“Sabunçu rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər“
Azərbaycanın
bütün bölgələrində davamlı olaraq gedən
sürətli iqtisadi-sosial inkişaf prosesi Bakının
Sabunçu rayonundan da yan keçməyib. Prezident yanında
KİV-in inkişafına Dövlət Dəstəyi Fondu ilə
Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkil
etdiyi müsabiqənin məqsədi də bu rayonun əldə
etdiyi uğurları ictimaiyyətin diqqətinə
çatdırmaqdır. Beləliklə, Sabunçu rayonuna
qiyabi səfər edək. Bünövrəsi 1920-ci ildə
qoyulan rayon ərazisində 1940-1958-ci illərdə iki müstəqil
inzibati bölgü vahidi - Maştağa və Lenin
rayonları olub. Amma 1965-ci ildə Maştağa Lenin rayonuna
birləşdirilib. 1992-ci il aprelin 29-da isə Lenin rayonunun
adı dəyişdirilərək Sabunçu rayonu
adlandırılıb. Yeri gəlmişkən, bu rayonun
tabeliyində olan Razin qəsəbəsi də Bakıxanov
adını alıb.
Ərazisi 244,3 kvadratkilometr, əhalisinin
sayı isə təxminən 235 min nəfər olan
Sabunçu rayonu paytaxtın ən iri sənaye bölgəsidir.
Bu gün rayon ərazisi 10 qəsəbəni özündə
birləşdirir. Bunlar Bakıxanov, Sabunçu, Ramana,
Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı,
Maştağa, Nardaran və Bilgəhdir. Sabunçu rayonu
müharibənin qanlı-qadalı illərində öz
doğma torpaqlarını tərk etmək məcburiyyətində
qalmış təxminən 30 minədək qaçqın və
məcburi köçkünü öz qoynuna alıb,
paytaxtın ən
böyük mədən sənayesinə malik olan Sabunçu
rayonu ərazisində hasilatla yanaşı, həm də emal sənayesi
inkişaf edib. 30 mindən artıq əmək fəaliyyəti
ilə məşğul olan əhalinin xeyli hissəsi neft mədənlərində
çalışsa da, rayon ərazisində tikilmiş nəhəng
neft maşınqayırması müəssisələri,
çörək zavodları, fındıq emalı müəssisəsi
və sair zavod və fabriklərdə də minlərcə
işçi var. Yeri gəlmişkən, təkcə rayonun
Balaxanı Opereting Compani LTD-də 1400-dən artıq insan
işləyir. Ümumiyyətlə, rayonda fəaliyyət
göstərən ən iri müəssisələr
bunlardır: “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi
ilə məşğul olan “Bakı Neft
Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC,
“Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı
fındıq emalı”MMC və s.
Rayonda sosial infrastruktur da yetərincə inkişaf edib.
Bu gün rayonda 46 məktəb, 3 internat və 24 səhiyyə
müəssisəsi var. Həmçinin rayonun ərazisində
müxtəlif mülkiyyət hüququna məxsus 76 sənaye,
49 tikinti, 8 nəqliyyat, 5 kənd təsərrüfatı, 317
ticarət obyekti, 10 bank filialı, 1 rabitə müəssisəsi,
2 mehmanxana və sair fəaliyyət göstəririr.
2013-cü ildə rayon müəssisələri tərəfindən
istehsal edilən sənaye məhsullarının, yerinə
yetirilən işlərin ümumi həcmi 396,5 milyon manat təşkil
edib ki, bu da əvvəlki ildəkindən 80,3 milyon manat və
ya 25,4 faiz çoxdur. Ötən il əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon,
əsas kapitala yönəldilən investisiyaların həcmi
304,7 milyon, pərakəndə əmtəə dövriyyəsinin
həcmi 610,6 milyon manata çatıb. 2013-cü ildə rayon
üzrə bir işçiyə düşən orta aylıq
əməkhaqqı əvvəlki illərlə müqayisədə
6,7 faiz artaraq 432, sənaye sahəsində
çalışanların əməkhaqqı isə 7,8 faiz
çoxalaraq 560,4 manat olub. Ötən il rayonda 2400-ə
yaxın yeni iş yeri açılıb.
