Mətbuatda ədəbi
dil normaları
Lənkəranda təşkil olunmuş
dəyirmi masada mətbuatda ədəbi dilin
normalarının qorunması sahəsindəki vəziyyət müzakirə olunub
“Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyi (ZMM) Lənkəranda “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində baş tutub.
“Həftə içi”nin məlumatına
görə, ZMM-in sədri Rəhim
Hüseynzadə tədbirdəki çıxışında koordinatoru olduğu layihənin
mart-iyun ayları ərzində gerçəkləşdiriləcəyini
deyib. Onun sözlərinə görə, bu
layihənin məqsədi ölkənin mətbuat
orqanlarında Azərbaycan ədəbi dilinin
normalarını qorunması ilə bağlı meylləri
müəyyənləşdirmək, mövcud
problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını
təmin etməkdən ibarətdir. Bununla mediada
ədəbi dilin normalarının
pozulmasına qarşı ictimai qınaq
metodlarının effektivliyini artırmaq, neqativ cəhətlərin aradan
qaldırılmasında ictimai aktivliyin yüksəldilməsinə dəstək
göstərmək nəzərdə tutulur:
“Ümumən dil probleminə kompleks yanaşmaq
lazımdır. Bu mənada Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan
dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» 23 may 2012-ci il tarixli sərəncamı müstəsna əhəmiyyət
daşıyır. Dilimizin inkişaf xüsusiyyətləri
ilə bağlı fikirlərin ifadə olunduğu
sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən
olan ana dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılması,
ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı
surətdə yaxşılaşdırılmasını
təmin etmək məqsədi əsas götürülür.
Müvafiq qurumlar
qarşısında vəzifələr müəyyənləşdirilir.
Mətbu fəaliyyət dildən istifadə sahəsində ən
spesifik məqam kimi
diqqət çəkməkdədir. Bu mənada
KİV-lərdə çalışanların ona
xüsusi önəm verməsi əhəmiyyətlidir.
Layihəmiz də bunun üçün
bir çağırışdır, habelə
dövlət miqyasında başlanılmış işə
dəstəkdir».
Layihənin
eksperti, “Xalq qəzeti”nin
baş redaktor müavini Tahir
Aydınoğlu isə qeyd edb
ki, Mətbuat Şurasının Dil Komissiyasının rəyinə əsasən,
bu sahədəki pozuntuların aradan qaldırılması mətbuatımızın
peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ən vacib məsələlərdən
biridir: «Şuranın monitorinq
proqramına əsasən, mətbuat səhifələrində
müasir Azərbaycan ədəbi dilinin müxtəlif yaruslarına aid dil pozuntularının
qeydə alınması üçün qəzet
materialları 5 istiqamət üzrə - leksik,
morfoloji, sintaktik, üslubi və texnoloji, yəni
qəzetçilik peşəkarlığı parametrlər
baxımından təhlilə cəlb edib.
Ona görə də bu
layihə də başlanılmış işə dəstək
anlamında çox vacibdir”.
Layihənin eksperti, “Jurnalist
Araşdırmaları Mərkəzi” İB-nin
sədri Seymur Verdizadə isə deyib ki, mətbuatımızda
Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları
müşahidə etmək mümkündür.
Onun sözlərinə görə, son dövrlərdə ədəbi dilimizdə
geniş şəkildə işlənən
öz sözlərimiz ola-ola
zəruri ehtiyac duyulmadan
onların əcnəbi qarşılığının
nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Ona görə də ana
dilinə riayət edilməsi sahəsindəki problemlərin
qruplaşdırılması vacibdir.
Qələndər
Həftə
içi.- 2014.- 8 aprel.- S.7.