil olmusuz. Sən demə, neçə adam qəbuldakı haqsızlıqlardan şikayət edib və məlum olub ki, məni də qeyri-qanuni “kəsiblər”. Bu minvalla mən iki il həm “Politexnik”də, həm də universitetdə oxudum, ikisini də bitirdim, amma yalnız anamın xəbəri oldu bundan...
- Hacı, “Tövbə” cəmiyyəti ideyası haradan gəldi ağlınıza?
- Bu ideya çox
maraqlı şəkildə məndə oyandı. 1980-ci illərin
əvvəlləri idi. Bir gecə yuxumda
gördüm ki, İranın o vaxtkı lideri İmam Xomeyni
çıxış edir xalqın qarşısında,
özü də dağ boydadı. O qədər təsirli
sözlərlə danışır ki, mən
düşünürdüm ki, sabah bu sözləri xalqa desəm,
əksəriyyət düz yola gələr. Amma saat
4-ün yarısı olardı, oyandım ki, heç nə
yadımda qalmayıb. Zorla sonuncu bir fikri xatırlaya bildim:
“Xalq cəsarətli bir fikrə möhtacdır...”. Səhərə
kimi yata bilmədim ki, görəsən bu, nə fikirdir. O
vaxtlar mən hərdən toylarda-filanda içərdim. Həmin
gündən qərara aldım ki, belə bir adamı yuxuda
görmüşəmsə, gərək tövbə edəm.
“Politexnik”də bir müəllim yoldaşımla məsləhət
elədim ki, bu “cəsarətli fikir” nə deməkdir. Dedi ki,
Əbdül, sən tövbə eləmisən, elə
tövbə etməyin özü cəsarətli fikirdir... Onda
C.Cabbarlı kinoteatrının (indiki “Space” telekanalı
binasının yerində) qarşısında kafe işlədirdim.
Dərhal bütün içkini-filanı
yığışdırtdım. İşçilərdən
hansı tövbə etdisə, qaldı, etməyənlər
çıxdı. Bu minvalla 1985-ci ildə “Tövbə” cəmiyyətinin
təməli qoyuldu, ətrafıma minlərlə gənc
yığışdı...
- Bəs Kommunist Partiyası, “KQB”, nə əcəb imkan verdi belə bir cəmiyyəti yaratmağınıza?
- İlk vaxtlar milislər məni
təqib edirdilər. Amma nə
məqsədlə? Axı mən minlərlə
cavanı narkomanlıqdan çəkindirirdim, cinayətkarlarla
əlbir olan orqan işçilərinin alveri, işi pozulurdu.
Lakin onu da nəzərinizə
çatdırım ki, “Tövbə” cəmiyyəti dini qurum
deyil. Onun nizamnaməsində yazılıb
ki, dinindən, irqindən, milli kimliyindən asılı
olmayaraq, hər bir kəs tövbə edə bilər. Yəni
alkoqolizmdən, narkomaniyadan və s. bəd əməllərdən
çəkinib, düz yola gələ bilər. Sovet
dövründə bizim Orta Asiyada, Tatarıstanda,
Başqırdıstanda və s. şöbələrimiz fəaliyyət
göstərirdi. Bir dəfə
Tatarıstanın paytaxtı Qazanda Elmlər Akademiyasında
“Tövbə” cəmiyyətinin yaranması ilə
bağlı yığıncaqda çıxış edəndən
sonra mənə bir cavan rus oğlan yaxınlaşıb
soruşdu ki, nə vaxt qayıdacaqsız Bakıya. Dedim
ki, filan gün. Bir saatdan sonra məndən
başqa iki nəfər üzvümüzə də Bakıya
bilet alıb gətirdi ki, bunlar sizə hədiyyəmizdir.
Təyyarəyə əyləşəndə
baxdım ki, həmin oğlan da salondadır. Dedi ki, mən
Bakıya gedib sizin təcrübəni ətraflı öyrənərək,
Moskvada da belə bir cəmiyyət yaradacağam. Doğrudan da o, bir həftə bizdə qonaq oldu, hər
şeyi öyrəndi. Sonra Moskvaya qayıdıb
“Pokayaniye” (rusca “tövbə”) cəmiyyətini yaratdı...
- İlk üzvləriniz yəqin ki,
yaxınlarınız, dostlarınız olub. Bəs
tanınmışlardan, siyasi liderlərdən kimlər
üzv olmuşdu “Tövbə”yə?
- Bəli, ilk üzvlər dostlarım, məhəllə
uşaqları idi. Amma tanınmışların
adlarını çəkə bilməyəcəyəm...