Rayon ərazisindəki sovet dövründə
yaradılmış nəhəng infrastruktur sahələr
müstəqillik illərində daha da inkişaf etdirilib.
Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək
üçün rayon ərazisində 33 yarımstansiya, 861 KTM
və TM fəaliyyət göstərir.
Son məlumata görə, rayonun bütün qəsəbələri
fasiləsiz təbii qazla təmin edilməkdədir. Dövlət
proqramı çərçivəsində rayon üzrə
ümumilikdə 938 kilometr uzunluğunda qaz kəmərləri
çəkilib.
Rayonun su təchizatının
yaxşılaşdırılması istiqamətində də
böyük işlər görülüb. Ötən ilin
noyabrınadək Sabunçu rayonu ərazisində təxminən
38 kilometr uzunluğunda su xətti çəkilib, ümumi
tutumu 3500 kubmetr olan 4 su anbarı tikilib. Bütün
bunların nəticəsidir ki, hazırda rayon əhalisi
içməli su ilə təmin olunur.
Belə bir elmi düşüncə var: xalqın
inkişaf səviyyəsini bilmək istəyirsənsə,
onun yollarının vəziyyəti ilə tanış ol. Bu
prizmadan yanaşsaq Sabunçu rayonunu ancaq təqdir edə bilərik.
Hazırda rayon ərazisində 600 kilometr uzunluğunda yol
şəbəkəsi var ki, bunun da 131 kilometri mərkəzi,
468 kilometri isə yerli əhəmiyyətlidir. Ötən ilin
noyabr ayınadək rayon ərazisində ümumilikdə 45
kilometr uzunluğunda mərkəzi və məhəllədaxili
yolda təmir-bərpa işləri görülüb. Yeri gəlmişkən,
Bakı-Sumqayıt dəmiryolunun 22 kilometri məhz Sabunçu
rayonunun ərazisinə düşür.
Rayonun bütün qəsəbələrində kompleks
tikinti-quruculuq işləri aparılır. İlk növbədə
isə vətəndaşların təhsil alması və
sağlamlıqlarını qorumaları üçün
böyük layihələrə start verilib və hətta bir
çoxu artıq başa çatdırılıb. Bunlar hər
bir qəsəbədə məktəb və səhiyyə
obyektlərinin təmiri, eləcə də yenilərinin tikilməsindən
ibarətdir. Məsələn, son illər ərzində
Sabunçu qəsəbəsində 12 saylı poliklinika, 3
saylı şəhər xəstəxanası yenidən
qurulub; Maştağada valideyn himayəsindən məhrum olan
uşaqlar üçün 1 saylı internat məktəbi təmir
olunub; Nardaranda Muğam Musiqi Evi tikilib; Ramanada 21 saylı şəhər
xəstəxanası və 78 saylı orta məktəb əsaslı
təmir edilərək istifadəyə verilib, 137 saylı orta
məktəb üçün yeni bina inşa edilib;
Balaxanıda 259 və 69 saylı məktəblərin əsaslı
təmiri başa çatdırılıb, əlavə sinif
otaqları, idman və akt zalı tikilib, eyni zamanda, 22 saylı
poliklinika müasir standartlara uyğun təmir olunub, 320
saylı uşaq bağçasında təmir işləri
aparılıb; Kürdəxanıda orta məktəb əsaslı
təmir edilib, təcili yardım stansiyası tikilib, yeni
uşaq bağçası istifadəyə verilib; Bilgəhdə
142 saylı orta məktəb təmir olunub, 128 saylı xəstəxana
əsaslı təmirdən sonra sakinlərin ixtiyarına
verilib və hazırda yetkinlik yaşına çatmayanlar
üçün 50 yerlik ixtisaslaşdırılmış
reabilitasiya mərkəzinin, uşaq bağçasının,
Muğam və Gənclər evlərinin tikintisi başa
çatdırılmaq üzrədir; Pirşağıda 112
saylı orta məktəb təmir olunub və sair.
