Azərbaycanlı kosmonavtlar kimlərdir?  

 

12 aprel - Ümumdünya Kosmonavtika Günü yetişən kimi öncə rus xalqının nümayəndəsi Yuri Qaqarin və onun vətəndaşı olduğu SSRİ yada düşür. İlk qadın kosmonavt da rusdur – Valentina Tereşkova. 1961-ci ildən bəri kosmik fəzadan yerə baxmış insanların əksəriyyəti, yəqin ki, rus və ingilis xalqlarının nümayəndələridir.

Ancaq bilmək lazımdır ki, ilk canlının da, ilk insanın da kosmosa səyahətinin hazırlanmasında bir böyük Azərbaycan oğlunun xeyli xidməti olmuşdur. SSRİ miqyasında kosmik gəmilərin qurulmasında və tədqiqatların aparılmasında bir neçə azərbaycanlı alim və mütəxəssisin də rolunu qeyd etmək gərəkdir. Onlar barədə bir az sonra...

Bu gün çox az adam bilir ki, Yerin cazibəsindən çıxa bilmiş qəhrəman insanlardan 4 nəfərinin həyatı Azərbaycanla bağlı olub. İndiyə qədər əksəriyyət yalnız bir sovet kosmonavtının –Musa Manarovun Bakıda anadan olmasını bilirdi. Dünyada ilk müsəlman kosmik xanım turist olan Anuşe Ənsarinin də Güney Azərbaycan yetirməsi olmasını da yəqin ki, çoxları bilmir. Bəli, bu iki insanı – Musa Manarov və Anuşe Ənsarini bilavasitə Azərbaycanla bağlı kosmonavt adlandırmaq olar. Və milliyyətcə lak olsa da, Musa Manarova ilk azərbaycanlı və ilk müsəlman kosmonavt demək mümkündür. Ancaq araşdırmalarımız nəticəsində bəlli oldu ki, daha iki kosmonavtın həyatı Azərbaycanla bağlı olub. Onlar – keçmiş SSRİ kosmonavtları Vitali Mixayloviç Jolobov və Valeri Viktoroviç Ryumindir.

70-80-ci illəri yaxşı xatırlayanların yadında olar ki, ilk bakılı kosmonavt kimi məhz Sovet İttifaqı Qəhrəmanı V.M.Jolobov tanınıb. Amma o, Azərbaycanda deyil, 1937-ci ildə Ukraynada doğulub. Sonradan valideynləri Bakıya köçüb və 1954-cü ildə paytaxtımızın 164 saylı orta məktəbini bitirərək Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) daxil olub. 1959-cu ildə mühəndis ixtisası ilə həmin ali məktəbi bitirdikdən sonra 1959-1961-ci illərdə hərbi xidmətdə olub. 1962-ci ildə Moskva Aviasiya Hospitalında tibb komissiyasından keçərək SSRİ Mərkəzi Həkim-Uçuş Komissiyasına buraxılış almış və 1963-cü ildə kosmonavtlar dəstəsinə daxil edilmişdir. 13 il yüksək səviyyəli hazırlıq keçdikdən sonra V.M.Jolobov 1976-ci ilin avqustunda kosmosa uçmuş və 49 sutkadan çox kosmik fəzada qalmışdır.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Valeri Viktoroviç Ryumin 1939-cu ildə Rusiyada anadan olub. Onu Azərbaycanla bağlayan əsgəri xidmətidir. 1959-1961-ci illərdə V.Ryumin Gəncə (o dövrdə Kirovabad) və Lənkəran şəhərlərində tank qoşunları tərkibində tank komandiri kimi xidmət keçmişdir. 1977, 1979, 1980 və 1998-ci illərdə 4 dəfə kosmosa uçmuş, üst-üstə 371 sutkadan çox Yer orbitindən kənarda olmuşdur.

