Xalq yazıçısı Çingiz Abdullayevlə görüş 

 

Xalqın, dövlətin inkişafı onun vətəndaşlarının intellektual səviyyəsindən, insan kapitalına verilən dəyərlərdən asılıdır. İnsanın dünyagörüşü yüksək olduqca onun cəmiyyətdəki rolu, fəaliyyəti də artır, mənsub olduğu cəmiyyətə, xalqa daha çox fayda verə bilir.

Bunları şərtləndirən səbəblərdən biri də mütaliədir, kitabla ünsiyyətdir. İnsan nə qədər çox mütaliə edərsə, kitab oxuyarsa onun mənəviyyatı, dünya görüşü bir o qədər çox zənginləşər, nitqi, təfəkkürü, fikir və düşüncələri inkişaf edər.

Hafta.az xəbər verir ki, bütün bunlar barədə Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində dünya şöhrətli ədib, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” ordenli Xalq Yazıçısı Çingiz Abdullayevin oxucularla görüşündə ətraflı danışılmışdır.

Mərkəzin foyesində görkəmli yazıçının bir çox kitablarından ibarət sərgi təşkil olunmuşdur.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyiAranregional şöbəsinin keçirdiyi bu görüşdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər, orta məktəb şagirdləri, rayonun çoxsaylı oxucuları iştirak etmişlər.

Milli Azərbaycan Ədəbiyyatı MuzeyiAranregional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova Xalq Yazıçısı Çingiz Abdullayevin həyat və yaradıcılıq yollarından, çoxsaylı əsərlərinin bədii xüsusiyyətlərindən, yazıçının əldə etdiyi uğurlardan danışmışdır.

Yazıçının həyat və yaradıcılıq fəaliyyətindən nümunələri, eləcə də onun əsərlərinə çəkilmiş kinofilmlərdən parçaları əks etdirən videoçarxlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Canlı ünsiyyət şəraitində keçən görüşdə yazıçı Çingiz Abdullayev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış, oxuculara avtoqraflar vermişdir.

 

Həftə içi.- 2014.- 5-7 aprel.- S.8.