Hamının bildiyi kimi, sovet dövründə neft tullantıları
ilə çirkləndirilmiş rayon ərazisinin böyük
qismində son illər geniş miyasda rekaltuvasiya-bərpa
işləri görülməkdədir. Artıq neçə
ildir ki, Sabunçu rayonunun ərazisində mütəmadi
olaraq yaşıllaşdırma layihələri həyata
keçirilir. Son olaraq isə bu il aprelin 5-də Balaxanı qəsəbəsində
yerləşən parkda iməcilik keçirilərək ətraf
ərazilər təmizlənib və xeyli sayda ağac əkilib.
Onu da qeyd edək ki, iməcilikdə Sabunçu Rayon İcra
Hakimiyyətinin əməkdaşları, Balaxanı qəsəbəsinin
icra nümayəndəsi, eləcə də Balaxanı,
Bakıxanov, Zabrat, Ramana, Maştağa bələdiyyələri
iştirak ediblər.
Yeri gəlmişkən, aprelin 5-də Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik
etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq
Dialoq) ictimai birliyinin, “ASAN Xidmət” və “Təmiz Şəhər”
ASC-nin birgə təşkilatçılığı ilə
“Hər kağızı bir yarpağa dəyişək”
adlı müştərək layihə başa çatıb.
Fevralın 2-də icrasına start verilən layihə çərçivəsində
vətəndaşlar Bakıda fəaliyyət göstərən
“ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 79
tona yaxın kağız təhvil veriblər. Əvəzində
isə 1576 ədəd ağac alınaraq nəzərdə
tutulan ərazilərə əkilib. Onu da xatırladaq ki, layihənin
yekunu olaraq aprelin 5-də İqtisadiyyat və Sənaye
Nazirliyinin və digər təşkilatçıların, həmçinin
özəl müəssisə və fiziki şəxslərin
iştirakı ilə “Təmiz Şəhər” ASC-yə məxsus
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi
Poliqonunda ağacəkmə aksiyası keçirilib və
Balaxanı poliqonunun 5 min kvadratmetr ərazisi
yaşıllaşdırılıb.
Hazırda Sabunçu rayonunun gələcək
inkişaf strategiyasında həyata keçirilməsi nəzərdə
tutulan bir çox planlar var. Bunlar məsələn, rayonun
bütün qəsəbələrinin içməli su, təbii
qaz və elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulması,
yeni məktəb, səhiyyə ocaqlarının
inşası, 18 mövcud məktəbin həyətində
yüzlərlə sinifdən ibarət yeni korpusların
tikintisi, 13 məktəb və 9 uşaq bağçasında əsaslı
təmiri, bütün mərkəzi və məhəllədaxili
yollarının asfaltlanması, mərkəzi küçələrinin
yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi,
yeni istirahət parklarının salınması, əhalinin
sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsi və sairdir.
Ölkə prezidenti İlham Əliyev də Sabunçu
rayonunda görülən işləri həmişə diqqətdə
saxlayıb. O, hətta böyük layihələrin təməlqoyma
və ya açılış mərasimlərində şəxsən
iştirak edir. Məsələn, dövlət
başçısı son iki il ərzində Balaxanı qəsəbəsindəki
Bakı Məişət Tullantılarının
Çeşidlənməsi Zavodunun və Sənaye
Parkının təməlqoyma mərasimində,
Sabunçu-Zabrat-Maştağa-Buzovna magistral avtomobil yolunun
Maştağa- Buzovna hissəsinin açılışı,
Bilgəh qəsəbəsində müharibə və əmək
əlilləri üçün pansionatın əsaslı təmir
və yenidənqurmadan sonra istifadəyə verilməsi, Yeni
Ramana qəsəbəsində Sağlamlıq İmkanları
Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin
yenidənqurmadan sonra açılışı, Zabrat-Kürdəxanı-Pirşağı
avtomobil yolunun əsaslı təmirdən sonra istifadəyə
verilməsi və sair mərasimlərdə iştirak edib.
Yeri gəlmişkən, ölkə prezidentinin təşəbbüsü
ilə Sabunçu qəsəbəsinin ətrafında tikilməkdə
olan olimpiya futbol stadionu da rayonda icra edilən ən
böyük layihələrdən biridir.
Vüsal Tağıbəyli
Yazı Sabunçu rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
Həftə içi.- 2014.- 11
aprel.- S.4.