İlk azərbaycanlı və müsəlman kosmonavtı hesab edilən Musa Manarov həm də kosmonavtika tarixində ikinci ən uzunmüddətli kosmik uçuşu həyata keçirib. Eyni zamanda, o, dünyada ilk dəfə açıq kosmosdan Yerlə radio əlaqəsinə girib.

Musa Xiraman oğlu Manarov 22 mart 1951-ci ildə Bakıda anadan olub. Dağıstan xalqlarından olan lak millətinə mənsubdur. Atası, II Cahan müharibəsi iştirakçısı polkovnik Xiraman Manarovdur. Musanın uşaqlığı hərbi şəhərlərdə keçib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun uçan aparatların radioelektronikası fakültəsində ali təhsilini başa vurduqdan sonra M.Manarov “Enerji” Elmi İstehsalat Birliyində mühəndis kimi çalışır. Kosmik aparatların sınaqlarında iştirak etmişdir. 1978-ci ildə kosmonavtlar dəstəsinə daxil edilmiş, 1979-1982-ci illərdə isə məşhur ”Buran” kosmik proqramının hazırlanmasında iştirak etmişdir. İlk uçuşunu 1987-ci il dekabrın 21-də kosmonavt V.Titovun komandirliyi ilə “Mir” orbitlərarası stansiyasının “Soyuz TM-4” gəmisində bort mühəndisi kimi həyata keçirən həmyerlimiz Yerə düz 1 il - 365 sutka 23 saatdan sonra qayıdaraq kosmosda o dövr üçün ən uzun müddət qalan iki planet sakinindən biri olmuşdur. Bu qəhrəmanlığına görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. İkinci dəfə kosmosda M.Manarov 1990-cı ilin 21 dekabrından 1991-ci ilin 26 mayınadək olmuşdur. 175 sutka 2 saat ərzində o, “Mir” orbital kompleksinin “Soyuz-11” gəmisində bort mühəndisi kimi Yer ətrafında fırlanmışdır. İki uçuşu ərzində Musa 7 dəfə açıq kosmosa çıxmış və birlikdə 34 saat 23 dəqiqə gəmidən kənar fəzada uçmuşdur.

Musa Manarov 1990-1995-ci illərdə və 2007-2011-ci illərdə

Rusiya Federasiyası Dumasının deputatı olmuşdur. Hakim “Vahid Rusiya” partiyasının üzvüdür.

İlk müsəlman kosmonavt 2009-cu ildə İTAR-TASS-ın müxbiri Səadət Qədirovaya verdiyi müsahibəsində bildirib ki, həyat yoldaşı da Bakıda onunla eyni doğum evində anadan olmuş, Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Bu səbəbdən azərbaycanlı kosmonavtın qızı da Bakıda anadan olmuşdur. Ona görə də Musa Bakını çox sevir.

2013-cü ildə məşhur Meksika kinorejssoru Alfonso Kuaronun açıq kosmosda olmuş kosmonavtlar haqqında çəkdiyi və bütün dünyada maraqla izlənmiş “Qravitasiya” (“Cazibə”) filmində Musa Manarov həm də ekspert rolunda çıxış etmişdir.

2006-cı il sentyabrın 18-də kosmosa ilk müsəlman qadın və ilk kosmonavt turist uçdu. Bu, milliyyətcə Azərbaycan türkü olan Anuşe Ənsari idi. Anuşe 1966-cı il sentyabrın 12-də İranın Məşhəd şəhərində anadan olub, sonradan ata-anası ilə birgə Tehranda yaşayıb. 1984-cü ildə isə valideynləri istedadlı övladlarına daha mükəmməl təhsil verə bilmək üçün ABŞ-a köçüblər. Burada informatika və elektronika üzrə təhsil alan Anuşe Corc Vaşinqton Universitetində Magistr dərəcəsi almağa nail olur. Sonra ABŞ-in məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyir. Burada tanış olduğu Həmid Ənsari ilə ailə qurur. 1993-cü ildə Anuşe, Həmid və onun qardaşı Əmir Telecom Technologies kompaniyasını qururlar. Artıq 2006-cı ildə Anuşenin başında durduğu investisiya firması Rusiyanın federal kosmik agentliyi ilə kommersiya işləri üçün istifadə etmək məqsədilə suborbital kosmik gəmilər donanması yaratmaq barədə saziş bağlayır. Bundan sonra Anuşe artıq kosmosa uçuş barədə düşünür. O, 4-cü turist kosmonavt olacaq yapon biznesmeni Daysuke Enomoto ilə altenativ olur. Və sonda tibbi göstəricilərinə əsasən yapon iş adamına uçmaq qadağan edlir və Azərbaycan mənşəli qadın kosmik heyətin siyahısına salınır. Beləliklə, 18 sentyabr 2006-cı ildə Anuşe Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşür. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür.

