“Yazıçılıq
böyük məsuliyyətdir”
Mustafa Çəmənli: “28 kitabın müəllifiyəm, amma bu məsuliyyəti üstümə götürə bilmirəm”
Həyatda və cəmiyyətdə özünü görə bilən insanlar xoşbəxtdirlər. Belələri
istedadına və gücünə arxalanıb özü olmağa
çalışır. Həm də erkən
yaşlarından, özünü dərk
edəndən. Tanınmış yazıçı-publisist Mustafa Çəmənli də özünün yaradıcılıq
cığırlarını lap gənc
yaşlarından açıb.
Hələ orta məktəbdə oxuyarkən
“Mingəçevir işıqları” qəzetinin nəzdindəki
“Kür” ədəbi dərnəyinin üzvlərindən biri
olub. 1971-ci ildə “Ləpirlər”
adlı hekayəsi “Mingəçevir işıqları” qəzetində
dərc olunub. Bu kiçik hekayə sovet
dövründə hətta Əfqanıstanda puşti
dilinə tərcümə edilərək çap
olunub.
Beləliklə,
“Ədəbi düşüncə” rubrikasının budəfəki
qonağı “Təhsil” nəşriyyatının şöbə
müdiri, yazıçı-publisist Mustafa Çəmənlidir. O,
Azərbaycanın Milli Qəhrəmanı
Asif Məhərrəmov haqqında “Fred Asif” sənədli
romanın, həm də Milli Qəhrəman
Mübariz İbrahimov
barəsində “Mübariz” adlı ilk sənədli povestin,
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Azərbaycanın görkəmli muğam
ifaçılarının yubileyləri münasibətilə
hazırlanmış “Albom”
kitablarının mətn müəllifidir. Müsahibimiz
özünü oxuculara
belə tanıdır:
– 2010-cu ildə AYB tərəfindən
prezident təqaüdünə layiq görüldüm.
2013-cü ildə “Ölüm mələyi”
tarixi romanıma görə Mədəniyyət
və Turizm Nazirliyinin
“Qızıl Kəlmə” mükafatını aldım. Milli musiqi
ifaçılığı sənətinin təbliğinə
görə 1993-cü ildə Mətbuat Fondunun
“Dan ulduzu”
mükafatını, “Xallı gürzə” tarixi
romanıma görə “Yaddaş”, Milli Mədəniyyəti Təbliği Mərkəzinin
“Uğur-2008” mükafatlarını almışam. “Mənim
dünyamın adamları” adlı ilk
kitabım 1982-ci ildə 10 min tirajla nəşr olunub. “İtirilmiş səs” adlı povest
və hekayələr toplum, eləcə də
“Oxu, gözəl” əsərim o dövrdə böyük
maraqla qarşılanıb. Məlum Qarabağ hadisələri başlayan
ərəfədə 15 çap vərəqi
həcmində bir əsərim
“Yazıçı” nəşriyyatının planında idi. Mən həmin əsərin
çapından imtina edib
Qarabağ xanlığın, Şuşa qalasının banisi
Pənah xanın həyatı barədə tarixi
bir roman yazdım. Bu
roman o dövrdə hissə-hissə
“Karvan” jurnalında çap olundu. Hazırda 28 kitabın müəllifiyəm,
mətbuatda çoxlu
sayda publisist yazılarının çıxıb,
100-dən artıq televiziya
və radio verilişlərinin
müəllifi olsam da, anlayıram ki, yazıçılıq
böyük məsuliyyətdir.
Bu məsuliyyəti bu gün də
üstümə götürə
bilmirəm, bəzən
ehtiyatlanıram. Ona görə
ki, mən yazıçılığı inşa yazısı kimi başa düşmürəm. Yazıçı gərək həyatın
bütün mürəkkəbliyini,
görünməyən tərəflərini,
ziddiyyətlərini görə
bilsin.
– Sovet dövründə sizə qarşı təzyiqlər olubmu?
– Həmişə xeyirxah insanlara rast gəlmişəm. “İtirilmiş səs” povest və hekayələr kitabım çap olunanda mənə dedilər ki, “Qlavrit”dən Kinyaz adlı bir şəxs səni görmək istəyir. O günə
kimi onunla tanışlığım yox
idi. Kinyaz müəllim mənə dedi ki, 1985-ci ildə oxuduğum kitablar içində xoşuma gələn iki kitabdan biri
sizin bu əsərdir. Əgər mən olmasaydım,
senzura tərəfindən
kitabdakı “Qatırçı
Muradın nağılı”
və “Tütək” adlı hekayənin çapına icazə verilməzdi. Çünki yazdığım bu hekayələr o dövrün
ideologiyasına zidd idi. O dövrdə, bəzən hətta kitabın adı ilə bağlı da mübahisələr olurdu. 2008-ci ildə
“Leyli və Məcnun-100
il səhnədə” kitabını ərsəyə
gətirdim. Bu, həm də respublikada ilk bədii sənədli ensiklopedik kitabdır. Burada səhnəyə qoyulduğu
ilk gündən başlayaraq,
dövrümüzə qədər
“Leyli və Məcnun” tamaşasında
iştirak etmiş müğənnilər, bu
möhtəşəm əsəri
müxtəlif quruluşlarda
səhnəyə qoyan
quruluşçu rejissorlar,
dirijorlar, xormeysterlər,
rəssamlar, baletmeysterlər,
konsertmeysterlər haqqında
ensiklopedik məlumatlar
toplanmışdır.
– Sizcə, ötən əsrin 70-ci illərinin ədəbi mühiti bu gün niyə
görünmür?
– Əslində bu gün sovet
dönəmindən daha çox
əsərlər yazılır. Baxmayaraq ki, sərbəstlik və azadlıq var, lakin bu
gün oxucu ilə
yazıçı arasında mənəvi tellər
qırılıb, indi kitablar
məhdud sayda – 500 nüsxə tirajla çap olunur, bu nəşrlər
də regionlara gedib
çatmır. Bu səbəbdən də
paytaxt oxucusu ilə
regiondakı oxucular arasında böyük uçurum
yaranıb. Eyni vəziyyət mətbuatda da müşahidə olunur.
Bu gün mətbuatın
janr növləri olan
oçerk, reportaj, analitik yazılar elə bil
qəzet səhifələrindən qeybə çəkilib.
– Müasir dövrdə bir yazıçı kimi ədəbi tənqidə tuş gəlmisiniz?
– Hələ ki, tənqidə tuş gəlməmişəm.
Çünki bu gün ədəbi tənqiddən çox dostluq münasibətləri
öndədir. Bəla ondadır ki, sovet dövründə mənfi rəy verilmiş əsərlər bu
gün müəllifin vəsaiti
hesabına çap olunmaqdadır. Ona görə də ədəbi dəyərlər
itmək təhlükəsindədir. Tək-tək nəşr
olunan dəyərli əsərlər isə
indiki kitab bolluğunda görünməz olub.
Qəribə burasıdır ki,
istedadsız adamlar mətbuatda daha çox təriflənilir.
Halbuki ana dilinin zənginliyindən istifadə edə
bilməyən, xalqının məişətini, adət-ənənələrini
bilməyən adam gərək
yazıçılıq iddiasında olmasın.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2014.- 5-7 aprel.- S.8.