- Deyəsən,
sizə bu işdə o vaxtlar mərhum prezident Heydər
Əliyevin köməkçisi olmuş, sonralar da Bakı meri
işləmiş Rəfael Allahverdiyev də kömək
etmişdi?
- Bəli, onda rəhmətlik Rəfael
Allahverdiyev SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda
da yaranmış alkoqolizmə qarşı “Ayıqlar” cəmiyyətinin
sədri idi. Artıq “Tövbə” cəmiyyətinin
xeyli qol-qanad açdığı vaxtlarda bir gün gəldi
yanıma ki, gəl, bu iki cəmiyyəti birləşdirək.
İndiki Sahil bağının yanında ikimərtəbəli
ofisləri var idi. Birinci mərtəbəsini verdi bizim ixtiyarımıza, maşın da
verdi. “Ayıqlar” cəmiyyətinin Bakıda,
bölgələrdə formalaşmış strukturları əsasında
“Tövbə” daha da gücləndi. Amma o
vaxtkı ədliyyə naziri Əlisaab Orucov bizi qeydiyyatdan
keçirmədi. Rəfael müəllim dedi ki, narahat
olma, mən “Tövbə”ni birbaşa
Moskvada qeydiyyatdan keçirəcəyəm. Doğrudan da o,
razılaşmadı, demişdilər ki, 1988-ci il
aprelin 12-də gəl qeydiyyatdan keç. Bunu biləndə
təəssübkeşlik məni boğdu ki, Azərbaycanda
yaranmış, adət-ənənəmizə uyğun bir təşkilatı
burda qeydə almırlar, ruslar çağırır ki, gəlin
bura. Bir də gəldim nazirliyə, Ə.Orucova dedim ki, mən ürək ağrısıyla
gedirəm Moskvaya. Bu sözüm ona təsir etdi
və aprelin 12-də cəmiyyəti özü qeydiyyata
aldı.
- 1988-ci
ilin məşhur Meydan hərəkatında necə iştirak
etmişdiniz?
- Meydanı qoruyan bizim cəmiyyət idi. Minlərlə tövbəkar gəncimiz əl-ələ
tutub meydanı qoruyurdular ki, təxribat-filan olmasın. O
vaxt respublikada yumruq kimi təşkil olunmuş yeganə cəmiyyət
“Tövbə” idi. Bir dəfə Zərdüşt
Əlizadə gəldi ki, sizin uşaqlardan bizə 5-10 nəfər
kömək ver, Xalq Cəbhəsi yaradaq. Doğrusu,
vermədim. Sonra da AXC üzvləri Rəhim
Qazıyev və Nemət Pənahlı dedilər ki, bizə
kömək ver. Əvvəlcə razılaşdım.
Amma bizim uşaqlardan biri eşidib ki, onlar bayırda öz
aralarında söhbət edirlər ki, “Tövbə”nin uşaqlarından istifadə edək, yeri gəlsə,
onları fələyin güdazına verərik... Bunu eşidəndən sonra mən onlara kömək
verməkdən imtina etdim. Sonra Rəhimlə
Nemət Masallıda bizim adımızdan istifadə etmişdilər.
- Araz
Əlizadə müsahibələrindən birində
demişdi ki, Hacı Əbdülü Azərbaycanın
keçmiş “KQB” şefi Vaqif Hüseynovla sabiq Bakı meri
Rüfət Ağayev deputat seçdirib...
- Araz çox böyük qələt edir, mən
heç Vaqif Hüseynovu tanımamışam. O vaxt
dostlarım, uşaqlar dedilər ki, namizədliyini versən,
yaxşı olar, mən də verdim. Məntəqələrdə
qanunla nümayəndələrimizi qoymuşduq. İndiki xalq şairi Nəriman Həsənzadə mənimlə
alternativ idi. Bizim nümayəndələr
150 saylı orta məktəbdəki məntəqədə bir
nəfər Nəriman müəllimin xeyrinə saxta
bülletenlər atmaq istəyəndə tutmuşdular. Onda mən məsələni qaldırdım,
seçkilər pozuldu. Ancaq öz namizədliyimi
yenidən vermədim. Nəriman Həsənzadə
gəldi ki, barışaq. Dedim ki, yox, mən bu
haqsızlığa görə intiqam alacağam. Sonra sabiq
Bakı meri Rüfət Ağayev dedi ki, Əbdül müəllim,
ver sənədlərini mən sənin namizədliyini
keçirərəm. Əvvəlcə razı
olmadım, amma o sonra məni yola gətirdi. Buna baxmayaraq, heç bir təbliğat-filan
aparmadım, artıq həvəsdən
düşmüşdüm. Bəli, məni təzədən
Rüfət müəllim deputat “keçirdi”...