2010-cu ilin iyulunda Anuşe Ənsari Azərbaycana gələrək rabitə naziri Əli Abbasovla görüşmüş, jurnalistlərə müsahibə vermişdir. Hazırda o, kosmos adamı kimi elmi tədqiqatlarını davam etdirir.

Azərbaycanı kosmonavtika aləmində tanıdan ən böyük şəxsiyyət isə 1966-1991-ci illər ərzində kosmosa uçan bütün sovet kosmonavtlarının uçuşa hazır olmaları barədə məruzə etdiyi, lakin 1987-ci ilədək yalnız Kreml rəhbərliyinin tanıdığı məşhur bir generaldır. Həmin illər ərzində o, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş, 25 il bütün kosmik uçuşlara cavabdehlik daşımış və nəzarət etmişdir. Baykonur kosmodromundan kosmik raket havaya qalxmamış kosmik gəminin komandiri ona rəsmi məruzə edərkən bütün SSRİ məkanının televiziya tamaşaçıları bu general soydaşımızın yalnız kürəyini görürdü. Nəhayət, 1987-ci ilin yayında Moskvanın “Pravda”, “Rossiyskaya qazeta” qəzetlərinin yazdığı məqalələrdən bəlli oldu ki, kosmonavtların bir ata kimi sevdiyi bu yüksək vəzifəli şəxsiyyət general-leytenant Kərim Kərimovdur...

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda doğulmuşdur. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNA) bitirən həmyerlimiz Moskvada Artilleriya Akademiyasına daxil olur. 1943-cü ildə Akademiyanı uğurla bitirən K.Kərimov II Cahan Müharibəsi illərində məşhur “Katyuşa” qurğusunun mərmilərini buraxan zavodda çalışıb. Buradakı xidmətlərinə görə, sovet rəhbərliyi onu “Qırmızı Ulduz” ordeni ilə təltif etmişdir. 1946-cı ildə sovet hökuməti digər raket mütəxəssisləri il birgə K.Kərimovu da “Fau-2” ballistik raketlərinin öyrənilməsi məqsədilə Almaniyanın Nordxauzen şəhərinə ezam edir. 1950-ci ildə “Don” - raketlərdə radioölçmə cihazının tətbiqinə görə o, Stalin mükafatına layiq görülür. 1960-cı ildə Raket Silahları Baş İdarəsində idarə rəisi təyin edilir. 1961-ci ildə isə kosmosa ilk insan uçuşunun təşkilində fəal iştirakına görə Kərim Kərimova Lenin mükafatı verilir. 1964-cü ildə yeni yaradılmış Kosmik Vasitələrin Mərkəzi İdarəsinin rəisi, bir il sonra isə Ümumi Maşınqayırma Sənayesi Nazirliyinin Baş Kosmik İdarəsinin rəisi təyin edilir. 1966-cı ildə isə həmin vəzifədə ikən, eyni zamanda, SSRİ Kosmik Uçuşlar Komissiyasına rəhbərlik etməyə başlayır. Bir sıra başqa vəzifələrdə də çalışmaqla, çoxsaylı uğurlara imza atan Bakılı kosmos adamı 1975-ci ildən “Soyuz”-“Apollon” birgə sovet-Amerika kosmik uçuşunun hazırlığına əsas nəzarətçi təyin edilmiş və 1979-cu ildə həmin uçuşun uğurla həyata keçməsinə görə SSRİ Dövlət Mükafatı ilə təltif edilmişdir. 1987-ci ildə isə general-leytenant Kərim Kərimov “Mir” çoxmodullu orbitlərarası stansiyasının yaradılması və həmin stansiyaya uçuşların təşkilinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1991-ci ilədək Kosmik Uçuşlar Komissiyasına rəhbərlik etmiş K.Kərimov həmin il təqaüdə çıxmasına baxmayaraq, hələ uzun illər Rusiya Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. 2001-ci ildə Rusiya prezidenti tərəfindən “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilmişdir.