- Amma
bildiyimə görə, o vaxt Nəriman Həsənzadənin
bir adamı gəlib ki, icazə ver, bir topa bülleteni sənin
adından atım qutuya, siz də inanmısız.
- Hə, hə... Düz deyirsən
(gülür)... Seçki vaxtı bir nəfər əlində
bir topa bülleten gəldi mənim yanıma ki, Əbdül
müəllim, bəs mən sənin xətrini çox istəyirəm,
sizin məntəqədəki uşaqlara tapşır, imkan
versinlər, mən bu bülletenləri sənin adına atım qutuya. Mən də
inanıb razılaşdım. Sonra qutu
boşalanda məlum oldu ki, səslərin çoxu Nəriman
Həsənzadəyə verilib. Sən demə, həmin adam Nərimanın adamıymış, mənə
kələk gəlib bir topa bülleteni onun adına atıb.
- 1992-ci
ilin martında Yaqub Məmmədov sizi Xızı rayonunun icra
başçısı təyin etmişdi, siz isə getməmişdiniz.
Amma cəbhəçilər deyir ki, sonra siz zor gücünə
o vaxtkı başçı Maksim Musayevi qovmaq istəmisiz?
- Yox, elə olmayıb. Yaqub
müəllim məni Xızıya başçı təyin
etmişdi, mən getməmişdim. Bunun səbəbi
də cəmiyyətdəki vəziyyətlə bağlı
idi. 1992-ci il sentyabrın 6-sı idi, məsciddə
oturmuşdum, bir neçə nurani ağsaqqal yanıma gəldi
ki, Əbdül bəy, bəs biz Xızıdanıq, Maksim
Musayev bizi incidir, xahiş edirik, şikayətimizi Ali Sovetin sədri
İsa Qəmbərə çatdırasan. Mən
də onları apardım İsa Qəmbərin yanına ki,
xahiş edirəm mənim bu yerlilərimin şikayətini
dinlə. İsa Qəmbər isə cavab verdi
ki, Əbdül bəy, sən bizim adam deyilsən, bizim adam
olsaydın, dinləyərdim. Ona Seyid Əzim Şirvaninin bir
satirik şeiri ilə bir az kobud cavab verməyə
məcbur oldum. İsa Qəmbər hiddətləndi
ki, sən nə cürətlə belə cavab verirsən, biz
dövlətik. Mən də cavab verdim ki, buna bax,
dövlətə bax... O gördü ki, vəziyyət gərgindi.
Dedi ki, yaxşı bu işlərə mən baxmıram, Arif
Hacıyev baxır, gedin onun yanına. Arif Hacıyevlə
danışdı, o da dedi ki, cümə axşamı
Xızıda olub, onları dinləyərəm. Ağsaqqallar
xahiş etdilər ki, sən də get bizimlə, vəziyyətlə
özün tanış ol. Mən
də getdim. Gördük ki, biz gəldiyimizə
görə, Xızıdakı Ermənistandan gəlmə
camaat təşvişə düşüb ki, Hacı
Əbdül dəstəsiylə gəlir bizim
üstümüzə. Mən onları
başa saldım ki, sizinlə heç bir problemimiz yoxdur.
İcra hakimiyyətindən camaatın şikayəti
var. Yazıq Maksim Musayev də bu hay-küyü eşidib
qaçmışdı. Arif Hacıyev isə
gəlmədi. Əvəzində bir də
xəbər çıxdı ki, o vaxtkı daxili işlər
naziri İsgəndər Həmidov silahlı polislərlə
güllə ata-ata gəlir. Əlimdəki
videokamera ilə onların bütün hərəkətlərini
çəkirdim. Camaat mənə dedi ki, qaç. Dedim
ki, nəyə görə qaçmalıyam... Bunlar
gəlib kameranı əlimdən alanadək hər şeyi
çəkdim. Axırda da məni həbs
edib apardılar polisə, oradan da Bayıla.
- O vaxt
söhbət yayılmışdı ki, guya İsgəndər
bəylə bir-birinizi təkbətək güləşə-filana
çağırmısız...
- Hə, belə şayiələr
olmuşdu. İsgəndər Həmidovla biz cavanlıqdan dost
olmuşuq. Onunla heç bir problemim olmayıb.
O, Xızıya gələn vaxt soruşdum ki, qardaş, nə
üçün gəlmisən, mənim üstümə.