Bütün həyat və fəaliyyətinin Moskva ilə bağlı olmasına baxmayaraq, general Kərim Kərimov Azərbaycanla həmişə maraqlanmış, Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivinə öz dəyərli məsləhət və tövsiyələri ilə daim yardımçı olmuşdur. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə kosmosla bağlı elmlərin inkişafına görə Kərim Kərimov “Şərəf” ordeni ilə təltif edilmişdir. O, AMEA-nın fəxri üzvü seçilmişdir.

1995-ci ildə dünya şöhrətli kosmos adamının “Kosmosa gedən yol” adlı kitabı işıq üzü görmüşdür. Kosmosa yol açan Yer nəhənglərindən olan həmyerlimiz 2003-cü il martın 29-da vəfat etmiş və Moskvada dəfn edilmişdir.

Keçmiş SSRİ və Azərbaycanda kosmik elmlərin inkişafında 1991-ci il noyabrın 20-də Qarabağ səmasında terror qurbanı olmuş şəhid dövlət xadimi, müstəqil Azərbaycanın ilk dövlət katibi Tofiq İsmayılovun da böyük xidmətləri vardır.

Tofiq Kazım oğlu İsmayılov 1933-cü il mayın 21-də Bakıda doğulmuşdur. 1951-ci ildə orta məktəbi bitirdikdən sonra Moska Elektrotexniki Rabitə İnstitutuna daxil omuşdur. 1956-cı ildə ali məktəbi bitirən T.İsmayılov SSRİ paytaxtının müxtəlif qabaqcıl müəssisələrində çalışmışdır. 1964-cü ildə aspiranturanı bitirdikdən sonra Bakıya qayıtmış və aparıcı mühəndis işləmişdir. Artıq 1966-cı ildən Politexnik İnstitutunda pedaqoji fəaliyyətə başlayan T.İsmayılov elektrotexnika kafedrasının müdiri təyin edilmişdir. 1967-1985-ci ilərdə Elmlər Akademiyası sistemində çalışmışdır. 1970-ci illərin sonundan o, “Xəzər” Elm Mərkəzinin və SSRİ-də yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonunadək isə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifələrində işləmişdir. SSRİ Baş Kosmos İdarəsi Elmi Şurasının və Beynəlxalq Mühəndislik Akademiyasının akademiki olmuşdur. Onun hazırladığı kosmik rentgen teleskopları sovet kosmik gəmilərində uğurla tətbiq olunmuşdur. 1989-cu ildən SSRİ xalq deputatı seçilmişdir.

Tofiq İsmayılov elmi fəaliyyətlə yanaşı, həm də Azərbaycanın dövlət və siyasi xadimi kimi Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış və bu yolda canını qurban vermişdir...

Bu gün də Azərbaycanda kosmik elmin və sənayenin inkişafı davam etdirilir. Dövlətimizin bu sahəyə göstərdiyi yüksək dəstək nəticəsində 2013-cü ildə Azərbaycan artıq ilk süni peykini də buraxmağa nail olmuşdur. Amma hələ ki, müstəqil Azərbaycan vətəndaşı kosmosu fəth edə bilməmişdir. İnşallah, o günü də görəcəyik...

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 12-14 aprel.- S.4.