Dedi ki, bəs sən mənim ünvanıma söyüş
söymüsən. Amma belə şey
olmayıb, bunu ona kimsə yalandan çatdırıb. Birincisi, Allah haqqı, mən söyüş söyən
insan deyiləm. İkincisi də, mən İsgəndər
Həmidovun əhli-əyalını onda da, indi də öz
ana-bacım hesab etmişəm...
- 1992-ci
ilin martında eks-prezident Ayaz Mütəllibov Xocalı
soyqırımına görə istefaya göndərildikdən
sonra “Tövbə” cəmiyyəti Ali Sovetin
qarşısında çadırlar qurub uzunmüddətli
etiraz aksiyaları təşkil etmişdi...
- Allah şahiddir ki, o vaxtadək Ayaz
Mütəllibovla heç bir tanışlığım
olmayıb. Sadəcə, mənim ona bir prezident
kimi simpatiyam olub. İkincisi də, hesab
edirdim ki, Xocalı faciəsi ilə bağlı ona
qarşı haqsızlıq edilib. Ali Sovetdə
söhbət gedirdi ki, prezident xalqı qırğına verib,
ona görə biz onu cəzalandırmalıyıq ki, digərlərinə
də dərs olsun. Və həmin günlər
xəbər çıxdı ki, Mütəllibov xəstələnib.
Anladım ki, bu, qorxunun, həyəcanın nəticəsidir.
Onun Əliağa adlı sürücüsü var idi, ona dedim
ki, Ayaz müəllimə de, məni qəbul etsin, vacib
söhbətim var. Mütəllibov məni qəbul etdi. Dedim
ki, Ayaz müəllim, hamı bilir ki, burada sənin
günahın yoxdur, sadəcə, hakimiyyət davası gedir. Sən razılıq ver, mən səni hakimiyyətə
qaytaracağam. Cavab verdi ki, artıq
çox gecdir. Dedim, yox, mən səni qaytaracağam,
yalnız bir şərtlə, mən dediklərimi edəcəksən,
Xülasə, razılaşdı. Mən kəndbəkənd
gəzib camaatla görüşlər keçirirdim ki, siz
prezident seçmisiz, onu qeyri-qanuni yıxıblar, tələb
edin yerinə qaytarsınlar. Bu yolla mən,
nəhayət, Xırdalanda Bakı kəndlərinin
ağsaqqallarının başçılığı ilə
böyük bir yığıncaq çağırmağa
nail oldum. Sonra isə böyük bir
kütlə ilə parlamentin qarşısına gəlib
mitinqlərə başladıq. Şüarımız
da belə idi; Xocalı hadisələri açılsın, əgər
prezidentin günahı varsa, elə buradaca asılsın.
Nəticədə Ramiz Fətəliyevin
başçılığı ilə deputat-istintaq
komissiyası yaradıldı və sübut olundu ki, Xocalı
faciəsində Mütəllibovun cinayəti yoxdur. Deməli, qanuni prezidenti hakimiyyətə qaytarmaq
lazım idi. Və mayın 14-də biz buna
nail olduq...
- O zaman
A.Mütəllibov istəsəydi, zor gücünə hakimiyyətdə
qala bilərdi?
- Mütəllibov gözəl qala bilərdi hakimiyyətdə, özü də zorsuz-filansız. Sadəcə, o, hadisələrin son gedişi barədə bizi məlumatlandırmadı. Gözlənilmədən, heç kəsə demədən yoxa çıxdı...
- Bəs o günlər aranızda bir söhbət olmadı?
- Xeyr. Mütəllibovu
mən bir dəfə mayın 14-də gecə parlamentdə
görmüşəm. Bir də 15-də səhər kabinetində
təbrik etmişəm. Vəssalam.
O, mənə hakimiyyətdən
getməsi barədə heç nə deməyib. Həm də
ayın 14-də onu təbrik edəndə bizi çox soyuq
qarşıladı, çox soyuq... Onda mən Mütəllibovdan
incidim... Amma buna baxmayaraq, uzun illər yenə də onun siyasətini
müdafiə etmişəm. Boğazımdakı xəstəliyin
müalicəsi ilə əlaqədar Moskvaya gedib-gələndə
onunla görüşürdüm. Sonuncu dəfə isə
2011-ci ildə Bakıda oğlunun yasında
görüşmüşəm. Ondan sonra nə o məni
arayıb, nə də mən onu...
Sultan
Laçın
Həftə
içi.- 2014.- 5-7 aprel.- S.4.